Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2663/2023 28.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı MMMC-nin vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh2 MTK-ya və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMMC cavabdehlər Cavabdeh2 MTK-ya və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışın, Cavabdeh2 MMC-nin xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küç, 13 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin 312.20 kv.m sahəsinə mülkiyyət hüququ təsdiq edən çıxarışın, Cavabdeh2 MTK-nın xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küç, 13a ünvanında yerləşən çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin 545.57 kv.m sahəsinə mülkiyyət hüququ təsdiq edən çıxarışın ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışa əsasən, Cavabdeh2 MTK-nın xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küç, 17 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin 535,97 kv.m sahəsinə, RX seriyalı Çıxarışa əsasən, Cavabdeh2 MMC-nin xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küç, 13 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin 312.20 kv.m sahəsinə, RX seriyalı Çıxarışa əsasən, Cavabdeh2 MTK-nın xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küç, 13a ünvanında yerləşən çoxmənzilli yaşayış binasının, zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin 545.57 kv.m sahəsinə mülkiyyət hüququ təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışa əsasən İddiaçı MMMC xx.xx.2019-cu il tarixində 1119-MM6-0115 saylı Qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. İddiaçı MMMC-nin Nizamnaməsinin 4.1.7-ci maddəsinə əsasən müyyən edilmişdir ki, sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək, hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən üçüncü şəxslərin hərərkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək MMMC-nin vəzifəsidir. Qeyd edilən Nizamnamənin 3.2.1-ci maddəsinə əsasən müəyyən edilmişdir ki, çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini istifadəyə və ya məhdud istifadəyə vermək MMMC-nin hüququdur. Yuxarıda qeyd edilən Çıxarışlarla isə Cavabdeh2 MTK-nın çoxmənzilli binanın ümumi əmlakının bir hissəsinə mülkiyyət hüququ tanınmışdır. Məhkəmə iclasında İddiaçı MMMC-nin vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 MTK-nın və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini iş materialları ilə birgə nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə keçirilmiş hazırlıq iclasları zamanı iddiaçının vəkili-nümayəndəsi məhkəmə tərəfindən ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, daşınmaz əmlakın dövlət qeydiyyatını həyata keçirən orqan hazırda mübahisələndirilən çıxarışları Cavabdeh2 MTK-ya verməməli olduğu halda vermiş, qeydiyyatı düzgün aparmamışdır, bina ümumi mülkiyyətdə olduğundan və sakinlərin hüquqlarının müdafiəsi məqsədilə hazırki tələblə məhkəməyə müraciət etmişlər. Göründüyü kimi, iddiaçı tərəf ləğv edilməsini tələb etdiyi çıxarışlardan irəli gələn qeydiyyatın aidiyyəti orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyindən məhkəmə hesab edir ki, işə Nəsimi Rayon Məhkəməsində deyil, aidiyyəti inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndinin 6-cı abzasında qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə deyildirsə, hakim iş üzrə icraata xitam verir. 114.1 və 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat rüsum ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya hazırki tələblə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmaqla hazırki iş üzrə icraata xitam verilməli, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Eyni zamanda, iddiaçıya eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.3-262.4-cü maddələrinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh2 MTK-ya və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırki mübahisəni həll etmək məqsədilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququna malikdir və işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-2663/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2663/2023
28.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver