Məhkəmə qərarları › İş №e-2(006)-2988/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2988/2022

20.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2988/2022 20.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə2 və Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh1, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu 2 saylı Dövlət Notariat Kontoruna qarşı "alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MTK-nın xüsusi mülkiyyətində olmuş Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisindəki 1,0 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə, **********491 (qeydiyyat nömrəsi: 6********) reyestr nömrəsi ilə "xxxx" MMC-nin adına mülkiyyət hüququ ilə aparılmış qeydiyyat, Abşeron rayon 2 saylı Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2017-ci il tarixli, 4Ə-118 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında xx.xx.2017-ci il tarixdə Cavabdeh2 mülkiyyət hüququna dair aparılmış qeydiyyat və həmin tarixli **********91 (qeydiyyat nömrəsi: 6********) dövlət reyestrindən verilmiş çıxarış, həmçinin Abşeron rayon 2 saylı Notariat kontorunda təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 4Ə-1283 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında xx.xx.2020-ci il tarixdə Cavabdeh1 mülkiyyət hüququna dair aparılmış qeydiyyat və həmin tarixli **********91 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)- 88/2016 saylı, 29 fevral 2016-cı il tarixli qiyabi qətnaməsilə iddiaçı "xxxx" MMC-nin İddiaçı MTK-ya qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Belə ki, qiyabi qətnamə ilə 63.143 manatın borclu "xxxx" MTK-dan tutularaq, tələbkar "xxxx" MMC-yə ödənilməsi qət olunmuşdur. Həmin vaxtı "xxxx" MTK-nın direktoru həbsdə olduğundan məhkəmədə iştirak edə bilməmiş və vaxtında qətnamədən şikayət verə bilməmişdir. Həbsdən azad edildikdən sonra Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 29 fevral 2016-cı il tarixli qiyabi qətnaməsindən ərizə verilmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunaraq qiyabi qətnamə ləğv edilmiş, iş ümumi iddia icraatı qaydasında baxılmış və məhkəmədə iddiaçı tələbi dəqiqləşdirərək, cavabdeh "xxxx" MTK-dan 63.143 manat deyil, 4.800 manat tələb etmiş və Sumqayıt Kommersiya Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qətnaməsilə iddia tələbi həmin hissədə təmin olunmuşdur. Hazırda, məhkəmə qətnaməsi üzrə ödənilməli olan məbləğ iddiaçı "xxxx" MMC-yə ödənilmişdir. Məlum olmuşdur ki, Sumqayıt Kommersiya Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qərardadı ilə ləğv olunmuş qiyabi qətnamə qanuni qüvvəsini aldığından icraya yönəldilmiş və icrası təmin olunaraq, borclu "xxxx" MTK-nın mülkiyyətində olan və dəyəri 500.000 manat civarında qiymətləndirilmiş Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 1,0 ha torpaq sahəsi 63.143 manat borcun əvəzi olaraq tələbkar "xxxx" MMC-nin mülkiyyətinə keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********73 saylı, 17 dekabr 2021-ci il tarixli arayışından görünür ki, "xxxx" MTK-nın adına mülkiyyət hüququ ilə dövlət reyestrində xx.xx.2014-cü il tarixdə, **********91 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayon, Hökməli qəsəbəsi ərazisində yerləşən 1,0 ha torpaq sahəsi Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(012)-1232/2016 saylı qərardadına əsasən "xxxx" MMC-nin adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə, **********491 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra Abşeron rayon 2 saylı Notariat kontorunda təsdiq olunmuş xx.xx.2017-ci il tarixli, 4Ə-118 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixdə, **********91 dövlət reyestrindən çıxarış verilmiş, daha sonra həmin notariat kontorunda təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 4Ə-1283 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi Cavabdeh1 adına qeydiyyata alınmış və hal-hazırda Cavabdeh1 mülkiyyətindədir. Ona görə də hesab edilir ki, "xxxx" MTK-nın xüsusi mülkiyyətində olmuş Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisindəki 1,0 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə, **********491 reyestr nömrəsi ilə "xxxx" MMC-nin adına xüsusi mülkiyyət hüququ ilə aparılmış qeydiyyat, Abşeron rayon 2 saylı Notariat kontorunda təsdiq olunmuş xx.xx.2017-ci il tarixli, 4Ə-118 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında xx.xx.2017-ci il tarixdə Cavabdeh2 mülkiyyət hüququna dair aparılmış qeydiyyat və həmin tarixli dövlət reyestrindən verilmiş çıxarış, həmçinin Abşeron rayon 2 saylı Notariat kontorunda təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 4Ə-1283 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında 13.11.202-ci il tarixdə Cavabdeh1 mülkiyyət hüququna dair aparılmış qeydiyyat və həmin tarixli **********91 reyestr nömrəsi ilə verilmiş çıxarış ləğv olunmalı, həmin torpaq sahəsinin "xxxx" MTK-nın mülkiyyətinə qaytarılması təmin olunmalıdır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə2 və onun etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Mülki iş üzrə Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq səhhətində yaranmış problemlə əlaqədar olaraq məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Mülki iş üzrə digər cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qabaqcadan məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AR ƏMDK DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsindən verilən 17 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın hüquqi rejimi barədə cavab məktubundan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 1.0 ha ehtiyyat fondu torpaqları təyinatlı torpaq sahəsi üzərində İddiaçı MTK-nın adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə **********91 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(012)-1232/2016 nömrəli qərardadına əsasən həmin torpaq sahəsi "xxxx" MMC-nin mülkiyyətinə keçmiş və "xxxx" MMC-nin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə, **********91 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayon 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4Ə-118 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınaraq xx.xx.2017ci il tarixli, **********91 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan Abşeron rayon 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-1283 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi Cavabdeh1 adına xx.xx.2020-ci il tarixdə, **********91 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. Sözügedən torpaq sahəsi üzərində Abşeron Rayon Məhkəməsinin 2(012)-2608/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən həbs var. İş materiallarında olan Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(85)-88/2016 saylı, 04 avqust 2021-ci il tarixli qərardadına əsasən, Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(85)-88/2016 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İş materiallarında olan Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1045/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı MTK-ya qarşı borcun ödənilməsi tələbi üzrə iddia təmin edilərək, cavabdeh İddiaçı MTK-dan 4.800 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 8(012)-1232/2016 saylı, 26 aprel 2022-ci il tarixli qərardadına əsasən, Abşeron Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli, 8(012)- 1232/2016 saylı qərardadından borclu "xxxx" MTK tərəfindən şikayət vermə müddəti ötürülməmiş hesab edilmiş, borclu "xxxx" MTK tərəfindən verilmiş şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli, 8(012)-1232/2016 saylı qərardadı ləğv edilmiş, Abşeron rayon İcra şöbəsinin icra məmurunun "xxxx" MTK-nın adına qeydiyyata alınmış, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 1.0 ha torpaq sahəsi üzərinə həbs qoyulması, tələbin həmin torpaq sahəsinə yönəldilməsi barədə təqdimatı təmin edilməmişdir. İş materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən RX seriyalı, ******* №-li çıxarışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət əsasında "xxxx" MMC-yə məxsusdur. Bu barədə xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 597 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 1 ha olan torpaq sahəsini 80.000 manat məbləğində alıcı Cavabdeh2 satmışdır. İş materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən RX seriyalı ******* №-li çıxarışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət əsasında Cavabdeh2 məxsusdur. Bu barədə xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 597 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Bağırov X3 rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 1 ha olan torpaq sahəsini 10.000 manat məbləğində alıcı Cavabdeh1 satmışdır. İş materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən çıxarışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət əsasında Cavabdeh1 məxsusdur. Bu barədə xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 597 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı işin mübahisələndirilən hallarından müəyyən edildi ki, xx.xx.2016-cı il tarixli qiyabi qətnamə ilə iddiaçı "xxxx" MMC-nin İddiaçı MTK-ya qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilərək, 63.143 manat məbləğində pulun İddiaçı MTK-dan alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Daha sonra İddiaçı MTK tərəfindən qiyabi qətnamədən ərizə verilmiş, məhkəmənin qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş, məhkəmənin 20 sentyabr 2021-ci il tarixli qətnaməsilə isə İddiaçı MTK-dan 4.800 manat məbləğində pulun tutulması qət edilmişdir. Həmin vaxtı artıq qiyabi qətnamənin ləğv edilməsinə baxmayaraq, İddiaçı MTK tərəfindən qiyabi qətnamənin ləğv edilməsinə dair ərizə verilənədək qiyabi qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İcranın nəticəsində Sevil Massivi” MTK-nın adına mülkiyyət hüququ ilə dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayon, Hökməli qəsəbəsi ərazisində yerləşən 1,0 ha torpaq sahəsi Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadına əsasən "xxxx" MMC-nin adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra Abşeron rayon 2 saylı Notariat kontorunda təsdiq olunmuş xx.xx.2017-ci il tarixli, 4Ə-118 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, həmin torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınmış, daha sonra həmin notariat kontorunda təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 4Ə-1283 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən isə həmin torpaq sahəsi Cavabdeh1 adına qeydiyyata alınmış və hal-hazırda Cavabdeh1 mülkiyyətindədir. Halhazırda iddiaçı Cavabdeh2 və Cavabdeh1 adına verilən çıxarışların ləğv edilməsini, həmin torpaq sahəsinin "xxxx" MTK-nın mülkiyyətinə qaytarılmasını tələb edir. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda olmalıdır. - iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; - mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; - mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; - vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; - cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; - vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. Göründüyü kimi hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, qaytarılması tələb olunan əmlak mülkiyyət hüququ ilə hal-hazırda Cavabdeh1 məxsusdur. Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 1,0 ha torpaq sahəsi barədə tələb üzrə mübahisələndirilən hal cavabdehlər tərəfindən həmin daşınmaz əmlakın qanunsuz olaraq iddiaçıdan götürülübgötürülməməsidir. Qeyd edilən halı da sübut etmə yükünü iddiaçı daşıyır. İddiaçı sübut etməlidir ki, o, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan əmlakdan məhrum olmuş və həmin əmlak məhz cavabdehlərin faktiki sahibliyindədir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 157.5 – 157.7-ci maddələrinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsini aldığı vaxtdan götürdüyü və ya götürülməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli qərarında xüsusi qeyd etmişdir ki, “əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. Qanunverici MM-in 157.5 – 157.7-ci maddələrində zəruri şərtlərin mövcudluğu halında əmlakın, onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə edildiyi təqdirdə əldə edənin vicdanlı sahib kimi prezumpsiyasını tanıyaraq vindikasiyanın qeyri-mümkünlüyünü müəyyənləşdirmişdir. Bu cür yanaşma isə əmlakın faktiki hüquqi vəziyyəti baxımından deyil, əldə edənin (vicdanlı sahibin) həmin əmlakla bağlı əşya hüququna malik olmasını tanımaqla onun müdafiəsinin təmin olunması məqsədindən irəli gəlir. Əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçisilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsilə bağlı iddia ilə dəf olunmasını istisna edir. Digər tərəfdən restitusiya etibarsız hesab olunmuş əqdlə əlaqədar əmlakın, onun iştirakçısına (tərəfə) verilməsini nəzərdə tutursa, vindikasiya özgəsinin qanunsuz sahibliyindəki əmlakın belə şəxslə əqd bağlılığı olmayan üçüncü şəxsə - mülkiyyətçiyə geri qaytarılmasını müəyyənləşdirir. Bu baxımdan əqdin etibarsız hesab edilməsilə bağlı qaydaların MM-in 157.5 – 157.7-ci maddələrinin tələblərinin nəzərə alınmadan tətbiqi vicdanlılıq faktorunun hüquqi təyinatını və əhəmiyyətini heçə endirərək mülkiyyətçiyə bu müdafiə vasitəsindən məhdudiyyətsiz istifadə etməklə nəinki ilk əqdin, habelə sonradan bağlanmış bütün əqdlərin etibarsız hesab olunması və əmlakın naturada qaytarılmasını (o, cümlədən vicdanlı sahibdən) tələb etmək imkanı yaradardı. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə iddianın əsassız olduğu üçün rədd edilməsi qənaətinə gəlir. Məhkəmə, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmış, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh1, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu 2 saylı Dövlət Notariat Kontoruna qarşı "alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar