Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2700/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "subroqasiya qaydasında pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "subroqasiya qaydasında pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməsinə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə, saat 09:00 radələrində Bakı şəhəri, Qaraçuxur qəsəbəsində Cavabdeh2 məxsus, Cavabdeh1 idarə etdiyi və iddiaçı tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Kia Cerato” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil “İsuzu NP37” markalı, 90-OJ542 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurmuşdur. xx.xx.2020-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş Qüsur aktında göstərilmişdir ki, “İsuzu NP37” markalı, **-OJ-*** avtomobilə vurulmuş maddi zərər 1500,00 (bir min beş yüz) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA56702/20 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə 1500,00 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1500,00 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 35,00 (otuz beş) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Əvvəlki məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, avtomobilinin "xxxx" MMC-yə icarəyə verdiyini, qəzanın isə iş üzrə digər Cavabdeh1 tərəfindən törədildiyini, iddiaçı tərəfindən avtomobilin təmir olunduğunu, hazırda ödənişin onlardan tələb edildiyini, avtomobilini dəfələrlə rentacarlara icarəyə verdiyini, bir müddət "xxxx" MMC, sonra isə "xxxx" MMC-yə verdiyini, icarəyə verdiyinə görə təxminən 60, 70 manat ödənildiyini bildirmiş və sonda iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan baxılmasını xahiş etmiş, digər proses iştirakçıları isə gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. 5.Məhkəmə mülki işə proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan “Elektron notariat” X1 edilən çıxarışlardan görünür ki, etibar edən (mülkiyyətçi) Cavabdeh2 tərəfindən “Kia Cerato minik” markalı, 99LV104 qeydiyyat nişanlı avtomobil "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə istifadəyə verilmişdir. 8.Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən Cavabdeh1 ünvanlanan 13 mart 2020-ci il tarixli məktubdan görünür ki, “Kia Cerato minik” markalı, 99LV104 qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. Ödənilmiş əvəz miqdarında cəmi 1500 manat zərər məbləğini məktub aldıqdan sonra 7 təqvim günü ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı, sığorta ödənişindən əlavə, məhkəmə xərclərinin də tutulacağı bildirilmişdir. 9.Mülki işin materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan “Kia Cerato minik” markalı, 99LV104 qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. 10.Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən verilən PXA56702 nömrəli sığorta aktından görünür ki, xx.xx.2019-cu il tarixdə, saat 09:00-da baş vermiş hadisə nəticəsində sığortalanmış “Kia Cerato minik” markalı, 99LV104 qeydiyyat nişanlı avtomobil “İsuzu NP37” markalı, 90OJ542 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, 1500 manat məbləğində sığorta ödənişi ödənilmişdir. 11.Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən “İsuzu NP37” markalı, 90OJ542 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1500 manat müəyyən edilmişdir. 12.Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd olunmuş, toplanmış material üzrə Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Suraxanı RPİ-nin DYPŞ-yə göndərilmişdir. 13.Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli, **********40 nömrəli elektron mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 14.Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" ASC-də icbari sığorta növü üzrə sığortalanan, Cavabdeh2 mülkiyyətində olan və hadisə zamanı Cavabdeh1 tərəfindən idarə edilən “Kia Cerato” markalı, 99LV104 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “İsuzu NP37” markalı, 90OJ542 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuş, nəticədə sonuncu avtomobilə ziyan dəymiş və baş vermiş hadisə Cavabdeh1 təqsiri ucbatından baş verdiyindən "xxxx" ASC tərəfindən “İsuzu NP37” markalı, 90OJ542 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinə dəymiş ziyanın əvəzi olaraq 1.500 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hazırda isə "xxxx" ASC sığorta ödənişi kimi ödədiyi 1.500 manat məbləğində pulun subroqasiya qaydasında cavabdehlərdən tutulmasını tələb edir, yəni iddia subroqasiya tələbi ilə bağlıdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərinəvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 16.“İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; 53.1-ci maddəsinə görə mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar; 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. 17.Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 18.Hazırki iş üzrə iş materialları ilə müəyyən olunur ki, baş vermiş sığorta hadisəsi ilə əlaqədar iddiaçı tərəfindən sığorta ödənişi kimi zərərçəkmiş şəxsə 1.500 manat məbləğində ödəniş həyata keçirilmişdir. Belə olan halda Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində baş vermiş sığorta hadisəsinə görə faydalanan şəxsə sığorta ödənişi edən iddiaçı, ödədiyi sığorta ödənişi məbləğini ona dəymiş zərərə görə məsuliyyət daşıyan cavabdehlərdən subroqasiya qaydasında tələb etmək hüququ eldə etmişdir. 19.Məhkəmə iddia tələbini Cavabdeh2 münasibətdə əsaslı hesab etmir. Belə ki, iş materialları və həmin cavabdehin izahatı ilə müəyyən olunur ki, sığorta hadisəsi baş verən zaman 99LV104 dövlət qeydiyyat nişanlı, Kia Cerato markalı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 olsa da, o, avtomobili etibarnamə əsasında "xxxx" MMC-yə icarəyə vermiş və hadisə baş verən zaman avtomobili idarə edən şəxs isə digər Cavabdeh1 olmuşdur. Hadisənin baş verməsində və vurulan ziyanın məbləğində mülkiyyətçinin təqsirli və ya təqsirsiz hərəkətlərinin olması iş materialları ilə öz təsdiqini tapmır. 20.Yuxarıda qeyd edilmiş qanunvericilik normalarından göründüyü kimi sığortaçının subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Bununla belə nəzərə alınmalıdır ki, istənilən növ mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə zərərvuranın hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və zərərvuranın təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. 21.Məhkəmə qeyd edir ki, Cavabdeh1 törətdiyi inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edildiyindən və bu qərarı mübahisələndirmədiyindən (bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən) məhkəmə yol-nəqliyyat hadisənin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi və onun təqsiri ucbatından iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilə zərər dəymiş olması nəticəsinə gəlir. 22.Məhkəmə hesab edir ki, Cavabdeh1 baş vermiş hadisə ilə əlaqədar təqsirliliyi barəsində tərtib olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla və işdə olan digər sübutlarla təsdiq edilmişdir. Bununla da iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilir. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. 23.Məhkəmə istinad olunan hüquq normalarını hazırki iddia ərizəsinə tətbiq edərək belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil Cavabdeh1 tərəfindən idarə edildiyindən, onun yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli olması sübuta yetirildiyindən, həmin mənbənin vurduğu zərərə görə Cavabdeh1 məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1.500 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia tələbi digər Cavabdeh2 münasibətdə təmin edilməməlidir. 24.Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edildiyindən hazırki iddia tələbinin qaldırılması üçün ödənilən 35 manat məbləğində dövlət rüsumu da ondan iddiaçının xeyrinə tutulmalıdır. 25.Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1.500 (min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi digər Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2700/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2700/2025
12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver