Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2813/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı vəkil və nümayəndəsi Vəkil, Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “cavabdehin müəyyən hərəkətləri etməyə məcbur etmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “cavabdehin müəyyən hərəkətləri etməyə məcbur etmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İmişli rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(036)-4659/2017 saylı qətnaməsinə əsasən İddiaçı və X2 müştərək qaydada 7958.74 (yeddi min doqquz yüz əlli səkkiz) ABŞ dolları 74 sent əsas borc, 3539.77 (üç min beş yüz otuz doqquz) ABŞ dolları 77 sent faiz borcu və 160 (bir yüz altmış) ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 11168.51 (on bir min yüz altmış səkkiz) ABŞ dolları 51 sent borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul etmişdir. İmişli rayon məhkəməsinin qətnaməsində “Dəmir Bankın” xeyrinə ödənilməsi qət edilmiş məbləğ, yəni 11168.51 (on bir min yüz altmış səkkiz) ABŞ dolları 51 sent borc və 30 manat ödənilmiş dövlət rüsumu restrukturizasiya olunmuş və problemli kreditin kompensasiyası təmin edilmişdir. xx.xx.2017-ci il tarixdə Maliyyə Bazarlarına nəzarət X1 qərarına əsasən X5 Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edilmişdir. Bundan sonra ASC-də ləğv etmə prosesi başlanılmışdır. Həmin prosesi Əmanətlərin Sığortalanması Fondu həyata keçirməkdədir. Ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, fazizlərin azadılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. Problemli kreditin kompensasiyası restruktirizasiya olunması təklif olunan kredit məbləği 8808.51 manat təşkil edir. Vaxtı keçmiş kredit borclarının restruktirizasiyası məqsədi ilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 %, banklara isə Azərbaycan Respubikasının Mərkəzi Banı tərəfindən illik faiz dərəcəsi 0.1% olmaqla 5 il( 1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditdir. Qeyd edilən qanun normasından da göründüyü kimi Əmanətlərin Sığortalanması Fondu həmin qeyd olunan fərmandan irəli gələn tələbləri yerinə yetirməmişdir və qanuni qüvvəyə minmiş İmişli rayon məhkəməsinin qətnaməsinin icra olunmasını qanunsuz olaraq tələb etməkdədir. Məhkəmə iclasında İddiaçı vəkil və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəm iclasında işirak edən cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, restrukturizasiyaya salınması ilə bağlı səlahiyyətlər bankda deyildir. Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətlərinə aiddir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən gecikmə günü 360 gündən çox olarsa, restrukturizasiyaya salınmır. İddiaçıda da gecikmə 360 gündən çox olduğu üçün restrukturizasiyaya salınmamışdır. xx.xx.2019-cu il tarixə qədər restrukturizasiyaya salına bilərdi. Amma indi restrukturizasiya edə bilmirlər. Yalnız inzibati qaydada qərar çıxarılarsa ola bilər. Buna görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan İmişli Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli 2(036)-4659/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və X2 müştərək qaydada 7958.74 (yeddi min doqquz yüz əlli səkkiz) ABŞ dolları 74 sent əsas borc, 3539.77 (üç min beş yüz otuz doqquz) ABŞ dolları 77 sent faiz borcu və 160 (bir yüz altmış) ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 1168.51 ( on bir min yüz altmış səkkiz) ABŞ dolları 51 sent borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan 19VB-425 saylı xx.xx.2023-cü il tarixli İddiaçı və X3 vəkili Vəkil ərizə-şikayətinin surətindən görünür ki, o, İmişli rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(036)-4659/2017 saylı qətnaməsinin icrasının dayandırılması və baş verən özbaşınçılağan aradan qaldırılması məqsədilə Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, borcun iddiaçıdan tutulmasına dair qanuni qüvvəyə minmiş, icrası məcburi olan məhkəmə qətnaməsi mövcuddur; iddiaçı banka 2019-cu ilin dekabrın 31-dək restrukturizasiya ilə bağlı müraciət etməmişdir. Məlumdur ki, «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi» Qaydasında fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədi ilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatması nəzərdə tutulmuşdur. Digər tərəfdən, iddia ərizəsində də adı qeyd edilən Fərmanla vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri banklara tövsiyə olunmuşdur. Həmçinin, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Bank fiziki şəxslə müqavilə bağlamağa məcbur edilə bilməz, qanunvericilik bunu qəti şəkildə qadağan edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" ASCyə qarşı “cavabdehin müəyyən hərəkətləri etməyə məcbur etmə” tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-yə qarşı “cavabdehin müəyyən hərəkətləri etməyə məcbur etmə” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-2813/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2813/2023
19.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver