Məhkəmə qərarları › İş №e-2(006)-291/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-291/2025

14.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-291/2025 14.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil, Cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər LPO Cavabdeh2 ASC-yə və ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin bağlanılmamasının müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin bağlanılmamasının müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh LPO Cavabdeh2 ASC arasında xx.xx.2012-ci tarixli kredit müqaviləsinin bağlanılmamasının müəyyən edilməsi; İddiaçı LPO Cavabdeh2 ASC qarşısında heç bir borcunun olmamasına dair və xx.xx.2024-cü il tarixli SF 2890 nömrəli "xxxx"ndan Çıxarışda qeyd olunan neqativ məlumatın silinməsi barədə məlumatın "xxxx" MMC-yə göndərilməsi öhdəliyinin cavabdehlər LPO Cavabdeh2 ASC və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması; iddiaçıya vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərc qismində cəmi 370 (üç yüz yetmiş) manat, dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat, cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində pul vəsaitinin cavabdehlər LPO Cavabdeh2 ASC və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli SF-2890 nömrəli "xxxx"ndan Çıxarışın “Borcalanın aktiv öhdəlikləri” adlanan 3.2-ci yarımbəndində qeyd edilmişdir ki, “məlumat təhcizatçısı: Ləğv p.o. Cavabdeh2 ASC, hesab nömrəsi-(00)**********00649, kreditin qalıq məbləği-4530 AZN, faiz məbləği-1419,46 AZN, aylıq ödəniş məbləği-0.00, kreditin verilmə tarixi-xx.xx.2012, sonuncu ödəniş tarixi-xx.xx.2017, kreditin ilkin müqavilə üzrə bitmə tarixi-xx.xx.2012, məqsədi-fiziki şəxslərə istehlak kreditləri, kreditin son müqavilə üzrə bitmə tarixi-xx.xx.2012, əsas borcun gecikdirildiyi günlərin sayı-3738, faizlərin gecikdirildiyi günlərin sayı-3738, kreditin statusu-işlək, təminat növü-daşınan əmlak, dəyəri (manatla) 6500, predmeti və təsviri NA,NA,NA,NA, qeydiyyata almış orqan, tarixi xx.xx.2012”. İddiaçı heç vaxt Ləğv prosesində olan Cavabdeh2 ASC-dən kredit götürməmiş, ümumiyyətlə onun adına ipotekada olan avtomobil olmamışdır. Fond tərəfindən vəkil sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2024-cü il tarixli 24/********** nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı adına olan kredit sənədləri Ləğv prosesində olan Cavabdeh2 ASC-nin arxivində aşkar edilməmişdir. İddiaçı Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu və Ləğv prosesində olan Cavabdeh2 ASC-yə pretenziya məktubu göndərərək, pretenziya məktubunun alındığı tarixdən etibarən 7 gün ərzində İddiaçı "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli SF-2890 nömrəli "xxxx"ndan Çıxarışın “Borcalanın aktiv öhdəlikləri” adlanan 3.2-ci yarımbəndində İddiaçı barəsində qeyd edilən “məlumat təhcizatçısı: Ləğv p.o. Cavabdeh2 ASC, hesab nömrəsi-(00)**********00649, kreditin qalıq məbləği-4530 AZN, faiz məbləği-1419,46 AZN, aylıq ödəniş məbləği-0.00, kreditin verilmə tarixi-xx.xx.2012, sonuncu ödəniş tarixi-xx.xx.2017, kreditin ilkin müqavilə üzrə bitmə tarixi-xx.xx.2012, məqsədi-fiziki şəxslərə istehlak kreditləri, kreditin son müqavilə üzrə bitmə tarixixx.xx.2012, əsas borcun gecikdirildiyi günlərin sayı-3738, faizlərin gecikdirildiyi günlərin sayı-3738, kreditin statusu-işlək, təminat növüdaşınan əmlak, dəyəri (manatla) 6500, predmeti və təsviri NA,NA,NA,NA, qeydiyyata almış orqan, tarixi xx.xx.2012” məzmununda neqativ məlumatın bankın əməliyyat sistemindən silinməsi və İddiaçı Ləğv prosesində olan Cavabdeh2 ASC qarşısında heç bir borcunun olmamasına dair məlumatın "xxxx" MMC-yə göndərilməsini xahiş etsə də, müsbət nəticəsi olmadı. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddia ərizəsinə əlavə olunmuş sənədlərlə təsdiq olunur ki, Ləğv prosesində olan Cavabdeh2 ASC ilə İddiaçı arasında kredit müqaviləsi bağlanılmamış, həmin bank tərəfindən İddiaçı barəsində mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilmiş məlumat əsassız və qanunsuz olmuşdur. Odur ki, yuxarıda sadalanan əsaslı dəlilləri olan iddiaçı həmin kredit müqaviləsi üzrə öhdəliyin icra olunmamasına dair neqativ məlumatın məhv olunmasını cavabdehlərdən tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən, İddiaçı ilə cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC arasında xx.xx.2012-ci tarixli kredit müqaviləsinin bağlanılmaması müəyyən edilməli və İddiaçı Ləğv prosesində olan Cavabdeh2 ASC qarşısında heç bir borcunun olmamasına dair məlumatın "xxxx" MMC-yə göndərilməsi öhdəliyi cavabdehlər Ləğv prosesində olan Cavabdeh2 ASC və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Bu mənada, cavabdehlər kredit öhdəliyi olmadığı halda, iddiaçının barəsində əsassız olaraq neqativ tarixçə yaratmaqla, sonuncunun başqa kredit təşkilatlarından kredit almasına mane olma yolu ilə hüquqlarından sui-istifadə etməkdədirlər.

3. İddiaçı və vəkili-nümayəndəsi Vəkil ərizə təqdim edərək, mülki iş üzrə İddiaçı adından kredit müqaviləsinin rəsmiləşdirilməsi və kreditin götürülərək mənimsənilməsi faktına görə xüsusi qərardad qəbul edilməsini xahiş etmiş, məhkəmənin 14 yanvar 2025-ci il tarixli xüsusi qərardadı ilə mülki işə baxılarkən müəyyən olunmuş cinayətin əlamətlərinə dəlalət edən faktların araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilməsi qərara alınmışdır.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasında İddiaçı və vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini xahiş etdilər.

5. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyib, təmin edilməməsini xahiş etdi.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

8. LPO Cavabdeh2 ASC tərəfindən təqdim edilmiş İddiaçı adına olan hesabdan xx.xx.2007xx.xx.2017-ci il tarixləri əhatə edən çıxarışdan görünür ki, xx.xx.2007-ci il tarixdə 4.530 manat kredit tranşı ayrılmışdır.

9. xx.xx.2008-ci il tarixli 26 nömrəli, xx.xx.2008-ci il tarixli 25 nömrəli, xx.xx.2008-ci il tarixli 44 nömrəli, xx.xx.2008-ci il tarixli 16 nömrəli, xx.xx.2008-ci il tarixli 02 nömrəli mədaxil elanlarından görünür ki, İddiaçı tərəfindən ssuda və faiz borcunun ödənilməsi təyinatı ilə 300 manat, 300 manat, 300 manat, 430 manat, 430 manat məbləğlərində pul “Royal Bank of Baku”nun hesabına ödənilmişdir.

10. xx.xx.2008-ci il tarixli 39 nömrəli, xx.xx.2008-ci il tarixli 17 nömrəli mədaxil elanlarından görünür ki, Mextiyev Kərim və Əliyev Anar tərəfindən İddiaçı ssuda və faiz borcunun ödənilməsi təyinatı ilə 300 manat, 450 manat məbləğində pul “Royal Bank of Baku”nun hesabına ödənilmişdir.

11. LPO Cavabdeh2 ASC tərəfindən təqdim edilmiş İddiaçı adına olan hesabdan xx.xx.2012-xx.xx.2017-ci il tarixləri əhatə edən çıxarışdan görünür ki, kreditin ümumi məbləği 4.530 manat, kreditin verilmə tarixi xx.xx.2012, müqavilə üzrə ödəmə tarixi xx.xx.2012, avtomaşının alınması üçün faiz hesablanmayan kredit, qalıq məbləğ 1.366,16 manat, faiz məbləği 614,65 manat qeydləri edilmişdir.

12. LPO Cavabdeh2 ASC-nin ləğvedicisi tərəfindən xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş xx.xx.2013-cü il tarixli aktdan görünür ki, 2006-2007-ci illər üzrə 1471 işə aid sənədlər saxlanma müddəti başa çatdığı üçün məhv edilmək üçün ayrılmışdır. Kredit dosyesinə aid sənədlərlə bağlı “kredit ödənildikdən və ya balansdan silindikdən sonra” qeydi edilmişdir.

13. İddiaçı tərəfindən LPO Cavabdeh2 ASC-yə və ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyadan və xx.xx.2024-cü il LPO Cavabdeh2 ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, o, 7 gün ərzində xx.xx.2012-ci il tarixli müqavilə üzrə özü barəsində olan neqativ məlumatın bankın əməliyyat sistemindən silinməsi və bank qarşısında heç bir borcunun olmamasına dair məlumatın "xxxx" MMC-yə göndərilməsinə dair tədbirlər görülməsini xahiş etmişdir.

14. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, SF 2890 nömrəli Çıxarışın “Borcalanın aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı fiziki şəxslərə verilmiş istehlak krediti ilə əlaqədar LPO Cavabdeh2 ASC-yə xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.366,16 manat əsas, 1.419,46 manat faiz borcu vardır. Kreditin verilmə tarixi xx.xx.2012-ci il, kreditin bitmə tarixi xx.xx.2012-ci il olmuşdur. Kredit üzrə sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə edilmiş, kredit təminatlı olmuş, dəyəri 6.500 manat olan daşınan əmlak kreditin təminatı kimi girov predmeti olmuş, borc 3.738 gün müddətinə gecikdirilmişdir (3.2-ci bənd).

15. xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən vəkil bürosunun hesabına cəmi 370 manat məbləğində pul ödənilmişdir.

16. LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı aid kredit sənədləri bankın arxivində aşkar edilməmişdir.

17. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin araşdırılaraq məlumat verilməsi aidiyyəti üzrə Əmanətlərin Sığortalanması Fonduna həvalə edilmişdir.

18. Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, müvafiq müraciəti ilə bağlı məsələnin müzakirə olunması üçün o, inzibati binaya dəvət edilmişdir.

19. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

20. LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli (00)**********00649 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 1.366,16 manat əsas, 614,65 manat müqavilə müddəti üçün hesablanmış faiz, 804,81 manat cərimə, 853,86 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 3.639,48 manat məbləğində borc yaranmışdır.

21. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5/1096 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mülki işin 111-17-ci vərəqlərində olan “Royal Bank of Baku”nun xx.xx.2008-ci il tarixli 26 nömrəli, xx.xx.2008-ci il tarixli 25 nömrəli, xx.xx.2008-ci il tarixli 44 nömrəli, xx.xx.2008-ci il tarixli 39 nömrəli, xx.xx.2008-ci il tarixli 17 nömrəli, xx.xx.2008-ci il tarixli 16 nömrəli, xx.xx.2008-ci il tarixli 02 nömrəli mədaxil elanlarının “Təhvil verdim” qrafasındakı imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir.

22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/11463 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 111-ci vərəqində olan xx.xx.2008-ci il tarixli 26 nömrəli, 112-ci vərəqində olan xx.xx.2008ci il tarixli 25 nömrəli, 115-ci vərəqində olan xx.xx.2008-ci il tarixli 17 nömrəli, 116-cı vərəqində olan xx.xx.2008-ci il tarixli 16 nömrəli mədaxil elanlarının aşağı sol hissələrində “Təhvil verdim” qrafalarında olan imzalar - İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş mülki işin 113-cü vərəqində olan xx.xx.2008-ci il tarixli 44 nömrəli, 114cü vərəqində olan xx.xx.2008-ci il tarixli 39 nömrəli, 117-ci vərəqində olan xx.xx.2008-ci il tarixli 02 nömrəli mədaxil elanlarının aşağı sol hissəsində “Təhvil verdim” qrafalarında olan imzanın İddiaçı tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı.

23. Ekspertiza xərclərinə dair xx.xx.2024-cü və il tarixli bildirişlərdən görünür ki, aparılmış tədqiqatların dəyəri 194 manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

24. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş Çıxarışın “Borcalanın aktiv öhdəlikləri” qrafasında İddiaçı fiziki şəxslərə verilmiş istehlak krediti ilə əlaqədar LPO Cavabdeh2 ASC-yə xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.366,16 manat əsas, 1.419,46 manat faiz borcunun olması, kreditin 1 gün müddətinə verilməsi, kredit üzrə sonuncu ödənişin xx.xx.2017-ci il tarixdə edilməsi, dəyəri 6.500 manat olan daşınan əmlakın kreditin təminatı kimi girov qoyulması əks olunmuşdur.

25. İddiaçı həmin bankla aralarında belə bir kredit müqaviləsinin bağlanmadığını bildirərək, neqativ məlumatın bankın əməliyyat sistemindən silinməsi və bu barədə müvafiq məlumatın "xxxx" MMC-yə təqdim edilməsi tələbi ilə banka, bankın ləğvedicisinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına pretenziya qaydasında müraciət etsə də, onun həmin tələbi məhkəmədən kənar öz həllini tapmamış, bankın ləğvedisi tərəfindən verilmiş cavab məktublarından birində isə iddiaçıya aid kredit sənədlərinin bankın arxivində aşkar edilməməsi bildirilmişdir.

26. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla LPO Cavabdeh2 ASC arasında xx.xx.2012-ci tarixli kredit müqaviləsinin bağlanılmamasının müəyyən edilməsini, onun LPO Cavabdeh2 ASC qarşısında heç bir borcunun olmamasına dair və xx.xx.2024-cü il tarixli SF 2890 nömrəli "xxxx"ndan Çıxarışda qeyd olunan neqativ məlumatın silinməsi barədə məlumatın "xxxx" MMC-yə göndərilməsi öhdəliyinin cavabdehlər LPO Cavabdeh2 ASC və ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması və məhkəmə xərclərinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.

27. Məhkəmə araşdırmaları zamanı işin obyektiv həllinə nail olmaq məqsədilə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit və ipoteka (təminat, girov və s.) müqavilələri ilə bağlı dosyenin, kredit və ipoteka (təminat, girov və s.) müqavilələrinin, kassa-məxaric orderinin, hesabdan çıxarışın, maliyyə arayışının və həmin müqavilələr ilə əlaqədar olan digər sənədlərin əsli LPO Cavabdeh2 ASC-dən və ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tələb edilsə də, cavabdehlər tərəfindən məhkəməyə yalnız 2008-ci ilə aid başqa kredit tranşı və 2012-ci ilə aid 1 günlük kredit ilə bağlı hesabdan çıxarışlar, 2008-ci illərə dair ödəniş qəbzləri, 2012-ci ilə aid müqavilə üzrə hesablanmış borcun məbləğinə dair arayış, 2006-2007-ci illər üzrə 1471 işə aid sənədlərin saxlanma müddəti başa çatdığı üçün məhv edilmək üçün ayrılması barədə xx.xx.2013-cü il tarixli akt təqdim edilmiş, aktda kredit ödənildikdən və ya balansdan silindikdən sonra kredit müqavilələrinin ləğv edildiyi qeydi edilsə də və hazırkı kreditin tam ödənilməmiş kimi qeydə alınmasına baxmayaraq, müvafiq kredit və ipoteka müqavilələri məhkəməyə təqdim edilməmişdir.

28. İddiaçı cavabdehlər tərəfindən təqdim edilmiş qəbzlərdəki ödəyiciləri tanımadığını və özünün kredit öhdəliyi olmadığından, heç vaxt ödəniş etmədiyini mübahisələndirdiyindən, cavabdeh tərəfin də vəsatəti ilə xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizaları təyin edilmişdir. Aparılmış ekspertiza tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, həmin qəbzlərdəki imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmiş, həmçinin, iddiaçı tərəfindən ödənildiyi göstərilən qəbzlərdəki imzaların onun tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilməsi, digər şəxslər tərəfindən ödənildiyi göstərilən qəbzlərdəki imzaların isə iddiaçı tərəfindən icra olunub-olunmamasını müəyyən etməyin mümkün olmaması qeyd edilmişdir.

29. Məhkəmə araşdırmaları zamanı həmin müqavilə üzrə borcun ödənilməsi, girov predmetinə yönəldilmə və s. tələblə bank (və ya ləğvedicisi) tərəfindən pretenziya qaydasında iddiaçıya və ya məhkəməyə müraciət edilib-edilməməsi barədə suala cavabdeh tərəf ötən müddət ərzində belə bir tələblə iddiaçıya pretenziya verilmədiyini və ya məhkəməyə müraciət edilmədiyini bildirmişdir.

c) Məhkəmənin mövqeyi:

30. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçı onunla Cavabdeh2 ASC arasında xx.xx.2012-ci tarixli kredit müqaviləsinin bağlanılmamasının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Belə ki, məhkəmə tərəfindən müvafiq qərardadla kredit və ipoteka müqavilələrinin, həmçinin, kreditin verilməsini təsdiq edən kassa məxaric orderinin təqdim edilməsi bankdan və ləğvedicisindən tələb edilsə də, cavabdeh tərəf məhz həmin sübutları məhkəməyə təqdim etməmiş, iddiaçının borcunun olmasını yalnız məhkəməyə təqdim edilmiş hesabdan çıxarışlara və maliyyə arayışına istinadla, müvafiq ödəniş qəbzləri ilə əsaslandırmışdır. İş materiallarında olan ekspert rəylərini tədqiq edən məhkəmə həmin ödəniş qəbzlərini mötəbər sübut kimi qiymətləndirmir (ödəyici qismində İddiaçı qeyd edilən ödəniş qəbzlərindəki imzaların ona məxsus olmaması ekspert rəyləri ilə öz təsdiqini tapır, həmçinin, qəbzlərin mübahisələndirilən müqavilədən əvvəlki tarixlərdə tərtib edildiyi müəyyən edilir). Məhkəmə hesab edir ki, bankın təqdim etdiyi hesabdan çıxarışlar və maliyyə arayışı birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan, məhkəmə tərəfindən həmin sənədlər də öhdəliyin yaranması faktını təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirilmir (Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən (üç ulduzlu) 2-2(102)-575/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı). Beləliklə, göründüyü kimi, iddiaçı ilə aralarında kredit müqaviləsinin bağlanması və həmin müqavilə əsasında iddiaçıya kreditin verilməsi faktını sübutetmə vəzifəsini daşıyan cavabdeh LPO bank buna dair heç bir mötəbər sübutu (müqavilə, razılaşma, saziş və ona əlavə, kassa məxaric orderi və s.) məhkəmə tərəfindən qərardadla tələb edilməsinə baxmayaraq, məhkəməyə təqdim etməmiş, müqavilələrin kredit ödənildikdən sonra ləğv edilməsinə dair aktı təqdim etmiş, lakin həmin müqavilə ləğvetmə aktında göstərilən tarixlərə aid olmamışdır. Məhkəmə araşdırmaları zamanı müqavilənin bağlanmasından və müddətinin bitməsindən 13 il keçməsinə baxmayaraq, bankın və ya ləğvedicisinin iddiaçıya qarşı hər hansı tələblə məhkəməyə müraciət etməməsi müəyyən edilmişdir. İşin bütün faktiki halları və formalaşmış bank təcrübəsi nəzərə alındıqda, 1 günlük müddətə geri qaytarmaq şərtilə təminatlı kredit verilməsi də məhkəmə tərəfindən ağlabatan hesab olunmur.

31. Mülki prosessual qanunvericiliyin tələbinə görə, tərəflər öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır. Burada qeyd edilməlidir ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. Pul öhdəlikləri ilə bağlı münasibətlərdə kredit verilməsi halı kredit müqaviləsi, məxaric qəbzi, yazılı sənədlər və digər sübutlarla müəyyən edildiyi halda, müqavilə üzrə pulun borcalana verilməsi qanuni prezumpsiyaya əsaslanır. Bunun əksini, habelə pulun tam və ya qismən qaytarılmasını isə borcalan sübut etməlidir. Bu qaydanın hazırkı işə tətbiqi nəticəsində isə məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsinin bağlanmadığını, öhdəliyinin olmadığını mübahisələndirən iddiaçının iddiasına etiraz edərək, öhdəliyin yarandığını və mövcud olduğunu bildirən bank ilk öncə həmin öhdəliyin yarandığını sübut etməlidir ki, məhz bundan sonra iddiaçının təqdim edəcəyi sübutlar əsasında onun aktiv öhdəliyinin qalıb-qalmaması məsələsi araşdırılsın. Lakin məhkəmə tərəfindən qəbul edilmiş müvafiq qərardadla tələb edilsə də, bu məsələ ilə bağlı sübut etmə vəzifəsini daşıyan bank tərəfindən mülki qanunvericilikdə mülki hüquqların, vəzifələrin və öhdəliyin yaranmasının əsasları kimi göstərilmiş hər hansı bir halın tərəflər arasında olmasına dair heç bir mötəbər sübutu məhkəməyə verməmişdir.

32. Məhkəmə hesab edir ki, öhdəlik hüquq münasibətləri ilə bağlı hazırkı mübahisə üzrə kreditor (cavabdeh bank) tərəfindən pulun borcluya (iddiaçıya) verilməsi faktını təsdiq edən heç bir sənəd təqdim edilmədiyindən, hazırkı iş üzrə iddiaçı ilə bank arasında kredit müqaviləsinin bağlanmaması müəyyən edilməklə, iddiaçının bank qarşısında ödənilməmiş borcu olmasına dair öhdəliyinin yaranması faktı sübuta yetirilməmiş hesab olunur. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə yuxarıda da qeyd edildiyi kimi, bank tərəfindən birtərəfli qaydada tərtib edilmiş sənəd olduğundan, öhdəliyin yaranması və mövcud olması faktlarını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilmir.

33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının bankla kredit müqaviləsi bağlaması, bankdan kredit götürməsi və banka borcunun yaranması sübut olunmadığına görə, tərəflər arasında Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması faktı öz təsdiqini tapmır. Göstərilənləri ümumiləşdirən məhkəmənin mövqeyinə görə, mövcudluğu öz təsdiqini tapmayan kredit müqaviləsi üzrə öhdəliyin müvafiq reyestrdə iddiaçının adında qalması iddiaçının hüquqlarını pozduğundan (və ya məhdudlaşdırdığından), iddia qismən təmin edilməli, Cavabdeh2 ASC ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin bağlanılmaması müəyyən edilməli, İddiaçı xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə aktiv öhdəliklərinin olmamasına dair məlumatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsinə dair öhdəlik LPO Cavabdeh2 ASC-nin üzərinə qoyulmalıdır.

34. Məhkəmə hesab edir ki, LPO Cavabdeh2 ASC hələ tam ləğv olunmadığından, onun ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fondu hazırkı iş üzrə əsl cavabdeh deyildir. Çünki bank hələ ləğv prosesindədir və hüquqi şəxs kimi mövcuddur, məhkəmədə cavabdeh qismində çıxış etmək qabiliyyətinə malikdir. Həmçinin, qeyd olunur ki, iddiaçı ilə vaxtikən hüquq münasibətlərinə daxil olan şəxs bankın özü olmuşdur. Qeyd edilənlərə əsasən, Əmanətlərin Sığortalanması Fondu hazırkı iş üzrə əsl cavabdeh sayılmır və məhkəmə hesab edir ki, iddia qalan hissədə, yəni ona münasibətdə təmin edilməməlidir. d) Tətbiq edilən hüquq və gəlinən nəticə:

35. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.1, 14.2. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: - Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. - Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. - Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. - Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. - Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. - Başqa şəxsə zərər vurulması. - Əsassız varlanma. - Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. - Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Maddə 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (reyestrdə 2011-ci il qeyd edildiyindən, 2011-ci ildə qüvvədə olan redaksiyada). Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (reyestrdə 2011-ci il qeyd edildiyindən, 2011-ci ildə qüvvədə olan redaksiyada).

36. «"xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi Qaydaları»: 4.2-ci bənd. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 noyabr 2023-cü il tarixli 19 №-li Qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydaları”: 2.1 və 2.1.3-cü bənd. Bu Qaydalara uyğun olaraq indeksləşmə məhkəmə aktlarına aşağıdakı “ulduz” nişanlarının təyin edilməsi yolu ilə həyata keçirilir: ★★★ (üç ulduz) – Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktına təyin edilən fərqləndirici nişandır.

39. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

40. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 ASC ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin bağlanılmaması müəyyən edilməli, İddiaçı xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə aktiv öhdəliklərinin olmamasına dair məlumatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsinə dair öhdəlik LPO Cavabdeh2 ASC-nin üzərinə qoyulmalı, iddia qalan hissədə (cavabdeh ləğvedici Əmanətlərin Sığortalanması Fonduna münasibətdə) təmin edilməməlidir.

41. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 90 (doxsan) manat hissəsi və hüquqi xidmət xərcinin 320 (üç yüz iyirmi) manat hissəsi cavabdeh LPO Cavabdeh2 ASC-dən tutularaq İddiaçı verilməli, xərclərin qalan hissəsi İddiaçı aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 194 (bir yüz doxsan dörd) manat məbləğində pulun 174 (bir yüz yetmiş dörd) manat hissəsi cavabdeh LPO Cavabdeh2 ASCdən, qalan 20 (iyirmi) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh2 ASC ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin bağlanılmaması müəyyən edilsin. İddiaçı xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə aktiv öhdəliklərinin olmamasına dair məlumatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsinə dair öhdəlik LPO Cavabdeh2 ASCnin üzərinə qoyulsun. İş üzrə ödənilmiş dövlət rüsumunun 90 (doxsan) manat hissəsi və hüquqi xidmət xərcinin 320 (üç yüz iyirmi) manat hissəsi cavabdeh LPO Cavabdeh2 ASC-dən tutularaq İddiaçı verilsin, xərclərin qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə (cavabdeh ləğvedici Əmanətlərin Sığortalanması Fonduna münasibətdə) təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 194 (bir yüz doxsan dörd) manat məbləğində pulun 174 (bir yüz yetmiş dörd) manat hissəsi cavabdeh LPO Cavabdeh2 ASCdən, qalan 20 (iyirmi) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE**********0002088501, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar