Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2884/2024 04.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı X3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-ci il tarixində Cavabdeh tətbiqi vasitəsilə skaner formasında başqa bir yerli bankın iddiaçıya aid olan kart hesabına 500 (beş yüz) manat pul vəsaiti köçürdüyündən məbləğ tamamilə başqa kart hesabına mədaxil edilmişdir. Bu, Kapital Bank tətbiqinin düzgün işləməməsi səbəbindən baş vermişdir. Göstərilənlərə əsasən, cavabdehin günahı səbəbindən yanlış karta köçürülmüş məbləğin iddiaçıya qaytarılması və həmçinin, bu müddət ərzində dəyərli vaxtını sərf etdiyinə, cavabdehlə davamlı danışıqlar apardığına, əsəb və gərginlik keçirdiyi üçün ona dəymiş maddi və mənəvi zərərə görə cavabdehə 2800 (iki min səkkiz yüz manat) təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası vardır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Kapital Bank tətbiqi vasitəsilə skaner formasında başqa bir yerli bankın ona məxsus olan kart hesabına 500 manat pul vəsaiti köçürüldüyündə məbləğ tamamilə başqa kart hesabına mədaxil edilmişdir. Belə ki, birbank mobil tətbiqində qeyd olunan əməliyyat icra olunan zaman müştəriyə göndəriləcək kart məlumatlarının dəqiqliyinin yoxlanması barədə xəbərdarlıq olunur. Bundan başqa, iş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin cavab məktubunda qeyd olunmuşdur ki, bank tərəfindən emissiya edilmiş 5315 9921 4513 2186 nömrəli plastik kart hesabı X4 məxsusdur. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Göstərilənlərə və iddia ərizəsinə əsasən hesab edirik ki, cavabdeh "xxxx" ASC X5 ilə əvəz olunmalıdır. Qeyd olunan halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:. 4.Məhkəmə iclasında iddiaçı X3 iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, xx.xx.2024-ci il tarixində Kapital Bank tətbiqi vasitəsilə skaner formasıda başqa bir yerli bankın ona aid olan kart hesabına 500 manat pul vəsaiti köçürdüyündən məbləğ tamamilə başqa, "xxxx" ASC-yə aid kart hesabına mədaxil edilmişdir. Hesab edir ki, bununla bağlı məsuliyyət birbaşa cavabdeh bankın üzərinə düşür. Belə ki, o, kartın nömrəsini əl ilə deyil, məhz skaner vasitəsi ilə daxil etmişdir. Həmin nömrənin səhv daxil edilmiş olması cavabdeh bankın mobil tətbiqində olan çatışmazlıqdan qaynaqlanır. Hesab edir ki, birbaşa cavabdehlik bankın üzərindədir. Yanlışlıq nəticəsində kart hesabına pul mədaxil olunan şəxslə heç bir əlaqəsi yoxdur. Qeyd edilən hadisə heç birinin təqsirindən qaynaqlanır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 5.Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək bildirmişdir ki, mobil tətbiqdə kartı skan edərkən skan edilmiş şifrənin düzgünlüyünün yoxlanılması tələb edilir. İddiaçı pul köçürmək istəyərkən kodun düzgün daxil edilibedilməməsinə diqqət etməli idi. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 6.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış cavabdehin nümayəndəsi məhkəmə icıasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. 7.Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı X3 xx.xx.2024-cü il tarixdə Cavabdeh ASC-yə məxsus tətbiq üzərindən 500 manat məbləğində pul vəsaitini səhvən başqa şəxsə məxsus hesaba köçürmüşdür. Hazırda iddiaçı cavabdeh tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq 2800 manat məbləğində pul vəsaitinin cavabdeh Bank tərəfindən ona ödənilməsini tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan Cavabdeh ASC-yə X3 tərəfindən ünvanlanan xx.xx.2024cü il tarixli təklif və şikayət formasından görünür ki, iddiaçı Ə.Xaliq xx.xx.2024-cü il tarixində Bankın tətbiqi üzərindən 500 manatı skaner formasında başqa yerli bir bankın hesabına köçürmüş, yenidən əməliyyatı edən zaman yenə başqa bir kart hesabı göründüyündən əməliyyatı dayandırmışdır. Birinci dəfə onun tərəfindən nömrə yoxlanmadan təsdiq edildiyindən, onun vəsaitinin geri qaytarılmasını Bankdan xahiş etmişdir. 10.Mülki işin materiallarında olan Cavabdeh ASC tərəfindən X2 ünvanlanan 29 mart 2024-cü il tarixli cavab məktubundan görünür ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinə əsasən dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 964-cü maddəsinə əsasən hesabdan vəsait müştərinin sərəncamına və ya məhkəmə qərarına əsasən silinir. Bu səbəbdən digər müştərinin kartına müdaxilə edilməsi mümkün deyil. Əlavə olaraq, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilməsi tövsiyə edilmişdir. 11.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanan məhkəmə qərardadının icrası ilə bağlı cavab məktubundan görünür ki, qərardadda qeyd edilən "xxxx" ASC tərəfindən emissiya edilmiş 5315 9921 4513 2186 nömrəli plastik kart X4 məxsusdur. 12.Mülki işin materiallarında olan X4 məxsus bank çıxarış məlumatlarından görünür ki, X4 məxsus kart hesabına xx.xx.2024-cü il tarixdə 500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Məhkəmə hazırki iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının tələbini yönəltdiyi cavabdeh hazırki iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur. Belə ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh ASC isə hazırki iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. 14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz». 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, hazırki iş üzrə cavabdeh iddiaçı X1 iddiasına cavab verməli olan şəxs olmamışdır. 17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. 18.Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 19.Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 20.İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 21.Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. 22.Hazırki iş üzrə məhkəmə qeyd edir ki, iddiaçı X3 pul vəsaitini cavabdehə məxsus tətbiq üzərindən səhvən başqa şəxsə (X4) məxsus hesaba köçürmüşdür. Hazırda iddiaçı iddiasına cavab verməli olan şəxsin Bank olduğunu, yəni onun Bankın səhvi ucbatından pulu başqa şəxsə məxsus hesaba köçürdüyünü iddia etsə də, bunu məhz cavabdeh Bankın səhvi nəticəsində baş verməsini sübuta yetirə bilməmiş və məhkəmə tərəfindən də Cavabdeh ASC-nin hazırki iş üzrə təqsiri müəyyən edilməmişdir. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli baxımından iddiaçının pulu köçürdüyü kart hesabının kimə məxsus olmasının aydınlaşdırılması məqsədilə qərardad çıxarılmış, həmin qərardadın icrası ilə bağlı cavab məktubunda pulun səhvən köçürüldüyü kart hesabının X4 məxsus olması aşkar edilmişdir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi cavabdeh Banka qarşı yox, X4 yönəldilməli idi. 23.Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən kart üzərinin “scan” formada oxunması zamanı telefonun ekranına gələn 16 rəqəmlər ona məlum olmuş və həmin an iddiaçı qeyd edilən rəqəmlərin düzgünlüyünü yenidən yoxlamalı olduğu halda bunu etməmiş və diqqətsiz yanaşmışdır. Sırf kart “scan” olunduqdan sonra telefonun ekranın həmin rəqəmlərin gəlməyində məna da elə rəqəmlərin səhv oxunması ehtimalının olması və onun qarşısının alınması olmuşdur. 24.Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı onun tələbinə cavab verməli olan şəxsin dairəsini düzgün seçmədiyindən məhkəmə tərəfindən iddiaçıya cavabdehin əsl cavabdeh X5 ilə əvəz edilməsi təklif edilsə də, iddiaçı bununla razılaşmayaraq iddia tələbinin mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
26. Yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə İddiaçı X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 29.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 30.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 32.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.