Məhkəmə qərarları › İş №e-2(006)-294/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-294/2023

08.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-294/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 10.000 (on min) manat məbləğində pulun və vəkilə ödədiyi 300 manat və 130 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, o, 2019-cu ilin sentyabr ayından ünvan 1 ünvanında yerləşən “Hasy” restoranında ofisiant işləyir. xx.xx.2020-ci il tarixdə Kafeyə müştəri qismində gələn Cavabdeh1 ilə bir neçə müddətdən sonra münasibətləri yaranmış və yoldaşlıq etmişlər. xx.xx.2020-ci il tarixdə Cavabdeh1 restorana gələrək ondan 1000 manat borca pul istəmişdir və həmin vaxtı ona 1000 manat pulu restoranda vermişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə Cavabdeh1 yenidən onun işlədiyi restorana gələrək 15 gün müddətinə qaytaracağı şərti ilə ondan 7000 manat borca pul istəmişdir. Pulu verməzdən əvvəl ondan pulu nə üçün istədiyini soruşduqda Cavid bildirmişdir ki, evinin əşyaları və qızılları girovda olduğundan və həmin əşyaları girovluqdan çıxartmaq üçün pul lazım olduğunu bildirmişdir. O da Cavabdeh1 sözlərinə inanmışdır. O zaman onların arasında yaxşı mehriban münasibət olduğu üçün o, həmin məbləği Cavabdeh2 yanında ona vermişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh1 yenidən restorana gələrək ona bildirmişdir ki, 8000 manat pulun üzərinə 2500 manat əlavə edərsə, o zaman Amerikadan 2 ədəd zədələnmiş avtomobil gətirəcək və gömrük xərcini özü ödənilməsi şərti ilə həmin avtomobilləri satıb ona olan borcunu və əlavə olaraq qazanc verəcəkdir. Bu barədə Cavabdeh1 öz xətti ilə əlyazma formasında qeydini yazıb ona vermişdir. Cavabdeh1 ondan aldığı 10500 manatı pulu xx.xx.2020-ci il tarixdə artıqlaması ilə qaytaracağını bildirmişdir. Eyni zamanda Cavid onunla telefon yazışmalarında aldığı pul vəsaitini avtomaşın alveri ilə məşğul olduğunu, ona və özünə gəlir verəcəyini bildirmişdir. Həmin vaxt onunla Cavid arasında söhbətlərində restoranda ofisiant işləyən Şahin Cəbiyevin yanında olmuşdur. Lakin, Cavabdeh1 deyilən vaxtda nə avtomobilləri gətirmiş, nə də ona olan 10500 manat pulu qaytarmamışdır. Sonradan onun dəfələrlə müraciətindən sonra Cavabdeh1 ona 500 manat pul qaytarmışdır. Həmin vaxtı o təklif etmişdir ki, Cavidə verdiyi 10.000 manat pulu Notariusla rəsmiləşdirsinlər və Cavid hər ay ona 400 manat pul qaytarmaqla borcu bağlasınlar. Lakin, o zaman Notarius bildirmişdir ki, pul verilən vaxtı notariusda rəsmiləşdirmək lazımdır. Bu faktı Cavid özü də ona yazdığı yazışmada təsdiq etmişdir. Bir neçə gündən sonra o həm Cavidə, həm də Erkinə zəng edərək pulunu istəmişdir. O zaman onların hər ikisi pulu qaytaracaqlarını bildirsələrdə, qaytarmamışlar. Sonradan onların hər ikisi onun telefonlarını açmamışlar. Lakin, o, “whattsapp” yazışmaları ilə Caviddən pulunu istədikdə Cavid ona bildirmişdir ki, guya avtomaşınları gətirmiş və satmışdır, əldə etdiyi pulu başqa borclarına sərf etmiş və ona olan borcunu hissə-hissə ödəyəcəkdir. Belə ki, Cavid ona olan borcunu az-az olmaqla- 300-500 manat qaytaracağını bildirsə də, lakin sonradan həmin məbləğləri də qaytarmaqdan imtina etmişdir. Sonradan onunla Cavabdeh1 arasında olan yazışmalarda daha həyasızlıq edərək, onu söyüb, təhqir etmişdir. Ona görə də o məcbur olub Polis Orqanlarına müraciət etmişdir və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi İstntaq Şöbəsinin 1-NK133 saylı təhqiqat materialı üzrə dəfələrlə araşdırmalar aparılmış və Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərar qəbul olunmuşdur. Mübahisəli iş üzrə Polis Orqanında şahid kimi izahatı alınmış Cavid həyasızlıq edərək güya ondan az məbləğdə vəsait bildirmişdir. Bu tamamilə yalan və böhtandır. Çünki onunla aparılmış yazışmalarda Cavid ona 11000 manat borclu olduğunu etiraf etmişdir. Lakin, nədənsə Polis əməkdaşları onu aldadaraq alınan pulların dələduzluqla alınması hallarına düzgün qiymət verməmişdır. Polis əməkdaşları tərəfindən izahatı alınmış və iş materiallarına əlavə edilmiş şahid X3 izahatında bildirmişdir ki, o, 2020-ci ilin oktyabr ayından ünvan 2 ünvanında yerləşən “Hasi” restoranında ofisiant işlədiyini, o ofisiant işlədiyi restoranda olarkən həmin restorana mütəmadi olaraq müştəri qismində gələn Cavabdeh1 onunla restoranda ofisiant işləyən onunla yaxınlıq etmişdir. Dəfələrlə onların arasında iş qurmaq və qazanc əldə etmək üçün danışıqlar olmasının şahidi olmuşdur. O, Cavabdeh1 ümumilikdə 10500 manat pulu Şahinin yanında hissə-hissə pul verdiyini şahidi olmuşdur. Cavabdeh1 dostu Cavabdeh2 isə ümumilikdə 1850 manat pul verdiyinin şahidi olmuşdur. Həmin pulları sonunculara verməkdə onun məqsədi birlikdə qazanc əldə etmək olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddia tələbi ilə razı deyildir. Nəsimi rayon Baş Polis İdarəsində izahat verərək borcu aldığını etiraf etmişdir, lakin o, 7500 manat borcdan 5000 manatını ödəmişdir. Hazırda iddiaçıya 2350 manat borcunun olmasına baxmayaraq iddiaçı onun geri ödədiyi pulları saymır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, iddiaçı onun qardaşı oğludur. O, əmisi oğlu, yəni onun oğlu ilə birlikdə kafedə işləyir. Bir gün ona dedi ki, Cavid ondan maşın alqı-satqısı üçün borc pul istəyir. Mehrab ona 10500 manat məbləğində pul verdiyini dedi. Pul onun yanında verilməyib, lakin oğlu kafedə buna şahid olmuşdur. Daha sonra Cavid pulu ödəmədiyini görəndə ona bildirdi ki, Mehrab atasız-anasız uşaqdır, onun pulunu qaytarsın. O da bildirdi ki, 400 manat düzəldib verəcək. Cavabında ona dedi ki, pulu Şahinə, yəni onun oğluna versin, oğlu onun kartına göndərər. Cavid oğluna 400 manat verdikdən sonra onunla görüşdü və 50 manat da verərək bildirdi ki, bunu uzaq yol gəldiyi yol pulu olaraq verir. Lakin, o isə ona dedi ki, ona əlavə pul lazım deyil. Qardaşı oğlunun borcunu qaytarsa, kifayət edir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, iddiaçı onun əmisi oğludur. Kafedə birlikdə işləyirlər. Cavid arada kafeyə gəlib-gedirdi. Mehrab Cavidə 10500 manat məbləğində pul verdikdə o da onun yanında idi. Pulu hissəhissə 2 dəfəyə verib. Cavid həmin pulu Amerikadan maşın gətirmək üçün almışdı. Ondan sonra borcu qaytarmadıqları üçün aralarında narazılıq yaranmışdır. Məhkəmə iddiaçı və onun nümayəndəsi və vəkilinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Anar Nağıyev tərəfindən qəbul edilən 13 may 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Polis Bölməsində Cavabdeh1 izahatı alınmış və o, öz izahatında bildirmişdir ki, İddiaçı 5 aya yaxındır ki, tanıyır. Onunla tanışlığı ünvan 3 ünvanında yerləşən “Hasi” restoranında ofisiant işləyəndən olmuşdur. Noyabr ayında onun pula ehtiyacı olduğu üçün İddiaçı ümumilikdə 7000 manat borca pul almışdır. O, borcu gecikdirdiyinə görə Mehraba 2000 manata yaxın faizlə pul ödəmişdir. İddiaçı ərizəsində onun ondan iş görmək adı ilə və ya Amerikadan zədələnmiş avtomobillər gətirmək adı ilə pul alması barədə göstərdiyi xüsusatlar tam yalan və böhtandır, o, bununla bağlı heç bir məbləğdə pul istəməmiş və almamışdır. Hal-hazırda onun Mehraba 5000 manata yaxın borcu vardır. Dəfələrlə Mehraba olan borcunu hissə-hissə ödəsə də, sonuncu həmin məbləğləri qəbul etməyərək borcunu tam şəkildə ödəməsini ondan tələb etmişdir. O, İddiaçı 2500 manat pul almışdır. Həmin pulu ondan almaqda məqsədi müəyyən girovda olan əşyalarını götürüb 3 gün müddətində həmin məbləğin üstündə 500 manat artıqlaması ilə qaytarması olmuşdur. Həmin məbləğin 3000 manatını İddiaçı tam şəkildə qaytarmışdır. İddiaçı borca və faizə pul götürməsi söhbəti yalnız onların ikisi arasında olmuşdur. O, İddiaçı heç vaxt hədələməmiş və təhqir etməmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, tərəfindən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında borc pulun verilməsinə dair münasibətlər olmuş, İddiaçı Cavabdeh1 10.000 manat məbləğində borc pul almışdır. Cavabdeh tərəfindən iddiaçıdan götürdüyü borc pulun qaytarılmaması səbəbindən iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış, tərəflərin izahatı alınmış, mübahisə mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh1 öz izahatında iddiaçıdan 7500 manat məbləğində pulun alınmasını etiraf etmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları – cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara və şahid ifadələrinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə yalnız 7500 manat məbləğində pul tutulmalıdır. İddianın qalan hissəsi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin hissədə iddiaçı tələbini sübuta yetirə bilməmiş, tələb etdiyi həddə borcunun olmasını və həmçinin vəkilə ödənilən 300 manat pul vəsaitini təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə 7500 (yeddi min beş yüz) manat məbləğində əsas borc, dövlət rüsumu olaraq ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar