Məhkəmə qərarları › İş №e-2(006)-2812/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2812/2024

06.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2812/2024 06.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı Əliyeva (Seyidova) Ülviyyə Akif qızının cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirilməsi İdarəsinə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakların həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Əliyeva (Seyidova) Ülviyyə Akif qızı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirilməsi İdarəsinə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakların həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 63.000 manat dəyərində qiymətləndirilmiş “X1” kompleksində 41 nömrəli avtomobil dayanacaq sahəsinin; cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, C bloku, 1-ci giriş, 33 nömrəli mənzildən götürülmüş 870.442 manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyalarının, 3.215 avronun, 5.400 ABŞ dollarının, 26.500 manatın; onun adına olan 1.759.500 manat qiymətləndirilmiş "xxxx" MTK-dan Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X1” kompleksində 615B saylı mənzilin və - 63.000 manat dəyərində qiymətləndirilmiş, onun adına "xxxx" MTK-dan Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X1” kompleksində 40 nömrəli avtomobil dayanacaq sahəsinin həbsdən azad edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı Əliyeva (Seyidova) Ülviyyə Akif qızının iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2 və 99-1.3-cü maddələrinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərərçəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin mahiyyəti cinayət-prosessual icraatı qaydasında qəbul edilmiş məhkəmə aktları ilə iddiaçının əmlakı üzərinə cinayət-hüquqi tədbir qismində qoyulmuş məhdudiyyətin ləğvi ilə bağlıdır. Həmin məhkəmə aktları cinayət mühakimə icraatı qaydasında qəbul edildiyi üçün belə məhdudiyyətin götürülməsi (ləğvi) də həmin icraat qaydasında mümkündür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin yuxarıda qeyd edilən 253-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Qeyd edilməlidir ki, həm Cinayət-Prosessual Məcəlləsinin adı çəkilən maddəsində, həm də Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsində maraqlı şəxsin əmlakının həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ nəzərdə tutulsa da, mülki prosessual qanunvericilikdə bununla bağlı qayda müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə görə Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır (maddə 1.1 və 1.4). Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatına cəlb olunmamış, lakin cinayətprosessual icraatı qaydasında qəbul edilmiş məhkəmə aktları ilə maraqlarına toxunulan şəxslərin əmlakı üzərinə cinayət-hüquqi tədbir qismində qoyulmuş məhdudiyyətin ləğvinə dair məsələyə mülki məhkəmə icraatı qaydasında baxılması qaydası mövcud olmadığı üçün hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Əliyeva (Seyidova) Ülviyyə Akif qızının cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirilməsi İdarəsinə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakların həbsdən azad edilməsi” tələbinə dair iddiası üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki mühakimə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunan bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Əliyeva (Seyidova) Ülviyyə Akif qızının cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirilməsi İdarəsinə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakların həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar