Məhkəmə qərarları › İş №e-2(006)-3002/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3002/2022

11.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3002/2022 11.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əzizova Şəbnur Rəfail qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "istifadə olunmamış məzuniyyət günlərinə görə hesablanmış pul vəsaitinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "istifadə olunmamış məzuniyyət günlərinə görə hesablanmış pul vəsaitinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə vəsatət ünvanlanaraq bildirilmişdir ki, müəyyən olunduğu kimi, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “istifadə olunmamış məzuniyyət günlərinə görə hesablanmış pul vəsaitinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirmək istəyirlər ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən aidiyyat qaydaları pozulmuşdur. Belə ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Həmçinin “Banklar haqqında” Qanunun 71-ci maddəsində ləğvedicinin səlahiyyətləri, vəzifələri və məqsədi sadalanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən “..bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsinə hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır..” Banklar haqqında qanunun 72-ci maddəsinə əsasən Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarında qeyd olunur ki “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır..” Beləliklə, irəli sürülmüş iddia məhkəmə tərəfindən nəinki icraata qəbul edilməməli, ümumiyyətli ərizənin qəbulundan imtina edilməli idi. Lakin məhkəmə tərəfindən maddi normaların tələblərinə riayət edilməyərək, işə mahiyyəti üzrə baxılmışdır. Halbuki, iddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür (Banklar haqqında qanun, 72.1.3-cü maddə). Göründüyü kimi, iş üzrə cavabdeh LPO "xxxx" ASC iflas prosesdurundadır. Yuxarıda göstərilən əsaslara görə iflas prosedurunda olan banka qarşı tələblər yalnız iflas proseduruna nəzarət edən məhkəmə qarşısında qaldırılmalıdır. Bu məhkəmədə hazırki işə baxılması yolverilməzdir. İş üzrə cavabdeh LPO "xxxx" ASC-nin faktiki ünvanı Bakı şəhəri, Xətai rayonu, Bülbül prospekti 16-da yerləşir. Cavabdeh LPO "xxxx" ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Ələddin Quliyev məhəllə 1130 yerləşir. Beləliklə iddiaçı tərəfindən Mülki Prosessual Məcəllənin 3-cü və 4-cü fəslinin müddəaları pozulmaqla iddia ərizəsi verilmişdir. Mülki Prosessual Məcəllənin 35-ci maddəsində göstərilmişdir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsində göstərilmişdir ki, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa baxılması üçün başqa məhkəməyə göndərir. Həmin Məcəllənin 45.1ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Yuxarıda qeyd olunanlara əsasən sözügedən mülki iş üzrə aidiyyat qaydaları pozulduğu üçün işin baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə və ya ləğv prosesi çərçivəsində Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi məqsədəmüvafiqdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair mülki işin aiddiyatı üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə və ya ləğv prosesi çərçivəsində Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 yuxarıda qeyd edilən ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, daxil olmuş ərizəni mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməli, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarına əsasən ... Əmək Məcəlləsinin 178.2-ci maddəsində müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda işçilərə həmin ödənclərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsi müəyyən edilmişdir. Müflis elan olunmuş bank lisenziyasının ləğvi ilə əlaqədar ləğv edilmiş bankla müqayisədə öz öhdəliklərini tam yerinə yetirmək, bütün kreditorların tələblərini ödəmək iqtidarında olmur. Bu zaman əmək haqqı tələb edən işçilər də kreditorlardan birinə çevrilir. Ona görə “Banklar haqqında” Qanunun 82-ci maddəsində müflis elan olunmuş banka qarşı tələblərin xüsusi ödəniş növbəliliyi nəzərdə tutulmuşdur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.3-cü maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 1. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 2. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 3. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 4. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 5. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 6. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər; 7. təminatsız kreditorların tələbləri. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarı bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini və tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsinin izah olunmasını nəzərdə tutur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, müflisləşmə nəticəsində iflasa uğrayan cavabdeh təşkilatdan əmək haqqını tələb edən işçilər həmin təşkilatın kreditorlarından birinə, onların pul tələbləri isə kreditor tələblərinə çevrildiyindən, bu iddia üzrə mülki işə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apelyasiya Məhkəməsi) tərəfindən baxılaraq müvafiq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı kreditor tələbləri yalnız iflas proseduru çərçivəsində irəli sürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "istifadə olunmamış məzuniyyət günlərinə görə hesablanmış pul vəsaitinin ödənilməsi" tələbinə dair iş üzrə icraata xitam verilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "istifadə olunmamış məzuniyyət günlərinə görə hesablanmış pul vəsaitinin ödənilməsi" tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar