Məhkəmə qərarları › İş №e-2(006)-2963/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2963/2022

05.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2963/2022 05.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məhkəmə orqanı və ibtidai araşdırma orqanı tərəfindən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın baş verməsini nəzərə alaraq, maddi ziyan və əldən çıxmış faydaya görə 29.450 (iyirmi doqquz min dörd yüz əlli) manat, mənəvi ziyana görə 100.000 (yüz min) manat kompensasiya pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hesabından tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən tutularaq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq aparılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-220/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli hökmü ilə (Hakim: Hafiz Kamranov) qeyd edilən cinayət əməlinin törədilməsində guya təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X12 (sədrlik edən, məruzəçi hakim), X6 və X3 ibarət tərkibdə baxılmış məhkəmə prosesində çıxarılmış 1(103)-234/2022 saylı, 15 mart 2022-ci il tarixli bəraət hökmünə əsasən, məhkum edilmiş şəхs İddiaçı və onun müdafiəçisi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-220/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə əsasən ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilərək onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. İddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin, vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində Nərimanov rayon Polis İdarəsi tərəfindən heç bir əsas olmadan tutulmuş, Nərimanov Rayon Məhkəməsinin qanunsuz hökmü ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər 1 il 1 ay 7 gün qanunsuz həbsdə saxlanılmışdır. İddiaçının barəsində qanunsuz cinayət işinin aparılması və həbsi ona, ailəsinə həm maddi, həm mənəvi cəhətdən böyük zərbə vurmuşdur. Anası iddiaçıya hər ay 150 manat məbləğində, hər həftə ərzaq və qeyri-ərzaq malları gətirmiş, iddiaçının saxlandığı Şüvəlan qəsəbəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına taksidən istifadə etməklə gediş-gəliş üçün 25+25=50 manat, yəni hər həftə 200 manat, 1 il 1 ay 7 gün ərzində 10.600 (on min altı yüz) manat pul xərclənmişdir. İddiaçı həbsdə olduğu dövrdə səhhəti pisləşmiş, ona 1000 (min) manat məbləğində dərman alınaraq müalicəsi üçün xərclənmişdir. İddiaçı məhkəmə prosesləri uzun müddət davam etmiş, anası məhkəməyə gedən gün hər dəfə 50 manat məbləğində ərzaq almış, gediş-gəliş üçün 5+5=10 manat, yəni hər dəfə 60 manat pul xərcləmişdir. Bununla bağlı məhkəməyə gediş-gəliş xərcləri 1000 manat təşkil etmişdir. İddiaçının Nərimanov Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində hüquqlarının müdafiəsi ilə bağlı 300+300=600 manat pul xərclənmiş, hal-hazırki mülki iş üzrə 250 manat olmaqla, cəmi 850 (səkkiz yüz əlli) manat pul xərclənmişdir. İddiaçı həbs edilməmişdən öncə fərdi işlə məşğul olmaqla hər ay 1000 manat pul qazanmışdır. Həbsdə olduğu dövrdə 11.000 (on bir min) manat fayda onun əlindən çıxmışdır. İddiaçının həbsi ilə bağlı anası normal surətdə özünü müalicə etdirə bilməmiş, iddiaçının həbsi anasının da sağlamlığına mənfi təsir göstərmişdir. Hazırda iddiaçının anasının müayinə-müalicə olunması üçün 5000 manat pul lazımdır. Lakin bunun üçün iddiaçının maddi vəziyyəti imkan vermir. İddiaçı hesab edir ki, bu pul da cavadehdən onun xeyrinə tutulmalıdır. İddiaçının həbsdə olması və barəsində aparılan cinayət işi ilə bağlı onun şərəf və ləyaqətinə sağalmaz zərbə vurulmuşdur. Ətrafda hamı iddiaçını cinayətkar, oğru kimi qələmə verir. Buna görə də mənəvi ziyan olaraq iddiaçıya 100.000 (yüz min) manat pulun ödənilməsi zəruridir. İddiaçının qeyri-qanuni olaraq azadlıqdan məhrum edilməklə həbsdə saxlanılması ilə əlaqədar onun səhhəti pisləşmiş, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gəlmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Sonradan İddiaçı və vəkili-nümayəndəsi Vəkil iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı məhkəmə orqanı və ibtidai araşdırma orqanı tərəfindən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın baş verməsini nəzərə alaraq, maddi ziyan (Nərimanov Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində və Azərbaycan Respublikası Ali Məhkəməsində 301 manat + 301 manat + 251 manat = 853 manat, eyni zamanda, hazırki iş üzrə 251 manat, cəmi 1104 manat) və əldən çıxmış faydaya görə 29.704 (iyirmi doqquz min yeddi yüz dörd) manat, mənəvi ziyana görə 100.000 (yüz min) manat kompensasiya pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hesabından tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia tələbinə etiraz ərizəsi təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia tələbi əsaslı deyil, belə ki, iddia ərizəsində iddiaçı fərdi əməklə məşğul olmasını, müəyyən məbləğdə aylıq gəlirini qeyd etsə də, bununla bağlı hər hansı əsaslandırıcı sübut təqdim etməmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər iş materiallarına əlavə edilməmişdir. Həmçinin, iddiaçı öz səhhətində yaranmış problemlərlə bağlı və anasının müalicəsi üçün müəyyən məbləğdə kompensasiyanın ödənilməsini tələb edir. Lakin iddiaçının məhz həbs olunduqdan sonra bu xəstəliyə məruz qalmasını təsdiq edən sənəd işin materiallarına əlavə edilməmişdir. İddiaçı, bəlkə, həbs edilmədən öncə bu xəstəliyin daşıyıcısı olub, yəni həmin xəstəliyə məhz həbsdə olarkən məruz qalmasını təsdiq edən sənəd yoxdur və qeyd olunan məbləğin, həqiqətən də, müalicəsi ilə bağlı xərclənməsini sübut edəcək hər hansı bir dəlil təqdim etməmişdir. Bundan əlavə, iddiaçı həbsdə olduğu müddətdə ailəsi tərəfindən ona gətirilən ərzaq və qeyri-ərzaq məhsulları və xərclənən nəqliyyat xərclərinin əvəzinin də Maliyyə Nazirliyi tərəfindən ödənilməsini tələb edir. Halbuki, iddiaçıya özünün və ailə üzvlərinin müalicə xərclərinin, həmçinin, ona ailəsi tərəfindən gətirilən sovqatın, çəkilən digər xərclərin əvəzinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı, həmçinin, mənəvi zərər 100.000 manat ödənilməsini tələb edir. Lakin iddiaçı ona maddi və mənəvi ziyanın dəyməsi hallarını təsdiq edən hər hansı sübut təqdim etmədən və ümumi ifadələrlə kifayətlənərək ziyanın ödənilməsini tələb etmişdir. İddiaçı onun barəsində mənfi fikirlərin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Mövcud qanunverciliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.7-ci bəndinə əsasən, Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Eyni zamanda, “Dövlət büdcəsi” ifadəsi də ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş almasına baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, cavabdehin etiraz ərizəsini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1990-ci il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan sorğu əsasında təqdim edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(005)-162/2021 saylı qərarından görünür ki, vəsatət və təqdimat təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı həbsdə saxlanma müddəti istintaq müddəti həddində, yəni 2 ay 16 gün müddətinə müəyyən edilmiş, həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri 11 saylı Vəkil Bürosu ilə X1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1367 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, Vəkil İddiaçı ona həvalə edilən tapşırıq əsasında Nərimanov Rayon Məhkəməsində hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 290 (iki yüz doxsan) manat, marka puluna görə 10 (on) manat, bank xidmətinə görə 1 (bir) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, X1 tərəfindən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun (Vəkil) hesabına 301 (üç yüz bir) manat məbləğində pul ödənilmişdir. Mülki işin materiallarında olan sorğu əsasında təqdim edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(005)-220/2021 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı təyin olunmuş və xx.xx.2021-ci il tarixə çəkilməmiş qalan 11 ay 27 gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə İddiaçı qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, İddiaçı cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin əvvəli 08 fevral 2021-ci il tarixdən hesablanmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri 11 saylı Vəkil Bürosu ilə X1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1685 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, Vəkil İddiaçı ona həvalə edilən tapşırıq əsasında Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 290 (iki yüz doxsan) manat, marka puluna görə 10 (on) manat, bank xidmətinə görə 1 (bir) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, X1 tərəfindən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun (Vəkil) hesabına 301 manat məbləğində pul ödənilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)- 234/2022 saylı hökmündən görünür ki, məhkum edilmiş şəxs İddiaçı və onun müdafiəçisi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 220/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli hökmü məhkum edilmiş şəxs İddiaçı və onun müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuş, İddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin, vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri 11 saylı Vəkil Bürosu ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 620 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, Vəkil İddiaçı ona həvalə edilən tapşırıq əsasında Nəsimi Rayon Məhkəməsində hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 240 (iki yüz qırx) manat, marka puluna görə 10 (on) manat, bank xidmətinə görə 1 (bir) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun (Vəkil) hesabına 251 manat məbləğində pul ödənilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi Rayon MKTB 52 saylı MKİS-in xx.xx.2022-ci il tarixli, 96 nömrəli arayışından görünür ki, İddiaçı R.Axundov küçəsi, 7 saylı evin 14 nömrəli mənzilində yaşayır. Mülki işin materiallarında olan “X13” tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 90 nömrəli arayışdan görünür ki, İddiaçı Nəsimi rayonu, Abbas Zamanov küçəsi 11,13, giriş İ, mərtəbə 13, mənzil 5-də hal-hazırda yaşayır. Mülki işin materiallarında olan Bakı şəhəri 11 saylı Vəkil Bürosunun xx.xx.2022-ci il tarixli, 439 nömrəli arayışından görünür ki, həmin büroda fəaliyyət göstərən Vəkil İddiaçı Nərimanov Rayon Məhkəməsində AR CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair olan cinayət işində hüquqlarının müdafiəsi ilə bağlı xx.xx.2021-ci il tarixli, 1367 saylı müqavilə üzrə (marka və xidmət haqqı ilə birlikdə) 300 manat, Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə dair işində hüquqlarının müdafiəsi ilə bağlı xx.xx.2021-ci il tarixli, 1685 saylı müqavilə üzrə (marka və xidmət haqqı ilə birlikdə) 300 manat və Nəsimi Rayon Məhkəməsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə işində hüquqlarının müdafiəsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 620 saylı müqavilə üzrə (marka və xidmət haqqı ilə birlikdə) 250 manat, cəmi üç iş üzrə 850 manat məbləğində xidmət haqqı ödənilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri 11 saylı Vəkil Bürosu ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1190 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, Vəkil İddiaçı ona həvalə edilən tapşırıq əsasında Azərbaycan Respublikası Ali Məhkəməsində hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 240 (iki yüz qırx) manat, marka puluna görə 10 (on) manat, bank xidmətinə görə 1 (bir) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun (Vəkil) hesabına 251 manat məbləğində pul ödənilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1288/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya protesti təmin edilməmiş, İddiaçı barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-234/2022 nömrəli hökmü kassasiya prostestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri 11 saylı Vəkil Bürosunun xx.xx.2022-ci il tarixli, 883 nömrəli arayışından görünür ki, həmin büroda fəaliyyət göstərən Vəkil İddiaçı AR Ali Məhkəməsində AR CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair olan cinayət işində hüquqlarının müdafiəsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 1190 saylı müqavilə üzrə (marka və xidmət haqqı ilə birlikdə) 251 manat məbləğində xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(005)-162/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş, onun həbsdə saxlanma müddəti istintaq müddəti həddində, yəni 2 ay 16 gün müddətinə müəyyən edilmiş, həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(005)-220/2021 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı təyin olunmuş və xx.xx.2021-ci il tarixə çəkilməmiş qalan 11 ay 27 gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə İddiaçı qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, İddiaçı cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin əvvəli 08 fevral 2021-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-234/2022 saylı hökmü ilə məhkum edilmiş şəxs İddiaçı və onun müdafiəçisi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 220/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli hökmü məhkum edilmiş şəxs İddiaçı və onun müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuş, İddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin, vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1288/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, İddiaçı barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-234/2022 nömrəli hökmü kassasiya prostestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı 08 fevral 2021-ci il tarixdən hesablanmaqla 15 mart 2022-ci il tarixədək, yəni 1 (bir) il 1 (bir) ay 7 (yeddi) gün və ya 402 (dörd yüz iki) gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. İddiaçı və ya anası tərəfindən Nərimanov Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində və Azərbaycan Respublikası Ali Məhkəməsində vəkil tərəfindən peşəkar hüquqi yardımın göstərilməsi məqsədilə müvafiq olaraq 301 manat, 301 manat və 251 manat olmaqla, cəmi 853 manat məbləğində pul vəsaiti vəkilə ödənilmişdir. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi və bunun nəticəsində ona maddi zərər dəyməsi işin mübahisəsiz halıdır. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikası dövlət büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırki iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyrimümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən, bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən, «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır: Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Kalaşnikov Rusiyaya qarşı» iş üzrə 15 iyul 2002-ci il tarixli qərarda Konvensiyanın 3-cü maddəsinin, 5-ci maddəsinin 3-cü bəndinin və 6-cı maddənin 1ci bəndinin pozulması faktını müəyyən etməklə yanaşı, Konvensiyanın 41-ci maddəsinin zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsi müddəasına istinad edərək dəymiş zərər, mənəvi ziyan, məhkəmə xərcləri və digər məsrəflər məsələsini də müzakirə etmişdir. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona məhrum olduğu gəlirlərə görə maddi ziyanın və əldən çıxmış faydanın 29.704 (iyirmi doqquz min yeddi yüz dörd) manat məbləğində olmasını bildirsə də, bu iddiasını kifayət qədər əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Lakin iddiaçı qanunsuz olaraq həbsdə saxlandığı müddətdə hüquqi yardıma görə vəkilə ümumilikdə 853 manat məbləğində pul vəsaiti ödənildiyini təsdiq edən qəbzləri məhkəməyə təqdim etdiyindən, məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıya vurulmuş maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli və iddiaçıya vurulmuş 853 manat məbləğində maddi ziyanın əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi halda məhkəmələrin iddianı maddi zərər hissəsində rədd etməsi üçün əsasdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) İddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur və məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsinin aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X5rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsinin qismən, yəni 14.000 (on dörd min) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, İddiaçı 08 fevral 2021-ci il tarixdən hesablanmaqla 15 mart 2022-ci il tarixədək, yəni 1 (bir) il 1 (bir) ay 7 (yeddi) gün və ya 402 (dörd yüz iki) gün həbsdə saxlanılması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən dəymiş mənəvi ziyana görə 100.000 (yüz min) manat məbləğdə ödənilməsi ağlabatan deyildir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin hüquqi yardıma görə pulun ödənilməsi hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edərək bildirir ki, hüquqi yardıma görə ödənilmiş 250 (iki yüz əlli) manat və 1 (bir) manat bank xidmət haqqı iddiaçının xeyrinə cavabdehin vasitəsi ilə büdcə vəsaiti hesabına ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dövlət büdcəsinin vəsaiti hesabına 853 (səkkiz yüz əlli üç) manat məbləğində maddi zərərin, 14.000 (on dörd min) manat məbləğində mənəvi zərərin əvəzi, göstərilən hüquqi xidmət xərcinə görə 250 (iki yüz əlli) manat və 1 (bir) manat bank xidmət haqqı İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 853 (səkkiz yüz əlli üç) manat məbləğində maddi zərərin, 14.000 (on dörd min) manat məbləğində mənəvi zərərin əvəzi, göstərilən hüquqi xidmət xərcinə görə 250 (iki yüz əlli) manat və 1 (bir) manat bank xidmət haqqı məbləğində pul vəsaiti İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar