Məhkəmə qərarları › İş №e-2(006)-2889/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-2889/2025

19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2889/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi ilə İddiaçı "xxxx" ASC cavabdeh Al X1rşı «subroqasiya qaydasında vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Al Suwayyid X14 və X7 qarşı «subroqasiya qaydasında vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək, vurulmuş zərərin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət (bank xidməti) haqqının cavabdehlər X15 Lateef Raheemdən və X2 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli e- 2(002)2889/2025 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(002)2889/2025 saylı qərardadı ilə iddiaçının nümayəndəsinin X7 aid hissədə iddia tələbindən imtinası qəbul edilmiş, iş üzrə icraata X7 münasibətdə xitam verilmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən X4 mülkiyyətində olan və icarə müqaviləsi əsasında X5 istifadəsində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2023-ci il tarixdə «daşınmaz əmlakın icbari sığortası» növü üzrə RAZ********** nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2024-cü il tarixdə icarə müqaviləsi əsasında X5 istifadəsində olan qeyri-yaşayış sahəsi çoxmərtəbəli binanın yuxarı, yəni cavabdeh X15 Lateef Raheemin istifadəsində olan 26 nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində zərər görmüşdür. Həmçinin iş materiallarında olan «Neftçi» Yaşayış-İnşaat Kooperativinin xx.xx.2024-cü il tarixli subasma hadisəsinə dair arayışından görünür ki, ünvan 2 ünvanda yaşayan X15 Lateef Raheemin mənzilindən gələn su X5 istifadəsində olan qeyri-yaşayış sahəsinin divar, tavan, laminat və döşəməsinə keçməsi nəticəsində yararsız hala düşmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli dəymiş zərərin həcmi ilə bağlı 2408 nömrəli rəydən görünür ki, X4 mülkiyyətində olan və icarə müqaviləsi əsasında X5 istifadəsində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə subasma nəticəsində 350 manat məbləğində zərər vurulmuşdur. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2024-cü il tarixli CFİ-0100/2024-AKT219/24 nömrəli aktla 150 manat azadolma məbləği çıxılmaqla, 200 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür. İddiaçı "xxxx" ASC məhkəməyə ərizələr göndərərək, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan, eləcə də, cavabdeh məhkəmə iclasına gəlmədiyi təqdirdə qiyabi icraat qaydasında baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Al Suwayyid X14 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsinin yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(006)-2889/2025 saylı qərardadı ilə mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2023-cü il tarixli RAZ********** nömrəli icbari sığorta müqaviləsindən (şəhadətnamədən) görünür ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi «Daşınmaz əmlakın icbari sığortası» növü üzrə sığortalanmışdır. - ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 saylı evin 31 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İcarə müqavilələrindən görünür ki, X9 mülkiyyətində olan həmin mənzili 09 yanvar 2020-ci il tarixdə X6, 15 dekabr 2023-cü il tarixdə X8 icarəyə vermişdir. - xx.xx.2024-cü il tarixli subasma hadisəsinə dair arayışdan görünür ki, «Neftçi» Yaşayış insaat Kooperativi tərəfindən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi ev 17 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə su axıdılaraq divara, tavana, laminata, solarium aparatına, döşəməyə ziyan vurulduğu müəyyən edilmişdir. Su axıdılması hadisəsində təqsiri olan şəxs kimi X15 Lateef Raheem göstərilmişdir. - X3 "xxxx" ASC-yə yazdığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi ev 17 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (gözəllik salonu) yuxarı qonşudan su axıdılması nəticəsində ziyan dəydiyini bildirmiş, ona dəymiş zərərin müəyyən edilərək ödənilməsini xahiş etmişdir. - Təqdim olunmuş fotoşəkillərdən görünür ki, aktda qeyd edilən su sızıntısı nəticəsində əmələ gəlmiş izlər açıq-aydın şəkildə müşahidə edilir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2408 saylı dəymiş zərərin hesabatından, həmçinin dəymiş zərər məbləğinin razılaşdırılmasına dair xx.xx.2024-cü il tarixli sazişdən görünür ki, əmlaka dəymiş zərər 350 manat məbləğində müəyyən edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli CFİ0100/2024- AKT219/24 saylı sığorta aktından görünür ki, baş vermiş sığorta hadisəsi ilə bağlı müvafiq prosedur qaydalarına uyğun olaraq akt tərtib edilmiş, sığorta hadisəsinə aid məlumatlar və sığorta ödənişinin məbləği (zərərin məbləği 350 manat, franşiza (azadolma məbləği) 150 manat, ödənilməli sığorta ödənişi 200 manat) əks olunmuşdur. - 24.07.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən faydalanan şəxs X3 "xxxx" ASC-nin İnşaatçılar filialındakı hesabına 200 manat pul vəsaiti köçürülmüşdür. Pul vəsaitinin köçürülməsi üçün əsas sığorta aktı olmuşdur. - Pretenziya məktubundan görünür ki, "xxxx" ASC Al Suwayyid X14 mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə müraciət etmiş, dəymiş zərərə görə ödənilmiş sığorta məbləğinin ödənilməsini xahiş etmiş, əks təqdirdə sığorta ödənişinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehi xəbərdar etmişdir. - 14.04.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat dövlət rüsumu, eləcə də, 0,40 manat xidmət (bank xidməti) haqqı ödənilmişdir. Göründüyü kimi, iddiaçının subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096.1. 1096.2. 1097.1. 1097.3. 448.4-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz cavabdeh X15 Lateef Raheem tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 200 manat məbləğində sığorta ödənişi, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət (bank xidməti) haqqı cavabdeh X15 Lateef Raheemdən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 200 manat məbləğində sığorta ödənişi, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət (bank xidməti) haqqı cavabdeh X15 Lateef Raheemdən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar