Məhkəmə qərarları › İş №e-2(006)-2880/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2880/2023

07.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2880/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Fekhruzi Gyulyunun Cavabdeh qarşı «yaşayış hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Fekhruzi Gyulyu Cavabdeh qarşı «yaşayış hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçı mübahisəli mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışı xx.xx.2021-ci il tarixində almışdır və onun cavabdeh ilə qohumluq münasibətlərində olduğunu göstərən fakt məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı isə öz tələbini cavabdehin «yaşayış hüququna xitam verilməsi» formasında göstərmişdir. Halbuki bu iş üzrə cavabdehin mənzilə olan istifadə hüququnun itirilməsi mübahisə doğuran məsələ deyil (onun belə bir hüququ yaranmamışdır ki, hazırda itirilə), cavabdehin iddiaçı ilə qohumluq münasibətlərində olması müəyyən edilmir və onun mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün əsas da olmamışdır. Cavabdehin mənzildə qeydiyyatda olması onun bu mənzildən istifadə hüququnun yaranması üçün əsas qismində çıxış etmir (Mənzil Məcəlləsi 30.4). Yaşayış sahəsi iddiaçının mülkiyyətinə keçərkən üçüncü şəxslərin hüquqlarından azad şəkildə keçmişdir. Belə olan halda, cavabdehin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq inzibati orqanları tərəfindən həyata keçirilməlidir. Həmçinin Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, hazırki iddia ərizəsi ilə bağlı müvafiq inzibati orqan tərəfindən alınmış imtina cavabı ilə əlaqədar müvafiq inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan əlavə, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən aydın olur ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddiaçı Fekhruzi Gyulyu (X1) tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Fekhruzi Gyulyu (X1) tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Fekhruzi Gyulyunun Cavabdeh qarşı «yaşayış hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya hazırki məsələ ilə bağlı müvafiq inzibati orqan tərəfindən alınmış imtina cavabı ilə əlaqədar inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı Fekhruzi Gyulyu (X1) tərəfindən ödənilmiş 100 (bir yüz manat) məbləğində dövlət rüsumu dövlət büdcəsindən alınaraq iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar