Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2916/2024 03.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair icra sənədinin icrası ilə əlaqədar olaraq onun əvəzindən ödəniş terminalı vasitəsi ilə ödədiyi 3433 manat pul və əmək haqqından tutulan 3324 manat məbləğində pul, həmçinin icra ödənişinə görə ödədiyi 393 manat olmaqla, cəmi 7150 manat, hüquqi yardıma görə vəkilə ödədiyi 320 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 106 manat, həmçinin, dəymiş ziyana görə 1000 manat olmaqla, cəmi 8576 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə dostluq münasibətlərində olduğu Cavabdeh BOKT "xxxx" MMC-dən 8000 manat məbləğində kredit götürərkən o, da zamin olaraq kredit müqaviləsinə imza etmişdir. Bir müddət sonra Cavabdeh tərəfidən kredit borcunun ödənilməsi dayandırıldığına görə Kredit təşkilatı tərəfindən məhkəməyə müraciət olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1762/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh və ondan müştərək qaydada 4951,82 manat əsas borc, 444,56 manat faiz borcu və 200 manat cərimə olmaqla 5596,38 manat məbləğində pul vəsaiti, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 145 manat ekspertiza xərcinin tutularaq ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi Nəsimi rayon icra şöbəsinə göndərildikdən sonra icra məmuru tərəfindən icraata başlanılmışdır. İcra məmuru iş üzrə əsas borclu Cavabdeh AR ƏN PXnin Cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bildirərək icra sənədi üzrə borc məbləği olan 5596,38 manat pul, 30 manat dövlət rüsumu, 145 manat ekspertiza xərci və icra ödənişinə görə ümumi məbləğin 7 faizi miqdarında olmaqla 393 manat məbləğində icra ödənişinin bütünlüklə onun əmək haqqına yönəldilməsi barədə qərar qəbul etmişdir və icra vərəqəsi icra edilməsi üçün iş yerinə göndərilmişdir. Hər ay əmək haqqından tutulmalar olduğuna görə maddi sıxıntıları yaranmışdır. Bu səbəbdən də borcu tez ödəyib bağlayıb, barəsində olan icra sənədinin icraatına tez bir zamanda xitam verilməsinə nail olmaq üçün 25 aprel 2023-cü il tarixdə “Bank Avrasiya”dan 9000 manat məbləğdə kredit götürərərək xx.xx.2022-ci il tarixdə 3230 manat və xx.xx.2022-ci il tarixdə 203 manat pulu Cavabdeh adından e-manat ödəniş terminalı vasitəsi ilə tələbkarın xeyrinə ödəmişdir. Ödəniş qəbzləri ilə Nəsimi rayon icra şöbəsinə gedərək barəsində olan icra sənədinin xitam olunmasını və əmək haqqından tutulmaların dayandırılmasını xahiş etdikdə, ondan 393 manat məbləğində icra şöbəsinin də ödənilməsi tələb olunmuşdur, icra məmurunun “İcra ödənişinin alınması” barədə Qərarına əsasən 393 manat məbləğində icra ödənişini də ödəyib qəbzini Nəsimi rayon icra şöbəsinin icra məmuruna təqdim etmişdir. Bundan sonra Nəsimi rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə əmək haqqından tutulmalar dayandırılmışdır. Əmək haqqından tutulmalarla bağlı iş yerindən icra şöbəsinə göndərilən arayışda onun əmək haqqından cəmi 3324,70 manat məbləğində pulun tutularaq icra sənədi üzrə borca ödənildiyi bildirilmişdir. BOKT "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən kredit borcunun tam olaraq ödənildiyi təsdiq olunmuşdur. Krediti götürən şəxs Cavabdeh öhdəliyini yerinə yetirib kredit borcunu ödəmədiyinə görə kredit borcunu zamin olaraq məcburən o, ödəməli olmuşdur. Borcu bir dəfəyə ödəyib barəsində olan icra sənədinə xitam verilməsi məqsədi ilə Bank Avrasiyadan 9000 manat məbləğdə kredit götürərək həmin banka da faiz ödəmişdir. Həmçinin əmək haqqından hər ay tutulmalar icra sənədinin icrasına yönəldiyinə görə bu müddətdə maddi cəhətdən ehtiyaclarını ödəməkdə çətinlikləri olması səbəbi ilə mənəvi cəhətdən də sarsıntılar keçirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin izahatında bildirdi ki, icra məmuru əmək haqqından tutulmanın dayandırılması barədə məktubu gec göndərdiyi üçün, 3 ay əmək haqqından artıq pul tutulması səbəbindən borc məbləğindən artıq pul iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh tərəfindən isə iddiaçıya cəmi 571 manat ödənilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş, məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh iddia tələbini qismən etiraf edərək, izahatında bildirmişdir ki, icra vərəqəsinə əsasən tutulmalı borc məbləği 5771,38 manatdır. İddiaçı isə ondan 7150 manat pul istəyir. İddiaçı bildirir ki, 3433 manat əmək haqqından tutulmuş, 3324 manat isə nəğd qaydada banka ödənilmişdir. Bu məbləğlərlə icra vərəqəsində göstərilən məbləğ arasında çox böyük fərq vardır. Bundan əlavə İlkin ona ödədəyi pulları iddia ərizəsində göstərməmişdir. İlkinə 1771 manat pul ödəmişdir-1071 manatını kartına köçürmüş, 700 manatı isə birbaşa vermişdir. Bunu təsdiq edən sübutlar “whatsapp” yazışmaları və ödəniş qəbzləridir. Onun hal-hazırda İlkinə 3771,38 manat borcu vardır. Kredit götürən zaman 1000 manat pul vermişdir. İlkinə cəmi 2771,38 manat pul ödəmiş, ona qalan borcu 3393 manat təşkil edir. Məhkəmə işdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2020ci il tarixdə verilmiş xx.xx.2020-ci il tarixli e-2(006)-1762/2020 saylı icra sənədindən görünür ki, həmin icra sənədi 4.951 manat 82 qəpik əsas borc, 444 manat 56 qəpik faiz, 200 manat cərimə olmaqla, cəmi 5.5996 manat 38 qəpik pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməli, 145 manat ekspertiza xərci cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi haqqında verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, icra sənədinə əsasən 5.5996,38 manat pul vəsaiti və ödənilmiş 30 manat Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməli olması səbəbindən xx.xx.2021ci il tarixdə borclunun əmək haqqından hər ay 40 faiz miqdarında pulun tutularaq tələbkarın bank hesabına ödənilməsi üçün müraciət olunmuşdur. Borclu İddiaçı əmək haqqından 25 faiz miqdarında tutulması xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, icra sənədi üzrə borc ödənildiyindən, İddiaçı əmək haqqından tutulmaların dayandırılması xahiş edilmişdir. İş materiallarında olan "xxxx" MMC “GHC” filialının maliyyə məsələləri tərəfindən Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə ünvanlanmış arayışın surətindən görünür ki, kreditin tutulması dayandırılmış və tutulmuş məbləğ-3324.7 manat göstərilən hesaba ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 9513 №-li və xx.xx.2022-ci il tarixli 9614 №-li qəbzlərin surətlərindən görünür ki, müştəri Cavabdeh adına BOKT İdeal Kredit hesabına 3230 və 203 manat daxil edilmişdir. Göründüyü kimi, cavabdehin kredit öhdəliyinin zamin, yəni hazırki iş üzrə iddiaçı olan İddiaçı tərəfindən icra edilməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ödədiyi məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Cavabdeh kredit müqaviləsi üzrə BOKT "xxxx" MMC-yə olan borcu qaytarmamaqla kreditverən qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. İddiaçı kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, Cavabdeh zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, İddiaçı BOKT "xxxx" MMC qarşısında birgə məsuliyyət daşımaqla tələb edilən borcu ödəmişdir. Belə ki, zaminə, yəni iş üzrə iddiaçıya kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1 -ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Lakin, məhkəmə cavabdehdən tutulmalı olan pul məbləğinin iddiada göstərilən məbləğdə tutulması ilə razılaşmayaraq, tələbin ödənilməli olan məbləğdən artıq olması qənaətinə gəlir. Məhkəmə iddia tələbinin “kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair icra sənədinin icrası ilə əlaqədar olaraq onun əvəzindən ödəniş terminalı vasitəsi ilə ödədiyi 3433 manat pul və əmək haqqından tutulan 3324 manat məbləğində pul” tələbi hissəsinə münasibətdə qeyd edir ki, ümumilikdə tutulmalı məbləğin 5771.38 manat olduğu halda iddiaçı tərəf 6757 manat tələb etməsini icra məmurunun əmək haqqından tutulmanın dayandırılması barədə məktubun gec göndərməsi səbəbindən 3 ay əmək haqqından artıq pul tutulması kimi izah etmiş, çalışdığı "xxxx" MMC-nin təqdim etdiyi arayışda onun əmək haqqından tutulmaların məbləği 3324.7 manat qeyd edilmiş, iddiaçı 3433 manat pulun ödənilməsinə dair sübut kimi məhkəməyə eManat ödəniş terminalı vasitəsi ilə 203 manat və 3230 manatın “müştəri Cavabdeh”nun BOKT "xxxx" MMC-nin hesabına kredit ödənişi” qəbzlərini təqdim etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş xx.xx.2020-ci il tarixli e-2(006)-1762/2020 saylı icra sənədinə əsasən borclulardan müştərək qaydada ümumilikdə 5771.38 manatın (4951.82 manat əsas borc, 444.56 manat faiz borcu, 200 manat cərimə borcu, 30 manat dövlət rüsumu və 145 manat ekspertiza xərci) tutularaq BOKT "xxxx" MMC-yə ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Nəsimi rayon icra şöbəsinin iddiaçının çalışdığı quruma göndərdiyi məktubla müəyyən edilir ki, icra sənədi üzrə borc tamamilə ödənilmiş, məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh isə borcun bütünlüklə iddiaçı tərəfindən ödənilməsini etiraf etmişdir. Beləliklə, 5771.38 manatın iddiaçı tərəfindən ödənilməsi mübahisələndirilmir. İddiaçı tərəfindən təqdim edilən sənəd və sübutlarla müəyyən edilir ki, 3324.7 manat əmək haqqından tutulmaqla və 3433 manat Cavabdeh hesabına kredit borcu üzrə terminal vasitəsi ilə ödənilməklə, iddiaçı tərəfindən cəmi 6757.7 manat ödənilmişdir. Lakin, cavabdeh öz izahatında bildirmişdir ki, kredit götürülən zaman İlkinə 1000 manat, sonradan isə hissə-hissə 1771 manat pul vermiş, onun iddiaçıya 02 iyul tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahata görə 3771.38 manat, 12 iyul tarixdə olan məhkəmə iclasında verdiyi izahata görə isə 3393 manat borcu qalmışdır. Cavabdeh öz dəlillərini məhkəməyə təqdim etdiyi ödəniş terminalı qəbzləri və “whatsapp” sosial şəbəkəsi yazışmalarından edilmiş çıxarışlarla sübut etməyə çalışmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən təqdim olunmuş “whatsapp” sosial şəbəkəsi yazışmaları qanuna uyğun qaydada əldə edilmiş hesab edilməklə sübut kimi qiymətləndirilməlidir. “Elektron Məhkəmə Sistemi”ndən əldə edilən məlumata əsasən “whatsapp” sosial şəbəkəsi yazışmaları aparılan +**********61 mobil nömrəsi İddiaçı məxsus olması müəyyən edilir. İddiaçı tərəfindən “Whatsapp” sosial şəbəkəsi yazışmasında “Emil mene cemi 2 defe pul verib. 700bir sennen gelmiwdi heyetde. Sonrada 1 defe 500 verib. İndide sen verdin
500. Cemi 1700 pul vermisiz” ifadə edilmiş, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərində 66 manatın, 500 manatın “416973******8825” nömrəli kart hesabına və 505 manatın isə yazışmada iddiaçı tərəfindən köçürülmə aparılması üçün əks olunmuş Fərid Məmmədov adına olan “510307******1082” kart hesabına, ümumilikdə 1071 manatın kart hesablarına köçürülməsi əks olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi cavabdeh tərəfindən cəmi 571 manatın ödənilməsini etiraf etsə də, məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilən məbləğin 1771 manat olması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, cavabdeh kredit götürülərkən iddiaçıya 1000 manat verməsinə dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddia tələbinin “393 manat icra ödənişinə görə ödədiyi məbləğin tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən icra ödənişinin məbləğinin 25 faizi dövlət büdcəsinə, qalan hissəsi isə icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Qanunvericiliyin tələbinə görə icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Lakin, iddiaçı bu məbləğin ondan tutulmasına dair heç bir sübutu məhkəməyə təqdim etməməklə, tələbini əsaslandıra bilməmişdir. Odur ki, qeyd edilən hissəsə iddia təmin edilə bilməz. Beləliklə də, məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(006)-1762/2020 saylı icra sənədi üzrə iddiaçıdan tutulan məbləğin müqabilində cavabdehdən 4986.7 (6757.7-1771=4986.7) manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “hüquqi yardıma görə vəkilə ödədiyi 320 manat” tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia təmin olunmaqla cavabdehdən 320 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan qəbzdən müəyyən olunur ki, iddiaçı tərəfindən hüquqi yardıma görə “Vəkil” təyinatına 321 manat ödəniş edilmişdir. Məhkəmə verilmiş tələbə qiymət verməli olduğundan hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən edilməklə iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdehdən 320 manat məbləğində pul tutulmalı olması qənaətinə gəlir. Məhkəmə iddia tələbinin “dəymiş ziyana görə 1000 manatın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, əvvəla dəymiş ziyanın maddi yaxud mənəvi olması qeyd edilməmiş, hər hansı birini qeyd etmiş olduğu halda belə buna dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən ödənilmiş 106 manat dövlət rüsumunun 76 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 30 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ödənilmiş borcun əvəzi olaraq 4986.7 manat, hüquqi xidmətə görə 320 manat və ödənilmiş dövlət rüsumuna görə 76 manat alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4986.7 manat, hüquqi xidmətə görə 320 manat və ödənilmiş dövlət rüsumuna görə 76 manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 30 manatı iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Nail Abbasov