Məhkəmə qərarları › İş №e-2(006)-268/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-268/2025

11.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-268/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «məlumatların silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh ASC-yə qarşı «məlumatların silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-yə 25 sentyabr 2008-ci il tarixli kredit müqaviləsi üzrə göstərilən borcunun bankın daxili kredit sistemindən silinməsi, borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi vəzifəsinin Cavabdeh ASC-yə həvalə edilməsi və ödənilmiş dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2023-cü il iyun ayında istifadəsində olan «Birbank Cashback» kartının bloklandığını görmüşdür. Bununla bağlı bankın qaynar xəttinə zəng vurmuş və adına kredit borcu olduğunu öyrənmişdir. Bankın problemli kreditlərlə bağlı şöbəsinin əməkdaşlarından borcla bağlı sənədləri, həmçinin mövcud olduğu təqdirdə məhkəmə qərarını tələb etmişdir. Ona hər hansı müqavilə və borcun tutulması ilə bağlı aparılmış tədbirlər barədə məlumat təqdim edə bilməmişlər. Daha sonra bu barədə ətraflı məlumat almaq üçün Azərbaycan Kredit Bürosundan çıxarış əldə etmiş və bu zaman təəccüb içində görmüşdür ki, adına 60.000 ABŞ dolları məbləğində kredit müqaviləsi barədə məlumat daxil olmuşdur. İlkin olaraq qeyd etmək istəyir ki, göstərilən tarixdə tərəfindən kredit müqaviləsi bağlanılmamış, hər hansı pul vəsaitini təhvil almamış və heç bir ödəniş etməmişdir. Lakin, Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasında 121QDİX082690001 saylı hesab nömrəsi üzrə açılmış kredit üzrə 21.490 ABŞ dolları əsas, 46.044,02 ABŞ dolları faiz borc öhdəliyi əks olunmuşdur. Kredit tarixçəsində müqavilənin bağlandığı tarix olaraq xx.xx.2008-ci il göstərilmiş və əsas borcun gecikdirilmiş günlərinin sayı isə 2894 gündür. Qeyd edilən tarixdən bu günədək bank ondan borcu tələb etməmiş və öhdəliyin yerinə yetirilməməsi əsası ilə məhkəmədə iddia qaldırmamışdır. Bankdan ona şifahi olaraq məlumat vermişlər ki, kredit tarixçəsində borc öhdəliyinin əks olunmaması ilə bağlı hər hansı düzəlişin edilməsi yalnız məkhəmənin yekun qərarı əsasında mümkün olacaqdır. Bundan başqa qeyd etmək istəyir ki, təqdim etdiyi MKR çıxarışında kreditin statusu kimi borcun artıq balansdan silinməsi də görünür. Bu hal sübut edir ki, kredit tarixçəsində əks olunan borc öhdəliyi texniki səhv nəticəsində ötürülmüş məlumatdır. Qeyd etdiklərindən də göründüyü kimi, tərəfindən göstərilən müqavilələrlə bağlı hər hansı iradə ifadəsi göstərilməmiş, ümumilikdə müqavilələrin mövcudluğundan xəbəri olmamışdır. Bu səbəbdən, mövcud olmayan müqavilə (əqd) üzrə hər hansı öhdəlik yarana bilməz. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi və izahatında bildirdi ki, cari iş üzrə iddiaçı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə məlumatların AKB və MKR-dən silinməsi barədə iddia tələbi irəli sürmüşdür. Qeyd etmək istəyir ki, MMnin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Müştərinin qeyd etdiyi əhəmiyyətsiz əqd müştərinin təqdim etdiyi AKB-dən çıxarışa əsasən xx.xx.2009-cu ildə bağlanılmışdır. Bank tərəfindən təqdim edilən çıxarışdan göründüyü kimi, cari kredit üzrə 2008-ci il tarixdə ödənişlər olub. İddiaçının məhkəməyə təqdim etdiyi AKB-dən çıxarışdan aydın olur ki, iddiaçı 2012-ci il, 2014-cü il, 2015-ci illərdə dəfələrlə kredit götürmüşdür. Bu o deməkdir ki, iddiaçı həmin zamanlar da MKR-dən çıxarışla tanış olmuş və xx.xx.2008-ci il tarixli kredit barədə qeydi görmüşdür. Bundan başqa, bank tərəfindən təqdim edilən «kredtitin təqib qeydlərindən» də göründüyü kimi xx.xx.2017-ci il tarixdə bank əməkdaşı tərəfindən iddiaçıya zəng edilib və «Müştəri bildirdi ki, neçə il keçib, indi zəng etmisiz» qeydi aparılmışdır (istinad edilən faylın 64-cü bəndi). Göründüyü kimi, iddiaçı cari kredit barədə uzun müddətdir ki, məlumatlıdır. Daha əvvəl dəfələrlə bildirdiyikləri kimi, kredit müqaviləsi bankın məsul şəxsi kimi iddiaçının əmisi tərəfindən imzalanmışdır. Bu səbəbdən də, iddiaçının əmisinin və özünün imzaladığı müqavilədən məlumatsız olması inandırıcı deyil. Göründüyü kimi iddiaçı əhəmiyyətsiz əqdin nəticəsi olaraq AKB və MKR-dən məlumatların silinməsinə dair iddia 2009-cu ilə qədər müraciət edə bilərdi. Qeyd edilənləri nəzərə alaraq, iddia müddətinin tədbiq edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavadehin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, iddiaçının müqaviləsi üzrə öhdəliklərin izlənilməsi işi onda olub və o bu öhdəliyin təqibini aparmışdır. Borcla bağlı dəfələrlə özü və atası ilə əlaqə saxlamışdır. Atası mübahisəni həll etməyə görə vaxt istəyib. Daha sonra isə Elşən bəy telefon zənglərini açmamışdır. Sonda məcbur qalıb onlara bildirmişdir ki, işi artıq Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə verməyə hazırlanırlar. Bu məsələni ciddiləşdirmək fikrində idilər. Həmin vaxt adam göndərdilər ki, bəzi danışıqlar aparsınlar. Gəncədə görüş oldu və girov məsələsi də həm vaxtdan müzakirə edib qərara gəlmişlər. Məhkəmə iclasına şahid qismində Şahid2 dəvət edilmiş, lakin məhkəmə iclasında onun nümayəndəsi (vəkili) Vəkil iştirak edərək məhkəməyə bildirdi ki, məhkəməyə təqdim etdiyi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2015-ci il tarixli 1(103)- 337/2015 nömrəli qərarı iddiaçının mübahisələndirdiyi həmin kredit verilən dövrdə kredit şöbəsinin müdiri barəsində qəbul edilmiş qərardır. Qərardan məlum olur ki, həmin dövrdə başqa şəxslər kredit şöbəsinin müdiri Rəmiyəddin bəyin imzasını və möhürünü saxtalaşdıraraq ayrı-ayrı şəxslərin adına kredit rəsmiləşdirmiş və pulları mənimsəmişlər. Bu faktı açan şəxsin özü də Rəmiyəddin bəy olmuşdur. 700.000 manata yaxın pul bu şəxslər tərəfindən dələduzluq yolu ilə mənimsənilmişdir. Hazırda 500.000 manat geri qaytarılmış və qalan 200.000 manatın təminatı əldə olunmuşdur. Həmin şəxslərin işdən çıxandan sonrakı aqibəti barədə məlumatı yoxdur. Görünür ki, iddiaçı da bu hadisənin qurbanıdır. Lap bu müqavilə düzgün olsa idi və pul iddiaçıya verilsə idi, bank nəyi gözləyirdi ki? Niyə bu vaxta qədər pulu tələb etməyib? İddiaçının xəbəri olmasa idi, bu məsələ işıqlandırılmazdı. Bu borc real deyil. İddiaçı bu borcu almamışdır. Ona görə də hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İş materialları: 25 sentyabr 2008-ci il tarixli 03 saylı kredit müqaviləsinin surətindən görünür ki, müqaviləni borc verən qismində Cavabdeh ASC-nin 2 saylı Sabunçu filialının müdiri X2 və borcalan qismində İddiaçı bağlamışlar. Müqavilə şərtlərinə əsasən borcalan Cavabdeh ASC-dən 36 ay müddətinə, 25 may 2014-cü il tarixədək illik 7 faiz ödənilməsi şərti ilə 22.000 manat kredit götürmüşdür. 25 may 2011-ci il tarixli 01 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, X11 yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasının təminatı olaraq xx.xx.2011-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan Tovuz rayonu Aşağı Ayıblı kəndində yerləşən fərdi yaşayış evini (1 mərtəbəli, üç otaqlı, ümumi sahəsi 126,3 m2, yaşayış sahəsi 50,8 m2) Cavabdeh ASC-yə ipotekaya qoymuşdur. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, İddiaçı aktiv öhdəlikləri kimi Cavabdeh ASC ilə bağladığı xx.xx.2008-ci tarixli kredit müqaviləsi üzrə 21.490 manat borcunun mövcud olduğu qeyd edilmişdir. Sonuncu ödəniş tarixi xx.xx.2018, kreditin statusu balansdan silinmiş olaraq göstərilmişdir. Həmçinin şəxsin eyni bankda xx.xx.2009-cu il tarixli aktiv kredit (ipoteka) müqaviləsi üzrə öhdəliyinə və digər banklarda bağlanmış öhdəliklərinə dair məlumatlar öz əksini tapmışdır. İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış 17 aprel 2024-cü il tarixli müraciətdən görünür ki, o, 2023-cü il iyun ayında istifadəsində olan «Birbank Cashback» kartının bloklandığını, bununla bağlı bankın qaynar xəttinə zəng vurduğunu və adına kredit borcu olduğunu öyrənmişdir. Daha sonra bu barədə ətraflı məlumat almaq üçün Azərbaycan Kredit Bürosundan çıxarış əldə etmişdir. Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasında 121QDİX082690001 saylı hesab nömrəsi üzrə adına açılmış 60.000 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə 21.490 ABŞ dolları məbləğində əsas, 46.044,02 ABŞ dolları faiz məbləğində borc öhdəliyi əks olunmuşdur. Halbuki, onun tərəfindən bankla kredit müqaviləsi bağlanılmamış, hər hansı pul vəsaitini təhvil almamış və heç bir ödəniş etməmişdir. Bundan başqa müqavilənin bağlanma tarixi xx.xx.2008-ci ildən bu günədək bank ondan hər hansı borc tələb etməmiş və öhdəliyin yerinə yetirilməməsi əsası ilə məhkəmədə iddia qaldırmamışdır. Belə olan halda hesab edir ki, kredit tarixçəsində əks olunan borc öhdəliyi texniki səhv nəticəsində ötürülmüş məlumatdır. «Mərkəzləşdirilmiş kredit reyestri haqqında» Qaydalarının 1.2-ci bəndinə və 5.1-ci bəndinə istinad edən iddiaçı Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasında adına səhvən yerləşdirilən 25 sentyabr 2008-ci il tarixli kredit müqaviləsi üzrə mövcud borcun bankın daxili kredit sistemindən silinməsi və borcunun olmaması barədə "xxxx" MMC-yə məlumat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 07 noyabr 2024cü il tarixli 3-16-5/6-11-1343/24 saylı məktubundan görünür ki, məhkəmənin Tovuz rayon notariat ofisində xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş 03 saylı kredit və 15-2978 nömrəli xx.xx.2011-ci il tarixli ipoteka müqavilələrinin əsillərinin istənilməsi barədə dövlət notariat arxivinə daxil olmuş müraciətinə baxılmışdır. Bildirilmişdir ki, 2007-2024-cü illərə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsindən başqa digər müqavilələr və onların qeydə alındığı 3M indeksli notariat reyestrləri arxivə təhvil verilməmişdir. Qeyd olunanlarla bağlı Tovuz regional «ASAN xidmət» mərkəzində notariat ofisinə müraciət edilməsinin məqsədəuyğun olduğu bildirilmişdir. Tovuz regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli 4596 saylı məktubundan görünür ki, ümumilikdə nə 2008-ci il ərzində, nə də 2011-ci il ərzində İddiaçı iştirakı ilə Tovuz rayon notariat ofisində heç bir ipoteka müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2025-ci il tarixli 3-16-16/2-4/1801/2024 saylı məktubundan görünür ki, e-2(006)- 3110/2024 saylı mülki iş üzrə məhkəmə tərəfindən 17 oktyabr 2024-cü il tarixdə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: - xx.xx.2008-ci il tarixli 03 saylı kredit müqaviləsinin və xx.xx.2011-ci il tarixli 01 saylı ipoteka müqaviləsinin əsillərinin və İddiaçı 03-05 sənəddə 2011-ci illərə qədər olan sərbəst imza nümunələrinin (nümunə qismində təqdim ediləcək sənədlərin əsilləri) təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixdə vəsatət verilmişdir. Ekspertin vəsatəti təmin edilmədiyindən «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən həmin ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilir. Ekspertiza icraatının operativliyini və tamlığını təmin etmək məqsədi ilə qərardad və iş materialları yenidən ekspertizaya göndərildiyi zaman ekspert vəsatətində göstərilən sənəd və nümunələrin əldə edilərək qərardad və iş materialları ilə birlikdə təqdim olunması məqsədəuyğun hesab olunur. Bank tərəfindən təqdim edilmiş, bankın kompüter proqram təminatında təsbit olunmuş xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə hesabdan çıxarışlardan görünür ki, müqavilə üzrə 50.000 ABŞ dollarının xx.xx.2008-ci il tarixdə İddiaçı tərəfindən məxaric edilməsinə və həmçinin xx.xx.2009-cu il tarixdə “balakan kredit ödənişi üçün köçürür məmmədov elshan kamil”, xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixdə olan qeydiyyat istisna olmaqla, xx.xx.2010-cu il tarixdən etibarən kredit ödənişinin X5, X6 ödəməsinə dair qeydiyyat aparılmışdır. xx.xx.2024-cü il tarixli **********70 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş X1 tərcümeyi-hal məlumatlarından görünür ki, onun X8 adlı qardaşı vardır. Cavabdeh tərəfindən elektron daşıyıcıda təqdim edilmiş kreditin təqib edilməsinə dair məlumatların qeydiyyatı barədə cədvəldən görünür ki, həmin kredit üzrə bank əməkdaşı tərəfindən borcalanla 2014,2017,2019, 2023-cü illərdə danışıqlara dair qeydlər aparılmışdır. Məhkəmə şahid qismində dəvət edilmiş X1 vəkili tərəfindən təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(103)-337/2015 saylı qərarından görünür ki, X3 irəli sürülmüş ittihama əsasən 01 dekabr 2005-ci il tarixdən 06 iyun 2012-ci il tarixədək Cavabdeh ASC-nin 2 saylı Sabunçu filialının kredit-iqtisad bölməsinin rəhbəri işləyərkən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edib ona etibar olunmuş özgə əmlakını talama məqsədilə müvafiq sənədləri özlərinə imzalatmaqla ayrı-ayrı şəxslərin adına rəsmiləşdirdiyi kredit müqavilələri üzrə məbləğləri mənimsəməklə talamışdır.Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2014-cü il tarixli hökmü ilə X7 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 179.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək ona cəza təyin edilmiş, Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməmişdir.Hökmdən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 25-ci maddəsinin İ hisəssinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mərkəzi X10 xx.xx.2021-ci il tarixli № 32/1 qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın: 2.1.1-ci bəndinə əsasən kredit - hesabat tarixinə istənilən valyutada borc verilmiş pul vəsaiti, açılmış kredit xətləri, verilmiş qarantiya və zaminliklər, faktorinq və lizinq əməliyyatları, habelə balansdan silinmiş kreditlər (banklararası kreditlər və bankların xarici filiallarının verdikləri kreditlər istisna olmaqla) anlayışını ehtiva edir. 2.1.2-ci bəndinə əsasən məlumat təchizatçısı - MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatı anlayışını ehtiva edir. 3.5-ci bəndinə əsasən kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. 3.6-cı bəndində əsasən məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir.3.9-cu bəndinə əsasən məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. 3.10-cu bəndinə əsasən MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim olunmuş sübutlardan göründüyü kimi, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanması ehtimal edilən 25 sentyabr 2008-ci il tarixli kredit müqaviləsi orjinal variantda mövcud deyildir. Müqavilə tərəfi olan bank tərəfindən həmin kredit müqaviləsinin əsli məhkəməyə təqdim edilməmişdir. Eləcə də, istinad edilən müqavilədə 20.000 manat məbləğində kreditin verilməsi göstərilsə də, Mərkəzləşdirilmiş Kredit Reyestrində həmin tarixli kredit müqaviləsi üzrə 60.000 ABŞ dolları kreditin rəsmiləşdirilməsi qeyd edilmişdir. İddiaçının dəlili onun belə bir müqavilə bağlamayaraq borc almamasından ibarət olmuş, cavabdeh isə iddiaçının əmisinin bankın həmin filialının müdiri olması və müqavilənin rəsmiləşdirilməsində filial müdirinin iştirakından ibarət olmuşdur. Lakin, hazırki iş üzrə tərəflər arasında öhdəliyin əmələ gəlməsi üçün müqavilənin mövcudluğu və həmin müqavilənin məhz İddiaçı tərəfindən bağlanmasına (imzalanmasına) dair sübutlar bank tərəfindən məhkəməyə təqdim edilmədiyindən və bu fakt sübuta yetirilmədiyindən iddiaçının adına mövcud olmayan kredit müqaviləsi üzrə aktiv borc Mərkəzləşdirilmiş Kredit Reyestrində göstərilə bilməz.Belə ki, hətta cavabdeh tərəfindən təqdim edilmiş müqavilənin təsdiq edilmiş surəti üzrə borcalan qismində İddiaçı imzasının yoxlanılmasına dair xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət üzrə müvafiq ekspertiza təyin edilsə də, göründüyü kimi bu halın müəyyən edilməsi müqavilənin əslinin mövcud olmaması səbəbindən mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən 2-2(102)-575/2023 №-li iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə formaşlaşdırılmış hüquqi mövqeyə görə də Ali Məhkəmədə oxşar mübahisələr üzrə çıxarılmış qərarlarda MPM-in 77.1-ci maddəsinə əsasən, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığı müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn tələblər üzrə kredit verən təşkilat tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin borcalana verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bu baxımdan, tərəflər arasında MM-in 739.1 və 739.2-ci maddələrinin tələblərinə uyğun kredit müqaviləsinin bağlanılması və iddiaçıya həmin kredit müqaviləsi üzrə borcun verilməsi sübut olunmadığına görə tərəflər arasında MM-in 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Odur ki, iddiaçının haqlı tələbi təmin edilməlidir. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçının tələbinə münasibətdə iddia müddətinin tətbiq edilməklə rədd edilməsinə dair ərizə təqdim edilmişdir. Belə ki, cavabdeh hesab edir ki, iddiaçının tələbinin əsası kimi əhəmiyyətsiz əqdin nəticəsi olaraq AKB və MKR-dən məlumatların silinməsinə dair 2009-cu ilə qədər müraciət edə bilərdi. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinə münasibətdə iddia müddətinin tətbiq edilməsinə əsas yoxdur, o baxımdan ki, iddiaçının tələbi onun barəsində həqiqiliyi sübuta yetməyən məlumatların müvafiq reyestrdən silinməsi barədədir. Həmin məlumatların mötəbərliyini sübut etmə vəzifəsi Bankın üzərində olduğundan və bank tərəfindən sübuta yetirilmədiyindən həmin məlumatların saxlanması iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Cavabdeh tərəfindən kredit üzrə öhdəliyin təqib edilməsi ilə bağlı elektron daşıyıcıda təqdim edilmiş qeydlərdən də aydın olur ki, bank iddiaçı ilə bağlanması ehtimal edilən müqaviləyə malik olmadığından qanunla müəyyən edilmiş qaydada ona qarşı iddia tələbi ilə də müraciət etməmişdir. Belə olan təqdirdə iddiaçının iddia tələbinin əhəmiyyətsiz əqdin nəticələrinin mübahisələndirilməsi kimi qiymətləndirilməklə ona münasibətdə iddia müddətinin tətbiqinə əsas yoxdur. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanması göstərilən 25 sentyabr 2008-ci il tarixli kredit müqaviləsi üzrə borc bankın daxili kredit sistemindən silinməli, borcun olmaması barədə məlumatın "xxxx" MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi vəzifəsi Cavabdeh ASC-yə həvalə edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanması göstərilən 25 sentyabr 2008-ci il tarixli kredit müqaviləsi üzrə borc bankın daxili kredit sistemindən silinsin. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanması göstərilən 25 sentyabr 2008-ci il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın "xxxx" MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi vəzifəsi Cavabdeh ASC-yə həvalə edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar