Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2651/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı "xxxx" X7 Cəmiyyətinin cavabdeh "xxxx" ASC-yə qarşı “qeyri-qanuni çəkilmiş elektrik xətlərinin ləğv edilməsi və elektrik sayğaclarının sökülməsi” tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X7 Cəmiyyəti cavabdeh "xxxx" ASC-yə qarşı “qeyri-qanuni çəkilmiş elektrik xətlərinin ləğv edilməsi və elektrik sayğaclarının sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş: - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən "xxxx" X7 Cəmiyyəti kommersiya hüquqi şəxs olmaqla, ********** VÖEN ilə qeydiyyatdan keçmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən "xxxx" ASC ********** VÖEN ilə qeydiyyatdan keçmişdir. - Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2797/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" X7 Cəmiyyətinin cavabdeh "xxxx" ASC-yə qarşı (X1, X3, X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “qeyri-qanuni çəkilmiş elektrik xətlərinin ləğv edilməsi və elektrik sayğaclarının sökülməsi” tələbi barədə kiçik iddialara dair ərizəsinin icraata qəbul olunmasından imtina olunmuşdur. Daxil olmuş iddia ərizəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı aidiyyət qaydalarına riayət etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının: 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 24-cü bəndinə əsasən fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Məhkəmə qeyd edir ki, işin faktiki halı ondan ibarətdir ki, iddiaçının bildirdiyinə görə o, ünvan 1 ünvanında "xxxx" ATSC yerləşir. Cəmiyyətə məxsus ərazidə qanunsuz olaraq məskunlaşmış şəxslərin adlarına Səbail Bələdiyyəsinin məktubuna əsasən qanunsuz olaraq elektrik hesabat sayğacları quraşdırılmış və onlara elektrik enerjisi satılır. Bu barədə "xxxx" ASC-yə sorğu verilmiş və "xxxx" ASC-nin 18 yanvar 2024-cü il tarixli 13- 13/2-1/17-687/2024 nöməli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, ünvan 1 ünvanında "xxxx" ATSC-yə məxsus olan ünvanda 3 ədəd yaşayış məntəqəsinə “Asan Kommunal” mərkəzinə təqim edilmiş sənədlər əsasında elektrik hesabat sayğacları quraşdırılmışdır. 27 may 2024-cü il tarixdə "xxxx" ASC-yə sorğu göndərərək həmin elektrik hesabat sayğaclarının quraşdırılması üçün əsas olmuş sənədlər istənilib. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 13-13/2-1/16-9033/2024 saylı məktubu ilə sorğuya cavab verlmiş və göstərilmişdir ki, ünvan 1 ünvanında "xxxx" ATSC-yə məxsus ərazidə 3 ədəd elektrik hesabat sayğaclarının quraşdırılması üçün əsas olmuş sənədlər Səbail Bələdiyyəsi tərəfindən verilmiş arayışlardır. Səbail Bələdiyyəsi öz səlahiyyətlərinə aid olmayan arayış verərək (yeni ünvan verərək) əraziyə qanunsuz olaraq elektrik xəttinin çəkilməsinə və sayğaclarının quraşdırılmasıa şərait yaratmışdır. Səbail Bələdiyyəsi tərəfindən verilmiş arayışlar əsassız olduğundan həmin şəxslərin adlarına quraşdırılmış elektrik hesabat sayğacları sökülməli və oraya çəkilmiş elektrik xətləri ləğv edilməlidir. Sadalananlarla əlaqədar 28 oktyabr 2024-cü il tarixdə "xxxx" ASC-yə poçt vasitəsi ilə pretenziya göndərilmişdir. Pretenziya 30 oktyabr 2024-cü il tarixdə "xxxx" ASC-yə təqdim edilmişdir. Pretenziyada ünvan 1 ünvanında "xxxx" ATSC–yə məxsus olan əraziyə elektrik xətlərinin ləğv edilməsi və quraşdırılmış 3 ədəd elektrik hesabat sayğaclarının "xxxx" ASC tərəfindən 10 gün ərzində sökülməsi təklif edilmiş, əks təqdirdə təklif icra olunmazsa, iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bldirilmişdir. Lakin bu günə kimi pretenziyaya cavab verilməmişdir. "xxxx" ASC-nin sənədlərin mötəbərliyini yoxlamadan əraziyə elektrik xəttini çəkməsi və elektrik sayğaclarını quraşdırması "xxxx" ATSC –nin səhmdarlarının mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə hesab edir ki, mövcud mübahisənin yaranmasına əsas ünvan 1 ünvanında "xxxx" ATSC-yə məxsus olan əraziyə elektrik enerjisinin satışı üçün elektrik xətlərinin çəkilməsi və 3 ədəd elektrik hesabat sayğaclarının quraşdırılması olmuşdur. Məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərinə də nəzər yetirilməlidir. Belə olan halda məhkəmə mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, hazırki mübahisəyə ümumi məhkəmədə deyil, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır . Yuxarıda qeyd olunanlarla yanaşı məhkəmə iş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin 27 fevral 2025-ci il tarixli qərardadına münasibətdə onu da qeyd edir ki, iddiaçı tərəf daha öncədən eyni iddia tələbi ilə kommersiya məhkəməsinə müraciət etmişdir. Qərardadla müəyyən olunur ki, iddiaçı iddia ərizəsini iddia icraatı qaydasında deyil, kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında tərtib etmişdir. İddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxan məhkəmə iddiaçının yol verdiyi nöqsana aydınlıq gətirib bu kimi tələblərə sadələşdirilmiş icraat qaydasında baxılmalı olmamasını izah etsə də, iddiaçının aidiyyət qaydalarını pozması məsələsinə toxunmamışdır. Odur ki, məhkəmənin mövqeyniə görə iddiaçının hazırki idida tələbinə ilə məhz iddia icraatı qaydasında ümumi məhkəmədə deyil, aidiyyəti üzrə kommersiya məhkəməsində baxılıb həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bununla da, məhkəmə hesab edir ki, iddiaçıya aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər, habelə ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152.1, 152.1.3, 152.1.5, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" X7 Cəmiyyətinin cavabdeh "xxxx" ASC-yə qarşı “qeyri-qanuni çəkilmiş elektrik xətlərinin ləğv edilməsi və elektrik sayğaclarının sökülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilməlidir ki, o, aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2651/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2651/2025
19.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver