Məhkəmə qərarları › İş №e-2(006)-2968/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2968/2024

30.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2968/2024 30.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, 2016-cı il aprel ayının əvvəlində düşmən təxribatları nəticəsində sərhəd boyunca başlayan döyüşlər cəmi dörd gün davam etdi və “Aprel döyüşləri” kimi Azərbaycan tarixinə düşdü. Döyüşlər əsasən, Tərtər bölgəsində baş verdi və bəzi mövqelər düşməndən azad olunmaqla, Azərbaycan Ordusunun üstünlüyü ilə nəticələndi və bununla da “keçilməz erməni səngərləri” haqqında mif alt-üst edildi və ordumuz nəyə qadir olduğunu real olaraq düşmənə göstərdi. Bu tarixi döyüşlərdən cəmi bir il sonra, yəni 2017-ci ilin may ayının 1-dən başlayaraq, Tərtər bölgəsində yerləşən hərbi hissələrdə xidmət göstərən və birbaşa “Aprel döyüşləri”nin iştirakçısı olan hərbi qulluqçular arasında kütləvi şəkildə olmaqla, “düşmənə hərtərəfli xidmət göstərən xəyanətkarlar” axtarılmağa başladı və bu barədə 2017-ci il may ayının 7-də AR Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yaydı. (Ətraflı bu linkdə: https://genprosecutor.gov.az/az/post/1752) Həmin bəyanatda deyilirdi: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”. Bəyanatdan o da məlum oldu ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və hərbi xidmət əleyhinə olan digər cinayət faktları üzrə 3 may 2017-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və digər bir sıra maddələri ilə cinayət işi başlayıb. Bir müddət sonra isə, bu “cinayət işi” üzrə məhkəmə hökm ilə 25 nəfər şəxsin təqsirləndirilərək 10 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edildiyi, eyni zamanda, yüzlərlə əsgər və zabit (dəqiq sayı məlum deyil) bu “cinayət işinin istintaqı” zamanı amansız işgəncələrə məruz qaldığı və ən azı 11 nəfər hərbiçinin vəhşicəsinə, verilən işgəncələr nəticəsində həyatını itirdiyi barədə xəbərlər yayıldı. Bütün bu qanlı hadisələr Azərbaycan cəmiyyətində şərti olaraq, "Tərtər işi", “Tərtər terroru”, “Tərtər qətliamı” kimi adlanır və mütəmadi olaraq, geniş ictimai müzakirələrə səbəb olur. İddiaçı, İddiaçı mərhum övladı, N nömrəli hərbi hissənin 2-ci taborunun maddi-texniki təminat tağımının avtomobil manqasının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X9 da 03 may 2017-ci il tarixində, günorta saatlarında, qanunsuz sorğulamaların aparıldığı işgəncə məkanına gətirilmış və may ayının 6-sı səhər saatlarına qədər dəhşətli işgəncələr altında öldürülmüşdür. X3 ölümü ilə bağlı Tərtər Hərbi Məhkəməsinin 1(098)-9/2019 saylı, 13 mart 2019-cu il tarixli hökmündə yazılır: “...Bundan başqa, Fuad Ağayev 03 may 2017-ci il tarixdə günorta saatlarında, əsgər Turan İbrahimlinin verdiyi məlumata əsasən, dövlətə xəyanət etməkdə şübhəli bildiyi N nömrəli hərbi hissənin 2-ci taborunun maddi-texniki təminat tağımının avtomobil manqasının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X4 fiziki və psixi zor tətbiq edilməklə və işgəncə verilməklə sorğu-sual edilməsi üçün həmin hərbi hissənin köhnə qərargah binasına gətizdirmişdir. Elçin Quliyev düşmənlə əməkdaşlıq etməsini təkzib etdiyindən Fuad Ağayev, habelə onun qanunsuz göstərişinə əsasən Cabir Qəhrəmanov, Sənan Maşıyev, Elçin Əliyev, Qurban Cümşüdov, Cavid Ağadadaşov, Ruslan Mikayılov, Polad Əzizov və qrupun hal-hazırda istintaqla şəxsiyyətləri müəyyən edilməmiş digər üzvləri, Elçin Quliyevin köhnə qərargah binasına gətirildiyi vaxtdan 06 may 2017-ci il tarixdə səhər saatlarınadək olan müddətdə, həmin binada olduqları müxtəlif vaxtlarda, qabaqcadan əlbir olan bir qrup şəxs halında Elçin Quliyevdən onun düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək, təkrarən qəsdən xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə aşkar surətdə köməksiz vəziyyətdə olan Elçin Quliyevə qarşı zorakı hərəkətlər etmiş, yəni günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə köhnə qərargah binasının ikinci mərtəbəsində olan otaqlarda, habelə dəhlizdə əynində olan paltarlarını soyundurub əllərini və ayaqlarını yapışqanlı lentlə və ya iplə, habelə ətrafda baş verənləri görməməsi üçün gözlərini əski parçası ilə bağladıqları Elçin Quliyevin bədəninin müxtəlif nahiyələrinə yumruq, şillə və təpiklə, habelə plastik boru və digər küt əşyalarla çoxsaylı zərbələr vurmuş, onu üzü üstə uzadıb tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün qollarından və ayaqlarından tutub, başını vannadakı suyun içinə salıb bir neçə saniyə saxlamış, nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda başını sudan çıxarıb nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, habelə onu arxası üstə uzadıb tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün başından, qollarından və ayaqlarından tutub əski parçasını onun ağzının üstünə qoymuş, əskinin üstündən ağzına su tökmüş, su ağzına dolduğundan və nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda ağzının üstündən əskini götürərək nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, boğularaq çabaladıqda tutub saxlamış, daha şiddətli təsir etməsi üçün onun üstünə su töküb xüsusi qurğu vasitəsi ilə, naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə bədəninə bir neçə dəfə elektrik cərəyanı vermişlər. Elçin Quliyev düşmənlə məxfi əməkdaşlıq etməsini etiraf etdikdən sonra da əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas almaq məqsədilə, eyni üsullarla fiziki zor tətbiq etməyə və işgəncə verməyə davam edərək, Elçin Quliyevə “alın nahiyəsində sağda, burun kökü, sol qulaq seyvanı və qulaqarxası sahədə sıyrıqlar, hər iki çiyin qurşağı, yuxarı və aşağı ətraflarda, qalça tini nahiyəsində öndə ətrafı sıyrıqlı qançırlar, döş qəfəsinin bütün sahələrində, sol sağrı nahiyəsində sıyrıqlar, hər iki bilək nahiyəsində dairəvi formalı sıyrıq, hər iki bazu və sağrı nahiyələrində qançırlar və dərialtı hematomalar, başın yumşaq toxumalarının iç səthlərində yayılmış qansızmalar, baş beyin toxumasının ödemli olması, ağciyərlərin kəskin ödemi, çoxsaylı subplevral qansızmalar, hər iki böyrək və böyrəkətrafı toxumalara qansızma” xəsarətlərini yetirərək, qəsdən onun sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuş, zəruri tibbi yardım göstərilməsini, habelə ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsini təmin etməmişlər. Nəticədə, Elçin Quliyev bədənin çoxsaylı küt travması nəticəsində bədəninin ümumi intoksikasiyası və poliorqan çatmamazlığı səbəbindən 06 may 2017-ci il tarixdə səhər saatlarında işgəncələrə məruz qaldığı və qanunsuz saxlanıldığı köhnə qərargah binasında ölmüşdür”. ( səh.-9-10) X3 2017-ci ilin may ayının 3-dən 6-na qədər qanunsuz sorğulamalara cəlb edilərək saxlanılması və ağır işgəncələrlə üç günün içərisində öldürülməsi faktı, Tərtər Hərbi Məhkəməsinin 1(098)-9/2019 saylı, 13 mart 2019-cu il tarixli və 1 (098)-7/2019 saylı, 31 yanvar 2019-cu il tarixli hökmləri ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Qasım Məmmədovun icraatında olan ********* saylı cinayət işinin materialları və yüzlərlə şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Lakin, həmin cinayət işləri üzrə təqsirləndirilən şəxslər ordumuzun yüzlərlə əsgər və zabitlərinə qarşı ağlagəlməz, dəhşətli işgəncə növlərini amansızlıqla tətbiq etməklərinə baxmayaraq onlara, etdikləri cinayət əməlinə uyğun olmayan, çox cüzi cəzalar verildi və zərərçəkmiş şəxslər, oğul itirmiş analar və həyat yoldaşları işgəncə altında öldürülmüş xanımlar onlara qarşı edilən bütün təsir və təzyiqlərə baxmayaraq, illərlə, öz haqlarını tələb etməklə müxtəlif instansiyalara, eyni zamanda, ölkə başçısına yazılı müraciətlər və açıq çağırışlar etdilər. Yüzlərlə zərərçəkmişə misli görünməmiş üsullarla işgəncələrin verildiyi bu cinayət işinə yenidən baxılmasını və iş üzrə istintaqın təzələnməsini tələb etdilər. Nəticədə, ölkə başçısının göstərişi ilə AR Baş Prokurorluğunda sözügedən cinayət işinin istintaqı təzələndi. Yenidən başladılmış istintaqın nəticəsi olaraq AR Baş Prokurorunun müraciəti əsasında sözügedən iş üzrə məhkəmələrin müvafiq hökm və qərarlarına AR Ali Məhkəməsinin Plenumunda yeni açılmış hallar üzrə yenidən baxıldı. “Dövlətə xəyanət” adı altında dəhşətli işgəncələr görmüş və 10 ildən 20 ilə qədər qanunsuz olaraq azadlıqdan məhrum edilmiş əsgər və zabitlərin barəsindəki bütün cinayət işlərinə bəraətvericiəsaslarla xitam verildi, öldürülən şəxslərin və digər zərərçəkmişlərin üzərindən “Vətən xaini” damğası götürüldü. Yenidən aparılmış istintaqın nəticəsi olaraq zərərçəkmiş şəxslərin təqsiri sübuta yetirilmədiyindən, onların tutulması, saxlanılması, qanunsuz sorğulamalara cəlb edilməsi, təqsirləndirilən şəxs qismində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində onlara vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası onlara izah edildi. (Ətraflı bu linkdə: https://apa.az/az/hadise/terter-isi-uzre-cinayetislerinin-icraati-tezelenib-birge-melumatvideo-676760 Bu işdə yuxarıda qeyd edilən tələbkarlardan birincisi, İddiaçı olub. O, yaşadığı maddi və mənəvi çətinliklərə baxmayaraq, 7 il ərzində əziz balasının zülmlə öldürülməsində iştirakı olan hər bir cinayətkarın həbs olunmasını və övladının haqqını tələb etməkdən bir addım belə geri çəkilməyib. Elçin Quliyev aldığı çoxsaylı ağır xəsarətlər nəticəsində işgəncə məkanında həyatını itirdikdən sonra, ailəsinə xəbər verilmədən Müdafiə Nazirliyinin tanımadıqları əməkdaşları tərəfindən yaşadıqları kəndə gətirilmiş və “vətən xaini” kimi kənd qəbirstanlığında basdırılmışdır. İddiaçı isə oğlunun “vətən xaini” olmasına heç bir vaxt inanmamış, Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin və digərlərinin qanunsuz hərəkətləri nəticəsində heç bir günahı olmadan öldürülməsinin əzabını çəkməklə yanaşı, istəkli oğlunun vətən xaini olmadığını, əksinə, vətənini sevən bir əsgər olduğunu sübut etmək üçün, özünün çox ağır bir durumda olmağına baxmayaraq çətin bir mübarizəyə başlamışdır. Həmin vaxt o ailəli idi, onun anadangəlmə yataq xəstəsi olan bir qızı və digər bir oğul övladı da var idi. Lakin oğlunun uğrunda haqq mübarizəsinə o, tək çıxmalı oldu və bu yolda çox ağır və dözülməz mərhumiyyətlər yaşadı. Eyni zamanda oğlunun ölümü ilə bağlı dərin depressiya yaşadığından həmin ərəfədə 21 il baxdığı, xəstə qızına əvvəlki kimi baxa bilmədiyindən həmin övladı da vəfat etdi. Bundan başqa, qardaşının ölümünü qəbul edə bilməyən, Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş digər oğlu da, ağır psixoloji xəstəliyə tutuldu və bu günə qədər də həmin xəstəliklə yaşayır. Həmin vaxtdan bu günə qədər, həmin oğluna da anası (iddiaçı) baxır. Bütün müalicəsini, həkim, dərman xərclərini özü ödəyir. Eyni zamanda, həmin oğlunun ailəsinə və iki övladına da baxır, bütün xərclərini qarşılayır. Ən əsası, nəyin bahasına olursa-olsun, oğlunu müalicəsini davam etdirmək məcburiyyətindədir, çünki xəstəliyin daha da ağırlaşmaması üçün hər il ən azı iki dəfə olmaqla müalicə davam etməlidir. Bu da xeyli məbləğ qarşılığında başa gəlir. Bütün bu maddi və mənəvi ağırlıqlarla birgə, oğlunun barəsində istər xidmət yoldaşlarının, istərsə də yaşadığı rayonda (kənddə) əhali arasında yaranmış mənfi fikir və şübhələr, “vətən xaininin anası” və buna bənzər eşitdiyi sözlər, edilən qınaqlar bir ana üçün dözülməz hala çevrildi və həm də digər səbəblər onu daimi olaraq yaşadığı evini, ailəsini, dişiylə-dırnağı ilə, oğlu Elçinin köməkliyi və maddi dəstəyi ilə qurub yaratdığı təsərrüfatını və kəndini tərk etməyə məcbur oldu. Lakin hara getsə də, oğluna vurulmuş bu qara ləkə hər yerdə onun baş qaxıncı oldu. Bütün bu olanlar onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb oldu və çox ağır sarsıntılar yaşadı. Oğlunun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması saysız-hesabsız psixi, fiziki və mənəvi olmaqla, ona çox ağır və dözülməz iztirablar yaşatdı və bu gün də həmin iztirabları yaşamaqdadır. Eyni zamanda, ailənin yeganə gəlir gətirəni, evin maddi təminatçısı olan övladının heç bir günahı olmadan, gənc yaşında ağır işgəncələr altında öldürülməsi bir anaya hansı dərəcədə, həm mənəvi, həm də maddi baxımdan zərər vurması işin mübahisə olunmayan tərəfidir. Odur ki, qanuna müvafiq olaraq iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın əvəzi ödənilməlidir. Elçin Quliyev hərbçi kimi qulluq etdiyi ərazidən qanunsuz olaraq işgəncə məkanına aparılaraq, amansızlıqla öldürülən zaman İddiaçı ev xanımı idi, heç bir yerdə işləmirdi. Yuxarıda qeyd edildiyi kimi anadangəlmə yataq xəstəsi olan qızına baxırdı. Ailənin bütün təminatı oğlu Elçinin üzərində idi. Hər bir işdə güvəndiyi və fəxr etdiyi oğlu var idi. Lakin birdən-birə, o sakit, güvənli həyatı darmadağın oldu. Həmişə haqqında fəxrlə danışdığı çox sevdiyi oğluna “vətən xaini” deyilirdi artıq. Hətta sosial şəbəkələrdə özü ilə oğlunun şəkillərini yanaşı qoyaraq, üzərində “vətən xaini” və “vətən xaininin anası” sözlərini yazanlar da var idi. Ona görə də edilən tənələrə, ona rişxənd edən insanlara, hər dəfə onu aşağılayan baxışlara dözə bilmədi. Hər yerdə əzildi, sındı, utandı. Bütün bu əzabları bitirmək üçün özünü öldürmək, onu yaşamağa qoymayan, utandıran sıxan həyatından qurtarmaq istədi, oğlunun üzərində qalan “xain” adını həzm edə bilmədi, bacarmadı və yaşamaq məcburiyyətində qaldı. Dərin depressiyalar yaşadı, lakin sonunda çıxış yolunu amansız işgəncələr altında öldürülən oğlunun və özünün haqqı uğrunda mübarizə aparmaqda gördü və bilmədiyi, görmədiyi, hər addımında təhdid, qorxu, şantaj, hədə dolu çətin mübarizəyə başladı. Oğlunun atası (keçmiş həyat yoldaşı) oğlunun haqqı uğrunda mübarizə aparmasına razı olmadı, icazə vermədi, olanlarla barışmağını tələb etdi. Belə olan halda o evindən də çıxdı, kirayələrdə yaşadı, amma mübarizəsinə davam etdi. Bütün bu yaşadıqları iddiaçının sağlamlığına və mənəviyyatına çox ağır zərbələr və sağalmaz yaralar vurdu. X3 zərərçəkmiş şəxs qismində tanındığı cinayət işləri üzrə cəlb edilmiş təqsirləndirilən şəxslər və hələ də istintaqa cəlb olunmayan digər şəxslər, E.Quliyevə və digər zərərçəkmişlərə işgəncə verən, bu prosesi təşkil edən zaman Azərbaycan dövlətini təmsil edirdilər və bir çoxları bu gün də təmsil edirlər. Yəni adi mülki vətəndaş kimi yox, hərbi hissənin Müdafiə Nazirliyi tərəfindən təyin edilmiş hərbi rütbəli vəzifəli şəxsləri kimi çıxış ediblər. Müdafiə Nazirliyinin digər qurumlarla birlikdə 07 may 2017-ci il tarixli bəyənatından sonra dövlətə xəyanət və digər cinayət faktlarının araşdırılması üçün tabeçiliyində olan iddiaçı və çoxsaylı digər hərbi qulluqçuları xidmət yerlərindən (postlardan, döyüş mövqelərindən, bölüklərdən) hərbi hissənin digər ərazilərində yerləşən bölük və hissələrinə aparmağa göstəriş vermiş, qara maskada olan digər hərbi hissələrdən olan hərbi qulluqçuların ixtiyarına vermişlər. Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı rəsmi məlumatlardan görünür ki, 2017-ci ilin may-iyun ayları ərzində Ağdam, Tərtər, Beyləqan və digər rayonlar ərazisində həm 1-ci, həm də 2-ci Ordu korpuslarının tərkibinə daxil olan müxtəlif hərbi hissələrdən N nəfər hərbi qulluqçu (zabit, gizir, müddətdən artıq və müddətli hərbi xidmət hərbi qulluqçuları) qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, işgəncəyə və qeyri-insani rəftara məruz qalmışlar ki, onlardan da 11 nəfəri bu qanunsuz proses zamanı həyatlarını itirmişdir. Başqa sözlə, cinayət əməlləri Müdafiə Nazirliyinin tabeçiliyində olan 1 Ordu korpusunda yüzlərlə hərbi qulluqçunu əhatə etmişdir, cinayət əməlləri qısa müddət ərzində deyil, ən azı 2 ay ərzində davamlı şəkildə həyata keçirilmişdir. Bu səbəblərdən də təqsirləndirilən şəxslərin belə böyük miqyasda və uzun müddət ərzində həyata keçirdiyi qanunazidd əməllər nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi yuxarıda istinad edilən AR Mülki Məcəlləsinin 1100cü maddəsinin tələbləri əsasında həyata keçirilməlidir. Həmin tələblərdən göründüyü kimi, dövlət orqanlarının və bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası ödəməlidir. Anası və digər yaxınlarıları cəmiyyət içərisində utanc hissi ilə yaşamış, şəxsi və ailə sirləri cəmiyyət içərisində təhrif olunmuş qaydada yayılmış, şərəf, ləyaqət və işgüzar nüfuzlarına ləkə gəlmiş, illərlə cəmiyyətdən təcrid olunmuşlar. Belə ki, yaşadıqları kənddə, rayonda toya, yasa getməmiş, qohumqonşu arasında utanc hissi ilə yaşamış, daima mənəvi narahatlıq, stres və əzab hissləri keçirmiş, ətrafdakı insanlar tərəfindən mütəmadi olaraq, alçaldıcı və təhqiredici hərəkətlərə, münasibətlərə məruz qalmış, nəticədə bir ana olaraq sağlamlığını da itirmişdir. Bununla bağlı vurulmuş mənəvi ziyanın əvəzini hər hansı bir pul qarşılığında kompensasiya etmək mümkün olmasa da, iddiaçı nisbi olaraq, ona vurulmuş mənəvi zərəri 5 000 000 (beş milyon) manat məbləğində qiymətləndirir. Həmçinin, bundan sonra həyatı yurd-yuvasından, evindən-təsərrüfatından ayrı düşərək, kirayələrdə, işsiz və gəlirsiz qalıb, haqsızlıqlarla mübarizə aparmaqla, vəkil axtarmaq, ona pul ödəmək, yüzlərlə dövlət idarələrinə qəbullara getmək, teleqramlar, ərizələr, şikayətlər göndərmək, digər ailələri tapıb onlarla birləşmək, birgə hərəkət etməklə mübarizə aparmaq, sübutlar toplamaq, Tərtər, Gəncə, Şəki və Bakı şəhərlərində illərlə gedən məhkəmələrdə iştirak etməklə davam edib. Bütün bunlar isə, qaçılmaz şəkildə mənəvi ağır psixoloji travmaları birə on qat artırıb, eyni zamanda onsuz da çətin olan maddi vəziyyətini daha da pisləşdirib, dəfələrlə, borc almağa məcbur olub. Çünki heç bir yerdə işləmirdi, onu işə götürmürdülər, ona “vətən xaininin anası” kimi baxırdılar. Bütün bunlarla yanaşı, həm də maddi gəlirindən, həmçinin əldən çıxmış fayda olaraq digər gəlirlərindən məhrum olub. Belə ki, Elçin Quliyev işlədiyi müddət ərzində, yəni 2017-ci ilin may ayının 6-a qədər hər ay, 850 manat maaş qismində və digər əlavə ödənişlər almışdır. Əgər 2017-ci ilin iyun ayında öldürülməsə idi, E.Quliyevin öldürüldüyü tarixdən bugünə qədər keçən 85 ay ərzində onun maaşı, 72.250 (yetmiş iki min iki yüz əlli) manat edir (85 ay X 850 = 72.250). Bundan başqa, Elçin Quliyev işlədiyi müddətdə dövlətdən hər ay olmaqla, kirayə pulu 262.50 (iki yüz altmış iki manat əlli qəpik) manat (85 ay X 262.50 = 22.312) ildə bir dəfə olmaqla maddi yardım 370 (üç yüz yetmiş) manat, (7 il X 370 = 2.590) məzuniyyət pulu 430 (dörd yüz otuz ) manat (7 il X 430 = 3.010) və 13-cü maaş 680 (altı yüz səksən) manat (7 il X 680 = 4760) alıbdır. Cəmi: 32.672 (otuz iki min altı yüz yetmiş iki) manat. Ümumi məbləğ: 104.922 (yüz dörd min, doqquz yüz iyirmi iki) manat. Bundan əlavə, əldən çıxmış fayda olaraq, vəzifədə yüksəliş, hərbiçilərin maaşların artırılması, həmin pulun müəyyən bir qisminin hansısa, bir işə yatırılaraq əlavə gəlirlərin də əldə olunması nəzərə alınsa, ümumlikdə ailənin itirdiyi vəsait 500.000 ( beş yüz min) AZN məbləğində dəyərləndirilməlidir. İddiaçı maddi çətinliklər ucbatından bir neçə dəfə müxtəlif vaxtlarda, müxtəlif şəxslərdən ümumilikdə 10000 manatdan çox borc götürməyə məcbur olub. Bundan əlavə, iddiaçı, oğlunun əsassız ittiham və işgəncələr nəticəsində, eyni zamanda dövlətə xəyanət kimi ağır mənəvi iztirab verən cinayətdə əsassız ittiham edilərək öldürülməsi nəticəsində ciddi psixoloji travmalar alıb və bu səbəbdən fiziki sağlamlığına zərər dəyib. Bu psixoloji travmaların müalicəsi uzun müddətli və çox bahalıdır, həmçinin digər müxtəlif tipli xəstəliklərlə üz-üzə qalıb, əməliyyat olunub. Lakin heç vaxt maddi imkansızlıqdan tam müalicə olunmayıb. Çünki bu xəstəliklərin müalicəsi, həkim qəbulu, alınacaq dərmanlar ümumi müalicə kursları böyük məbləğlər tələb edir. Beləliklə, iddiaçıya tam reabilitasiya və fiziki sağlamlığına vurulmuş zərəri aradan qaldırmaq üçün təxminən, 10000 (on min) manat civarında vəsait lazımdır. 2017-ci ildən hazırkı tarixə qədər Bakı şəhəri də daxil olmaqla, respublikanın bir çox şəhər və rayonlarında gedən məhkəmə proseslərində və digər proseslərdə iştirak etmək üçün çəkilən xərclər 15000 (on beş min) manat civarında dəyərləndirilməlidir. Xüsusi sənədləşmiş sübutları olmayan xərclərlə bağlı, eləcə də mənəvi ziyanla bağlı məhkəmə təcrübəsində adətən bu cür qaçılmaz olaraq çəkilən xərclər məsələsi nəzərə alınır, obyektiv olaraq xərclərin qaçılmaz şəkildə çəkilmiş olması ən azından onların hamısının da olmasa bir qisminin tanına bilinməsi üçün əsas ola bilər. Qeyd edilməlidir ki, Elçin Quliyev 2017-ci ilin may ayının 3-də qanunsuz saxlanılaraq işgəncələrlə öldürüldükdən sonra ölkədə həm ümumi, həm sahəvi–xüsusi inflyasiya daim olub: ərzaq, geyim və s. bazarı, əmək bazarı, əmlak-kirayə və torpaq alqısatqı bazarı və s. Buna görə də, bütün tanınacaq olan zərərlərin aid olduqları sahələr üzrə və ümumi ölkə inflyasiyası göstəricilərinə uyğun indeksləşməsi aparılmalı və həmin məbləğlər də cavabdehdən tələb edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən cavabdeh təşkilatdan aşağıdakı kompensasiya məbləğləri tələb olunur: Maddi zərər kimi – 639.922 (altı yüz otuz doqquz min, doqquz yüziyirmi iki) manat, Mənəvi zərər kimi – ******* (beş milyon) manat. Həmçinin, həmin məbləğlər azı 38% həcmdə inflyasiyaya görə indeksləşdirilərək ödənilməlidir. Göstərilənlərə əsasən, İddiaçı maddi zərər olaraq, 639.922 (altı yüz otuz doqquz min, doqquz yüziyirmi iki) manat, mənəvi zərər olaraq 5.000.000 (beş milyon) manat həcmində kompensasiyanın indeksasiya olunmaqla, cavabdehdən alınaraq ödənilməsi, X1 maaş qismində aldığı pul vəsaitinin hər ay, ömürlük olmaqla pensiya kimi ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra cavabdehin nümayəndəsi X10 iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, İddiaçı hərbi prokurorluq orqanları tərəfindən hüquqi varisi olduğu oğlu barəsində AR Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işinin başlanmasını, işgəncələrə məruz qalmasını və nəticədə onun ölməsi ilə əlaqədar hüquq-mühafizə orqanlarının hərəkətlərini qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən mənəvi ziyanın əvəzi olaraq 5.000.000 manat, maddi ziyanın əvəzi olaraq 639.922 manat, ümumilikdə 5.639.922 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən müvafiq dövlət orqanına qarşı deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edilir ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi naqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki, sözügedən qanunda “müvafiq icra hakimiyyəti”, yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin, AR Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» AR Qanunun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin, sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Həmçinin, Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi "Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsində və məhkəmə iclaslarında qeyd edilən halları bir daha təsdiq edərək qeyd etmişdir ki, iddiaçı indiyənə kimi oğlunun vəfat etməsi ilə bağlı ona ödənilməli olan heç bir vəsaiti qəbul etməyib və bundan imtina edib. Lakin hazırda oğluna bəraət verilib və o hesab edir ki, oğlunun ölümü ilə bağlı ona vurulan mənəvi ziyan almaq hüququ vardır. Maddi ziyana gəlincə isə o, oğlunun sağlığında aldığı əmək haqqının ona pensiya kimi hər ay ödənilməsini tələb edir. Həmçinin, iddiaçı mərhumun sağlamlıq imkanları məhdud qardaşına və onun ailəsinə baxmaqdadır. Hesab edilir ki, bu kimi hallar qərar qəbul edilərkən göz önünə alınmalıdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. 7.Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 9.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum oğlu X9 ölümündən qabaq N nömrəli hərbi hissənin 2-ci taborunun maddi-texniki təminat tağımının avtomobil manqasının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi xidmət qulluqçusu olmuşdur. Xidmət etdiyi dövrdə Müdafiə Nazirliyinin bir qrup vəzifəli şəxsi tərəfindən işgəncə verilərək xx.xx.2017-ci il tarixdə öldürülmüşdür. Bu fakt nazirliyin vəzifəli şəxsləri barəsində aparılmış cinayət işi üzrə qəbul edilmiş Tərtər Hərbi Məhkəməsinin 13 mart 2019-cu il tarixli hökmü və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2020-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Daha sonra iddiaçı mərhum X3 vərəsəsi kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, həmçinin iş üzrə aparılan cinayət işi üzrə istintaq və məhkəmə zamanı zərərçəkmişin hüquqi varisi qismində tanınmışdır. Hazırda iddiaçı oğlunun Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələr verilməklə öldürülməsi nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu bildirərək, öldürüldüyü gündən keçən 85 ay ərzində aylıq 850 manat əmək haqqından, aylıq 262.50 manat kirayə haqqından, 370 manat məbləğində maddi yardım haqqından, 430 manat məzuniyyət pulundan, 680 manat məbləğində 13-cü maaşdan məhrum olduğuna, vəzifədə yüksəliş, maaş artımı və həmin pul məbləğlərindən istifadə edərək gəlir əldə edə biləcəkləri halda, məhrum olduqları əldən çıxmış faydaya görə 500.000 manat, ərinin ölümündən sonra götürdüyü borclara görə 10.000 manat, özünün müalicəsinə görə 10.000 manat və cinayət işi üzrə məhkəmə proseslərində iştirak etmək üçün çəkdiyi xərclərə görə 15.000 manat olmaqla, cəmi 639.922 manat maddi və 5.000.000 manat mənəvi ziyanın əvəzinin indeksasiya olunmaqla cavabdeh vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsini, habelə oğlunun sağlığında aldığı maaşın ömürlük olaraq ona pensiya kimi verilməsi tələb edir, cavabdeh isə iddia tələbi ilə razı deyildir. b) Mülki işin materialları: 10.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, birgə istintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri Qasım Məmmədov tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli “cinayət təqibinə hissəvi xitam verilməsi haqqında” Qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə əməlində cinayət tərkibi olmadığı üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun maddi və texniki təminat tağımının avtomobil manqasının sabiq sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X3 barəsində Azərbaycan Respublikası CM-nin 274, 338.1, 338.2 və 341.3-cü maddələri ilə həyata keçirilən cinayət təqibinə Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. 11.Mülki işin materiallarında olan Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə Tərtər rayonunda ölmüşdür. 12.Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X3 vərəsələri atası X11, anası İddiaçı, qızı xx.xx.2015-ci ildə anadan olmuş X5r. Şəhadətnamə verilən miras əmlak:Azərbaycan Respublikası Müdafiə Nazirliyi 703 saylı Hərbi Hissə tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 638 nömrəli sənədə əsasən mərhum hərbi qulluqçu MAHHXQ kiçik çavuş X6 veriləcək 1443.75 manat əşya əmlak əvəzinə pul kompensasiyasından ibarətdir. 13.Mülki işin materiallarında olan "xxxx" ASC-nin Tərtər rayon filialı tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tərtər rayon Notariat ofisi Şəhriyar Əliyevə ünvanlanan xx.xx.2024-cü il tarixli, 144 nömrəli məktubdan görünür ki, təqdim edilən məlumatlar əsasında X3 adına "xxxx" ASC-də ******************** hesablı əmək haqqı kartı mövcuddur. Kartda vəsait yoxdur. Kart bağlıdır. Əlavə olaraq bildirilir ki, X3 adına "xxxx" ASC-də əmanət hesabı mövcud deyil. 14.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən Gəncə İnzibati Məhkəməsinin hakimi cənab Emin Axundova ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Müdafiə Nazirliyinin İ Ordu Korpusunun bir sıra hərbi qulluqçularının işgəncə verilməklə sorğu-sual prosesinə məruz qalmaları faktlarına dair Respublika Hərbi Prokurorluğunda ibtidai istinraqı aparılmış cinayət işi üzrə X3 həmin işgəncələr nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilərək anası İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. 15.Mülki işin materiallarında olan AR MN Silahlı Qüvvələrin Məhkəmə Tibbi Ekspertiza və X7 Tərtər Regional Məhkəmə-Tibbi Ekspertiza bölməsi tərəfindən verilən 12 nömrəli ekspert rəyindən görünür ki, X3 meyitinin müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi: sağ alın kökü, sol qulaq seyvanı və qulaqarxası nahiyələrdə fasiləli yerləşən sıyrıqlar: hər iki yuxarı və aşağı ətraflar. Hər iki ön qalça tini nahiyəsində qançırlar fonunda yerləşən sıyrıqlar, döş qəfəsinin hər iki yan. Sağ-ön və arxa səthlərində nizamsız şəkildə yerləşən çoxsaylı sıyrıqlar, sol sağrı nahiyəsində analoji xarakterli sıyrıqlar, hər iki dairəvi yerləşən sıyrıqlar, hər iki bazu, hər iki bud və hər iki sağrı nahiyələrində yerləşən qançırlar və həmin nahiyələrin şişkin olması (hematoma). Meyitin daxili müayinəsi zamanı aşağıdakı xəsarət və dəyişikliklər aşkar edildi: başın yumşaq toxumalarının iç səthlərində yayılmış qansızmalar; baş beyin toxumasının ödemli olması, ciyərlərin kəskin ödemi, çoxsaylı subplevral qansızmalar, həzm traktında cüzi miqdarda olması, hər iki böyrək və böyrəkətrafı toxumalara qansızma. E.M.Quliyevin meyitinin müayinəsi zamanı aşkar edilmiş xəsarətlər küt əşyanın (əşyaların) çoxsaylı zərbəvi və sürtünmə xarakterli təsirindən əmələ gəlmişlər, yetirilmə müddəti ölümündən 5-6 günədək olan müddətə uyğun gəlirlər, ağırlıq dərəcəsinə görə ümumilikdə səhhətin uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. E.M.Quliyevin ölümünə səbəb bədənin çoxsaylı küt travması, hər iki böyrəyə qansızma, qanın bir hissəsinin dövrandan çıxması (yumşaq toxumalara sızması) fonunda, orqanizmin ümumi intoksikasiyası, ağciyər və beyin ödemi ilə ağırlaşmış kəskin tənəffüs-ürək çatmamazlığı olmuşdur. Ölümün müddəti meyitin müayinəsindən 24-36 saat əvvələ uyğun gəlir. E.M.Quliyev ölümündən əvvəl spirtli içki, narkotik maddə qəbul etməmişdir, belə ki, onun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı zamanı etil spirti, hər hansı bir narkotik vasitə, psixotrop və güclütəsiredici dərman preparatları, uçucu-kefləndirici, həmçinin digər təsirli maddələr (pestisidlər, ağır medatl duzları və s.) aşkar edilməmişdir. E.M.Quliyevin arxa keçəcək nahiyəsində və anal dəliyində hər hansı xəsarət aşkar olunmadı, E.M.Quliyevin passiv vəziyyətdə uşaqbazlıqla məşğul olmasını təsdiq edən tibbi xarakterli əlamətlər qeyd olunmadı. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 16.Məhkəmə iddiaçının oğlunun Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalaraq öldürülməsi nəticəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçı ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. 17.Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. 18.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 19.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur». 20.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı və 1097-ci maddələrinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 22.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». 23.Məhkəmə hazırki iş üzrə ilk növbədə iddia tələbinin “639.922 manat məbləğində maddi ziyanın indeksasiya edilməklə ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Əldən çıxmış fayda qismində zərər tələbində də şəxsin onu əldə etmək üçün əvvəlcədən gördüyü tədbirlər, bu məqsədlə hazırlıq işlərinin mövcud olub-olmaması, işlədiyi dövrdə real gəlirləri və s. nəzərə alınmalıdır. Mənəvi zərərin indeksləşməsi ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericilikdə mənəvi ziyanın indeksləşdirilməsi nəzərdə tutulmamışdır (Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında Qanunun 3-cü maddəsi). 24.Hazırda iddiaçı oğlunun ölümündən sonra keçən 85 ay ərzində orada işləməyə davam edəcəyini, hər ay kirayə pulu, birdəfəlik müavinat, məzuniyyət pullar alacağını, vəzifəsinin və maaşının artacağını, aldığı maaşla investisiya edərək, daha çox pul qazanacağını bildirsə də, bunlar sadəcə ehtimallardan ibarət olmuşdur. Bununla yanaşı, iddiaçı səhhəti ilə bağlı tələb olunan və məhkəməyə gediş-gəlişlə bağlı çəkdiyini, kimlərdəsə borc pul aldığına dair (səbəbli əlaqəni) iddia etdiyi xərclərə bağlı heç bir mötəbər sübutu məhkəməyə verməmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində bütün maddi zərərlə bağlı ümumiyyətlə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. 25.Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26.Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 27.Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. 28.«Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) 29.Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) 30.Hazırda iddiaçı tərəfindən tələbin maddi ziyanla bağlı hissəsinin təsdiq edilməsi üçün sübutlar təqdim edilmədiyinə görə məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın indeksasiya edilməklə ödənilməsi hissəsində təmin edilməməlidir. 31.Daha sonra məhkəmə iddia tələbinin “5.000.000 manat məbləğində mənəvi ziyanın indeksasiya edilməklə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının oğlunun Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən işgəncələrə məruz qalmaqla öldürülməsi iddiaçıda narahatlıq, məyusluq hissləri yaratmış və ona stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, ailələrinin cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 5.000.000 manat məbləğində kompensasiyanın indeksasiya edilməklə ödənilməsi tələbinin təmin edilməsi mümkün deyildir. Belə ki, məhkəmə qeyd edir ki, mənəvi zərərin kompensasiya edilməsinin məqsədinin zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, məhz onu mənəvi cəhətdən rahatlaşdırmaq olması nəzərə alınmalıdır. 32.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 33.«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. 34.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. 35.Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. 36.Odur ki, məhkəmə göstərilən bütün diqqətəlayiq halları (zərərçəkənlərin çoxluğu, təqsirin növünün ehtiyatsızlıqdan olmasının müəyyən edilməsi, zərərçəkənin şəxsiyyəti, peşəsi və digər) nəzər alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 10.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. 37.Bununla yanaşı, məhkəmə iddia tələbinin mənəvi ziyanın indeksasiya olunaraq ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, tələb həmin hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1124-cü maddəsində nəzərdə tutulan, iddiaçının iddia etdiyi indeksləşdirmə məsələsi mənəvi zərərin ödənilməsi zamanı tətbiq edilməli olan hal deyildir. Həmin normada dəqiqliklə göstərilmişdir ki, indeksləşdirilmə (artırılma) yalnız maddi ziyanla bağlı və 2 şərtin mövcudluğu halında tətbiq edilməlidir: 1) dolanacaq xərcləri artdıqda zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi miqdarı qanunla müəyyənləşdirilmiş qaydada indeksləşdirilməlidir; 2) yaşayış minimumu artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı yaşayış minimumunun artımına mütənasib surətdə artırılır. 38.Daha sonra məhkəmə iddia tələbinin oğlunun sağlığında maaş qismində aldığı pul vəsaitinin hər ay ömürlük olmaqla pensiya kimi iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də tələb əsassızdır. Belə ki, Maliyyə Nazirliyi bu tələb üzrə əsl cavabdeh ola bilməz. İddiaçı bu tələblə əvvəlcə mərhum oğlunun işlədiyi aidiyyəti quruma müraciət edə, həmin qurum onun müraciətinə müsbət cavab vermədiyi təqdirdə isə məsələni aidiyyəti inzibati məhkəmədə mübahisələndirə bilər. Qeyd olunan məsələ inzibati orqanla vətəndaş arasında olan mübahisə olduğundan əlavə cavabdehin cəlb edilməsinin iddiaçıya təklif edilməsi məhkəmə tərəfindən məqsədə müvafiq hesab olunmamışdır. 39.Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. 40.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 41.Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 42.Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 43.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar