Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2733/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Nureddin oğlunun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Nureddin oğlu cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Nureddin oğlu xx.xx.2022-ci il tarixdə tutulmaqla onun barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük idarəsinin İstintaq şöbəsinin rəisi X4 tərəfindən xx.xx.2022-ci il tarixdə ********* saylı cinayət işi başlanılmışdır. Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə başlanılan istintaq sonradan CM-nin 206.3.2 və 234.4.3-cü maddəsinə tövsif edilmişdir. İddiaçı nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən xx.xx.2022-ci tarixli, 4(078)-24/2022 saylı qərar əsasında həbs qətimkan tədbiri seçilmişdir. ********* nömrəli cinayət işinin istintaqı sonradan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük idarəsinin Əməliyyat və İstintaq idarəsinin İstintaq şöbəsinin böyük müstəntiqi gömrük xidməti leytenantı X1 icraatına verilmiş və 14 dekabr 2022-ci il tarixli “Cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” Qərar çıxarılmışdır. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, “Aparılan istintaqla müəyyən edilir və belə nəticəyə gəlinir ki, Türkiyə Respublikası vətəndaşı İddiaçı Nureddin istintaqa Bağır adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı ilə əvvəlcədən razılaşaraq Təbriz şəhərindən 1710 kq olan döşəmənin təmizlənməsi üçün plastik süpürgələr, süpürgələrin sapları və plastik su qabı yükünü Türkiyə Respublikasına aparmaq üçün yola düşmüşdür. İddiaçı Nureddinin xəbəri və məlumatı olmadan istintaqla müəyyən edilməyən şəxslər tərəfindən İranın Təbriz şəhərində döşəmənin təmizlənməsi üçün plastik süpürgələrin sapların içərisinə təmiz çəkisi 67 kq 081,82 qram olan ağ rəngli kristal və toz şəkilli hissəciklərdən ibarət psixotrop maddə-metamfetamin adi gözlə seçilməyəcək dərəcədə xüsusi üsul ilə gizlədilmiş və sapların ağzı xüsusi rezin başlıqlar yerləşdirilməklə örtülmüşdür. Aparılmış istintaq zamanı süpürgə sapları içərisindən aşkar olunmuş metamfetamin psixotrop maddəsinin təqsirləndirilən şəxs İddiaçı Nureddin oğlu tərəfindən əldə edilməsinə sapların içərisində gizlədilməsinə və daşınmasına dair dəlillər əldə olunmamış, qaçaqmalçılıq cinayətinin və narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətin onun tərəfindən törədilməsi öz təsdiqini tapmamışdır”. Nəticə olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük idarəsinin Əməliyyat və İstintaq idarəsinin İstintaq şöbəsinin böyük müstəntiqi gömrük xidməti leytenantı X1 icraatında olan ********* Nömrəli cinayət işinin istintaq materialları ilə bağlı 14 dekabr 2022-ci il tarixli “Cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” Qərarında ********* nömrəli cinayət işi üzrə barəsində cinayət təqibi aparılan Türkiyə Respublikası vətəndaşı İddiaçı Nureddinin əməlində cinayət tərkibi olmadığına görə ona aid hissədə xitam olunması və barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 21 sentyabr 2022-ci tarixli qərarla seçilmiş həbs qətimkan tədbirinin ləğv olunmasına dair qərar verilmiş, şəxs qərar çıxdığı tarixdən iki gün sonra azadlığa buraxılmışdır. İddiaçı Nureddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibi olmadığı və təqsirliliyi sübuta yetirilmədiyi üçün ona 14 dekabr 2022-ci il tarixli “Cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” Qərarla bəraət verilmişdir. İddiaçı Nureddin oğlunun tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı Nureddinə izah edilmişdir. İbtidai istintaq orqanının elan edilmiş əssasız ittihamına və məhkəmənin qanunsuz qərarına əsasən şəxs haqsız olaraq 19 sentyabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək 86 gün müddətində təqsirləndirilən şəxslər üçün müəyyən olunmuş müvəqqəti-saxlama yerində-istintaq təcridxanasında saxlanılmışdır. İlk öncə qeyd edilməlidir ki, İddiaçı Nureddin oğlu özünün və ailəsinin normal həyat tərzi keçirməsi üçün çalışan, heç bir cinayət əməli törətməyən sadə Türkiyə Respublikası vətəndaşıdır. 20 ildən artıqdır ki, sürücülük fəaliyyəti ilə məşğuldur və heç bir zaman həbs olunmamış, barəsində qaçaqmalçılığa, narkotik vasitələrin və ya psixotrop maddələrin istifadəsinə və ya daşınmasına və satışına dair hər hansı iş aparılmamışdır. İddiaçı bütün gömrük işçiləri tərəfindən tanınan, sürücülər arasında kifayət qədər nüfuz sahibi olan bir şəxsdir. Şəxsin əlil atası və xəstəlikdən əziyyət çəkən anası olduğu üçün onların tibbi müayinələrdən keçməsi, dərmanlarının alınması, bir sözlə maddi və mənəvi dəstəyin, qayğının göstərilməsi İddiaçı Nureddin oğlunun öhdəliyində olmuşdur. Eyni zamanda şəxsin qayğısına qalmaq məsuliyyətində olduğu 1-i azyaşlı olmaqla 3 övladı və “irsi asma” xəstəliyindən əziyyət çəkən həyat yoldaşı vardır. Heç şübhəsiz ki, İddiaçı Nureddin oğlunun özü və ailəsi o, həbsdə olduğu müddətdə olduqca çətin həyat tərzi keçirmişdir. İddiaçının özü və ailəsi Türkiyə Respublikasının İğdır şəhərində yaşayır. Həbs olunduğu müddətdə o ailəsindən uzaq qalmış, saxlanc yerində böyük təhqilərə, təzyiqlərə məruz qalmış hətta döyülərək şəxsiyyəti belə alçaldılmışdır. İddiaçı Nureddin oğlu 50 yaşındadır və 20 ildən artıqdır ki, bir məntəqədən digər məntəqəyə malların çatdırılması ilə məşğuldur. Şəxsin istifadəsində olan yük nəqliyyat vasitəsi qanunsuz və əsassız yerə istintaq müddətində saxlanılmış və İddiaçı və yük avtomobilinin sahibinə böyük həcmdə maddi ziyan da dəymişdir. Qeyd edilir ki, iddaçının barəsində həbs qətimkan tədbiri keçirilmiş və idarə etdiyi **-LS-*** DQN-lı “MERCEDES BENZ ACTROS 1844LS” markalı yük nəqliyyat vasitəsinə əl qoyulmuş, 3 ay müddətdə istifadə olunmamışdır. Nəqliyyat vasitəsi uzun müddət istifadədən kənar qaldığı üçün onun təyinatına uyğun istifadə olunması imkanı aradan qalxmış, ondan əldə ediləcək gəlir əldən çıxmış və nəqliyyat vasitəsi müəyyən hissədə yararsız hala düşmüşdür. İddiaçı yalnız 14 dekabr 2022-ci il tarixli “Cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” Qərarla şəxs bəraət aldıqdan sonra yük nəqliyyat vasitəsi müddətdən artıq Azərbaycan Respublikası ərazisində qaldığı üçün 1200 (bir min iki yüz dollar) ABŞ dolları miqdarında vergi ödəməklə yük nəqliyyat vasitəsini ölkədən çıxarmış və sahibinə çatdırmışdır. Həmin yük avtomobili istintaq materiallarında dəqiqliklə göstərilməklə Barış adlı şəxsin mülkiyyətindədir və İddiaçı aylıq məvacib qarşılığında həmin vasitəni istifadə edərək aylıq gəlir əldə etməkdə idi. Hal-hazırda bu məsələ ilə bağlı İddiaçı Barış adlı şəxs qarşısında dəymiş ziyanının ödənilməsi ilə bağlı məsuliyyət daşımaqdadır. Məhkəməyə təqdim edilən bəzi sənədlərlə, adət-ənənələr ilə sübut edilən yük nəqliyyat vasitələrinin sahibkarı ilə sürücü arasında formalaşmış iş adətlərindən və ailəsinin onun üçün sərf etdiyi xərclərindən görünür ki, 3 ay müddətində işsiz qalmış İddiaçı ümumilikdə 32.000 (otuz iki min) ABŞ dolları, 198.000 (yüz doxsan səkkiz min) TL maddi ziyan dəymişdir. Belə ki, şəxsin adətən eyni olan hərəkət marşrutu üzrə istifadəsində olan yük nəqliyyat vasitəsi Türkiyə Respublikasından tək istiqamət üçün 2700 ABŞ dolları gəlir əldə etməklə geri qayıdarkən isə 1200 ABŞ dolları həcmində fayda əldə edilir. Ay ərzində İİR ilə TR arasında minimum 2 dəfə tamamlanmış səfər (2 gediş 2 dönüş) həyata keçirilir. Hər tamamlanmış səfər üçün İddiaçı maaş qismində əldə etdiyi gəlir 600 ABŞ dolları həcmindədir. Eyni zamanda qanunsuz yerə həbs edilmiş İddiaçı istifadəsində olan yük nəqliyyat vasitəsinin də istifadəsi məhdudlaşdırıldığından onun yenidən yararlı hala gətirilməsi üçün İğdıra geri qaytdıqdan sonra 198.000 TL (Tuna Otomotivin təqdimetdiyi qəbz əsasında) həcmində pul sərf etmişdir. Şəxsin bu məbləğdə maddi külfətə qatlanmasının tək səbəbi istintaq orqanlarının qanunsuz hərəkətləri və məhkəmənin qanunsuz qərarı olmuşdur. Ailəsinin hər dəfə İddiaçı yanına gəlib getməsinə, onun sonradan dişlərinin bərpa olunmasına sərf edilmiş 5000 (beş min) ABŞ dollarına yaxın pul məbləği də ona dəymiş maddi zərər olaraq qiymətləndirilir. İddiaçı barəsində əsassız, qanunsuz çıxarılmış həbs qətimkan tədbiri nəticəsində el arasında nüfuzdan düşmüş, hər kəsin gözündə zəhmətkeş olan şəxs artıq bir narkotik taciri kimi hörmətsizləşdirilmişdir. Bütün bunlarla da qalmamış şəxs 3 aya yaxın bir müddətdə təcridxanada saxlandığı müddətdə dəfələrlə vəzifəli şəxslər tərəfindən döyülmüş və təhqir olunmuşdur. Bunun nəticəsində İddiaçı Nureddin oğlunun dişlərində olan böyük problem dərinləşmiş, zədələnmə və infeksiya olmuş, dişləri tamamilə tökülmüşdür. Bütün bunlardan qorxuya düşmüş həmin müddətdə bunları gizlətmişdir. Bu müddətdə nəinki ailəsindən uzaq qalmış eyni zamanda fiziki, mənəvi, psixoloji şiddət də görmüşdür. Yalnız öz ölkəsinə qayıtdıqdan sonra o bununla bağlı tədbir görə bilmişdir, hətta bir müddət psixoloji müalicə almış və müəyyən dərman pereparatları da qəbul etmişdir. Şəxs həbsdə olduğu müddətdə ailəsinin həyatında iştirak edə, onların pis günlərində yanında ola bilməmiş, özü isə ağır iztirablara düçar olmuşdur. Bu müddətdə ailəsinin, ata, anasının ondan başqa qazanc yeri olmamış çox çətin bir dövr keçirmişlər. Bu müddətdə iddiaçının düşdüyü vəziyyətdən səbəb hər kəs onun ailəsindən üz döndərmiş, nəinki iddiaçı həm də onun ailəsi qınaq obyektinə çevrilmişdir. Bu müddətdə onlar maddi cəhətdən olduqca çıxılmaz vəziyyətdə qalmışlar. İddiaçının həyat yoldaşında “irsi asma” xəstəliyi olduğu üçün və bu xəstəliyin onun yaşının çox olmasından irəli gələn ağır fəsadları ola biləcəyi üçün işləmək imkanı olmamışdır. O, övladlarına təkbaşına baxmaq məcburiyyətində qalaraq xeyli miqdarda da borclanmışdır. Təkcə xəstəliyi ilə deyil, eyni zamanda həyat yoldaşının yoxluğundan irəli gələn maddi və mənəvi vəziyyətlə sınanmışdır. Təcridxanada olduğu müddətdə İddiaçı Nureddin oğlu özündən başqa yalnız qalmış ailəsini düşünmüş, mənəvi sarsıntı keçirmişdir. Yəni ibtidai istintaq orqanın elan edilmiş əssasız ittihamı və məhkəmənin qanunsuz qərarı ilə təkcə İddiaçı Nureddin oğlunun özü deyil, eyni zamanda ailəsi də mənəvi istirab, sarsıntı keçirmişdir. İddiaçıya dəymiş mənəvi zərər pulla dəyərləndirə bilməyəcək dərəcədə ağır və sarsıdıcıdır. Bu 3 aya yaxın müddətdə o qanunsuz və əsassız yerə həbs olunmuş, idarə etdiyi nəqliyyat vasitəsi qanunsuz saxlanılmış, əmək münasibətləri korlanmış, nəqliyyat vasitəsinin sahibinə təyinatına uyğun artıq istifadə olunmayacaq dərəcədə yararsız hala düşən tırın müqabilində kompensasiya məsuliyyəti yaranmışdır. Bütün bunlardan əlavə İddiaçı ailəsindən uzaq düşmüş, onların düşdüyü vəziyyətə görə dərin sarsıntı keçirmiş, bütün bu qanunsuz hərəkətlərdən isə özünü günahlandırmışdır. “İrsi asma” xəsliyi olan həyat yoldaşı, 1-i azyaşlı olmaqla 3 övladı, əlil atası və xəstə anası onun himayəsindən məhrum olmuşlar. Heç kəs onların qayğısına qalmamış, heç bir mənəvi dəstək göstərməmiş, əksinə onlara iddiaçı ilə bağlı nüfuzunu alçaldan ifadələr səsləndirilmişdir. İddiaçı artıq ailəsini yanında olmasına baxmayaraq məhz bu 3 aya yaxın müddətdə onun barəsində formalaşmış mənfi fikirlərə, düşüncələrə görə o nüfuzdan salınmış, etibarsız insan statusu qazanmışdır. Artıq iddiaçıyla heç kəs iş görmür, ona heç kəs etibar etmir. İddiaçı barəsində istintaq orqanlarının qanunsuz hərəkətlərinə və məhkəmənin çıxardığı qanunsuz qərarına qədər heç kəsə heç bir borcu olmayan, hər kəsin etibarlı, nüfuzlu, zəhmətkeş bir insan kimi tanıdığı, işləyib ailəsini dolandıran, əlil atasının, xəstə anasının qayığısına qalan, onları tibbi müayinədən keçirən, dərmanlarını alan şəxs onun barəsində çıxarılmış “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulmasına dair” 19 sentyabr 2022-ci il tarixli və “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 20 sentyabr 2022-ci il tarixli qərarla artıq qeyd edilən bu imkanlardan məhrum olmuşdur. Buna nə üzərindəki onun heç bir günahı olmadan formalaşan maddi yük, nə də ki ətrafında olan insanlar icazə verir. Əlavə olaraq artıq sağlamlığında problemlər yaranmağa başlamışdır. Bu isə 3 aya yaxın müddətdə tutulduğu istintaq təcridxanasında olan şəraitdən, onun vəzifəli şəxslər tərəfindən döyülməsindən, şiddət görməsindən və bunun nəticəsində yaranmış ağır və iztirablı həbs həyatından qalma dərin psixoloji sarsıntıdan asılı olaraq baş vermişdir. Əlavə olaraq, şəxsin barəsində bəraət qərarının çıxması onun, ən başdan qanunsuz olaraq saxlanılmasını, azadlığından qanunsuz olaraq məhrum edilməsini və cəmiyyət içərisində olan nüfuzunu həmçinin, sağlamlığını itirməsinə gətirib çıxarmışdır. Hesab edilir ki, mənəvi zərərlə bağlı təzminat, mənəvi və ya fiziki iztirablar kimi qeyri-maddi ziyanın maddi olaraq kompensasiya edilməsi üçün nəzərdə tutulduğundan Avropa İnsan Hüquqları Konvensiyası və onun protokollarında qeyd edilən əsas insan hüquqları və azadlıqlarının pozulması nəzərə alınmaqla tələb edilməlidir. Odur ki, İddiaçı təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərər olaraq 500.000 (beş yüz min) ABŞ dolları həcmində təzminat tələb təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəymişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərə görə 32.000 (otuz iki min) ABŞ dolları, 198.000 (yüz doxsan səkkiz min) TL məbləğində pul və mənəvi zərərin əvəzi olaraq kompensasiya edilməsi üçün 500.000 (beş yüz min) ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş olunmuşdur. Mülki iş üzrə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iddia ərizəsinə etiraz təqdim etmiş və İddiaçı Nureddin oğlunun Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi” iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Həmçinin, Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqa uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Mülki Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin, yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddənin məzmunundan görünür ki, “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyil. Həmçinin, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə bağlı heç bir sübut göstərməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X3 tərəfindən qəbul edilən “cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulmasına dair” 19 sentyabr 2022-ci il tarixli qərarına əsasən, Türkiyə Respublikasının vətandaşı xx.xx.2022-ci il tarixdə verilmiş U26373251 nömrəli xarici pasportun sahibi 07 yanvar 1972-ci il təvəllüdlü İddiaçı Nureddin oğlu Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Mülki işin materiallarında olan Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin İstintaq bölməsinin rəisi, gömrük xidməti kapitanı X4 tərəfindən qəbul edilən “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 sentyabr 2022-ci il tarixli qərarına əsasən, İddiaçı Nureddin oğlu Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Mülki işin materiallarında olan Naxçıvan Baş Gömrük İdarəsi Əməliyyat və İstintaq idarəsinin İstintaq şöbəsinin böyük müstəntiqi, gömrük xidməti leytnantı X2 tərəfindən qəbul edilən “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” 14 dekabr 2022-ci il tarixli qərara əsasən, ********* nömrəli cinayət işi üzrə barəsində cinayət təqibi aparılan Türkiyə Respublikası vətəndaşı İddiaçı Nureddinin əməlində cinayət tərkibi olmadığına görə ona aid hissədə xitam verilmiş, barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 21 sentyabr 2022-ci il tarixli qərarla seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, qərarın surəti təqsirləndirilən şəxs İddiaçı Nurettin oğlunun həbsdən azad edilməsi üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq təcridxanasına göndərilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, aparılan istintaqla müəyyən edilir və belə nəticəyə gəlinir ki, Türkiyə Respublikası vətəndaşı İddiaçı Nurettin istintaqa Bağır adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı ilə əvvəlcədən razılaşaraq Təbriz şəhərindən 1710 kq olan döşəmənin təmizlənməsi üçün plastik süpürgələr, süpürgələrin sapları və plastik su qabı yükünü Türkiyə Respublikasına aparmaq üçün yola düşmüşdür. İddiaçı Nurettindən xəbəri və məlumatı olmadan istintaqla müəyyən edilməyən şəxslər tərəfindən İranın Təbriz şəhərində döşəmənin təmizlənməsi üçün plastik süpürgələrin saplarının içərisinə təmiz çəkisi 67 kq 081,82 qrma olan ağm rəngli kristal və toz şəkilli hissəciklərdən ibarət psixotrop maddə metamfetamin adi gözlə seçilməyəcək dərəcədə xüsusi üsul ilə gizlədilmiş və sapların ağzı xüsusi rezin başlıqlar yerləşdirilməklə örtülmüşdür. Aparılmış istintaq zamanı süpürgə saplarının içərisindən aşkar olunmuş metanfetamin psixotrop maddəsinin təqsirləndirilən şəxs İddiaçı Nurettin oğlu tərəfindən əldə edilməsinə sapların içərisində gizlədilməsinə və daşınmasına dair dəlillər əldə olunmamış, qaçaqmalçılıq cinayətinin və narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətin onun tərəfindən törədilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin təfsirinə əsasən konkret şəxs tərəfindən törədilmiş əməl müəyyən olunsa da, bu əməldə cinayət tərkibinin əlamətlərinin mövcud olması cinayət təqibini istisna edir. Cinayətin subyektinin, subyektiv cəhətinin, obyektinin və obyektiv cəhətinin zəruri əlamətlərindən hər hansı birinin olmaması əməldə cinayət tərkibi olmasını aradan qaldırır. Bu cür hallarda törədilmiş əməl cinayət xarakterli olmadığına görə onu törədən şəxslər barəsində cinayət təqibi başlana bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İşin araşdırılmış hallarından müəyyən olundu ki, iddiaçı Türkiyə Respublikası vətəndaşı İddiaçı Nureddin oğlu Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin külli miqdarda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi cinayət əməlini bilavasitə törətməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğunu, daimi yaşayış yerinin Türkiyə Respublikası ərazisində yerləşdiyini və cinayət prosesini həyata keçirən orqandan qaçıb gizlənə biləcəyi ehtimalını nəzərə alaraq o, 19 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin 14 dekabr 2022-ci il tarixli qərara əsasən, barəsində cinayət təqibi aparılan Türkiyə Respublikası vətəndaşı İddiaçı Nureddin oğlunun əməlində cinayət tərkibi olmadığına görə ona aid hissədə xitam verilmişdir. Göründüyü kimi, İddiaçı Nureddin oğlu 19 sentyabr 2022-ci tarixdən 16 dekabr 2022-ci il tarixədək (86 (səksən altı) gün müddətində) həbsdə qanunsuz olaraq saxlanılmışdır. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkilinin izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının əsassız olaraq cinayət təqibinə məruz qalması və cinayət cəzasına məhkum edilməsi nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda, məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 3.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Məhkəmə, iddiaçıya vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı maddi zərər kimi istifadə etdiyi nəqliyyat vasitəsinin uzun müddət qanunsuz olaraq saxlandığını və bunun nəticəsində ona və avtomobilin sahibinə ziyan dəydiyini, aylıq aldığı məvacibdən məhrum olduğunu, ailəsinin hər dəfə onun yanına gəlib getməsini, onun sonradan dişlərinin bərpa olunmasına görə pul vəsaiti xərclədiyini iddia edərək ona ümumilikdə 32.000 ABŞ dolları və 198.000 Tl məbləğində maddi ziyan vurulduğunu iddia etsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının sübut olaraq məhkəməyə təqdim etdiyi sənədlər məhkəmə tərəfindən mötəbər sübut olaraq qiymətləndirilə bilməz. Belə ki, həmin sənədlər konkret olaraq iddiaçının qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində ona maddi ziyan vurulmasını təsdiq etmir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Nureddin oğlunun iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Məhkəmə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin iddia ərizəsinə etiraz olaraq təqdim etdiyi ərizəsinə münasibətdə qeyd etməyi zəruri sayır ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009-cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də mənəvi zərərin əvəzi оlаn 3.000 mаnаt məbləğində pul məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 3.000 (üç min) manat məbləğində pul alınaraq İddiaçı Nureddin oğluna ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kırni istinad etdiyi halları sübut etrnəlidir; 217.4-cü maddəsinə müvafiq olaraq rnəhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.13-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 3.000 (üç min) manat məbləğində pul alınaraq İddiaçı Nureddin oğluna ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 119.2-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 3.000 (üç min) manat məbləğində pul alınaraq İddiaçı Nureddin oğluna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-2733/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2733/2023
25.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver