Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2788/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, Cavabdeh və X9 qardaşlar olmaqla ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin mənzildə yaşamışlar. Mənzil adları qeyd edilən şəxslərin anası X2 xüsusi mülkiyyətində olmuşdur. X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”dən görünür ki, iddiaçı, cavabdeh və onların qardaşı X9 X2 vərəsələri qismində tanınmış və onların hər biri miras əmlakdan (mənzildən) 1/3 hissədə pay almışlar. Cavabdeh notarial qaydada bağlanmış xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqavilə”si əsasında özünün mənzilə olan 1/3 hissədə payını iddiaçıya bağışlamışdır. Həmin müqavilə əsasında iddiaçıya xx.xx.2023-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” təqdim edilmişdir. Tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixdə 25,000 manat kompensasiya ödəmişdir. 2023-cü ilin dekabrında cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi ev almış və ailə üzvləri ilə birlikdə həmin evə köçərək orada yaşamaqdadır. Beləliklə, cavabdeh ünvan 1 ünavnında qeydiyyatda olsa da, həmin mənzilə olan payını iddiaçıya hədiyyə etmiş, faktiki olaraq həmin mənzildən daimi əsaslarla ailə üzvləri ilə birlikdə yeni yaşayış yerinə köçmüş və yeni yaşayış yerində yaşayır. Cavabdeh qeydiyyatda olduğu mənzildə yaşamır və həmin mənzildən istifadə etmir. Göstərilənlərə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və cavabdehin həmin ünvanda qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 3.Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, hal-hazırda ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Mübahisəli mənzilə olan payını qardaşı Murtuza vermişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 6.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. 7.Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan 19 fevral 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2 vərəsələri İddiaçı, Cavabdeh və X9 olmaqla miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.55 kv.m, yaşayış sahəsi 39.45 kv.m olan 3 otaqlı mənzildən ibarətdir. 10.Mülki işin materiallarında olan 18 aprel 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.55 kv.m olan mənzilin özünə məxsus olan 1/3 hissəsini İddiaçı bağışlamışdır. 11.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli yazılı müqavilədən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə ona məxsus olan hissədən imtinaya dair qardaşı İddiaçı 25.000 manat pul almış, mənzilə dair iddiası yoxdur və gələcəkdə də olmayacaq. 12.Mülki işin materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışdan görünür ki, ünvan 1 2/3 hissədə İddiaçı, 1/3 hissədə X5 paylı mülkiyyətindədir. 13.Mülki işin materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən verilən 16 aprel 2024-cü il tarixli cavab məktubundan görünür ki, Qasımov X6 Rayon Biləcəri bələdiyyəsinin BAMS elektron portalında vergi ödəyicisi kimi qeyd olunub. 14.Mülki işin materiallarında olan Binəqədi rayon Polis İdarəsi tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, sonuncu və onun ailə üzvləri ünvan 4 ünvanına qeydiyyata alınmasını xahiş etmişdir. Yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd təqdim etməlidir. Əks təqdirdə, müraciəti ilə bağlı qeydiyyata alınması tərəflərindən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi məqsədəmüvafiqdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 15.Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ünvan 1 tərəflərin anaları X1 onlara miras qalmış, daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında cavabdeh sözügedən mənzilə dair öz payını iddiaçıya bağışlamışdır. İddiaçı isə bunun əvəzində 25.000 manat kompensasiya məbləğini cavabdehə ödəmişdir. Hazırda iddiaçı qardaşının sözügedən mənzilə istifadə hüququna xitam verilməsini tələb edir. Cavabdeh isə iddia tələbini qəbul edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 16.Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 18.”Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. 19.“R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarındakı əsas hüquqi mövqelərdən biri belə olmuşdur ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna—xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. 20.Hazırki iş üzrə cavabdehin istifadə hüququna xitam verilməsi tələb edilən mənzil üzrə cavabdeh iddiaçıdan 25.000 manat məbləğində kompensasiya almaqla öz payını 18 aprel 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında iddiaçıya bağışlamışdır. Yəni notarial qaydada təsdiq edilən həmin müqavilə əsasında əslində cavabdehin ünvan 1 üzrə istifadə hüquqlarına da xitam verilmiş, iddiaçının adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda 18 aprel 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdehin ünvan 1 üzrə istifadə hüquqlarına xitam verildiyindən, yəni tələbin artıq məhkəmə qaydasında təmin edilməsinə zərurət olmadığından iddia tələbi əsassız hesab edilməklə rədd edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanan 18 aprel 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi Cavabdeh ünvan 1 üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. 21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 22.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası əsassız hesab edilməklə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2788/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2788/2025
03.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver