Məhkəmə qərarları › İş №e-2(006)-2699/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2699/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2699/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X11 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasını iddiaçı tərəfin iştirakı olmadan keçirərək, cavabdеh Cavabdeh 280 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin hеsabına tutulması barədə qətnamə çıхarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində DSK yolunda Cavabdeh məxsus olan və "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Nissan Sunny” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 tərəfindən idarə edilərkən yоl-nəqliyyat hadisəsi törədilmiş, nəticədə “Toyota Prius minik” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. DYPŞ orqanının əməkdaşı tərəfindən tərtib edilmiş İXP4184061 nömrəli inzibati xəta haqqında protokola əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində (nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, “Toyota Prius minik” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin məbləği 280 (iki yüz səksən) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA91927 nömrəli sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 280 (iki yüz səksən) manat sığorta ödənişi edilmişdir. xx.xx.2024-cü il tarixdə X5 280 (iki yüz səksən) manat pul vəsaitinin subroqasiya qaydasında ödənilməsi ilə bağlı ilkin bildiriş göndərilmiş və məlum olmuşdur ki, X8 vəfat etmişdir. Mülki Məcəllənin müvafiq normalarına əsasən borcun ödənilməsi üçün avtomobilin mülkiyyətçisi Cavabdeh qismində tanınır.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərərək, iş üzrə məhkəmə məhkəmə iclaslarının iddiaçı tərəfin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iddia ərizəsini və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:

5. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 13:30 dəqiqədə DSK yolunda baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli - “Nissan Sunny” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X8, mülkiyyətçisi Cavabdehdır. Yol-nəqliyyat hadisəsi baş verdiyi anda sürücü ayıq olsa da, sürücülük hüququ olmamışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Prius minik” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir, həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi X7 və hadisə zamanı sürücü X6 olmuşdur.

6. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 2427 nömrəli qiymətləndirmə aktından görünür ki, “Toyota Prius minik” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 280,00 manat təşkil edir.

7. Binəqədi rayon DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında İXP 418061 nömrəli protokoldan görünür ki, X8 həmin tarixdə saat 13:30-da “Nissan Sunny” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.

8. İcbari sığorta müqaviləsinə dair xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, “Nissan Sunny” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixli müqavilə üzrə "xxxx" ASC tərəfindən icbari sığorta edilmiş, müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2022-ci ildir.

9. "xxxx" ASC-nin PXA91927 nömrəli sığorta aktından görünür ki, xx.xx.2021-xx.xx.2022-ci illər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmış “Nissan Sunny” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən xx.xx.2021-ci ildə baş vermiş sığorta hadisəsi nəticəsində “Toyota Prius minik” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 280 manat məbləğində zərər vurulmuşdur. Həmin məbləğdə sığorta ödənişi X2 təqdim etdiyi hesaba köçürülməlidir.

10. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, sığorta ödənişinin alınması üçün “10000 21615” nömrəli plastik kart "xxxx" ASC tərəfindən X3 təhvil verilmişdir.

11. xx.xx.2022-ci il tarixli cari hesabdan çıxarışdan görünür ki, X3 təqdim edilən hesaba PXA91927 nömrəli ödəniş təyinatı üzrə 280 manat ödəniş edilmişdir.

12. "xxxx" ASC tərəfindən X5 ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, 280,00 (iki yüz səksən) manat məbləğində ödənişin ödənilməsi tələb edilmişdir.

13. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, X4 ölüm tarixi xx.xx.2021-ci ildir.

14. Binəqədi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə göndərilmiş “sorğuya cavab məktubu”na əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, X1 vəsiqəsinə dair məlumat aşkar edilməmişdir.

15. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” hissəsindən görünür ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, X8 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan arvadı – Cavabdeh mülkiyyətində olan “Nissan Sunny” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdə idarə etdiyi zaman “Toyota Prius minik” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, həmin vaxt cavabdehə məxsus avtomobil "xxxx" ASC tərəfindən icbari sığortalı olmuşdur.

17. Törədilmiş hadisədə X8 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan (sürücülük vəsiqəsi olmadan) cavabdehə məxsus nəqliyyat vasitəsini idarə etdiyinə və bu zaman “Toyota Prius minik” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan vurduğuna görə, dolayısı ilə mülkiyyətçisi X3 maddi ziyan vurduğuna görə barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.

18. X3 məxsus nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği "xxxx" MMC tərəfindən 280 manat müəyyən edilmiş və həmin məbləğdə pul vəsaiti iddiaçı tərəfindən zərərçəkən X3 ödənilmişdir. Daha sonra iddiaçıya məlum olmuşdur ki, X8 vəfat etmişdir. Buna görə də iddiaçı subroqasiya hüququndan istifadə edərək “Nissan Sunny” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hazırkı iş üzrə Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

19. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, “Nissan Sunny” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətindədir. Həmin avtomobili əri X5 idarə etməsi üçün özü vermişdir. X8 barəsində tərtib edilmiş protokol mübahisələndirilməmişdir.

20. Hazırda iddiaçı cavabdehdən sığorta ödənişi kimi ödədiyi 280 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini; cavabdeh isə iddia tələbinin təmin edilməməsini xahiş edir.

c) Məhkəmənin mövqeyi:

21. X8 yol-nəqliyyat hadisəsi zamanı cavabdehin mülkiyyətində olan “Nissan Sunny” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini mülkiyyətçinin icazəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyindən və qəza törətdiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və X8 xx.xx.2021-ci ildə ölmüşdür. Belə olan halda zərər çəkənə vurulmuş zərərin əvəzini ödəmiş iddiaçı zərər vuran şəxsin idarə etdiyi nəqliyyat vasitəsinin mülkiyyətiçisindən ödədiyi pul məbləğinin subroqasiya qaydasında ona ödənilməsini xahiş edir.

22. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi əsaslıdır. Belə ki, X8 barəsində İXM-nin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Həmin maddəyə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edən şəxs tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməli və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmalıdır. Hazırkı iş materiallarından da aydın olur ki, zərərçəkmiş şəxsə maddi zərər dəymiş və həmin zərər sığorta şirkəti tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir. Buna görə də iddiaçının sığorta ödənişini subroqasiya qaydasında yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsinin) mülkiyyətçisindən tələb etməsi əsaslı, qanuni və ədalətlidir.

23. Qeyd edilməlidir ki, cavabdeh məhkəmə iclasında “mərhum ərinin baş vermiş hadisədə günahkar olmaması, qəza nəticəsində ərinin ölməsi, əksinə onun iddiaçını məhkəməyə verməli olduğu halda əsassız yerə məhkəməyə verilməsi, həmçinin mərhum ərinin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmasına dair sənədinin olmasını” bildirsə də, cavabdehə öz dəlillərini məhkəməyə təqdim etməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq bununla bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, etirazının heç bir dəlilini sübuta yetirməmişdir. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin dəlillərini əsassız və formal mülahizələr hesab edir.

24. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir.

26. Hazırkı iş üzrə yüksək təhlükə mənbəyinin sahibi onun mülkiyyətçisi olan Cavabdehdır. O, X5 nəqliyyat vasitəsini öz iradəsinə əsasən vermişdir. Halbuki, X4 nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Yəni, onun yol-nəqliyyat hadisəsi törətmək ehtimalı kifayət qədər yüksək olmuşdur. Yüksək təhlükə mənbəyinin sahibi bunu bildiyi halda nəqliyyat vasitəsini X5 idarə etməsi üçün vermişdir. Hazırkı işin faktiki hallarından bəlli olur ki, yüksək təhlükə mənbəyinin mülkiyyətçisi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olmuşdur. Belə olan halda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər (MM–1108.2). Hazırkı iş üzrə sığortalı Cavabdeh sığorta olunan nəqliyyat vasitəsini öz iradəsi əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verdiyinə görə iddiaçının subroqasiya hüququ Cavabdeh qarşı yaranmışdır (İSHQ–25.1, 25.1.3).

27. Cavabdeh əvvəlki iclaslarda mərhum həyat yoldaşı X1 hüququnun olduğunu və taksi sürücüsü olduğunu bildirsə də, buna dair sübut təqdim etməmiş, məhkəmə sorğusuna əsasən Binəqədi Rayon Polis İdarəsi tərəfindən göndərilən sənədlərdən X4 nəqliyyat vasitəsini idarəetmək hüququnun olmadığı dəqiq müəyyən edilmişdir. Belə olan halda yüksək təhlükə mənbəyinin sahibinin zərərin vurulmasında birbaşa təqsirinin olması mütləq deyil. Mülkiyyətçi yüksək təhlükə mənbəyini öz iradəsi əsasında X5 verdiyinə görə (təqsirli hərəkət etdiyinə görə) həmin mənbənin vurduğu zərər üçün məsuliyyəti də özü (cavabdeh) daşıyır.

28. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia təmin (qismən təmin) edilir, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatır, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

29. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

30. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

31. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

32. Qeyd olunanları nəzərə alaraq məhkəmə hazırkı iş üzrə iddiaçının qanunla müəyyən edilmiş hüquqlarından istifadə edərək, üçüncü şəxsin vurduğu zərərin əvəzinin yüksək təhlükə mənbəyinin mülkiyyətçisi olan cavabdehdən tutulması barədə iddiasının təmin edilməsini qanuna müvafiq hesab edir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

33. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddə. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 926.1-ci maddə. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 936.1-936.2, 936.5-ci maddə. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddə. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddə. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülkihüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu məsuliyyət yüksək təhlükə mənbəyinin sahibinin təqsirindən asılı olmayaraq yaranır. 1108.1-ci maddə. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddə. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

34. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

37. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 280 (iki yüz səksən) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASCyə ödənilməlidir.

38. Məhkəmə xərci ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia təmin edildiyindən hazırki iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Nəticə:

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 280 (iki yüz səksən) manat məbləğində pul və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar