Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2753/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri 43 saylı Dövlət Notariat Ofisində 18 iyul 2000-ci il tarixdə 3KMA/3-470 nömrəli reyestrlə qeydə alınmış 101144 saylı alğı-satqı müqaviləsinə əsasən X2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 Yanvar küçəsi, 7 saylı evin 2 otaqlı, ümumi sahəsi 47 kv.metr olan 79 saylı mənzilini almışdır. Həmin müqavilə əsasında ona Bakı şəhəri İcra Hakimiyyətinin Tİ və MHQ İdarəsi tərəfindən seriya ÖM052890 nömrəli 30/19074 reyestrlə qeydə alınmış xx.xx.2000-ci il tarixli Qeydiyyat vəsiqəsi verilmişdir. X1 alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən sonra o və onun ailə üzvləri mənzildə yaşayış sahəsi üzrə qeydiyyatdan çıxaraq başqa ünvanda qeydiyyata alınmışlar. İddiaçı Daşınmaz əmlakın Dövlət reyestri haqqında qanunvericilikdə nəzərdə tutulan qaydalara uyğun olaraq mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 Yanvar küçəsi, 7 saylı evin 79 saylı mənzilinə Hüquqların Dövlət qeydiyyatına dair Çıxarış alınması üçün müraciət edərkən ona məlum olmuşdur ki, Cavabdeh əsassız və qanunsuz olaraq ona məxsus olan mənzildə yaşayış sahəsi üzrə qeydiyyatda saxlanılmışdır. Bu da onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, iddiaçı mülkiyyətində olan əmlak barəsində sərəncam verə bilmir. Cavabdeh yaşayış sahəsində qeydiyyatdan çıxması barədə təklif etsə də, o, daimi yaşayış yerinin olmadığını bəhanə gətirərək imtina etmişdir. Ona görə də iddiaçı Cavabdeh yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edildiyi kimi Cavabdeh ona məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması onun qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh iddiaçının ailə üzvü deyil. İddiaçı mənzili alarkən onun 12 yaşı olmuşdur. Artıq 24 ildir ki, Cavabdeh onun xüsusi mülkiyyətində olan mənzildə əsassız və qanunsuz olaraq qeydiyyatda qalmışdır. Hesab edilir ki, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 Yanvar küçəsi, 7 saylı evin 79 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 Yanvar küçəsi, 7 saylı evin 79 saylı mənzilinə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı Bakı şəhəri 43 saylı Dövlət Notariat Ofisində 18 iyul 2000-ci il tarixdə qeydə alınmış alğı-satqı müqaviləsinə əsasən X2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 Yanvar küçəsi, 7 saylı evin 2 otaqlı, ümumi sahəsi 47 kv.metr olan 79 saylı mənzilini almışdır. Həmin müqavilə əsasında iddiaçıya Qeydiyyat vəsiqəsi verilmişdir. X1 alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən sonra o və onun ailə üzvləri mənzildə yaşayış sahəsi üzrə qeydiyyatdan çıxaraq başqa ünvanda qeydiyyata alınmışlar. İddiaçı Daşınmaz əmlakın Dövlət reyestri haqqında qanunvericilikdə nəzərdə tutulan qaydalara uyğun olaraq mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 Yanvar küçəsi, 7 saylı evin 79 saylı mənzilinə Hüquqların Dövlət qeydiyyatına dair Çıxarış alınması üçün müraciət edərkən ona məlum olmuşdur ki, Cavabdeh əsassız və qanunsuz olaraq iddiaçıya məxsus olan mənzildə yaşayış sahəsi üzrə qeydiyyatda saxlanılmışdır. Bu da onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, iddiaçı mülkiyyətində olan əmlak barəsində sərəncam verə bilmir. O, Cavabdeh yaşayış sahəsində qeydiyyatdan çıxması barədə təklif etsə də, cavabdeh daimi yaşayış yerinin olmadığını bəhanə gətirərək bundan imtina etmişdir. Ona görə də iddiaçı Cavabdeh yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, bu halları nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 4.Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR., 20 Yanvar küçəsi, 7 saylı evin 79 saylı mənzili İddiaçı tərəfindən 18 iyul 2000-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Lakin hazırda Cavabdeh hələ də iddiaçının mülkiyyətində olan həmin ünvan üzrə qeydiyyatdadır. Hazırda iddiaçı cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR., 20 Yanvar küçəsi, 7 saylı evin 79 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsini tələb edir. b) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan 18 iyul 2000-ci il tarixli, 101144 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, 20 Yanvar küçəsi, ev 7, mənzil 79 X3 tərəfindən alqı-satqı müqaviləsin əsasında İddiaçı satılmışdır. 8.Mülki işin materiallarında olan AR Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən ÖM seriyalı, 052890 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, 20 Yanvar küçəsi, 7 saylı evin 29,47 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 79 saylı mənzili İddiaçı adına xx.xx.2000-ci il tarixdə 30/19074 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ kimi hüquqi qeydiyyatdan keçirilmişdir. 9.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 AZN (bir yüz manat) məbləğində dövlət rüsumu ödənilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 11.İş üzrə müəyyən edilmiş mübahisəsiz hallardan da göründüyü kimi, iddiaçı cavabdehin valideyni ilə 18 iyul 2000-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq Bakı şəhəri, 20 Yanvar küçəsi, ev 7, mənzil 79-u əldə etmiş, həmin tarixdən etibarən cavabdeh və onun ailəsi həmin mənzili tərk edib, başqa yerdə yaşamağa başlamışlar. Cavabdeh və onun ailəsi qeyd edilən mənzildə 2000-ci il tarixədək yaşadığından hazırki mübahisəyə xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. 12.xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 13.Həmin Məcəllənin 54-cü maddəsinə müvafiq olaraq, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddibüluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 14.Sözügedən Məcəllənin 60-cı maddəsinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 15.Məcəllənin 87-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 16.Məhkəmə qeyd edir ki, mübahisəli mənzil iddiaçıya satıldığı vaxt Cavabdeh həmin mənzil üzrə qeydiyyatdan çıxarılması üçün zərurət olmamışdır. Belə ki, həmin vaxt cavabdeh 14 yaşına çatmamışdı, yəni 12 yaşı var idi. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 18.Məhkəmə qeyd edir ki, mənzil satıldığı zaman Cavabdeh 14 yaşına çatmadığından, mülki qanunvericiliyin normalarına müvafiq olaraq onun yaşayış yeri valideynlərinin yaşayış yeri sayıldığından, 2000-ci ildən valideynləri ilə birlikdə mübahisəli mənzildən köçüb başqa yerdə yaşadığından, cavabdehin həmin mənzil üzərində ümumiyyətlə istifadə hüququ yaranmamışdır. 19.Odur ki, cavabdehin mənzildən istifadə hüququnun olmadığı müəyyən olunduğundan, iddiaçının ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 Yanvar küçəsi, 7 saylı evin 79 saylı mənzilinə cavabdehin istifadə hüququnun itirilməsi barədə iddia tələbi əsassız hesab edilməklə rədd edilməlidir. 20.Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddiası əsassız hesab edilsə belə, hazırki qətnamə cavabdehin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxması üçün əsas hesab edilməlidir. Belə ki, cavabdeh hal-hazırda iddiaçıya məxsus mənzil üzərində faktiki olaraq qeydiyyatdadır.
21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. 22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 23.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 24.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 27.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 28.Həmçinin, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 29.Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. 30.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.