Məhkəmə qərarları › İş №e-2(006)-2833/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2833/2024

07.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2833/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Kheiri Behrouzun, tərcüməçi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "qeyri-yaşayış sahəsindən çıxarılma və pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdehnə qarşı "qeyri-yaşayış sahəsindən çıxarılma və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, icarəçi Cavabdeh MMC (direktor Kheiri Behrouz) ilə aralarında imzalanmış 09 avqust 2019-cu il tarixli İcarə müqaviləsinə əsasən, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 1061-ci məhəllə ünvanında yerləşən, 138.6 kv.m olan qeyri-yaşayış obyekti cavabdehə icarəyə verilmişdir. İcarə müqaviləsinin 3.1-ci maddəsinə əsasən, icarəyə götürən icarə haqqını hər ay icarəyə verənə bu Müqavilə müəyyənləşdirilmiş qaydada və şərtlər əsasında ödəyir. Müqavilənin 3.1-ci maddəsinə görə, İcarəyə götürən hər ay İcarəyə verənə 500 (beş yüz) manat məbləğində icarə haqqı ödəməlidir. Lakin İcarəyə götürən artıq 9 aydan çox müddətdir ki, müqavilə öhdəliyini kobud şəkildə pozaraq icarə haqqını ödəməmişdir. Həmin dövrdən əvvəlki müddətdə də dəfələrlə icarə haqqını gecikdirsə də, humanizm göstərərək bunlara dözmüşlər. Amma artıq 9 aydan çox müddətdir müxtəlif bəhanələrlə icarə haqqını və digər icbari ödənişləri ödəməkdən yayındığına, həmçinin cavabdehin qanunazidd hərəkətləri nəticəsində mülkiyyət hüquqları ciddi təhdid altında olduğu üçün məhkəmədə bu iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Bununla bağlı İcarə Müqaviləsinin 6.2.3.-cü maddəsinə əsasən Müqaviləyə xitam verilməsi ilə bağlı cavabdehə yazılı bildiriş göndərilmiş və bundan sonra da müvafiq qaydada 05 aprel 2024-cü il tarixli yazılı bildiriş göndərilmişdir və cavabdehə İcarə Müqaviləsinə xitam verildiyi bəyan edilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh İcarə obyektini təhvil verməkdən boyun qaçırır. Hətta iddiaçı tərəfindən obyektin giriş qapısına qıfıl qoyulsa da, cavabdeh tərəfindən həmin qıfıl qırılaraq obyektinə qanunsuz olaraq yenidən daxil olunmuşdur. AR Konstitusiyası ilə xüsusi mühafizə olunan mülkiyyət hüququ ciddi təhdid altındadır və faktiki olaraq özgəsinin qanunsuz sahibliyindədir. Həmçinin, qeyd edilir ki, 9 aylıq icarə haqqından əlavə cavabdeh tərəfindən Müqavilə ilə onun öhdəliyi hesab olunan aylıq kommunal ödəniş də (aylıq 60 (altmış) manat) ödənilmirdi. Belə ki, icarə obyektinə çıxarışın alınması ilə bağlı müraciət etdikdə ona məlum olmuşdur ki, İcarəçi tərəfindən bu məbləğ aylardır ki, ödənmir və 2500 manat borc yığılmışdır. İcarəçiyə bu barədə irad bildirildikdə ona hissə-hissə ödəyəcəyini bildirmişdir. Obyektə çıxarışın alınması üçün məcbur həmin ödənişləri (2500 manat) özü ödəmişdir. Sonradan İcarəçi tərəfindən ona 4000 (dörd min manat) ödənilmiş. Həmin məbləğin 540 (2500 manat ödənilib kommunal borc sıfırlandıqdan sonrakı dövrü ehtiva edir) manatı kommunal haqlarına ödənmiş, qalan 3460 manat isə icarə haqqının ödənişi kimi nəzərə alınmışdır. Hal-hazırda icarəçinin ona 2500 manat kommunal borcu, 1040 manat isə icarə haqqı üçün, ümumilikdə 3540 (üç min beş yüz qırx) borcu vardır. (9 ay X 500 manat – 3460 manat + 2500 manat = 3540 manat) Xüsusilə nəzərə çatdırılır ki, İcarəçi göstərdiyi fəaliyyət növünə dair tələb edilən heç bir yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalara riayət etmir. Bununla bağlı dəfələrlə ona şifahi xəbərdarlıqlar etmişlər. Beləliklə, bu qanunsuzluq davam etdiyi təqdirdə hər an ona məxsus əmlaka icarəçinin qanunazidd hərəkətləri ucbatından ciddi zərər dəyə bilər və ya məhv ola bilər. Göstərilənlərə əsasən, cavabdehin iddaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 1061-ci məhəllə, ev 2 ünvanında yerləşən, 138.6 kv.m olan qeyri-yaşayış obyektindən çıxarılması; 1040 (min qırx) manat dəyərində ödənilməmiş icarə haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi; 2500 (iki min beş yüz) manat dəyərində ödənilməmiş kommunal xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi; vəkilin hüquqi xidmətindən istifadəyə görə ödənilmiş 100 (yüz) manat məbləğin cavabdehdən alınaraq iddiaçıya verilməsi; dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə dair qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 3.Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, cavabdehin iddiaçıya 1040 (bir min qırx) manat icarə haqqı borcu var idi. Hal-hazırda həmin tarixdən 5 ay keçmişdir. Cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçının mülkiyyətindən istifadə olunur və təbii ki, bu dövr ərzində də heç bir icarə haqqı ödənilmir. 5 aylıq (may-sentyabr) icarə haqqı da cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Bu baxımından iddia tələbinin dəqiqləşdirilməsi zərurəti vardır. Odur ki, cavabdehin iddaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 1061-ci məhəllə, ev 2 ünvanında yerləşən, 138.6 kv.m olan qeyri-yaşayış obyektindən çıxarılması; 3540 (üç min beş yüz qırx) manat dəyərində ödənilməmiş icarə haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi; 2500 (iki min beş yüz) manat dəyərində ödənilməmiş kommunal xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi; Vəkilin hüquqi xidmətindən istifadəyə görə ödənilmiş 100 (yüz) manat məbləğin cavabdehdən alınaraq iddiaçıya verilməsi; Dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, 23 aprel 2024-cü il tarixdə məhkəməyə ünvanladığı iddia ərizəsində göstərdiyi kimi cavabdehin iddiaçıya 1040 (bir min qırx) manat icarə haqqı borcu var idi. Hal-hazırda həmin tarixdən 6 ay keçmişdir. Cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçının mülkiyyətindən istifadə olunur və təbii ki, bu dövr ərzində də heç bir icarə haqqı ödənilmir. 6 aylıq (may-oktyabr) icarə haqqı da cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Bu baxımından iddia tələbinin dəqiqləşdirilməsi zərurəti vardır. Odur ki, cavabdehin iddaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 1061-ci məhəllə, ev 2 ünvanında yerləşən, 138.6 kv.m olan qeyriyaşayış obyektindən çıxarılması; 4040 (dörd min qırx) manat dəyərində ödənilməmiş icarə haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi; 2500 (iki min beş yüz) manat dəyərində ödənilməmiş kommunal xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi; vəkilin hüquqi xidmətindən istifadəyə görə ödənilmiş 100 (yüz) manat məbləğin cavabdehdən alınaraq iddiaçıya verilməsi; Dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia tələbində və əvvəlki məhkəmə iclaslarında qeyd etdiyi fikirləri bir daha təsdiq edərək iddia tələbinin təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, 23 aprel 2024-cü il tarixdə məhkəməyə ünvanladığı iddia ərizəsində göstədikləri kimi cavabdehin iddiaçıya 1040 manat icarə haqqı borcu var idi. Hal-hazırda həmin tarixdən 6 ay keçmişdir. cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçının mülkiyyətindən istifadə olunur və təbii ki, bu dövr ərzində də heç bir icarə haqqı ödənilmir. 6 aylıq icarə haqqı da cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Odur ki, cavabdehin iddaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 1061-ci məhəllə, ev 2 ünvanında yerləşən, 138.6 kv.m olan qeyri-yaşayış obyektindən çıxarılması, 4040 manat dəyərində ödənilməmiş icarə haqqının, 2500 manat dəyərində ödənilməmiş kommunal xidmət haqqının, vəkilin hüquqi xidmətindən istifadəyə görə ödənilmiş 100 manat məbləğin və dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 6.Məhkəmə iclasında cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Kheiri Behrouz iddia tələbini qəbul etməyərək bildirdi ki, onlar iddiaçıya məxsus obyektdə icarə müqaviləsi müddətində fəaliyyət göstərərkən o və onun işçisi içəridə ola-ola iddiaçı obyektin qapısını kilidləmişdi. Daha sonra polisin köməkliyi ilə onlar içəridən çıxarıldılar. Bu zaman o, şöbəyə dəvət edildi və ona obyektdən çıxmalı olduğu bildirildi. Həmin vaxta kimi o, icarə haqlarını vaxtlı-vaxtında ödəsə də, ondan sonra ödənişləri dayandırdı. O, obyektdən çıxarılmağı ilə razı deyildir və müqavilə müddətinin uzadılmasını xahiş edir. Həmçinin, tələb olunan icarə və kommunal haqları ilə bağlı müəyyən edilmiş məbləğə etiraz edir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq, sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, hazırda həmin sahədə fəaliyyət göstərmirlər, çıxarılmışlar. İddiaçıya ödənilməmiş icra haqları vardır, lakin iddia edilən məbləğdə deyil. Ödənişlərlə bağlı qəbzlərini tapsa, məhkəməyə təqdim edəcəkdir. Son dəfə icarə haqqını nə vaxt ödəməsi yadında deyildir. Aylıq icarə haqqının məbləği 500 manat olmuşdur. 7.Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 09 avqust 2019-cu il tarixli icarə müqaviləsi bağlanmış və müqavilənin müddəti bitmişdir, həmin müqaviləyə əsasən iddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsini cavabdehə aylıq 500 manat ödənilməsi şərtilə icarəyə vermişdir. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Hazırda iddiaçı cavabdehin qeyriyaşayış sahəsindən çıxarılmasını, ödənilməmiş icarə haqqı və kommunal xidmət haqqının ödənilməsini, həmçinin vəkil xərci və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daınmaz əmlakın dövlət reyestrindən verilən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 1061-ci məhəllə, ev 2, yeni qaydalarla: AZ 1022, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. Bu barədə onun adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyat aparılmışdır. 10.Mülki işin materiallarında olan İddiaçı (icarəyəverən) və Cavabdeh (icarəçi) arasında bağlanan 09 avqust 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən icarəyəverən onun xüsusi mülkiyyətində ümumi sahəsi 138.6 kv.m əsas, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasını icarəçiyə öz ticarət fəaliyyətinə həyata keçirmək məqsədləri üçün icarəyə verir (bənd 1.1). Sahənin aylıq icarə haqqı 500 manat təşkil edir (bənd 3.1). 11.Mülki işin materiallarında olan Cavabdeh təmsilçisi X1 Orucova tərəfindən ünvanlanan 09 mart 2024-cü il tarixli məktubdan görünür ki, aralarında xx.xx.2019-cu il tarixdə bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 1061-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin kirayəsi (icarəsi) barədə müvafiq müqavilənin 3.1-ci bəndinin tələblərini kobud şəkildə pozaraq artıq 8 aydır ki, icarə haqqı ödənilmir. Dəfələrlə şifahi xəbərdarlıqlara baxmayaraq icarə haqqı ödənilməmişdir. Göstərilənlərə əsasən icarə haqqının xx.xx.2024-cü il tarixədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə kirayə müqaviləsi birtərəfli qaydada ləğv olunaraq qeyri-yaşayış sahəsindən çıxarılması üçün qanunamüvafiq tədbirlər görüləcəkdir. 12.Mülki işin materiallarında olan Cavabdeh təmsilçisi X1 Orucova tərəfindən ünvanlanan “müqaviləyə xitam verilməsi barədə” 02 aprel 2024-cü il tarixli məktubdan görünür ki, 28 mart 2024-cü il tarixli “pretenziya məktubuna etiraz” barədə məktuba tərəfindən baxılmışdır. Məktubda son 9 ay ərzində 4950 manat məbləğində pul vəsaitinin ödənildiyi qeyd olunmuşdur. Nəzərə çatdırılır ki, qeyd olunan dövr ərzində tərəflərindən cəmi 4000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu vəsaitin 540 manatı qeyriyaşayış sahəsindən istifadəyə görə istismar xərcləri üçün yaşayış kompleksinə ödənilmişdir. Beləliklə, ona 3460 manat vəsait çatmışdır. Ötən illərdən istismar xərclərinə görə yaranmış 2500 manat məbləğində borc da tərəflərindən ödənilməmişdir. Nəticədə, hazırki tarixə borcu (9 ay * 500 manat + 2500 - 3460) =3460 manat təşkil edir. Hesab edir ki, 2019-cu il 09 avqust tarixində bağlanmış icarə müqaviləsinin 3.1-ci bandinin tələbləri pozulmuşdur Dəfələrlə tərəflərindən edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq, icarə haqqı üzrə borc məbləği hazıradək ödənilməmişdir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 684 cu maddəsinə əsasən əmlak kirayəsi (ibarəsi) uçun ödərilş əgər kirayə müddəti bir aydan çoxdursa, hər ayın sonunda ödənilməlidir Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Həmin Məcəllənin 685-cı maddəsinə əsasən kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini və ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının geclkdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. Qeyd edir ki, aralarında bağlanmış müqavilənin 6.2.5-ci yarımbəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda icarə müqaviləsinə xitam verilə bilər. Bununla əlaqədar olaraq, yuxarıda adıçəkilən Məcəllənin təələbləri nəzərə alınmaqla, aralarında bağlanmış müqaviləyə 2024-cü ilin 03 aprel tarixindən birtərəfli qaydada tərəfindən xitam verilmişdir. Qeyd olunanları nəzərə alaraq, 2 gün ərzində 3460 manat məbləğində borcun ödənilməsi və müqavilə üzrə icarəyə verilmiş sahənin boşaldılması tələb olunur. 13.Mülki işin materiallarında olan Cavabdeh təmsilçisi X1 Orucova tərəfindən ünvanlanan 05 aprel 2024-cü il tarixli məktubdan görünür ki, icarə üzrə borcun ödənilməməsi ilə əlaqədar olaraq aralarında bağlanmış müqaviləyə 2024-cü ilin 03 aprel tarixində birtərəfli qaydada tərəfindən xitam verilmişdir. Bu barədə qarşı tərəfə 2024-cü il 03 aprel tarixində məktub ünvanlanmışdır. Eyni zamanda, həmin məktubda icarə üzrə borcun 2 gün ərzində ödənilməli, o cümlədən müqavilə üzrə icarəyə verilmiş sahənin boşaldılmalı olduğu bildirilmişdir. Lakin, hazıradək tələbləri (borcun ödənilməsi və obyektin boşaldılması) qarşı tərəfdən yerinə yetirilməmişdir. Odur ki, qeyri-yaşayış sahəsinin qapıları qıfıllanmışdır. Qəti olaraq qeyd edir ki, onun razılığı olmadan mülkiyyətində olan obyektə hər hansı şəxsin daxil olması qadağandır. Eyni zamanda bildirilir ki, obyektdə onlara məxsus malların aparılmasına lazımi şərait yaradılacaqdır. 14.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 16.Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 17.Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 18.Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 19.Həmin Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 20.Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 21.Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 22.Həmin Məcəllənin 448.1-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 23.Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 24.Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 25.Həmin Məcəllənin 685.2, 685.2.1 və 685.2.2-ci maddələrinə əsasən, kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. 26.Həmin Məcəllənin 686-cı maddəsinə əsasən, əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. 27.Həmin Məcəllənin 697.1-ci maddəsinə görə, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 28.Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 29.Məhkəmə hazırki işə münasibətdə qeyd edir ki, məhkəmə araşdırmaları zamanı tərəflərin izahatları və təqdim etdikləri sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 1061-ci məhəllə ünvanında yerləşən və ümumi sahəsi 138.6 kv.m olan qeyri-yaşayış sahəsi 09 avqust 2019-cu il tarixli icarə müqaviləsi əsasında Cavabdehnə aylıq 500 manat ödənilməsi şərtilə icarəyə verilmişdir. İddiaçı müqavilənin şərtlərinə əməl etsə də, cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş, müqavilədə nəzərdə tutulmuş aylıq kirayə haqqı vaxtlı-vaxtında iddiaçıya ödənilməmişdir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdeh tərəfindən borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması ilə bağlı bir neçə dəfə cavabdehə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən buna riayət edilməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında həmçinin cavabdehin nümayəndəsi də iddiaçıya müqavilə üzrə borcunun olmasını, sonuncu dəfə icarə haqqının nə vaxt ödəməsini xatırlamamasını etiraf etmiş, lakin borcun iddia tələbində qeyd edilən həddə olmamasını mübahisələndirmişdir. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən sübutetmə yükü cavabdehin üzərinə düşmüş, lakin buna baxmayaraq ödənilməmiş icarə haqqı məbləğinin tələb olunan hədd deyil, daha az olmasına və ya konkret hansı məbləğdə ödənilməmiş icarə haqqının olmasına dair sübutlar məhkəmə tərəfindən də bir neçə dəfə cavabdehə müvafiq sübutların təqdim edilməsi ilə bağlı zəruri şərait yaradılmasına baxmayaraq məhkəməyə təqdim edilməmişdir. Halbuki cavabdehin qanuni təmsilçisi məhkəmə icraaatı zamanı dəfələrlə elektron qaydada məhkəməyə iddiaçının iddiasına münasibətdə etirazlar daxil etmişdir. Yəni bu halda cavabdehin həmin etiraz ilə yanaşı qeyd edilən sübutları da təqdim etmə imkanı mövcud olmuşdur. 30.Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, cavabdeh isə öz öhdəliyini pozmuş və icarə müqaviləsini həm bir tərəfli qaydada (müqavilə şərtlərinə uyğun olaraq), həmçinin müddətin bitməsi ilə (qanundan irəli gələn əsas ilə məhkəmə icraatı zamanı) icarə müqaviləsinə xitam verilmişdir. 31.Məhkəmə iddia tələbinin cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və ödənilməmiş icarə haqqının ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, mülki qanunvericiliyə görə, cavabdeh müqavilə üzrə öhdəliyini pozduğundan, 2 aydan çox müddətdə icarə haqqını ödəmədiyindən, icarə müqaviləsinə həm bir tərəfli qaydada, həmçinin vaxtın bitməsi ilə (məhkəmə icraatı zamanı icarə müqaviləsinin vaxtı bitmişdir) xitam verildiyindən iddiaçının cavabdehdən ödənilməmiş icarə haqqının ödənilməsini və cavabdehin qeyri-yaşayış sahəsindən çıxmasını tələb etmək hüququ vardır. Bundan əlavə, məhkəmə cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması hissəsinə münasibətdə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, daha əvvəl iddiaçının məhkəməyə təqdim etdiyi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinə münasibətdə məhkəmə qərardadı ilə cavabdehin qeyri-yaşayış sahəsinə giriş-çıxışı qadağan edilsədə, hazırda isə iddiaçının tələbinə münasibətdə cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması olduğundan məhkəmə tərəfindən buna münasibət bildirilməsi zəruri yaranmış, həmin hissəyə məhkəmə qətnaməsi ilə qiymət verilməsi zəruri olduğundan həmin hissədə yuxarıda qeyd edilən mövqeyə əsasən tələb təmin edilməklə cavabdeh qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. 32.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 1061-ci məhəllə, ev 2 ünvanında yerləşən, 138.6 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılmalı, Cavabdehndən 4.040 (dörd min qırx manat) manat icarə haqqı alınaraq iddiaçıya ödənilməlidir. 33.Daha sonra məhkəmə iddia tələbinin 2.500 (iki min beş yüz) manat məbləğində kommunal xidmət haqqının və vəkil xərci olaraq tərəfindən ödənilən 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissələrdə təmin edilə bilməz. Belə ki, iddiaçı hazırda cavabdeh tərəfindən ümumilikdə 2.500 manat məbləğində kommunal xidmət haqqının ödənilməməsini, əlavə olaraq hazırki tələblə bağlı məhkəmədə müdafiəsinin təşkili ilə əlaqədar vəkilə xidmət xərci kimi 100 manat məbləğində pul ödədiyini iddia etsə də, bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir. 34.Halbuki, Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). 35.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 36.Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 37.Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 38.İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 39.Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi 2.500 manat məbləğində kommunal xidmət haqqının və 100 manat məbləğində vəkil xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirilə bilmədiyinə görə əsassız hesab edilməklə rədd edilmlidir. 40.Daha sonra məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilməklə təmin edilməlidir. 41.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 42.Hazırki vəziyyətdə iddia tələbi əsas hissələrdə (cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması, icarə haqqının tutulması hissəsində) təmin edildiyi üçün hazırki iddia tələbinin qaldırılması üçün də iddiaçı tərəfindən ödənilən 100 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 43.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 1061-ci məhəllə, ev 2 ünvanında yerləşən, 138.6 kv.m olan qeyriyaşayış sahəsindən çıxarılmalı, Cavabdehndən 4.040 (dörd min qırx manat) manat icarə haqqı və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. 44.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 45.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 46.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 47.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 48.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 49.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 1061-ci məhəllə, ev 2 ünvanında yerləşən, 138.6 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılsın. Cavabdehndən 4.040 (dörd min qırx manat) manat icarə haqqı və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar