Məhkəmə qərarları › İş №e-2(006)-2716/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2716/2023

20.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2716/2023 20.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-170/2021 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 263-1.3-cü maddəsi ilə 3 (üç) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsi ilə 1 (bir) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzanı əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə tam toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə İddiaçı qəti olaraq 4 (dörd) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcının 06 noyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-25/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264- cü maddələri ilə məhkum edilməsinə dair 10 fevral 2021-ci il tarixli, 1(101)-170/2021 saylı hökmü ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən İddiaçı təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə bəraət verilmişdir. İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Həmin hökmündən Dövlət ittihamının müdafiəsi üzrə idarənin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Zəfər Ramazanov tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1(102)-1880/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmişdir. Belə ki, kassasiya protesti təəssüf ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bir çox hissələrdə eynilik təşkil etməklə, eləcə də Bakı Apellyasiya Məhkəməsində dəfələrlə araşdırılmış, hüquqi qiymət verildiyi və dövlət ittihamını müdafiə edən prokurorun da işin yekunlaşmasına dair etiraz etmədiyi halda tamamilə əksini qeyd etməklə əsaslandırılmışdır. Halbuki, kassasiya protestində göstərilən bütün hallar Bakı Apellyasiya Məhkəməsində hərtərəfli araşdırılmış, protestdə göstərilən sürücü X1, Ələkbər adlı şəxsin və Xəyalə adlı şahidin azyaşlı övladının dindirilməməsi məhz dövlət ittihamçısının iş üzrə araşdırmanın kifayət etməsi və əlavə sübutlara ehtiyac olmaması ilə razılaşmasından sonra həyata keçirilməmişdir. Belə ki, dövlət ittihamçısı sürücünün birinci instansiya məhkəməsinə və ibtidai istintaq verdiyi ifadələrinin kifayət etməsini, Ələkbər adlı şəxsin valideynlərinə məhkəmə iclasında zəng edilməsi və onların verdikləri məlumatların, Xəyalənin uşağının azyaşlı olması səbəbindən məhkəmədə şahid qismində dindirilməsinin mümkün olmamasını qeyd etdiyindən iş üzrə toplanılacaq başqa sübut qalmamışdır. Eləcə də tərəfindən verilmiş apellyasiya şikayətində vurğulanmış hadisənin birbaşa şahidləri olan polis əməkdaşlarının məhkəmədə dindirilməsi məsələsi müzakirə edilərkən dövlət ittihamçısı buna etirazını bildirmiş, üzərindən 2 ildən çox vaxt keçməsi və həmin şəxslərin iş üzrə hər hansı mötəbər ifadə verməsinə şübhə ilə yanaşdığını bildirsə də, kassasiya protestində həmin əsasları da qeyd etmişdir. Kassasiya protestində Qoşqarın birinci və apellyasiya instansiyasında fərqli ifadə verməsi və məhkəmə tərəfindən Qoşqarın buna görə cəzalandırılmadığı qeyd edilmişdir. Halbuki hər iki məhkəmədə hakim Qoşqara istintaqda fərqli ifadə verdiyini bildirdikdə o qeyd etmişdir ki, indi sizə hansı formada danışmışamsa orada da onu demişəm. Məhkəmədə sübut olundu ki, Qoşqar yalnız imza etmişəm dedikdə haqlı idi. Belə ki, ibtidai istintaq zamanı ifadələrin müstəntiq tərəfindən yazılması və hər kəsə eyni ifadəyə imza etdirməsi, cümlə quruluşlarından eləcə də texniki səhvlərdən belə məlum olurdu ki, bütün ifadələr eyni şəxs tərəfindən yazılmış, diqtə edilmiş, şəxsə görə dəyişdirilmişdir. Hətta birinci instansiya məhkəməsində belə guya şahidlərin verdikləri ifadə texniki səhvlərlə birlikdə hökmə köçürülməsindən məlum olurdu ki, şahidlər öz sözlərindən istifadə etməmişdilər. Yalnız hazır ifadələrə imza etdirilmişdilər. Ümumilikdə göründüyü kimi iş Bakı Apellyasiya Məhkəməsində bir ildən çox davam etmiş və kifayət qədər araşdırılmış, müzakirə edilmiş, nəticədə yekun qərar qəbul edilmişdir. Kassasiya protestinin əsasları məhkəmədə yanlış təəssürat formalaşmağa yönəlmiş, sanki əsl həqiqətin üzə çıxmasında nə məhkəmə, nə müdafiə tərəfi maraqlı olmamış, dövlət ittihamını müdafiə edən tərəf olaraq kassasiya protesti maraqlı olmuşdur. Halbuki, bütün məhkəmə iclaslarında təkid edilən yeganə xahiş o idi ki, əsl həqiqəti üzə çıxaraq. Hadisəni həqiqətən də törətmiş olan şəxs müəyyən edilməli idi. Bütün sübutlar, bütün şahid ifadələri onu deməyə əsas verirdi ki, hadisə İddiaçı tərəfindən törədilməmişdir. Kassasiya protestində şahid və təqsirləndirilən şəxslərin, eləcə də ölmüş zərərçəkmiş şəxsin istifadəsində olan mobil telefonların anten dairəsinə aid məlumatlar təhrif edilmişdir. Belə ki, protestdə göstərilir ki, şahidlərin deməsinə görə hadisə baş verən yerlə iş yeri arasındakı məsafə maşınla 5-10 dəqiqə təşkil edir. Buna görə eyni əhatə dairəsində göstərə bilərdi. Halbuki şahidlər 5-10 dəqiqə deyil, maşınla 20-25 dəqiqəlik məsafə yerləşdiyini, cəlb edilmiş mütəxəssislər də həmin ərazilərin bir-birindən fərqli ərazilər olduğunu, Qoşqarla Nurlanın eyni əhatə dairəsində, Xəyalə, Səyyad, ölmüş zərərçəkən şəxs və Samirənin eyni əhatə dairəsində olduğunu bildirdilər. Beləliklə tam olaraq müəyyən edildi ki, İddiaçı əleyhinə heç bir mötəbər sübut olmadan, qanunsuz olaraq həbs edilərək, Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. O səmimi olaraq ifadəsində göstərmişdir ki, tutularkən verdiyi ifadəsini əmisinə kömək etmək məqsədilə vermiş, lakin sonradan əməlindən peşiman olaraq həqiqəti ifadə etmişdir. Hər iki məhkəmə araşdırması zamanı da məlum oldu ki, İddiaçı hadisə baş verən gün səhər saatlarında yaşadığı Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsindən ictimai nəqliyyat vasitələrindən istifadə etməklə çıxmış və Səyyad adlı əmisi ilə birgə işlədiyi Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi adlanan ərazidə yerləşən, tikinti aparılan əraziyə gəlmiş, orada 18-20 kv.m sahədə suvaq vurmuşdur. Eyni zamanda müəyyən olundu ki, həmin vaxt əmisi iş yerində olmamışdır. İş icraçısı Qoşqardan nahar etmək üçün pul istəsə də, o pulu əmisinə verdiyini deyərək, Nurlana pul verməmişdir. O da üzərindəki pulla həmin əraziyə yaxınlıqdan yerləşən “Naxçıvan” adlı marketdən nahar üçün bəzi ərzaqlar almış, əmisinə zəng vurmaq üçün təkrar öz telefonundan istifadə etmək istəsə də, telefonun balansının bitdiyi üçün zəngi yarımçıq qalmış, buna görə də onlarla birgə işləyən, əmisi Səyyadın qaynı olan Arif adlı şəxsdən əmisinə zəng etməyi xahiş etmişdir. Arif Səyyada zəng edərkən, Səyyad maşınla yaxınlıqda adam vurmasını, buna görə də gələ bilməyəcəyini söyləmiş, onlardan kömək istəmişdir. İddiaçı yenidən onların üzərində rəhbərliyi həyata keçirən Qoşqar adlı şəxsə yaxınlaşmış, onu təcili əmisinin yanına aparmasını xahiş etmişdir. Qoşqarın telefonu ilə yenidən əmisinə zəng etmişlər. Qoşqar əmisinə “get, təslim ol, qaçmaq olmaz” demişdir. Həmin müddət ərzində də əmisinin tanışı və əmisi ilə bir yerdə olan Xəyalə adlı qadın öz istifadəsində olan telefon vasitəsi ilə ona zəng edərək, ondan kömək istəmiş, polislər gəlmədən gəlib hadisəni öz boynuna götürməyi, əminin isə özünə məxsus olan evi, maşını satıb onu üç – beş gün içərisində həbsdən çıxaracağına inandırmışdır. O isə əmisinin körpə uşaqlarının olmasını, eyni zamanda bundan əvvəlki nikahından olan bir qız övladının olmasını (hansı ki, həmin qız bir dəfə gecə vaxtı əmisinin İİ arvadı tərəfindən evə buraxılmadığını, atasının da evdə olmadığını, qaranlıqda küçədə qaldığını demişdir. Nurlan əmisinə zəng edib hadisəni danışdıqdan sonra əmisi evə gəlib, qızı evə buraxmışdır) əmisi tutularsa ona kömək edən şəxsin ola bilməyəcəyini və s. məsələləri fikirləşdiyindən Qoşqarın maşını ilə əminin təsvir elədiyi hadisə yerinə (sarı rəngli məktəb binasından bir az qabağa, buruqların yanına) getmişdilər. Lakin əmisi ilə Xəyalə orada olmamış, ondan Xəyaləgilin həyətinə gəlməsini istəmişdilər. Xəyaləgilin həyətində hadisə nəticəsində qadının öldüyünü bilmişdir. Lakin əmisi onu əmin etmişdir ki, ölən şəxs yaşlı qadındır, zərərçəkmişlərlə barışıb, onu qısa müddət ərzində həbsdən azad edəcək. Buna görə də o hadisə yerinə gələn polislərə hadisənin onun tərəfindən törədildiyini bildirmişdir. Əmi onu müdafiə etmək üçün iki nəfər vəkillə müqavilə bağlamış, lakin vəkillərdən biri hadisənin real hissəsini bildikdə Nurlandan onun xidmətindən imtina etməsini tələb etmişdir. İstintaqı aparan orqana əvvəlcə hadisəni olduğu kimi lakin əmisinin yerində özünün olduğunu qeyd etməklə ifadə vermiş, lakin bir neçə gün sonra müstəntiqin və əmisinin təkidi ilə Xəyalə və Samirənin adlarını ifadəsindən çıxarmış, özünün tək olması barədə ifadə vermişdir. Həmin müddət ərzində Nurlanın bütün xərclərini, ehtiyaclarını əmisi qarşılamışdır. Lakin vaxt uzandıqdan sonra Nurlan əmisinin onu azad edə bilməyəcəyindən narahat olmuş, eləcə də valideynlərinin və yaxınlarının təkidi ilə həqiqəti istintaqı aparan orqana deyəcəyini əmisinə bildirmişdir. Əmisi isə onu və eləcə də şahidlərin istintaqa yalan məlumat verdiklərinə görə onsuz da tutacaqlarını bildirmiş və belə davam etməsini tapşırmışdı. Lakin ailəsinin müdaxiləsindən sonra Nurlan peşiman olaraq, həqiqəti istintaqı aparan orqana demişdir. Təəssüf ki, istintaqı aparan orqan İddiaçı əməlinə düzgün hüquqi qiymət verməmiş, hadisə ilə heç bir əlaqəsi olmadığı halda onu təqsirli bilməkdə davam etmiş, həqiqətin ortaya çıxmasına əngəl ola biləcək hərəkətlər həyata keçirmişdir. Belə ki, hadisə yerində və ya ona yaxın olan ərazilərdən keçən avtomobilin kim tərəfindən idarə edilməsini müəyyən etmək üçün kamera görüntüləri əldə edilməmiş, hadisə baş verən anda hadisə yerində olmuş birbaşa hal şahidlərini müəyyən edərək ifadələri alınmamış, əlbarmaq izlərinin götürülməsi üçün ekspertiza keçirilməmiş, ölmüş zərərçəkmiş şəxsin istifadəsində olan telefonun anten dairəsi götürülməmiş, təqsirləndirilən şəxsin avtomobil idarə etmə qabiliyyətinin olub-olmaması ilə bağlı sınaq təşkil edilməmiş, dəfələrlə tələb etmiş olsa da, Səyyad ilə Nurlan arasında olan telefon danışıqlarının audio yazısının əldə edilməsini həyata keçirmək üçün məhkəməyə müraciət edilməmişdir. İddiaçı bugünə kimi heç vaxt nəqliyyat vasitəsi idarə etməmiş, onun şəxsi mülkiyyətində və ya etibarnamə əsasında avtomobili olmamışdır. Onun belə bir bacarığı yoxdur. Birinci instansiya məhkəmə araşdırması zamanı da sanki təqsirləndirilən şəxsin günahsızlığını sübut etməyə bilərəkdən maneələr yaradılaraq həqiqətin ortaya çıxması üçün mühüm əhəmiyyət kəsb edən hərəkətlər həyata keçirilməmişdir. Belə ki, məhkəməyə təqdim etdiyi yazılı vəsatətlərinə münasibət bildirilməmişdir. Düzdür, həmin vəsatətlərin bir qismi məhkəmə araşdırması zamanı həyata keçirilsə də, məhkəmə hadisə yerində və ya ona yaxın olan ərazilərdən keçən hadisə törədilən avtomobilin kim tərəfindən idarə edilməsini müəyyən etmək üçün kamera görüntülərinin əldə edilməsini, hadisə baş verən anda hadisə yerində olmuş birbaşa hal şahidlərini müəyyən edərək ifadələrinin alınmasını, təqsirləndirilən şəxslə üzləşdirilməsini və tanıtma keçirilməsini, təqsirləndirilən şəxsin avtomobil idarə etmə qabiliyyətinin olub-olmaması ilə bağlı sınağın təşkil edilməsini, əlbarmaq izlərinin götürülməsi üçün hadisə törədilən avtomobilin ekspertizasının keçirilməsini, avtobus sürücüsünün təqsirliliyinin müəyyən edilməsini və ən mühüm olanı- Səyyad ilə Nurlan arasında olan telefon danışıqlarının həm istifadələrində olan mobil telefon, həm də Bakı İstintaq Təcridxanasının telefon vasitələrindən olan audio yazısının əldə edilməsini həyata keçirməmişdir. xx.xx.2020-ci il tarixdə baş tutan məhkəmə iclasında avtobus sürücüsünün və təqsirləndirilən şəxsin verdiyi ifadəyə görə hadisə yerində olmuş yetkinlik yaşına çatmayan Ələkbər (Mıkıl ləqəbli) adlı şəxsin, həmçinin özünü hüquqşünas kimi təqdim edən, qohumlara, vəkilə təzyiq etməyə çalışan Elxan Hüseynov adlı şəxsin ( telefon **********) məhkəməyə dəvət edilməsi (anasının telefon nömrəsi təqdim edilmişdir) ilə bağlı vəsatət əvvəlcə təmin edilsə də, sonradan təmin edilmədiyi elan olunmuşdur. Həmçinin, bütün məhkəmə iclaslarının audio-video yazısının aparılmasını dəfələrlə tələb etsə də, təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsində isə avtobus sürücüsünün barəsində məcburi gətirilmə barədə qərardad qəbul edilmiş, lakin sürücünün məhkəməyə gəlməsinə Səyyad tərəfindən təzyiqlər göstərilmişdir. İttihamı müdafiə edən prokuror və müdafiəçi olaraq iddiaçı sürücünün birinci instansiya və ibtidai istintaqa verdiyi ifadələrini əsas kimi götürülməsinə etiraz etmədiyindən araşdırma yekunlaşmışdır. Apellyasiya instansiyası zamanı müəyyən edildi ki, İddiaçı təqsiri sübuta yetirilməmişdir. Bütün bu səbəblərə görə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun haqqında heç bir hüquqi əsas olmadan, tam qanunsuz, qəsdən saxtalaşdırılmış sübutlar əsasında cinayət işinin başlanılması, onun günahsız həbsə alınması, heç bir günahı olmadığı halda qanunsuz həbsdə saxlanılması, barəsində heç bir qanuni əsas olmadan cinayət işinin aparılması, onun tam haqsız cinayət təqibinə məruz qalması, onun hər hansı bir cinayət əməlinin törədilməsində heç bir günahının olmamasına baxmayaraq, qanunsuz olaraq, cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində, ona dəymiş böyük fiziki, maddi və mənəvi ziyanların ümumi məbləği kimi qiymətləndirdiyi-tam qanunsuz cinayət məsuliyyətinə cəlb olunması və heç bir əsas olmadan, 06 Noyabr 2019-cu il tarixdən 25 aprel 2022-ci il tarixə kimi həbsdə saxlanılması nəticəsində dəymiş maddi və mənəvi ziyanlar, məhrum olduğu gəlirləri, həbsdə saxlanıldığı müddətdə çəkilmiş xərcləri, o cümlədən müdafiəçiyə göstərdiyi xidmətlərə görə ödədiyi pul məbləğləri əvəzində 80000 manat, ona dəymiş mənəvi ziyanın məbəği 200000 manat olmaqla, cəmi 280000 manat təşkil edən kompensasiya məbləğinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulub alınaraq, ona ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə 280000 manat məbləği təşkil edən kompensasiya məbləğinin ödənilməsinin vəzifə öhdəliyinin qoyulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O hesab etmişdir ki, ibtidai istintaqı aparan Bakı şəhəri Sabunçu rayon polis idarəsinin, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 06 noyabr 2019-cu il tarixdən 25 aprel 2022-ci il tarixə kimi (cəmi 2 il 5 ay 19 gün) qanunsuz azadlıqdan məhrum olunmuş, bütün ətrafında, yaşayış yerində və dost-tanışlar içərisində cinayətkar şəxs kimi tanınmağa başlamışdır, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisləri onu cinayətkar hesab etmiş, ona durmadan qarğışlar tökmüşdür. Onun haqqında qanunsuz cinayət təqibi aparılması nəticəsində, ona maddi, mənəvi ziyan dəymişdir. Buna görə də, o nəinki maddi, eyni zamanda, qohum, qonşu və ətraf içərisində ona ağır mənəvi zərər vurulmuşdur. Onun qanunsuz olaraq, cinayət məsuliyyətinə cəlb olunması və həbsdə saxlanılması nəticəsində ona ağır mənəvi ziyan dəymiş, sağlamlığını itirmiş, lakin pulsuzluğuna görə müalicə belə ala bilməmişdir. Göstərilənlərə əsasən İddiaçı barəsində heç bir hüquqi əsas olmadan, tam qanunsuz, bilə-bilə saxtalaşdırılmış sübutlar əsasında cinayət işinin başlanılması, heç bir günahı olmadığı halda qanunsuz həbsdə saxlanılması, heç bir sübut olmadan cinayət işinin aparlması, haqsız cinayət təqibinə məruz qalması, hər hansı bir cinayət əməlinin törədilməsində heç bir günahının olmamasına baxmayaraq, qanunsuz olaraq, cinayət məsuliyyətinə cəlb olunması nəticəsində, ona dəymiş fiziki, maddi və mənəvi ziyanların ümumi məbləği kimi qiymətləndirdiyi, onun tam qanunsuz cinayət məsuliyyətinə cəlb olunması və heç bir əsas olmadan, 06 noyabr 2019-cu il tarixdən 25 aprel 2022-ci il tarixə kimi həbsdə saxlanılması nəticəsində dəymiş maddi ziyanlar- məhrum olduğu gəlirlərin, həbsdə saxlanıldığı müddətdə çəkilmiş xərclərin, o cümlədən müdafiəçiyə göstərdiyi xidmətlərin əvəzi olaraq 80.000, dəymiş mənəvi ziyanın əvəzi olaraq 200.000 manat olmaqla cəmi 280.000 Azərbaycan manatı təşkil edən kompensasiya məbləğinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmaqla İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və onun nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 1(101)-170/2021 saylı Hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 263-1.3-cü maddəsi ilə 3 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il 6 ay azadlıqdan məhrumetmə cəzasına, CMnin 264-cü maddəsi ilə 1 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-nin 66.3 və 66.4cü maddələrinə əsasən təyin olunmuş əsas cəzanı əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə tam toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə İddiaçı qəti olaraq 4 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 il 6 ay azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 06 noyabr 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-25/2022 saylı Hökmünə əsasən İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə məhkum edilməsinə dair 10 fevral 2021-ci il tarixli, 1(101)- 170/2021 saylı Hökmünün ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən İddiaçı təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi hökm edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-1880/2022 saylı Qərarına əsasən kassasiya protesti təmin edilməmiş, İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İşin araşdırılmış hallarından müəyyən olundu ki, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 1(101)-170/2021 saylı Hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 263-1.3-cü maddəsi ilə 3 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il 6 ay azadlıqdan məhrumetmə cəzasına, CM-nin 264-cü maddəsi ilə 1 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzanı əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə tam toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 4 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmiş, cəzaçəkmə müddətinin başlanğıcı 06 noyabr 2019-cu il tarixdən hesablanmış, lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-25/2022 saylı Hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2021ci il tarixli, 1(101)-170/2021 saylı Hökmü ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən İddiaçı təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-1880/2022 saylı Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı 06 noyabr 2019-cu il tarixdən 25 aprel 2022-ci il tarixədək (2 (iki) il 5 (beş) ay 19 (on doqquz) gün müddətində) həbsdə qanunsuz olaraq saxlanılmışdır. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının əsassız olaraq cinayət təqibinə məruz qalması və cinayət cəzasına məhkum edilməsi nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 30.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Məhkəmə, iddiaçıya vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı maddi zərər kimi gəlirlərdən məhrum olduğunu, həbsdə saxlanıldığı müddətdə xərc çəkdiyini, müdafiəçiyə göstərdiyi xidmətlərə görə pul vəsaitini ödədiyini əsas gətirərək ona 80.000 (səksən min) manat məbləğində ziyan dəydiyini bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar