Məhkəmə qərarları › İş №e-2(006)-2738/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2738/2022

30.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2738/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin səhv və sui-istifadəsi nəticəsində 18 may 2021-ci il tarixdən 18 avqust 2021-ci il tarixə kimi əsassız olaraq həbsdə saxlandığı üçün 200 manat və 100 manat olmaqla vəkilə ödənilmiş pulun, 3 ay (92 gün) müddətində həbsdə qanunsuz saxlandığı vaxtda ailə üzvlərinin çəkdikləri yemək və ailə üzvlərinin yol xərcləri üçün 4.000 manat pulun, hər ay Dövlət Statistika Komitəsinin də müəyyən etdiyi kimi-təxmini 723 manat orta aylıq əmək haqqının, 3 ay üçün həbsdə saxlandığı müddətdə cəmi 2.169 manat əmək haqqının, cəmi həbsdə saxlandığı müddətdə ümumilikdə 6.469 manat maddi zərər və 50.000 manat mənəvi ziyanın Azərbaycan Respublikası Dövlətindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xüsusi ittihamçı X5 onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-44/2021 №-li, xx.xx.2021-ci il tarixli hökmü ilə (hakim E.Q.Məmmədov), o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib 1.200 (min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən o və xüsusi ittihamçı X2 nümayəndəsi X3 apelyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-324/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə onun tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, xüsusi ittihamçı X2 nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(060)44/2021 saylı hökmü dəyişdirilməklə həmin hökm ilə ona təyin edilmiş 1200 (bir min iki yüz) manat məbləğində cərimə cəzası 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzanın əvvəlinin 18 may 2021-ci il tarixdən hesablanması, barəsində həbs qətimkan tədbirinin seçilməklə onun dərhal məhkəmə iclas zalından həbsə alınması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərarından onun müdafiəçisi Səfərli Günel Adil qızı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1407/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası onun Azərbaycan Respublikası CM-nin 148ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə 18 may 2021-ci il tarixli qərarı ləğv etməklə işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi, kassasiya şikayətinin qismən təmin edilməsi qərara almışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-142/2022 xx.xx.2022-ci il tarixli hökmü xüsusi ittihamçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(060)-44/2021 saylı hökmü ləğv edilmiş, ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilmişdir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək belə nəticəyə gəlmişdir ki, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə verilmiş xüsusi ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə ona istinad edilən ittiham üzrə bəraət verilməlidir. Həmin qərardan da göründüyü kimi, həmçinin qanunvericiliyin tələbinə əsasən də məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 62.1-ci maddəsinə uyğun olaraq barəsində bəraət hökmü çıxarıldığından pozulmuş hesab etdiyi hüquqların bərpası ilə əlaqədar olaraq, həmçinin vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu ona izah edilmədir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-324/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, xüsusi ittihamçı X2 nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(060)44/2021 saylı hökmü dəyişdirilməklə həmin hökm ilə ona təyin edilmiş 1200 (bir min iki yüz) manat məbləğində cərimə cəzası 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 18 may 2021-ci il tarixdən hesablanması, barəsində həbs qətimkan tədbirinin seçilməklə dərhal məhkəmə iclas zalından həbsə alınmağım qərara alınmışdır. Nəticədə o, 18 may 2021-ci il tarixdən 18 avqust 2021-ci il tarixə kimi əsassız olaraq həbsdə saxlanılmış və bununla da ona maddi və mənəvi zərər vurulmuşdur. Belə ki, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmə və həbsdə saxlanılma ilə əlaqədar 200 manat və 100 manat vəkilə ödənilmiş pul, 3 ay (92 gün) müddətində həbsdə qanunsuz saxlanıldığı vaxtda ailə üzvlərinin onun üçün çəkdikləri yemək və yol xərcləri 2000 manat təşkil etmiş, həmin vaxt işləyə biləcəyi halda, evini dolandıra biləcək halda hər ay Dövlət Statistika Komitəsinin də müəyyən etdiyi kimi-təxmini 723 manat orta aylıq əmək haqqı, 3 ay üçün həbsdə saxlandığı müddətdə 2169 (iki min yüz altmış doqquz) manat əmək haqqından məhrum olmuşdur. Bundan başqa, həbsdə saxlanıldığı müddətdə keçirdiyi iztirablar, etmədiyi əmələ görə qanunsuz məsuliyyətə cəlb edilərək öz yoldaşlarının yanında utanmağı, ailə üzvlərini olmayan iztirablara məruz qoymağı, özünü elmə sərf edən, illərlə müxtəlif işlərdə işləyib Vətənə tövhələr vermiş biri olaraq rüsvay olmağı ilə əlaqədar ona 50.000 (əlli min) manat mənəvi ziyan vurulmuşdur. Ona görə də 18 may 2021-ci il tarixdən 18 avqust 2021ci il tarixə kimi əsassız olaraq həbsdə saxlandığı üçün 200 manat və 100 manat olmaqla vəkilə ödənilmiş pulun, 3 ay (92 gün) müddətində həbsdə qanunsuz saxlandığı vaxtda ailə üzvlərinin çəkdikləri yemək və ailə üzvilərinin yol xərcləri üçün 4.000 manat pulun, hər ay Dövlət Statistika Komitəsinin də müəyyən etdiyi kimi-təxmini 723 manat orta aylıq əmək haqqı, 3 ay üçün həbsdə saxlandığı müddətdə 2.169 (iki min yüz altmış doqquz) manat əmək haqqının, cəmi həbsdə saxlandığı müddətdə 4.000 manat, ümumilikdə 6.469 manat maddi zərər və 50.000 manat mənəvi ziyanın Azərbaycan Respublikası Dövlətindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Dövlət Statistika Komitəsi tərəfindən 2021-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 722,9 manat olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Vəkil Bürosunun tərəfindən verilən qəbzdən görünür ki, X1 cinayət işi üzrə məhkəmə orqanlarında hüquqlarının müdafiəsi ilə əlaqədar Sumqayıt şəhər Vəkil Bürosuna 200 (iki yüz) və 100 (yüz) manat pul keçirilmişdir. Qanunsuz və əsassız olaraq həbsdə saxlandığı üçün mənəvi zərərin ödənilməsini tələb etmək hüququ da vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-44/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib, 1.200 (bir min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 1407/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının İddiaçı Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə 18 may 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-142/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, xüsusi ittihamçı X2 nümayəndəsi X4 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, təqsirləndirilən şəxs İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(060)44/2021 saylı hökmünün ləğv edilməsi, İddiaçı Azərbyacan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilməsi hökm edilmişdir. 102064 nömrəli və 96434 nömrəli qəbzlərin surətindən görünür ki, Sumqayıt regional vəkil bürosunun hesabına müvafiq olaraq 100 manat və 200 manat daxil edilmişdir. İşin mübahisələndirilməyən hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-44/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-324/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə cərimə cəzası 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1407/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 18 may 2021-ci il tarixli qərarı ləğv edilmiş və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin edilməsi qərara alınmışdır. Cinayət işinə yenidən baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-142/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilmişdir. Qeyd edilən məhkəmə aktlarından İddiaçı 3 ay müddətində həbsdə saxlanıldığı müəyyən olunmuşdur. Hazırda iddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyana görə 6.469 manat, mənəvi ziyana görə 50.000 manat məbləğində pulun dövlət büdcəsindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz olaraq istintaqa cəlb olunması, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymişdir. Ona görə də İddiaçı vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 3.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Məhkəmə iddianın “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, vəkilə ödənilmiş 300 manat xidmət haqqından əlavə iddiaçı ona və ailəsinə vurulmuş maddi ziyanla bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi, yol xərci və s.) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı onun əmlakının müsadirə edilməsi və ya üzərinə həbs qoyulması, tərəfindən hökmün icrası zamanı cərimə ödənilməsi halları müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli və iddiaçıya maddi ziyan kimi 300 manat ödənilməldir. Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Bu Məcəllənin 58.3-cü maddəsinə görə bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri müdafiəçiyə ödənilmiş pul məbləği və hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cəriməyə görə kompensasiya verilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının Mülki-Prpsessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iddiaçının tələblərini cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə qismən təmin edərək həmçinin qeyd etməyi zəruri sayır ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009-cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də maddi vəmənəvi zərərin əvəzi оlаn cəmi 3.300 mаnаt məbləğində pul məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 300 manat, mənəvi zərərə görə 3.000 manat pul alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: “Dövlət rüsumu haqqında” Qanunun 9.1.13-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 112.1.3-cü, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 300 manat və mənəvi zərərə görə 3.000 manat, ümumilikdə 3.300 (üç min üç yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar