Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2777/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.535 manat pul vəsaiti və ödənilmiş 181 manat dövlət rüsumunun Cavabdeh BOKT ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin keçirdiyi hərracda o, ünvan 1 ünvanda yerləşən mənzili əldə etmiş, buna dair «Hərracın yekunları barədə» xx.xx.2021-ci il tarixli 21/02 saylı Prorokol tərtib edilmiş, əmlakın satış qiyməti 30.050 manat müəyyən edilmiş, hərrac təşkilatı ilə aralarında «Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə» xx.xx.2021-ci il tarixli müqavilə imzalanmış və müqavilə dəyəri 30.050 manat göstərilmişdir. Həmin müqaviləyə əsasən o, əmlakı əldə etmək üçün sifarişçi təşkilat olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin depozit hesabına 30.050 manat ödəmişdir, bundan sonra əldə etdiyi mənzilə dair mülkiyyət hüququ barədə çıxarış almışdır. Mənzilin keçmiş mülkiyyətçisi X1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə «mənzil üzərində yüklülüyün ləğv edilməsi, ipotekaya xitam verilməsi və İddiaçı adına verilmiş çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin 06 iyul 2021-ci il tarixli 2(005)-1835/2021 saylı qətnaməsi ilə iddiası təmin edilmiş və onun adına olan çıxarış etibarsız hesab edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən dəyişiklik edilmədən saxlanmışdır. Qətnamə icra olunmuş və onun adına verilmiş çıxarış etibarsız hesab edilərək mülkiyyət hüququna xitam verilmişdir. Bundan sonra o, İcra İdarəsinə müraciət edərək həmin müqavilə nəticəsində idarənin depozitinə ödədiyi pulu geri tələb etmişdir. İcra İdarəsi ona məlumat vermişdir ki, həmin pul Cavabdeh BOKT ASC-nin hesabına köçürülmüşdür. O, Cavabdeh BOKT ASC-dən pulunu tələb edəndə isə cavabdeh bildirmişdir ki, həmin hesabdadır və bu pulu yalnız məhkəmə qətnaməsi əsasında geri qaytara bilərlər. Ona görə də, o, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Onunla hərrac təşkilatı arasında bağlanmış müqaviləyə əsasən onun vəsaiti son nəticədə cavabdehin hesabına köçürülmüşdür, hazırda həmin əmlakın ipotekasına məhkəmə qətnaməsinə əsasən xitam verilmişdir və onun adına verilmiş çıxarış ləğv edilmişdir. Bu halda, həmin müqavilə əsasında ödədiyi vəsait cavabdeh tərəfindən ona qaytarılmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh BOKT ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh BOKT ASC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2022-ci il tarixli 2(102)-1239/2022 saylı qərarından görünür ki: - İddiaçı X1 cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə, İddiaçı, Cavabdeh BOKT ASC-yə qarşı (Sumqayıt Şəhəri üzrə İcra idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 12 nömrəli mənzil üzərində 09 dekabr 2009cu il tarixli 464pbs nömrəli ipoteka müqaviləsi əsasında Cavabdeh BOKT ASC-nin xeyrinə edilmiş yüklülüyün ləğv edilməsi və ünvan 1 üzrə ipotekaya xitam verilməsi və İddiaçı adına verilmiş xx.xx.2021- ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2(005)- 1835/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2021-ci il tarixli 2(103)-9336/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2022-ci il tarixli 2(102)-1239/2022 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Bu səbəbdən, məhkəmə hərracın yekunları barədə 26 fevral 2021-ci il tarixli 21/02 saylı protokol, eyni tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə, iddiaçının adına xx.xx.2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və s. sənədlərin sadalanmasına zərurət yoxdur. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər İcra İdarəsinin 26 aprel 2022-ci il tarixli 7925/07 saylı məktubundan görünür ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin depozit hesabına cəmi 30.050 manat köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin depozit hesabından 29.535 manat pul Cavabdeh BOKT ASC-nin hesabına köçürülmüşdür. Yuxarıda qeyd olunan məhkəmə aktından göründüyü kimi, iddiaçının ipoteka predmeti olmuş və hərrac vasitəsi ilə satılmış, sonradan ipoteka yüklülüyü götürülmüş və iddiaçının adına verilmiş çıxarış ləğv edilmiş mənzilə görə ödədiyi vəsait iddiaçıya qaytarılmalıdır. Həmin vəsaitin cavabdehdə qalmasına hər hansı qanuni əsas mövcud deyil. İddia tələbi 29.535 manat pul vəsaitinin cavabdehdən tutulmasına dair hissədə əsaslı olmaqla, təmin edilməlidir. İddia dövlət rüsumu tutulmasına dair hissədə qismən əsaslıdır. Belə ki, ödəniş qəbzindən göründüyü kimi, məhkəmədə iddia qaldırılması üçün 180 manat 15 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 29.535 manat pul vəsaiti və ödənilmiş 180 manat 15 qəpik dövlət rüsumu Cavabdeh BOKT ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 29.535 manat pul vəsaiti və ödənilmiş 180 manat 15 qəpik dövlət rüsumu Cavabdeh BOKT ASC-dən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2777/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2777/2022
13.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver