Məhkəmə qərarları › İş №e-2(006)-2713/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2713/2023

24.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2713/2023 24.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ona dəymiş 5.000 manat maddi, 10.000 manat mənəvi olmaqla, cəmi 15.000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 23 may 1995-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əsgəri X1 odlu silahdan açılmış atəşlər nəticəsində qəsdən öldürülməsi və ona təhkim olunmuş «AK74» markalı, 782249 nömrəli avtomat silahın oğurlanması halları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə 06 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş və Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə, yəni 6 noyabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. 13 iyul 2022-ci il tarixdə iş üzrə ibtidai istintaq müddəti Azərbaycan Respublikası Baş prokuroru tərəfindən 6 ay olmaqla 14 yanvar 2023-cü il tarixədək uzadılmışdır. Verilmiş ittihama görə İddiaçı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 3-cü bölüyünün Ağstafa rayonunun Yaradullu kəndinin yaxınlığındakı «Ballı Qaya» adlandırılan ərazidə yerləşən 8-ci döyüş mövqeyində pulemyotçu vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 19 may 1995-ci il tarixdə saat 14:20 radələrində xidmət etdiyi döyüş mövqeyinin sığınacağında həmin mövqeyin böyüyü olmuş 3-cü bölüyün 3-cü tağımın komandir müavini, kiçik çavuş X7 ilə sonuncunun tabeliyində olan həmin bölüyün pulemyotçusu, əsgər X2 arasında evinə getməsinə icazə vermədiyi səbəbindən mübahisə yaranmış və mübahisə zamanı əsgər Pərviz İsgəndərov kiçik çavuş Salman Məhəmmədovun ünvanına nalayiq ifadələr işlədərək özünə təhkim olunmuş «AK74» markalı, 782249 №-li avtomat silahını götürüb bölük komandirinə şikayət etmək məqsədi ilə bölüyün dayaq məntəqəsinə doğru getmişdir. Bunu görən əsgər İddiaçı fiziki cəhətdən ondan güclü olan və şəxsi heyət arasında müəyyən nüfuza malik əsgər Pərviz İsgəndərovun əvvəllər mütəmadi olaraq şəxsi heyətin yanında onu müxtəlif səbəblərdən ələ salıb məsxərəyə qoymaqla şərəf və ləyaqətini alçaltdığına görə sonuncudan qisas almaq qərına gəlib, bu məqsədlə, eləcə də kiçik çavuş Salman Məhəmmədovun döyüş mövqeyinin digər əsgərlərini qanunsuz olaraq evlərinə buraxması və digər qanunsuz əməllərini gizlətmək məqsədilə sonuncu, eləcə də hazırda istintaqa məlum olmayan səbəbdən əsgər Pərviz İsgəndərovla şəxsi ədavəti olan 3-cü bölüyün 7-ci döyüş mövqeyinin əsgəri X12 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əsgər Pərviz İsgəndərovu öldürmək barədə razılığa gəlmişdir. Daha sonra əsgər İddiaçı qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi kiçik çavuş Salman Məhəmmədovla və əsgər Həmid İsaxanovla birlikdə öz aralarındakı cinayətkar sövdələşməyə uyğun hərəkət edərək, onlar bölüyün dayaq məntəqəsinə doğru hərəkət edən əsgər Pərviz İsgəndərovu 8-ci postdan bölüyün dayaq məntəqəsinə gedən torpaq yolun kənarında yerləşən dərədə səsləyərək dayandırmış və orada aralarında yaranmış sözlü mübahisə zamanı əsgər Həmid İsaxanov həmin vaxt üzərində olan, özünə təhkim olunmuş, bölüyə məxsus «AK» markalı, 5,45 mm çaplı, 782091 №-li avtomat silahdan avtomatik atəş rejimində əsgər Pərviz İsgəndərovun baş nahiyəsinə üç atəş açaraq sonuncuya «Sağ gicgah nahiyəsində 0,5x0,5 və 0,6x0,6 sm ölçülü, bir birindən 3 sm aralı, sağ qulaq seyvanının arxa səthində qulaq əsasından 2 sm arxada, 0,5x0,5 sm ölçüdə dalğavari formada, kənarları nahamar olan giriş dəlikləri və sol təpə gicgah nahiyəsindən başlayaraq sol qulaq seyvanının ön səthinə qədər uzanan, 12x6 sm ölçüdə, kənarları qırıntılı-çıxıntılı, cırılmış-dağılmış toxuma defekti olan çıxış dəliyi» xəsarətlərini yetirərək onu qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Bundan sonra əsgər İddiaçı qabaqcadan aralarında gəldikləri cinayətkar razılaşmaya uyğun hərəkət edib birlikdə törətdikləri cinayəti ört-basdır etmək və cinayətin izlərini itirmək məqsədi ilə, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi kiçik çavuş Salman Məmmədov və əsgər Həmid İsaxanovla birlikdə əsgər Pərviz İsgəndərovun meyitini hadisə yerindən təxminən 20-30 metr məsafəyə sürüyüb yaxınlıqdakı çökək sahəyə atmış və üzərinə çox sayda ağac budaqlarını qırıb tökərək meyiti orada gizlətmiş, sonuncuya təhkim olunmuş avtomat silahı götürüb özlərində saxlamışlar. Meyitin sürünərək gizlədilməsi prosesində əsgər Həmid İsaxanov ayaqlarındakı corabları əsgər Pərviz İsgəndərovun qanına bulaşdığından, corablarını ayağından çıxararaq oradakı kolluq sahədə gizlətmiş, əsgər İddiaçı isə meyiti gizlətdikdən sonra onları orada qoyub özü tək minatan batareyanın qarşısına gedərək, oradakı su hövzəsində şalvarının qana bulaşmış dizdən aşağı hissələrini və corablarını yumuş, daha sonra döyüş mövqeyinə qayıtmış və onu orada bu vəziyyətdə görmüş əsgərlər X8 ilə X3 minaatan batareyasının qarşısında itlərin ona hücum etdiklərini və onlardan qaçarkən yıxıldığını bildirmişdir. Daha sonra əsgər İddiaçı, kiçik çavuş Salman Məhəmmədov və əsgər Həmid İsaxanovla birlikdə törətdiyi cinayətə görə məsuliyyətdən yayınıb öz xeyrinə dəlillər toplamaq məqsədi ilə 20 may 1995-ci il tarixdə saat 06 radələrində özünə təhkim olunmuş «AK-74» markalı, 5,45 mm çaplı, 783702 №-li avtomat silahını yaxın münasibətdə olduğu minaatan batareyasının əsgəri Hüseyn Musa oğluna verərək yaşadığı evinə getmiş və 21 may 1995-ci il tarixdə hadisə zamanı əynində olmuş paltarlarını gətirmədən mülki geyimdə yerinə qayıtmış, növbəti gün isə, yəni 23 may 1995-ci il tarixdə səhər saatlarında xidmət yerini özbaşına tərk edib gələcəkdə cinayət məsuliyyətindən boyun qaçırmaq niyyəti ilə guya əsgər Pərviz İsgəndərovun digər şəxslər tərəfindən öldürülməsinin şahidi olması barədə məktub yazıb hərbi hissə komandanlığına çatdırılması üçün ailə üzvlərinə təqdim etdikdən sonra elə həmin gün dövlət sərhədini özünə dair sənədlər əsasında keçib ölkəni tərk edərək Rusiya Federasiyasına qaçmış, xidmət yerini özbaşına tərk etdiyi güman edilən əsgər Pərviz İsgəndərovun meyiti isə hərbi qulluqçular tərəfindən 23 may 1995-ci rixdə saat 17-18 radələrində gizlədildiyi yerdən çürümə prosesinə məruz qalmaqla kəskin qoxunun yayılması hesabına aşkar edilmişdir. 31 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddətinin 3 ay həddində uzadılması ilə bağlı Azərbaycan Respublikası Hərbi prokurorunun müavini Şəfahət İmranov Bakı hərbi məhkəməsinə təqdimatla müraciət etmiş və Bakı Hərbi Məhkəməsinin 4-1(093)-181/2022 saylı qərarı ilə təqdimat təmin edilmişdir. Qeyd olunan qərardan iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 4-(03)-38/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə təqsirləndirilən İddiaçı barəsində həbsdə saxlanılma müddətinin uzadılmasına dair Bakı Hərbi Məhkəməsinin 4-1(093)-181/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və İddiaçı dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. 18 noyabr 2022-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra 27 dekabr 2022-ci il tarixdə iş üzrə təqsirsirləndirilən şəxs İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun səhvi ucbatından İddiaçı 4 ay 8 gün qanunsuz olaraq azadlıqdan məhrum edilmiş və 1 ay 13 gün polisin nəzarəti altında olmuşdur. İddiaçı 4 ay 8 gün müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Eyni zamanda qeyd edilmişdir ki, İddiaçı usta fəaliyyəti ilə məşğuldur və həbsdə olduğu müddət ərzində qazanc əldə edə bilməmiş, maddi ziyan çəkmişdir. Hazırki cinayət işi üzrə Gəncə Hərbi Məhkəməsində yekun məhkəmə aktı qəbul edilməmişdir. Gəncə Hərbi Məhkəməsində aparılan cinayət işi üzrə iddiaçı şahid qismində çıxış edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Aynur Abbasova məhkəməyə iddiaya etiraz göndərərək göstərmişdir ki, İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi zərərə görə 15.000 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu prosesə cavabdeh kimi cəlb edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, həmin iddia tələbi rədd edilməlidir. İddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı əmək fəaliyyəti ilə məşğul olduğunu qeyd etmiş, lakin aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə 5.000 manat kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materillarına əlavə edilməmişdir. Bundan əlavə, iddiaçı mənəvi ziyana görə də 10.000 manat kompensasiya ödənilməsini tələb etmişdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edirlər ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə»nin 8.7-ci bəndinə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda «Dövlət büdcəsi» ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini də nəzərə almalıdır. Belə ki, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də, iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan(və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 4-1(103)-38/2022 saylı qərarına əsasən təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi, Bakı şəhəri AİM Vəkil Bürosunun vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində həbsdə saxlanılma müddətinin uzadılmasına dair Bakı Hərbi Məhkəməsinin 4-1(093)-181/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qərarı təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayətə əsasən ləğv edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində həbsdə saxlanılma müddətinin uzadılmasına dair Azərbaycan Respublikası Hərbi Prokurorluğunun istintaq idarəsinin böyük müstəntiqi X4 vəsatəti və bununla əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası hərbi prokurorunun müavini Şəfahət İmranovun təqdimatı təmin edilməmiş, İddiaçı dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əsgəri mərhum X1 odlu silahdan açılmış atəşlər nəticəsində qəsdən öldürülməsi ilə bağlı cinayət işi 24 may 1995-cı il tarixdə Qazax hərbi prokuroru tərəfindən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə başlanmış, lakin 06 iyul 2022-ci il tarixə kimi qeyd olunan əmələ görə heç kim cinayət məsuliyyətinə cəlb edilməmiş, heç kimə ittiham elan edilməmiş və heç kim bununla bağlı axtarışda olmamışdır. Qeyd olunan əmələ görə İddiaçı yalnız 06 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə, təqsirsizlik prezumpsiyasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə əsaslanıb təqsirləndirilən şəxsin həbsdə saxlanılması üçün prosessual-hüquqi əsasların olmamasını, onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək, cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prossesində iştirak edən şəxslərə qanunsuz təsir göstərmək, istintaq orqanının çağırışlarına gəlməmək və ibtidai istintaqın normal gedişinə mane olmaq ehtimallarının real olmamasını, eləcə də təqsirləndirilən şəxsin daimi yaşayış yerinin olduğunu nəzərə alaraq, cinayət işinin hazırki mərhələsində təqsiləndirilən şəxs İddiaçı cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ittiham aktından (ittiham aktı səh. 7, mülki iş - səh. 65) görünür ki, xx.xx.2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs İddiaçı barəsində AR CM-nin 120.2.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata AR CPMnin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. İş materiallarına əlavə olunmuş 10 yanvar 2023-cü il tarixdə təsdiq edilmiş, 19/4900 saylı cinayət işi üzrə ittiham aktından görünür ki, X10 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 94-cü maddəsinin 2-ci bəndi və 220-ci maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülmüşdür. İttiham aktından göründüyü kimi, hazırki iş üzrə iddiaçı həmin cinayət işi üzrə şahid qismində cəlb edilmişdir. Yuxarıda sadalanan iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində (4 ay 8 gün həbsdə, 1 ay 13 gün polisin nəzarəti altında) əsassız yerə həbsdə saxlanılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 4.900 (dörd min doqquz yüz) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X5rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 4.900 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 4.900 (dörd min doqquz yüz) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 4.900 (dörd min doqquz yüz) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar