Məhkəmə qərarları › İş №e-2(006)-269/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-269/2025

04.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-269/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı zərərçəkmiş olaraq onun idarə etdiyi "X11" markalı, dövlət nömrə nişanı **-LE-*** olan avtomaşına dəymiş zərərin əvəzinin, yəni 3291 (üç min iki yüz doxsan bir) manat məbləğin Paşa Sığorta ASC tərəfindən tam ödənilməsi və dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 3581 (üç min beş yüz səksən bir) manat məbləğin və tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli protokol qərardadı ilə tələbin həcminin artırılması barədə ərizə, məhkəmənin yekun baxış iclasında təqdim olunduğundan icraata qəbul edilməmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı xx.xx.2024-cü il tarixdə saat 14:25-də Aeroport şossesi ilə (şəhər istiqamətində) özünə məxsus X11 markalı, dövlət nömrə nişanı 77-LE 532 olan avtomobillə əsas yolun Suraxanı rayonu ərazisindən keçən hissəsində (25-ci km-də) qəfildən önündə yol-nəqliyyat hadisəsi baş verdiyindən sağ və sol zolaqlarda nəqliyyat axımı davam etdiyindən hadisəni ötüb keçə bilməmişdir. Məcburiyyət qarşısında dayanmalı olmuşdur. Həmin vaxt arxadan gələn Toyota Prius markalı **-FH-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü ona məlum olmayan səbəbdən avtomobili dayandırmayıb son anda hadisədən yayınmağa çalışmış, buna nail olmayıb qeyd edilən avtomobillə ona məxsus avtomobilin arxa sol küncünə toqquşma nəticəsində maddi ziyan yetirmişdir. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Hadisə yerinə Bakı şəhər X10 İdarəsinin əməkdaşı gəlsə də, onun avtomobilinin icbari sığortalı olduğu "xxxx" ASC-nin əməkdaşı gəlməmiş, ***-***-**-** nömrəsindən telefon vasitəsi ilə əlaqə saxlayaraq şəkillərin ona göndərilməsinin kifayət edəcəyini bildirmişdir. O da həmin nömrəyə avtomobilin və zəruri sənədlərin şəklini göndərdi, daha sonra avtomobilin qiymətləndirilməsi üçün ona göndərilmiş elektron ərizəni təsdiqləmişdir. Bu fakt X9 tərəfindən də rəsmi təsdiqini tapmışdır. Daha sonra qiymətləndirmə üçün xx.xx.2024-cü il tarixdə Paşa sığorta ASC-dən onun mobil telefonuna mesaj yazaraq avtomobilini qiymətləndirməyə təqdim etmək üçün Hyundai Abşeron servisə təqdim etməyini istədilər. O da həmin tarixdə avtomobilini qeyd edilən servisə göndərdi. xx.xx.2024-cü il tarixdə Paşa sığorta ASC-dən gələn mesajda avtomobilinə dəymiş ziyanın 1485,6 AZN olaraq müəyyən edildiyi qeyd edilmiş, təmir və ya ödənişlə bağlı qərarını bilmək üçün link göndərilərək seçim etməyi qeyd edilmişdir. O da həmin linkə daxil olub qiymətləndirmə ilə razılaşmadığını bildirdi. Buna baxmayaraq Paşa sığorta ASC buna əhəmiyyət vermədi, bir dəfə də olsun onun narazılığıyla maraqlanmadı. Əksinə yenə də o, dəfələrlə Paşa sığorta ASC ilə əlaqə saxlayıb 1485,6 AZN zərəri nəyə görə müəyyən etdiklərini soruşduqdan sonra nəhayət haqlı tələblərindən sonra ona qiymətləndirmə aktını təqdim etdilər. Həmin qiymətləndirmədə zərər görmüş bəzi detallar ümumiyyətlə qeyd olunmayıb, bəziləri isə heç bir əsas olmadan bazar qiymətindən dəfələrlə aşağı qeyd edilmişdir. Belə ki, qeyd olunan qiymətlər üzrə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən avto ehtiyat hissələri mağazalarından heç birində həmin qiymətlərə ehtiyat hissələri satılmır. Bu barədə Hyundai Abşeron servisdə qiymətləndirmə aparan əməkdaşdan qiymətləri nəyə əsasən təyin etdiklərini soruşduqda əvvəlcə əməkdaş qiymətləndirməni özünün apardığını bildirdi, sonra suala cavab tapa bilmədikdə qiymətləndirmənin ona aidyyəti olmadığını bildirdi. Qiymətləndirməni kimin apardığı sualına həmin servisdə də cavab tapa bilməmişdir, hətta avtomobilini də ona təhvil verən olmadı. Avtomobilin açarını gözətçi ona tapıb gətirdi. Bütün bunlar da göstərir ki, "xxxx" ASC Azərbaycan Respublikası Mülki Məcəlləsindən və İcbari Sığortalar haqqında qanunundan irəli gələn vəzifələrini icra etməkdən qərəzli şəkildə yayınmaqla, faktiki dəymiş zərərdən daha aşağı məbləğ təyin etmişlər. O isə dəqiq zərəri müəyyən etmək məqsədi ilə HYUNDAİ ASC-nin rəsmi ehtiyat hissələri satış mərkəzi olan HYUNDAİ OTOPLAZA ilə əlaqə saxlayıb təxmini (qiymətlərin tez-tez dəyişməsi nəzərə alınmışdır) qiymətləndirmə etmiş (müqayisədə ən ucuz detallar HYUNDAİ OTOPLAZAda satıldığını müəyyən etdi). Məlum oldu ki, avtomobilə ümumilikdə 3291 manat maddi zərər dəymişdir. Dəymiş zərərlə bağlı cədvəllər iddia ərizəsinə əlavə edilmişdir. "xxxx" ASC onun etirazlarına, müraciətlərinin heç birinə bu günə qədər cavab verməmiş, beləliklə də icbari sığorta qanunun tələblərinə əsasən üzərinə düşən öhdəliyi icra etməkdən yayınmışdır. Bu barədə sığorta bazarına nəzarəti həyata keçirən Mərkəzi Banka dəfələrlə müraciət etsə də, onlar sətiraltı formada adıçəkilən sığorta şirkətinə heç bir təsir üsullarının olmadıqlarını bildirmişlər. İnzibati orqanın da sığorta sahəsindəki səhlənkarlığa belə laqeyd yanaşması avtomobilinə dəymiş realzərərin bu günə qədər ödənilməməsinə, onun da məhkəməyə müraciət etməyinə səbəb olmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi X11 markalı, dövlət nömrə nişanı **- LE-*** olan avtomaşının arxa bufer, arxa buferin alt qoruyucusu, arxa radar (01 ədəd), arxa buferin sol xizəyi, solarxa qanad, sola arxa qanadaltı, arxa qanadın kantı, solarxa səsgücləndirici, arxa yük qapısının emblemi, solarxa hava istiqamətləndirici, arxa buferin əksetdiricisi(sol), arxa buferin sol yedək qapağı yararsız hala düşdüyündən yenisi ilə dəyişilməli, arxa yük yerinin qapısı təmir olunmalıdır. Əzilmiş hissələri dəmirçi işləməli, rəngsaz rəngləməlidir. Bundan əlavə armatur və germetika ustası da avtomaşın üzərində işləməlidirlər. "xxxx" ASC ilə əlaqə saxladıqda onun tələbini əsaslandırmaqla onlara təqdim etməyini istədilər. O, da müxtəlif avtoservislərdə və ehtiyat hissələri mağazalarından maraqlanıb ən ucuz qiymət cədvəli tərtib edib onlara təqdim etmişdir. Özləri ondan belə qiymətləndirmə istəməklərinə baxmayaraq təqdim etdiyi cədvəllə bağlı onunla yenə də maraqlanmadılar. O, təkrar bir neçə dəfə əlaqə saxlayıb müsbət və ya mənfi cavab bildirmələrini istədikdə sanki onu qıcıqlandırmaq istərmiş kimi heç nədən xəbərləri yoxmuşcasına suallarını cavabsız qoydular. İddia tələbinin həcminin artırılması barədə ərizənin əsaslandırıldığı hallar: Cavabdeh "xxxx" ASC İddiaçı ilə bağlanmış sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2024-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Hyundai SantaFE markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanı düzgün qiymətləndirməyərək 1485,6 manat təyin etmişdir. Avtomobilə dəymiş faktiki zərər isə bir neçə avtoservisdə və ehtiyat hissələri mağazalarında aparılmış yoxlamalardan sonra 3291 manat olması tərəfindən müəyyən edilmiş və əsaslandırılmış formada məhkəməyə təqdim edilmişdir. Hazırda “avto nəqliyyat vasitəsinə dəymiş 3291 manat zərərin ödənilməsi” hissəsində iddia tələbinin həcminin artırılması zərurəti ortaya çıxmışdır. Belə ki, Nəsimi Rayon Məhkəməsinin müvafiq qərardadı ilə təyin edilmiş təyin edilmiş ekspertizanın aparılması “X2” həvalə edilmiş, adı çəkilən mərkəz tərəfindən avtomobilə baxış keçirilmiş və obyektiv qiymətləndirmə aparılmışdır. “X4”nin 07 may 2025-ci il tarixli Rəyinə əsasən avtomobilə dəymiş faktiki zərər (ehtiyat hissələri və zəhmət haqqı ilə birlikdə) 3581 (üç min beş yüz səksən bir) manat müəyyən edilmişdir. İddia tələbinin irəli sürüldüyü vaxtdan artıq 1 ilə yaxın müddətin keçdiyi nəzərə alınsa, hesab edir ki, 07 may 2025-ci il tarixli ekspert rəyində müəyyən edilmiş zərər məbləği real bazar qiymətlərini əks etdirir. Bu səbəbdən də hesab edir ki, həmin hissədə iddia tələbinin həcmi artırılmalıdır. Odur ki, məhkəmədən xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş olaraq idarə etdiyi X11 markalı, **-LE-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin əvəzinin, yəni 3581 (üç min beş yüz səksən bir) manat məbləğin və tərəfimdən ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin mülahizəsi: xx.xx.2024-cü il tarixində ** FH *** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı və ** LE *** dövlət qeydiyyat nişanlı X11 markalı avtonəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Bakı şəhər DYPİ tərəfindən tərtib və təqdim olunmuş “Forma 4”ə əsasən ** FH *** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı avtonəqliyyat vasitəsinin sürücüsü təqsiri olan şəxs, ** LE *** dövlət qeydiyyat nişanlı X11 markalı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi (həm də sürücüsü) isə zərərçəkən qismində tanınmışdır. ** FH *** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı avtonəqliyyat vasitəsi icbari sığorta üzrə "xxxx" ASC-də, ** LE *** dövlət qeydiyyat nişanlı X11 markalı avtonəqliyyat vasitəsi icbari sığorta üzrə "xxxx" ASC-də sığortalanmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 52-1-ci maddəsinin davamı olaraq, Azərbaycan Respublikasının Mərkəzi X7 xx.xx.2022-ci il tarixli 25/2 Qərarı ilə təsdiq edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” Qaydada nəzərdə tutulan tələblər nəzərə alınmaqla yolnəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərər həmin avtonəqliyyat vasitəsi ilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilir. Bunu nəzərə alaraq, zərərçəkən - ** LE *** dövlət qeydiyyat nişanlı X11 markalı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı öz icbari sığortaçısına - "xxxx" ASCyə müraciət etmişdir. Müraciət nəzərə alınaraq ** LE *** dövlət qeydiyyat nişanlı X11 markalı avtonəqliyyat vasitəsi rəsmi servis mərkəzinə - “Hyundai Abşeron”a yönləndirilmiş, avtonəqliyyat vasitəsinə baxış keçirilmiş, dəymiş zərər qiymətləndirilmişdir. xx.xx.2024-cü il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən zərər 1485,60 AZN (on dörd min səksən beş manat altmış qəpik) məbləğində müəyyən edilmişdir. İddiaçı isə heç bir əsas olmadan sözügedən məbləğ ilə razılaşmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6456-8/245 nömrəli ekspert rəyinə əsasən ** LE *** dövlət qeydiyyat nişanlı X11 markalı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərci 1420 AZN məbləğində müəyyən edilmişdir. Yəni ekspert rəyində müəyyən edilmiş məbləğ (1420 AZN) "xxxx" ASC-nin yönləndirməsi üzrə “Hyundai Abşeron” tərəfindən həyata keçirilmiş baxış və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğdən (1485,60 AZN) aşağıdır. Nəticə etibarı ilə İddiaçı zərər məbləğini mübahisələndirməkdə tamamilə haqsız olmuşdur. Yuxarıda qeyd olunanların nəzərə alınması xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iddia ərizəsini qəbul etməyərək məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, «X11» markalı, **-LE-*** dövlət nömrə nişanı minik avtomobili İddiaçı mülkiyyətindədir. İcbari sığorta müqaviləsinə dair məlumata əsasən, «X11» markalı, **-LE-*** dövlət nömrə nişanı avtomobil xx.xx.2023-cü il tarixdən 1 il müddətinə icbari qaydada sığortalanmışdır. Sığorta məbləği əmlaka vurulan zərərə görə 5000 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın surətindən görünür ki, «X11» markalı, **-LE-*** dövlət nömrə nişanı avtomobilə dəymiş ziyan 1485,6 manat məbləğindən müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3131/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq və avtomobil-texniki ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/6456-8/2245 nömrəli xx.xx.2024-cü il tarixli rəyinə əsasən: - Yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Ona görə də, qeyd olunan suallar üzrə tədqiqat aparılmır. Həmçinin nəqliyyat vasitələrinin zədələnmiş hissələrini dəyişdirmədən təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. - Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında 2014-cü il buraxılışlı “X11” markalı, **-LE-*** dövlət qeydiyyat-nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 1420,00 manat məbləğində olduğu müəyyən edilmişdir. Ekspertiaza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-269/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq və avtomobil-texniki ekspertizaları təyin edilmiş və ekspertizanin aparılması müvafiq sahə üzrə mütəxəssislər cəlb olunmaqla X2 həvalə edilmişdir. X1 xx.xx.2025-ci il tarixli 87 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində qeyd olunanları, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İlkin akta əsasən, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi “X11” markalı, **-LE-*** dövlət nömrə nişanlı (2014-cü il buraxılışlı, Ban: KMHSW81UDEU297305, gümüşü metallik rəngli) avtomobilə dəymiş zərərin ümumi dəyəri (ehtiyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla) 3581,00 manat məbləğində müəyyən edilir. Ekspertiza xidmətinin xərci 300 manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 933.1 Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbinin; sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənədin; icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Maddə 52–1.1. Aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: 52–1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; 52–1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. 52–1.2. Zərərçəkənin bu Qanunun 52–1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Mməhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşdən görünür ki, «X11» minik markalı, **-LE-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan avtomobili cavabdeh "xxxx" ASC-də icbari qaydada sığorta etdirmişdir. Sığorta məbləği 5.000 manat təşkil etmişdir. Avtonəqliyyat hadisəsi nəticəsində sığorta edilmiş minik avtomobil zədələnmiş və bununla da, sığorta hadisəsi baş vermişdir. Dəymiş ziyanın ödənilməsi ilə əlaqədar iddiaçı tərəfindən sığorta şirkətinə müraciət edilsə də, hər hansı bir müsbət nəticə əldə etmək mümkün olmamış və iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, İddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi baş verdiyindən və bunun nəticəsində maddi zərər çəkdiyindən, hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Hazırda tərəflər arasında mübahisə sığorta ödənişinin məbləği ilə əlaqədardır. Belə ki, iddiaçı baş vermiş sığorta hadisəsi nəticəsində ona məxsus nəqliyyat vasitəsinə 3291 manat ziyan dəydiyini iddia edir, cavabdeh isə buna etiraz edərək dəymiş ziyanın 1485,6 manat təşkil etdiyini bildirir. Qeyd edilən fikir ayrılığını araşdırmaq məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq və avtomobil-texniki ekspertizaları təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6456-8/2245 nömrəli ekspert rəyində göstərilmişdir ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin zədələnmiş hissələrinin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizası tədqiqatı aparılmır. Məhkəmə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "X11" markalı, **-LE-*** dövlət nömrə nişanlı (2014-cü il buraxılışlı, Ban: KMHSW81UDEU297305, gümüşü metallik rəngli) avtomobilə dəymiş zərərin məbləğini, avtomobilə baxış keçirilməklə müəyyənləşdirmək üçün məhkəmə-əmtəəşünaslıq və avtomobil-texniki ekspertizalarının aparılmasını müvafiq sahə üzrə mütəxəssislər cəlb olunmaqla X2 həvalə etmişdir. Müvafiq rəyə əsasən, İddiaçı məxsus «X11» markalı, **-LE-*** dövlət nömrə nişanı buraxılışlı avtomobilə dəymiş zərərin ümumi dəyərinin 3581 manat olduğu müəyyən edilmişdir. Məhkəmə, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə münasibətdə qeyd edir ki, həmin rəydə avtomobilə baxış keçirilməklə dəymiş zərərin məbləğinin müəyyən edilməsinin mümkün olmadığı qeyd edilməklə, cavabdeh şirkətin təqdim etdiyi qüsur aktında göstərilənlər əsas götürülərək dəymiş ziyanın 1420 manat olduğu müəyyən edilmişdir. Lakin məhkəmə qeyd edir ki, avtomobilə dəymiş zərərin məhz zədələnmiş avtomobilin özünə müvafiq sahə üzrə mütəxəssislərin iştirakı ilə baxış keçirilməklə X4 tərəfindən verilmiş rəy işin obyektin həlli baxımından daha ağlabatan və real məbləği əks etdirməklə məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilir. Qeyd edilən rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə rəyi vermiş ekspertin xüsusi biliyinin olduğunu və rəydə müəyyən edilmiş məbləğin işin digər halları ilə uyğunluq təşkil etməsini nəzərə alaraq, həmin rəylə razılaşır və cavabdehdən sığorta müqaviləsi üzrə iddia tələbi həcmində 3291 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını işin hallarına uyğun sayır. Belə ki, Mülki Prosessual məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, 3291 manat cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İşdən görünür ki, İddiaçı şəhid ailəsi üzvüdür. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün hazırkı iddia üzrə 52.91 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul cavabdeh "xxxx" ASC-dən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Eyni zamanda, X4 tərəfindən aparılmış ekspertiza xidmətinin dəyəri olan 300 manat cavabdeh "xxxx" ASC-dən tutularaq, X1 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 3291 (üç min iki yüz doxsan bir) manat sığorta ödənişi İddiaçı ödənilsin. Cavabdeh "xxxx" ASC-dən 52.91 (əlli iki manat doxsan bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh "xxxx" ASC-dən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) hesabına köçürülsün. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdeh "xxxx" ASC-dən tutularaq, X1 (VÖEN **********, İBAN: AZ94BRES********************, Bank Respublika ASC-nin Nərimanov filialı, Kod 513489 AZ80NABZ******************** SWİFT BRESAZ22) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar