Məhkəmə qərarları › İş №e-2(006)-2681/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2681/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2681/2025 22.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya qaydasında vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək, 1.000 manat məbləğində pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 1.030,40 manatın Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(006)-2681/2025 saylı qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununa əsasən sığortalı X1 istifadəsində olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak (yaşayış evi) yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2017-ci il tarixli, RAZ********** nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2018-ci il tarixində X1 istifadəsində olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak (yaşayış evi) çoxmərtəbəli binanın yuxarı, yəni Cavabdeh istifadəsində olan 146 nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində zərər görmüşdür. xx.xx.2019-cu il tarixli dəymiş zərərin hesabatı ilə bağlı rəyə əsasən X1 istifadəsində olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka (yaşayış evinə) subasma nəticəsində 1.250 manat məbləğində zərər vurulmuşdur. Həmçinin "xxxx" Mənzil-Tikinti Kooperativinin 09 avqust 2018-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi 21B, 3169-cu məhəllədə yerləşən "xxxx" MTK-ya məxsus olan binada 140 №-li mənzil X2 məxsusdur və xx.xx.2018-ci il tarixdə üst mərtəbədə yaşayan qonşu tərəfindən suyun açıq qoyulması nəticəsində adı çəkilən mənzildə subasma hadisəsi baş vermişdir. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2018-ci il tarixli, 3698/CFİ186/2018 nömrəli aktla "xxxx" ASC tərəfindən sığortalı X2 250 manat azadolma və s. məbləğlər çıxılmaqla 1.000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçının nümayəndəsi V.R.Rəhimova məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən: - xx.xx.2017-ci il tarixli BA seriyalı 807442 saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, X1 istifadəsində olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak (yaşayış evi) "xxxx" ASC tərəfindən yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə sığortalanmışdır. Sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat, sığorta müqaviləsinin qüvvədən düşmə müddəti xx.xx.2018-ci il tarixi kimi müəyyən olunmuşdur. Sığortalı tərəfindən 50 manat sığorta haqqı ödənilmişdir. - xx.xx.2018-ci il tarixli subasma haqqında arayışdan görünür ki, sığortalı X2 məxsus mənzilə üst mərtəbədə yerləşən mənzildə suyun açıq qalması ilə bağlı baş vermiş subasma hadisəsi nəticəsində ziyan dəymişdir. Hadisəyə səbəb olan subasma hadisəsinə görə məsuliyyəti olan şəxs kimi Cavabdeh qeyd edilmişdir. - 09.08.2018-ci il tarixli ərizədən görünür ki, X3 "xxxx" ASC-yə müraciət edərək, xx.xx.2018-ci il tarixdə üst mərtəbələrdə suyun açıq saxlanılması nəticəsində ona məxsus mənzili su basmış və nəticədə mənzilin tavanı, döşəməsi, divar kağızları yararsız vəziyyətə düşmüşdür. - 23.09.2018-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, sığortalıya məxsus mənzilə ümumilikdə 1.250 manat maddi ziyan vurulmuşdur. - xx.xx.2018-ci il tarixli 3698/CFİ-186/2018 saylı sığorta aktından və xx.xx.2018-ci il tarixli ödəniş sənədindən görünür ki, baş vermiş sığorta hadisəsi ilə bağlı azadolma məbləği (250 manat) çıxılmaqla, sığortalıya 1.000 manat ödəniş edilmişdir. Göründüyü kimi, iddiaçı "xxxx" ASC tərəfindən baş vermiş sığorta hadisəsi üzrə sığortalıya 1.000 manat sığorta ödənişi həyata keçirilmiş və iddiaçının Cavabdeh qarşı subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu, 40 qəpik xidmət (bank xidməti) haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1.000 manat məbləğində pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 1.030,40 manat Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.000 manat məbləğində pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 1.030,40 manat Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar