Məhkəmə qərarları › İş №e-2(006)-268/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-268/2022

07.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-268/2022 07.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə və Bakı şəhəri Nəsimi RPİ 21-ci Polis Bölməsinə qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə və Bakı şəhəri Nəsimi RPİ 21-ci Polis Bölməsinə qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdehndən, Nəsimi rayon İcra Hakimiyyətindən, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsindən maddi zərər üçün 36.500 manat, mənəvi zərər üçün 50.000 manat kompensasiya, dövlət rüsumu üçün 30 manat olmaqla, cəmi 86.530 manat pul vəsaitinin müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil onun mülkiyyətindədir. Nəsimi rayon İcra Hakimiyyəti başçısının 02 fevral 2018-ci il tarixli 37 nömrəli sərəncamına əsasən həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən Cavabdeh MMC-nin vəsaiti hesabına dəyəri ödənilərək alınırdı. Müqavilə öhdəliklərinə əsasən Cavabdeh MMC şirkəti mənzilin pulunu tam ödədikdən sonra mənzili MMC-yə təhvil verəcəkdilər. Lakin, 11 iyun 2019-cu il tarixdə MMC-nin, İcra Hakimiyyətinin nümayəndələri və Polis əməkdaşları əlbir olaraq məhkəmə qərarı olmadığı halda, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq mənzilinə daxil olmuşlar. Hadisə belə baş vermişdir ki, MMC-nin nümayəndələri onun evdən çıxmasını gözləyərək, qonşulara göz dağı vermək üçün evlərinə daxil olmuşlar. Onlar bu əməli o, qızı ilə Sədərək Ticarət Mərkəzinə getdiyi gün və həyat yoldaşı İİ qrup əlil olan epilepsiya xəstəlyindən əziyyət çəkən X5 evdə olduğu zaman baş vermişdir. Belə ki, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəyverdi müəllimin başçılığı, Cavabdeh MMC-nin direktoru İlqar Həsənovun və Azər Məmmədovun rəhbərliyi ilə, eyni zamanda Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının müşayiəti ilə qanunsuz olaraq, heç bir məntiqə sığmayan, dövlət məmuruna və Azərbaycan Polisinə yaraşmayan tərzdə evə daxil olmuşlar. Özünü dövlət məmuru adlandıran, Nəsimi rayon İcra Hakimiyyətində işləyən Bəyverdi müəllim kobud şəkildə qapını döyür, mənzilin qapısını həyat yoldaşı Ədalət Məmmədov açır və Bəyverdi müəllim sinəsi ilə həyat yoldaşını içəri itələyir və evə daxil olur. Bəyverdi müəllim və İlqar Həsənovun göstərişi və komandası ilə gətirdiyi 90-dan artıq şəxs mənzilə daxil olur. Qeyd etmək lazımdır ki, həmin şəxslər sanki düşmən üzərinə hücüm ediblər. Həmin vəzifəli məmur, heç bir vəzifəsi olmayan, idmançı cüssəli şəxslərdən istifadə edərək, həyat yoldaşına təzyiq və təsir göstərərək mənzilinə qanunsuz yolla daxil olmaqları bir tərəfə, orada etdikləri qanunsuz əməlləri sözlə demək çox çətindir. Onun mənzilinin əşyaları qonşularının gözü qarşısında qapı və pəncərə sındıralaraq, çölə atılmışdır. Əşyalar çölə elə bir vəziyyətdə atılmışdır ki, tamamilə yararsız hala düşmüşdür. Evə qayıdanda qarşılaşdığı mənzərə ona çox pis təsir etmişdir. Yəni qarşılaşdığı səhnəni bu gün də dilə gətirib danışanda mənəvi iztirab keçirir. Hələ də həmin günün şokunu yaşayır. Həmin anın videogörüntüləri və fotolar da məhkəməyə təqdim olunur. Hesab edir ki, insanlara qarşı olunan əməllərin ağırlığı və bunu törətmiş şəxslərin cəzasız qalması gələcəkdə belə halların daha çox yaranmasına gətrib çıxaracaq. Evdən çölə atılmış əmlaklar və dağılmış evi təsəvvür etmək olmur. Çünki evdə əmlakların içərisində olan sənədlər, şəxsi istifadələrində olan əşyalar, mebellər və evdə olan qızıl-zinyət əşyaları yoxa çıxmış, gətirilmiş qoçular tərəfindən oğurlanmışdır. Axı bu vəhşiliyi etməyə onları nə sövq edirdi. Əgər o, həmin mənzildən çıxmırdısa, məhkəmə qərarı olmalı idi. Məhkəmə qərarı əsasında onun yaşadığı mənzil boşaldıla bilərdi. İkincisi, ona olan borc verildikdən sonra onsuz da o və ailəsi mənzili tərk edəcəkdilər. Həmin vaxtı gördüyü mənzərə ona çox pis təsir etdiyindən vəziyyəti ağırlaşmışdır. Təcili yardım çağırılmışdır. Lakin həmin vaxtı İlqar Həsənov elə bir şərait yaratmışdır ki, vətəndaşlara xidmət etməli olan qurumlar vətəndaşlardan kənar qaçırdı. Təcili yardım hadisə yerinə gəlməmişdir. Daxili İşlər Nazirliyinin əməkdaşları, Azərbaycan Polisi vətəndaşına sahib çıxmamışdır. Ona görə ki, törədilən qanunsuz əməllər vaxtı onlara polislər, yəni Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları kömək edirdi. Bəyverdi müəllimin və İlqar Həsənovun göstərişi ilə əmlakları kobud şəkildə pəncərədən atılmışdır. Normal şəkildə həmin əşyalar səliqə ilə həyətə çıxarılaraq yığıla bilərdi. Həyat yoldaşının cinayətkar kimi qolunu buraraq mənzildən çıxarmışlar. Qanunsuz əmələrini davam etdirmişlər. Hadisə vaxtı orda olan kürəkəni Emil Məmədzadəni qanunsuz olaraq bölmənin əməkdaşları saxlayır və onlardan sakit olmalarını, əmlakları yığışdırmalarını tələb edirlər ki, Emili buraxsınlar. Görün nə vəziyyətdir ki, Azərbaycan Polisi əsl qanunsuzluğa göz yumur, öz hüquqlarını müdafiə etmək istəyən günahsız insanı isə həbsə ataraq ailəsini təhdid edirlər. Həmin gün cavabdehlərin qanunsuz hərəkətləri səbəbi ilə o, öz əmlakından məhrum olmuşdur, ona və ailəsinə qarşı ağır cinayət törədilmişdir. Mənzildə yaşayanların, mülkiyyət sahibinin iradəsinə zidd olaraq mənzilə daxil olmuşlar və əmlakını darmadağın edərək yararsız hala gətirmişlər. Cavabdehlərin bu qanunsuz hərəkətləri səbəbi ilə aşağıda adı və qiyməti göstərilən əşyaları yararsız vəziyyətə düşmüş və onlara həmin əşyaların dəyəri qədər maddi zərər dəymişdir: 2 dəst yataq mebeli - 3000 AZN x 2 = 6000 AZN; 1 dəst stolova Rumıniya mebeli - 1000 AZN; divan, kreslo, stol-stul, televizor və televizor altı - 2000 AZN; 2 mərtəbəli uşaq yataq dəsti - 1500 AZN; 1 ədəd şamdanlı çilçıraq, 1 ədəd xurustal çilçıraq, 1 ədəd qədim xurustal çilçıraq - 1000 AZN; 3 dəst tül pərdə və dekoru - 1000 AZN; qızına məxsus 7000 manat dəyərində qızıl əşyaları (sırğa, üzük, boyunbağı və s); qızına məxsus bahalı ətirlər - 1000 AZN; qızına məxsus bahalı eynəklər - 1000 azn; bahalı geyim əşyaları və ayaqqabıları - 1000 AZN; çantalar və bahalı kostyumlar - 1500; uşaqların geyim əşyaları, qızının yoldaşının bahalı kostyumları - 5000 AZN; ona məxsus qutuda servizləri, təzə geyimləri və ayaqqabıları - 2000 AZN; 2 ədəd istifadə olunmamış paslanmaz samovar - 500 AZN; mətbəx mebeli və mətbəx ləvazımatları - 3000 AZN; 1 ədəd qədimi mis sac və qazan - 500 AZN; 3 ədəd bahalı xalçalar - 1500 AZN. Buradan məlum olduğu kimi, cavabdehlərin birgə qanunsuz hərəkəti ilə onlara vurulan maddi zərər yararsız vəziyyətə düşən əşyaların ümumi dəyəri həcmində, 36.500 manat məbləğində olub, həmin maddi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq onlara ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş edirlər. Bundan başqa, cavabdehlərin birgə qanunsuz hərəkətləri səbəbi ilə onlara mənəvi zərər də dəymişdir və həmin zərərin ödənilməsi üçün cavabdehlərdən müştərək qaydada 50.000 manat pulun tutularaq onlara ödənilməsi haqqında məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş edirlər. Cavabdehlərin hərəkətləri nəticəsində onun halı pisləşmiş, eyni zamanda qonşularının gözü qarşısında onun şəxsiyyəti alçaldılmışdır. İddiaçıya mənəvi zərərin vurulması, məhkəməyə təqdim olunan videogörüntülərdə də açıq şəkildə görünür. Əvvəki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. X3 əvvəki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, iddiaçının həyat yoldaşıdır. O, həmin gün evdə idi və yoldaşıgil köçəcəyi evə əşyalar almaq üçün getmişdilər. O evdə olan zaman qapı döyülmüş və 2 nəfər içəri daxil olaraq ona fiziki təzyiqlər etməyə başlamışlar. Onu dizi üstə çökdürərək boğmağa başlamışlar. Hələ də özünə gələ bilmir. X2 əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o iddiaçının ailəsi ilə ailəvi dostdur. Həmin gün Esmira xanım ağlayaraq ona zəng vurub bildirmişdir ki, evi dağıdıblar. O da hadisə yerinə getmiş, Esmira xanımın həyat yoldaşı X6 çox pis bir vəziyyətdə görmüşdür. Cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə və Bakı şəhəri Nəsimi RPİ 21-ci Polis Bölməsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin və Bakı şəhəri Nəsimi RPİ 21-ci Polis Bölməsinin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, Cavabdeh MMC-nin nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 14 mart 2019-cu il tarixdə notarial qaydada bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu Sahib Zeynalov küçəsi 19 saylı evin 63 saylı mənzilini 243.000 (iki yüz qırx üç min) manata X1. - Alğı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən satıcı 19 mart 2019-cu il tarixədək mənzili yardımçı vasitələr ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə alıcının faktiki sahibliyinə verməyi, 12-ci bəndinə əsasən isə həmin tarixədək qeydiyyatdan çıxmağı üzərinə götürmüşdür. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən verilmiş 14.05.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Sahib Zeynalov küçəsi 19 saylı evin 63 saylı mənzili xüsusi mülkiyyət kimi X9 adına qeydiyyata alınmışdır. - 26 iyul 2019-cu il tarixdə bağlanmış D2/AS005 saylı müqavilədən görünür ki, X13 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Sahib Zeynalov küçəsi 19 saylı evin 63 saylı mənzilini sökülməsi üçün Cavabdeh MMC-yə təhvil verməyi, tikinti şirkəti isə həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında nəzərdə tutulmuş mənzili X10 təhvil verməyi öhdəsinə götürmüşdür. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu Sahib Zeynalov küçəsi 19 saylı evin 63 saylı mənzili əvvəl İddiaçı mülkiyyətində olmuş və o, 14 mart 2019-cu il tarixdə notarial qaydada bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən mülkiyyətini 243.000 (iki yüz qırx üç min) manata X1. 14.05.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən həmin mənzil xüsusi mülkiyyət kimi X9 adına qeydiyyata alınmışdır. Həmçinin, iş materiallarından görünür ki, X13 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu Sahib Zeynalov küçəsi 19 saylı evin 63 saylı mənzilini sökülməsi üçün Cavabdeh MMC-yə təhvil verməyi, tikinti şirkəti isə həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında nəzərdə tutulmuş mənzili X10 təhvil verməyi öhdəsinə götürmələrinə dair 26 iyul 2019-cu il tarixdə D2/AS005 saylı müqavilə bağlanmışdır. İddiaçı tələbində 11 iyun 2019-cu il tarixdə MMC-nin, İcra Hakimiyyətinin nümayəndələri və polis əməkdaşları ilə əlbir olaraq məhkəmə qərarı olmadığı halda, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq mənzilinə daxil olmasını, həmin gün cavabdehlərin qanunsuz hərəkətləri səbəbi ilə onun öz əmlakından məhrum olmasını, ona və ailəsinə qarşı ağır cinayət törədilməsini, mənzildə yaşayanların, mülkiyyət sahibinin iradəsinə zidd olaraq mənzilə daxil olmasını və əmlakını darmadağın edərək yararsız hala gətirmələrini, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciətlər etməsini göstərmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdikləri ilə eyni məzmunlu ərizə ilə 2019-2020-ci illərdə hüquq-mühafizə orqanlarına müraciət etmiş, Bakı şəhəri Nəsimi RPİ 21-ci PB-nin təhqiqatçısı İlkin Nəbizadənin 24 aprel 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərəflər arasında müqavilə münasibətləri olmadığından, mülki hüquq pozuntusu ilə əlaqədar mübahisə yarandığından mübahisənin həllinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096.1, 1097.1, 1099, 1100-ci maddəsinə əsasən həll edilməli olmasına dair iddianın dəlillərinə qiymət verərək qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Başqa sözlə isə yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərəin əvəzini tam həcmdə ödəməlidir. Ümumilikdə zərərin əvəzinin ödənilməsi üçün bir qayda olaraq mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Lakin məlumdur ki, mülki hüquqda məsuliyyət bir sıra hallarda şəxsin təqsiri olmadığı hallarda da yarana bilər. Məhkəmə tərəflərin diqqətinə çatdırır ki, mülki hüquq pozuntusunun tərkibini mülkihüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir: - törədilmiş əməlin hüquqa zidd olması. Hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır. - törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. - zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki, baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir. - Hüquqpozan şəxsin təqsirinin olması. Beləliklə, Mülki Məcəllənin 21,1096, 1097.1-ci maddələrinin tələblərinə görə yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayılır. Məhkəmə araşdırması zamanı isə cavabdehlərin hərəkətləri nəticəsində ididaçıya zərər vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin (və ya şəxslərin) təqsirli olması kimi halların mövcudluğu öz təsdiqini tapmamışdır. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 02 fevral 2018-ci il tarixli 37 nömrəli sərəncamına əsasən hazırda həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililəri kimi ünvan 3 ünvanda yerləşən mənzilin də sökülməsi faktı baş vermişdir. İddiaçı söküntü vaxtı sözügedən mənzilin onun mülkiyyətində olmasını göstərsə də, müəyyən edilmişdir ki, mənzil 14.03.2019-cu il tarixdən onun mülkiyyətindən alqı-satqı müqaviləsinə əsasən çıxmış və həmin vaxtdan X9 mülkiyyəti hesab edilirdi (baxmayaraq ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 14.05.2019-cu il tarixlidir). Beləliklə də, müəyyən edilmişdir ki, iddiaçının iddia tələbində göstərdiyini iddia etdiyi tarixdə baş vermiş hadisə vaxtı ünvan 4 ünvanda yerləşən mənzilin onun mülkiyyətində olması halı öz təsdiqini tapmamışdır. İş materiallarından görünür ki, iddiaçı tələbinin məzmununa əsasən onun artıq başqasına məxsus olan mülkiyyətdə yaşamasına baxmayaraq həmin mənzilin özünün evdə olmadığı halda dağıdılması və çölə atılması nəticəsində cavabdehlərin birgə qanunsuz hərəkətləri səbəbi ilə onlara yararsız vəziyyətə düşən əşyaların ümumi dəyəri həcmində 36.500 manat maddi ziyan və 50.000 manat məbləğində mənəvi zərər dəyməsini iddia etmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Həmçinin də "Layıcov Azərbaycana qarşı" iş üzrə çıxardığı 10.04.2014-cü il tarixli qərarında deyilir ki, məhkəmə sübutları qiymətləndirən zaman "əsaslı şübhələr yaratmayan sübut standartı əsas kimi götürülür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər." Məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tərəf iddia ərizəsində sadalanan əşyaların cavabdehlər tərəfindən yararsız hala salınması ilə bağlı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqdim edilmiş fotoşəkillər və şahid ifadələrinin də iddianın əsaslı olmasını təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Belə ki, təqdim edilmiş fotoşəkillərdə müəyyən əmlakların yaşayış evinin həyətində mövcudluğu əksini tapsa da, bu əşyaların məhz cavabdehlər tərəfindən ora yığılmasını təsdiq etmir. Həmçinin iddia tələbində adları sadalanmış əmlakların da təqdim edilmiş fotoşəkillərdə əks edilməməsi müşahidə edilir. Təqdim edilmiş şahid ifadələrinə də məhkəmə qiymət verərək hesab edir ki, şahidlər iddiaçının əri və ailənin yaxın dostu olmaqla ifadələrində göstərdikləri işin digər sübutları ilə tamamlanmır. Məhkəmə həm bu əsasa, həm də şahidlərin iddiaçı ilə yaxın və tanış münasibətlərində olmaqla işin gedişində maraqlı olmaları əsası ilə də bu ifadələrin sübut əhəmiyyətləri olmamasını qeyd edir. Belə ki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Halbuki, şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur (MPM-nin 62-ci və 104.1-ci maddələri). İş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçı mənzilini X4 günədək onun əşyalarına və mənzilinə cavabdeh tərəfindən hər hansı müdaxilə, təsir və s. edilməmişdir. Həmçinin, iddiaçı əşyalarının alğı-satqı müqaviləsi bağlanandan sonra həmin mənzildə qalmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəf mənzili özgəninkiləşdirilməsinə baxmayaraq orada yaşamaqda davam etməsinə və əşyalarının da orada qalmasını yeni mülkiyyətçi ilə razılaşdırdıqlarını göstərsə də, alğı-satqı müqaviləsinin şərtlərinə əsasən mənzili satıcı 19 mart 2019-cu il tarixədək mənzili yardımçı vasitələr ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Başqa sözlə, iddiaçı tərəf alğı-satqı müqaviləsindən sonra yeni mülkiyyətçinin razılığı ilə xeyli müddət orada yaşamağına davam etməsinə dair sübutlar təqdim etməmişdir. İddiaçı tərəf daha sonra iddia tələbində göstərilən halların mövcudluğu olduğu təqdirdə belə dərhal, yəni, 2019-cu ilin iyun ayında məhkəmə müdafiəsi hüququndan istifadə etməməsinin səbəblərini də izah edə bilməmişdir. Göründüyü kimi, iddia tələbi maddi ziyan vurulması hissəsində əsassızdır və təmin edilə bilməz. Məhkəmə iddia tələbinin maddi ziyan hissəsinin əsassız olması səbəbi ilə əsassız olması nəticəsinə gəldiyi üçün tələbin digər törəmə hissəsi olan mənəvi zərər tələbi üzrə araşdırma apararaq hüquqi qiymət verilməsinə zərurət görmür və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə və Bakı şəhəri Nəsimi RPİ 21-ci Polis Bölməsinə qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə və Bakı şəhəri Nəsimi RPİ 21-ci Polis Bölməsinə qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar