Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-302/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.190.685 (bir milyon yüz səksən səkkiz min beş yüz) manat əsas borcun, 300 (üç yüz) manat ekspert xərcinin, hüquqi xidmət üçün ödənilmiş 400 (dörd yüz) manat və iddianın verilməsi üçün ödənilmiş 1.386 (bir min üç yüz səksən altı) manat dövlət rüsumunun, cəmi 1.192.771 (bir milyon yüz doxsan iki min yeddi yüz yetmiş bir) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin sentyabr ayında iddiaçının və qardaşı İslam Həsənovun uzun illər tanıdıqları yaxınları, hal-hazırda Belarus Respublikasında yaşayan Şəmsəddin adlı şəxs iddiaçıya zəng edərək bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında dövlətə məxsus olan 4129,4 kv.m torpaq sahəsi və üzərində olan 1350 kv.m tikililər “X2 İdarəsi” MMC-nin istifadəsində olmuşdur və yaxın müddətdə həmin əmlak özəlləşdirilmək üçün Əmlak Komitəsi tərəfindən hərraca çıxarılacaqdır. Şəmsəddin bildirmişdir ki, MMC-nin sahibi Cavabdeh adlı şəxsdir. Həm İlqarı, həm də onun qardaşı, tanınmış güləşçi Mahiyyədin Allahverdiyevi uzun müddətdir ki, tanıyır, çünki vaxtilə birlikdə güləş idman növü ilə məşğul olmuşlar. İddiaçının qardaşı İslam Həsənov da keçmiş idmançıdır, gənc yaşlarında Şəmsəddinlə birlikdə güləş idman növü ilə məşğul olmuşlar. Bu zəmində həm iddiaçının, həm də qardaşı İslamın Şəmsəddinlə yaxın münasibəti vardır. Şəmsəddinlə telefon danışığı zamanı iddiaçıya bildirmişdir ki, İlqarın və MMC-nin digər iki üzvü, İlqarın həyat yoldaşı və qaynının maddi imkanları olmadığına görə müəssisəni özəlləşdirə bilmirlər. Ona görə də müəssisənin özəlləşdirilməsi üçün tələb olunan xərcləri ödəyə bilən yaxın bir adam olarsa, müəssisə özəlləşdikdən sonra əmlakı satıb qoyulmuş sərmayəni çıxdıqdan sonra əldə olunan gəliri razılaşdırılmış qaydada bölməyi təklif edirlər. Şəmsəddin bir neçə dəfə iddiaçıya zəng edərək təkidlə xahiş etdikdən sonra iddiaçı həmin şəxslərlə görüşüb danışmağa razılıq vermişdir. Bir neçə gün sonra cavabdeh və onun qardaşı X1 iddiaçı ilə görüşmüşlər. Danışıq əsnasında iddiaçıya bildirmişlər ki, Şəmsəddin məlumat verdiyi kimi, onların maddi imkanları olmadığına görə yaxın müddətdə özəlləşdirilmək üçün dövlət tərəfindən hərraca çıxarılacaq, direktoru olduğu “X2 İdarəsi” MMC-nin istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında 4129,4 kv.m torpaq sahəsi və üzərində olan 1350 kv.m tikililərdən ibarət olan əmlakı ala bilmirlər. Əmlak hərraca çıxarılaraq hər hansı bir alıcıya satılacaqdır. Cavabdeh bildirmişdir ki, MMC-nin onun ailəsinə məxsus olmaqla cəmi 3 üzvü var, həyat yoldaşı və qaynı. Onların da müəssisənin özəlləşdirilməsinə heç bir etirazları yoxdur. Hazırda imkanları olmadığına görə nəinki əmlakı özəlləşdirə bilmirlər, hətta dövlətin müəyyən etdiyi əmlakın 15 %-i üzərində belə sərəncam verə bilmirlər, çünki əmlakın 15 %-lik hissəsinin ayrılıqda özəlləşdirilməsi mümkün deyildir. Ona görə də Şəmsəddindən xahiş ediblər ki, yaxın və maddi imkanı olan bir şəxslə onları görüşdürsün. Cavabdeh iddiaçıdan xahiş etmişdir ki, müəssisənin özəlləşmə xərclərini öz üzərinə götürsün, əmlak satılsın və satışdan əldə olunan məbləğin 15 %-i cavabdehə və kollektivə verilsin, əmlakın özəlləşdirilməsi üçün çəkilmiş xərc də çıxdıqdan sonra qalan vəsait bölünsün. İddiaçı təklif etmişdir ki: “onda qalan vəsaitdən 15 %-ni sizə verəcəm, 85%-i isə mənə çatacaqdır”. Cavabdehin qardaşı X1 xahiş etmişdir ki, onun oğlu xaricdə təhsil alır, onu da nəzərə alaraq, ona da pay verilsin. İddiaçı qərara gəlmək üçün ona bir neçə gün vaxt lazım olduğunu bildirmişdir. Səhəri gün Şəmsəddin yenə də iddiaçıya zəng vuraraq cavabdehlərə köməklik etməsini xahiş etmişdir. Təkrar cavabdehlərlə görüşdükdən sonra belə razılaşmışlar ki, əmlakın özəlləşdirilməsi üçün tələb olunan 520.000 manat vəsaiti iddiaçı ödəyəcəkdir. Əmlak özəlləşdikdən sonra əmlakı satacaqlar, satışdan əldə olunmuş gəlirdən 15 %-ni cavabdeh də daxil olmaqla payçılara verəcəklər, əmlakın özəlləşdirilməsi üçün iddiaçı tərəfindən qoyulmuş 520.000 manat pul vəsaitini iddiaçı götürəcək, qalan pulu isə yarıyarıya böləcəklər. İddiaçı qalan gəlirin yarı-yarıya bölünməsinə ona görə razılaşmışdır ki, cavabdeh onlara çatacaq puldan 100.000 (bir yüz min) manat Şəmsəddinə verəcəyini öhdəsinə götürür. Beləliklə, iddiaçı əmlakın özəlləşdirilməsi üçün tələb olunan 520.000 manat pul vəsaitini rəsmi qaydada ödəmişdir. Əmlak hərracdan satın alındıqdan sonra, əmlak üzərində cavabdehin və digər iki payçıların mülkiyyət hüquqları müvafiq qaydada dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra özəlləşdirilmiş torpaq sahəsindən 0.078 ha hissəsini 300.000 manata satmışlar. Aralarında olan razılaşmaya əsasən həmin pul vəsaiti əmlakın özəlləşdirilməsi üçün iddiaçı tərəfindən çəkilmiş xərcin əvəzi kimi ona qaytarılmışdır. Bundan sonra torpaq sahəsi faktiki olaraq aralarında naturada ayrılmışdır. Əmlak özəlləşidirilərkən bir sotuna təxminən 12.000 manat pul vəsaiti ödənilmişdir. 20.000 manat isə həmin əmlakın özəlləşməsindən sonra əmlakın texniki pasportunun hazırlanması və 0.078 ha hissəsinin satıldıqdan sonra yenidən sənədlərin haızrlanmasına sərf olunmuşdur. Bundan bir müddət sonra cavabdeh aralarında olan razılaşma üzrə öz üzərinə düşən öhdəlikləri icra etməkdən boyun qaçırmağa başlamışdır. İddiaçı cavabdehdən torpaq sahəsini satıb əldə olunacaq məbləğin yarı bölünməsini tələb etdikdə, cavabdeh torpaq sahəsinin satılmasından müxtəlif bəhanələrlə boyun qaçırmağa başlamışdır. Halbuki, mübahisəli daşınmaz əmlakın özəlləşdirmə xərclərinin iddiaçı tərəfindən ödənilməsi, əmlak özəlləşdirildikdən dərhal sonra satışa çıxarılacağı və əldə olunan məbləğdən özəlləşdirmə xərcləri çıxıldıqdan sonra qalan məbləğin iddiaçı ilə cavabdeh arasında yarı bölünəcəyi barədə əldə olunan razılaşmanın, yəni şifahi əqdin bağlanması ilə əlaqədar cavabdehlə apardıqları danışıqlarda bilavasitə iştirak etmiş, eyni zamanda mübahisəli əmlakın özəlləşdirmə prosesində bütün xərclərin iddiaçı tərəfindən ödənildiyinin şahidi olmuş şəxslərin hər biri yuxarıda qeyd edilmiş bütün xüsusatları ayrı-ayrılıqda şəxsən təsdiq edə bilərlər. O cümlədən, cavabdehlə iddiaçının arasında mübahisəli əmlaka dair danışıqların aparılmasının bilavasitə təşəbbüsçüsü və şahidi Şəmsəddin Abbasov, özəlləşdirmə xərclərinin iddiaçı tərəfindən çəkildiyinin bilavasitə şahidi olmuşdur. Bundan başqa, Nadirov Elçin, Həsənov İslam və Mustafayev Hikmət də şahiddirlər. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında torpaq sahəsinin bir sotunun bazar qiyməti 58.000 manat təşkil edir. Hazırda 33.4 sot torpaq sahəsinin bazar qiyməti 1 937 200.0 manat təşkil edir.
3. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, hazırki iş üzrə iddia ərizəsinin “xahiş etdi” hissəsində mexaniki yanlışlıq olduğunu, belə ki, həmin hissədə 1.190.685 manatın hərflərlə “bir milyon yüz səksən səkkiz min beş yüz” kimi qeyd edildiyini bildirmiş, iddia ərizəsinin “xahiş etdi” hissəsinin “1.190.685 (bir milyon yüz doxsan min altı yüz səksən beş) manat əsas borcun, 300 (üç yüz) manat ekspert xərcinin, hüquqi xidmət üçün ödənilmiş 400 (dörd yüz) manat və iddianın verilməsi üçün ödənilmiş 1.386 (bir min üç yüz səkksən altı) manat dövlət rüsumunun, cəmi 1.192.771 (bir milyon yüz doxsan iki min yeddi yüz yetmiş bir) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini Sizdən xahiş edirik” kimi qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən də göründüyü kimi, cavabdehin mülkiyyətində olan əmlakdan pay ala bilməyən iddiaçı bu dəfə də öz yaxın ətrafında olan şəxsləri şahid qismində işə cəlb edərək, cavabdehə vermədiyi absurd məbləğdə pul tələb edir. İddiaçının hazırkı iddiaya münasibətdə işə dair heç bir mötəbər sübutu yoxdur. Belə ki, iddiaçı əvvəlcə əsassız iddia ilə Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, iddia tələbi əsassız olduğu üçün həm birinci, həm də apellyasiya instansiyası tərəfindən iddiası təmin edilməmişdir. Həmçinin, Nizami Rayon Məhkəməsi tərəfindən ilk öncə müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilsə də, sonradan cavabdeh tərəfin şikayəti əsasında məhz şikayət əsaslı olduğu üçün məhkəmə öz qərardadını ləğv etmişdir. Eyni hal Nəsimi Rayon Məhkəməsində də davam etmişdir. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş bank qəbzlərində də iddiaçının adı yoxdur və bu qəbzlər heç bir halda subyektiv hüququ olmayan tərəfin hər hansısa tələb hüququnun yaranmasına səbəb olan sübut kimi qəbul edilə bilməz. “WhatsApp” vasitəsilə aparılan yazışmalarda isə kimin kiminlə yazışdığı və ya söhbətin nədən getdiyi ümumiyyətlə müəyyən edilmir. Şəxsin cavabdehin və digər payçıların mülkiyyətinə həbs qoydurmasına heç bir hüququ yoxdur və bu, cavabdehin mülkiyyət hüquqlarının kobud pozuntusudur. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı bir neçə dəfə hədə-qorxu yolu ilə əmlakı cavabdehin əlindən almağa çalışmış, əraziyə basqın etmiş və polis əməkdaşları bu şəxsləri ərazidən uzaqlaşdıraraq barələrində tədbir görmüşdür. Yenə də bu məqsədlə Azərbaycan Respublikası DİN BMCMİ-nə müraciət etmiş və cavabdeh bir neçə dəfə həmin idarəyə getməyə məcbur olmuşdur. İddia tələbi əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir.
a) Məhkəmə prosesi:
6. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 cavabdehin məhkəmə iclasında şəxsən iştirakının təmin edilməsi məqsədilə iclasın təxirə salınmasını xahiş etdi. İclas təxirə salınmayacağı təqdirdə isə iddianı müdafiə etdiyini bildirib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 cavabdehin səlahiyyətli nümayəndəsi olduğunu vurğulayıb, məhkəmə iclasının təxirə salınmasına heç bir əsas olmadığını bildirdi. İddianı qəbul etməyib, iddia tələbinin hüquqi və qanuni əsasının olmadığını, iddia tələbinin dəlillərinin sübuta yetirilmədiyini bildirib, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abasau (Abbasov) Şəmsəddin (Belarus vətəndaşı) ifadəsində göstərdi ki, hər iki tərəfi 1980-ci illərdən tanıyır. Belə ki, o, əvvəllər güləşlə məşğul olmuş, iddiaçının qardaşı Həsənov İslamı və cavabdehin qardaşı Allahverdiyev Mahiyyədini də idmandan tanımışdır. Təxminən 2019-2020-ci illərdə cavabdehin qardaşı Mahiyyədin ona zəng edib, uzun müddətdir istifadələrində olan dövlət torpağının satışa çıxarılacağını bildirmiş, özlərində pul olmadığına görə, pul məsələsində kömək etməsini xahiş etmişdir. Abasau (Abbasov) Şəmsəddin isə bildirmişdir ki, özündə pul yoxdur. Lakin o, iddiaçının qardaşı Həsənov İslamla danışıb, kömək etməsini xahiş etdikdə iddiaçının qardaşı İslam razılıq vermişdir. Beləliklə, hər iki tərəfi əlaqələndirib, telefon danışıqlarında da iştirak etmişdir. İddiaçı tərəflə cavabdeh tərəf arasında olan danışıqlara görə, iddiaçı 250.000 manata yaxın pulu torpağın alınması məqsədilə cavabdehlə onun qardaşına vermişdir ki, torpaq özəlləşdirildikdən sonra sataraq iddiaçının pulunu qaytarsınlar və qalan pulu da yarı bölsünlər. İddiaçı, həmçinin, cavabdehin qardaşı oğlunun məktəbinə ödənilməsi üçün 15.000 ABŞ dollarını da Mahiyəddinə vermişdir ki, torpaq satıldıqdan sonra o pulu da iddiaçıya qaytarmaq barədə tərəflər arasında razılıq olmuşdur. Hətta Abasau (Abbasov) Şəmsəddinin özünə 100.000 manat pul söz vermişdilər. Lakin cavabdeh tərəf danışıqlara uyğun hərəkət etməmiş, torpağı satmadıqlarına və iddiaçı ilə pulu yarı bölmədiklərinə görə, Abasau (Abbasov) Şəmsəddin də onları əlaqələndirən şəxs olaraq pis vəziyyətdə qalmışdır.
10. Məhkəmə proses iştirakçılarının izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
11. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh “X2 İdarəsi” MMC üçün 10 faiz behin ödənilməsi təyinatı ilə 53.750 manat məbləğində pul ödəmişdir.
12. xx.xx.2021-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən ƏMDK hesabına əmlakın özəlləşdirilməsi təyinatı ilə X4 tərəfindən 10.000 manat, 15.000 manat və 15.000 manat məbləğlərində pul ödənilmişdir.
13. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh “X2 İdarəsi” MMC üçün hərrac məbləğinin ödənilməsi təyinatı ilə 20.000 manat məbləğində pul ödəmişdir.
14. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh “X2 İdarəsi” MMC üçün hərrac məbləğinin ödənilməsi təyinatı ilə 50.000 manat məbləğində pul ödəmişdir.
15. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında yerləşən ümumi sahəsi 0,3340 ha. olan torpaq sahəsi və 1154,5 kv.m. olan əmlak kompleksi Cavabdeh (xx.xx.2021; qeydiyyat №: **********) və başqa iki şəxsin ümumi birgə mülkiyyətindədir.
16. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-2733/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlak üzərində ümumi mülkiyyətin və həmin mülkiyyətdə payların müəyyənləşdirilməsi və payın ayrılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir;
17. Cavabdeh sifarişi ilə "xxxx" MMC tərəfindən tərtib olunmuş daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında yerləşən ümumi sahəsi 0,3340 ha. olan torpaq sahəsinin bazar dəyəri 1.937.000 manat təşkil edir.
18. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2138/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-2733/2023 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
19. Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Vəkil1 ilə İddiaçı arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli, 884 nömrəli müqavilədən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 400 manat müəyyən olunur (xx.xx.2024-cü il tarixli qəbz əlavə edilmişdir).
20. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 1.385,34 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
21. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-2733/2023 nömrəli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2138/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-2733/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, həmin qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
22. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, vergi ödəyicilərinin uçot baza məlumatlarında fiziki şəxs İddiaçı (PİN: xxxxxxx) vergi ödəyicisi kimi vergi uçotuna alınması barədə məlumat müəyyən edilməmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2138/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, mülki iş kassasiya qaydasında baxılması üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Hal-hazırda iş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-3078/2024 nömrəli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2138/2024 nömrəli iş üzrə 24 aprel 2024cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
25. İş materiallarına, həmçinin, 2021-2022-ci illərdə “İlqar. Mahadin” adlı şəxslə əmlakla bağlı aparılmış yazışmaların fotoşəkilləri, səsyazısı olan 1 ədəd CD-disk və Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında yerləşən əmlak kompleksinin xx.xx.2021ci il tarixli texniki pasportu əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
26. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 61K ünvanında yerləşən ümumi sahəsi 0,3340 ha. olan torpaq sahəsi və 1154,5 kv.m. olan əmlak kompleksi 2021-ci ildən Cavabdeh və başqa iki şəxsin ümumi birgə mülkiyyətindədir.
27. İddiaçı əvvəlcə cavabdehə qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddia irəli sürərək, sözügedən əmlak üzərində ümumi mülkiyyətin və payların müəyyənləşdirilərək əmlakdan payın ayrılmasını tələb etmiş, həmin iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir.
28. Hazırda iddiaçı həmin əmlakı özəlləşdirmək üçün tələb olunan pul məbləğini cavabdehə verdiyini və cavabdehin əmlakı özəlləşdirdikdən dərhal sonra satıb, iddiaçının verdiyi pulu (özəlləşdirmə xərclərini) geri qaytaracağına, həmçinin, satışdan əldə ediləcək gəlirin yarısını da iddiaçıya verəcəyinə dair cavabdehlə şifahi razılığa gəldiklərini, lakin cavabdehin həmin razılığa uyğun davranmadığını, belə ki, torpağın bir hissəsinin satılıb 300.000 manat özəlləşdirmə xərcinin iddiaçıya qaytarıldığına baxmayaraq, cavabdehin qalan əmlakı öz mülkiyyətində saxlayaraq, iddiaçıya söz verdiyi kimi satmadığını, buna görə də əmlakda payın müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət etdiyini, həmin tələb təmin olunmadığına görə və cavabdehin müvafiq hərəkətləri nəticəsində ona zərər dəydiyini də iddia edərək, 1.190.685 manat əsas borcun, 300 manat ekspert xərcinin və məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini; cavabdeh isə iddia tələbinin əsassız və qanunsuz olduğunu, iddiaçının dəlillərinin sübutlarla təsdiqlənmədiyini bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər.
29. Məhkəmə araşdırmalarına təqdim edilmiş müvafiq ödəniş qəbzlərindən X4 tərəfindən ümumilikdə 40.000 manat, cavabdehin özü tərəfindən isə ümumilikdə 123.750 manat məbləğlərində pul vəsaitinin 2021-ci ildə əmlakın özəlləşdirilməsi, beh və hərrac təyinatları ilə ödənildiyi müəyyən edilir.
30. Tərəflər arasında olmuş digər məhkəmə mübahisəsinə (27-ci bənddə göstərilən) dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2138/2024 nömrəli mülki işi öyrənilərkən müəyyən edilmişdir ki, həmin iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində keçirilmiş xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının qardaşı X5 iddiaçı və digər 2 nəfərlə birlikdə 500.000 manat pulu toplayıb cavabdehə verdiklərini, belə ki, özünün 54.000 manat beh məbləğini və əlavə 20.000 manat pulu sürücüsü vasitəsilə, qardaşı İddiaçı cəmi 40.000 manat, Elçinin 100.000 manat, Hikmətin isə 230.000 manat pulu cavabdehə verdiyini bildirmişdir. Bundan başqa, həmin məhkəmə iclasında şahid qismində dindirilmiş Vəliyev İsə 40.000 manat pulu işəgötürəni Elçin Vəliyevdən alıb banka ödədiyini, həmçinin, digər şahidlər də pulları başqalarından aldıqlarını bildirmiş, birbaşa iddiaçıdan pul alıb cavabdehin adına banka ödədiyini bildirən olmamışdır.
31. Həm əvvəlki məhkəmə işi, həm də hazırkı iş üzrə məhkəmə araşdırması zamanı iddiaçı tərəf özəlləşdirmə xərci kimi çəkilmiş 300.000 manat məbləğin geri qaytarıldığını etiraf etmişdir. Həmçinin, iddiaçı tərəfin ərizələrindən, şahid qismində məhkəməyə təqdim etdikləri şəxslərin ifadələrindən də cavabdehin əmlakının alınması üçün yalnız iddiaçının deyil, üçüncü şəxslərin də vəsaitinin cəlb edilməsi məsələsi mübahisəsiz olmuşdur.
32. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi səsyazısında “əmlakı satıb, pulunu bölərik” deyən şəxsin cavabdehin özü olması mübahisələndirilməsə də, həmin səsyazısından söhbətin hansı əmlakdan getməsi, bu səsli mesajın kimə və yaxud kimlərə ünvanlanması və s. iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilmir.
33. Əlavə olaraq qeyd edilməlidir ki, hazırkı iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərkən işin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsi məqsədilə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə tərəflərin sahibkarlıq fəaliyyətinin subyektləri olub-olmaması məsələsi araşdırılmış, iddiaçının VÖEN-nin olmaması müəyyən edilmişdir. Həmçinin, məhkəmə araşdırmaları dövründə bu məsələnin araşdırılmasına bir daha zərurət yarandığından, məhkəmə tərəfindən Dövlət Vergi Xidmətinə də sorğu edilmiş, Xidmət tərəfindən məhkəməyə ünvanlanmış cavab məktublarında iddiaçının sahibkarlıq fəaliyyətinin subyekti olmadığı bildirilmişdir.
c) Məhkəmənin mövqeyi:
34. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan və iddia tələbinin dəlilləri sübuta yetirilmədiyindən, hazırkı iddia təmin edilməməlidir.
35. Belə ki, iddiaçı müvafiq əmlakı özəlləşdirmək üçün tələb olunan pul məbləğini (520.000 manat) cavabdehə verdiyini və cavabdehin əmlakı özəlləşdirdikdən dərhal sonra satıb, iddiaçının verdiyi pulu (özəlləşdirmə xərclərini) geri qaytaracağına, həmçinin, satışdan əldə ediləcək gəlirin yarısını da iddiaçıya verəcəyinə dair cavabdehlə şifahi razılığa gəldiklərini iddia etsə də, ilk öncə qeyd edilməlidir ki, işin faktiki hallarına əsasən, əmlakın özəlləşdirilməsi üçün tələb olunan və cavabdehə verildiyi iddia edilən həmin məbləğin tam olaraq iddiaçının vəsaiti olması faktı öz təsdiqini tapmır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçının qardaşı tərəflər arasında olan əvvəlki məhkəmə mübahisəsi zamanı şahid qismində ifadə verərək, iddiaçının cəmi 40.000 manat məbləğində pul verdiyini, qalan pulu isə özünün və başqa 2 şəxsin verdiyini bildirmiş, həmçinin, iş üzrə digər şahidlərin ifadələri də pulun birbaşa iddiaçı tərəfindən verildiyi faktını təsdiq etməmişdir. İş materiallarında olan əmlak özəlləşdirilməsi üçün beh məbləğinin və hərrac xərclərinin ödənilməsinə dair qəbzlərdən, habelə cavabdehə məxsus olduğu mübahisələndirilməyən səsyazısından da cavabdehə pulun iddiaçı tərəfindən verilməsi halı müəyyən edilmir.
36. Beləliklə, iddiaçı cavabdehə verdiyini iddia etdiyi pulun özünə məxsus olması, habelə həmin pul müqabilində cavabdehlə aralarında əmlakın satışından əldə ediləcək gəlirin yarı bölünməsi barədə şifahi razılıq əldə edilməsi barədə dəlillərini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bununla da mülki prosessual qanunvericiliyin hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə vəzifəsi daşıması barədə göstəşirinə əsasən sübutetmə yükünü daşıyan iddiaçı sübutetmə üzrə vəzifəsini yerinə yetirməmişdir.
37. Bununla yanaşı, iddia ərizəsindən və iddiaçı tərəfin izahatlarından iddiaçının verdiyini iddia etdiyi 300.000 manat məbləğində pulun özəlləşdirməyə xərclənməsi, lakin özəlləşdirmədən sonra torpağın bir hissəsinin satılıb həmin məbləğin iddiaçıya qaytarıldığı bildirilmişdir. Deməli, bu hal məhz iddiaçının etirafı ilə öz təsdiqini taparaq hazırkı işin mübahisəsiz halını təşkil etmişdir. Yuxarıda da qeyd edildiyi kimi, verildiyi iddia edilən tam məbləğin iddiaçının özünə məxsus olması, dolayısı ilə qaytarılmayan qalıq məbləğin iddiaçının özünə, yaxud başqa bir şəxsə məxsus olması faktı öz təsdiqini tapmamışdır.
38. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə arasında şifahi razılıq olmasını, lakin cavabdehin həmin razılığa uyğun davranmadığını iddia edərək, əldən çıxmış fayda (maddi zərər), əsas borc, işgüzar adət və s. kimi cavabdehdən 1.190.685 manat məbləğində pul tələb etsə də, hazırkı tələbin qanuni və hüquqi əsası məhkəmə tərəfindən müəyyən edilmir. Çünki aralarında şifahi razılığın olmasını və cavabdehin bu razılığı pozduğunu sübuta yetirməyən iddiaçı əldən çıxmış fayda qismində maddi zərər kimi, borc münasibətlərinin olduğunu iddia etməsə də, əsas borc kimi, habelə münasibətlərinə heç bir aidiyyəti olmasa da, işgüzar adət kimi yuxarıda qeyd edilən məbləği cavabdehdən tələb etməkdə haqlı deyil. Çünki göstərilən əsaslardan heç biri iddiaçının heç bir sübutla öz təsdiqini tapmayan, yalnız mülahizələrdən ibarət olan tələbinin qanuni əsası hesab olunmur.
39. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalı və iddia rədd edilməlidir. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
40. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçı qarşısında iddia edilən (və ya daha az) məbləğdə öhdəliyinin yaranması üçün heç bir əsas müəyyən edilmədiyindən, hazırkı iddia tələbi təmin edilməməlidir.
41. İddia tələbinin “ekspert xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı xüsusilə qeyd edilməlidir ki, iddiaçı belə bir xərc çəkməsini də sübuta yetirməmiş, iş materiallarında olan möhürü və imzası olmayan mütəxəssis rəyinin isə cavabdehin sifarişi əsasında tərtib edilməsi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, tələb bu hissədə də təmin edilməməlidir.
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
42. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Maddə 14.1, 14.2. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: - Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. - Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. - Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. - Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. - Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. - Başqa şəxsə zərər vurulması. - Əsassız varlanma. - Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. - Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 404.1-404.2. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir;
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
45. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
46. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
47. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
48. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməli, iddia təmin edilmədiyindən, iş üzrə çəkilmiş məhkəmə xərcləri İddiaçı aid edilməlidir.
Nəticə:
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova