Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3056/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair məhkəməyə müraciət edərək, istintaq və məhkəmə orqanlarının səhvi nəticəsində qanunsuz olaraq verilmiş ittihama və hökm əsasənda azadlıqdan məhrum edilməyinə görə maddi ziyan kimi vurulmuş 97,000 manat, mənəvi ziyan kimi vurulmuş 50,000 manat olmaqla, cəmi 147,000 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları İddiaçı qanunsuz olaraq xx.xx.2020-ci il tarixdə tutaraq narkotik vasitələrin qeyri-qanuni satışında şübhəli şəxs qismində saxlamış, daha sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş iş baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-576/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hökmdən İddiaçı müdafiəçiləri tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmiş və CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ilədək endirilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Qərarla razılaşmadığından İddiaçı müdafiəçiləri tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 1200/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 1(101)- 576/2021 saylı hökmü ləğv edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, həmin qərardan ittiham tərəfindən verilmiş kassasiya protesti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli 1(102)- 669/202 saylı qərarı ilə təmin təmin edilməmişdir. Yuxarıda da qeyd edildiyi kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 1(101)- 576/2021 saylı hökmü ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 02 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1200/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 1(101)-576/2021 saylı hökmü ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Bununla da xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan 03 ildən artıq müddət ərzində (36 ay 01 gün) azadlıqdan məhrum edilmişdir. Qeyd edilir ki, barəsində cinayət təqibinə başlandığı andan həm özü, həm də ailə üzvləri dərin mənəvi iztirab keçirmiş, həmçinin maddi məhrumiyyətlərə məruz qalmışlar. İstər ibtidai araşdırma, istərsə də məhkəmə istintaqı zamanı özünü təqsirli bilmədiyi üçün müdafiəçilərin hüquqi xidmətindən yararlanmış, buna görə ailə üzvləri onlara göstərdikləri xidmətlərə görə müqavilə əsasında ödəniş etmişlər. Bundan başqa istintaq təcridxanasında olduğu dövr ərzində orada hazırlanan yeməkləri yeyə bilmədiyindən demək olar ki, həftədə ən azı iki dəfə iddiaçıya sovqat gətirilmişdir ki, bu da ailə üzvlərinə maddi yük olmuşdur. Həbsdə olduğu zaman qohumları, həm dost, həm də işgüzar əlaqələri olduğu şəxslərdən İddiaçı barəsində təqsirkar kimi fikirləri səsləndirmiş, bu da öz növbəsində ona mənəvi cəhətdən dərin zərbə vurmuşdur. Dəfələrlə ata və anasına guya İddiaçı narkotik vasitə sataraq insanları zəhərlədiyini bildirmiş, bu iddiaçının psixoloji vəziyyətini son həddə çatdırmışdır. Həbs edilməmişdən qabaq o, uzun illər ev təmiri ustası kimi fərdi qaydada işlər götürüb işləyir, bununla da ortalama olaraq aylıq 2000 (iki min) manat qazanc əldə edirmiş. Həbsdə olduğu müddət ərzində təxmini hesablamalarla 72.000 (yetmiş iki min) manat maddi qazancı əlindən çıxmışdır. Bundan başqa hər dəfə ona sovqat gətirilməsi üçün təkcə valideynləri 20.000 manata yaxın maddi vəsait xərcləmişlər. Eyni zamanda hüquqlarının müdafiə olunması ilə bağlı müdafiəçilərə 5000 (beş min) manat ödəniş edilmişdir. Həmçinin keçirmiş olduğu mənəvi iztirablarla bağlı vurulmuş mənəvi ziyanı 50.000 (əlli min) manat dəyərində qiymətləndirir və hesab edir ki, istintaq orqanının cinayət təqibi aparması İddiaçı daimi olaraq psixoloji basqı altında saxlamaqla ciddi mənəvi sarsıntılar qoymuşdur ki, hələ uzun müddət bundan sonra da reablitasiya olunmalı və normal həyata adaptasiya olunmalıdır. Bu da öz növbəsində yenə də kifayət qədər maddi vəsait tələb edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsini qəbul etməyərək məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli 1(103)-244/2022 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-576/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 2020-ci il sentyabrın 02-dən hesablanması, İddiaçı narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlərin təyin olunması və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması, 342 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyərinin təqsirləndirilən şəxs İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməklə İddiaçı aşkar edilərək götürülüb ekspertiza tədqiqatından sonrakı 41,907 qram narkotik vasitə heroinin qalığının məhv edilməsi, iki ədəd videodiskin cinayət işinin materiallarına əlavə olunmasının nəzərə alınması, İddiaçı barəsində xüsusi müsadirə tətbiq edilməməsi, İddiaçı barəsində seçilmiş həbs qismində qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin qərara əsasən məhkum edilmiş şəxs İddiaçı müdafiəçiləri X7 və X8 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 1(101)-576/2021 saylı hökmü məhkum edilmiş şəхs İddiaçı müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilməsi, həmin hökmlə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının 7 (yeddi) ilə endirilməsi, hökmün məhkum edilmiş şəхs İddiaçı müdafiəçiləri X3 və X6 apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilməməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2023-cü il tarixli 1(102)-826/2023 saylı qərarından görünür ki, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli 1(103)-244/2022 saylı qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunmuşdur. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1200/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli hökmündən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 1(101)-576/2021 saylı hökmü ləğv edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli 1(102)-669/202 saylı qərarından görünür ki, kassasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1200/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli hökmü kassasiya prostestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə əsasən müəyyən olunur ki, İddiaçı hüquqi yardımın göstərilməsi ilə əlaqədar Kəngərli və Partnyorları Vəkil Bürosuna ümumilikdə 550 manat pul ödəmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqazidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü maddəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 36.000 manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 36.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı hüquqi yardımın göstərilməsi üçün Kəngərli və Partnyorları Vəkil Bürosuna ümumilikdə 550 manat pul ödəmişdir. Bununla bağlı xx.xx.2022-ci il, xx.xx.2022ci il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçının hüquqi yardım göstərilməsi ilə bağlı ödədiyi vəsaitlər nəzərə alındıqda, iddiaçıya vurulmuş maddi ziyan 550 manat təşkil edir. İddiaçı iddia ərizəsində həbs edilməmişdən qabaq uzun illər ev təmiri ustası kimi fərdi qaydada işlər götürüb işlədiyini, bununla da ortalama olaraq aylıq 2000 (iki min) manat qazanc əldə etdiyini və həbsdə olduğu müddət ərzində təxmini hesablamalarla 72.000 (yetmiş iki min) manat maddi qazancının əlindən çıxdığını qeyd etsə də bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 36.000 manat məbləğində pul vəsaiti və hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 550 manat pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, iddia tələbi maddi və mənəvi ziyan tələbinə dair qalan hissədə, habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə münasibətdə rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı faktiki olaraq 36 ay (üç il) həbsdə olduğundan mənəvi ziyan məbləğinin 36.000 manat müəyyən edilməsi (36 x1000=36.000) ədalətli olmaqla iddiaçıya dəymiş mənəvi ziyanı kompensasiya edir. Habelə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən ona maddi ziyan vurulması (hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş xərcdən əlavə) ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin tələbinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir, yəni zərərin əvəzi məhz Dövlət büdcəsi vəsaiti hesabına ödənilir. Bu səbəbdən iddia tələbi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə münasibətdə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 36.000 manat məbləğində pul vəsaiti və hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 550 manat cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə münasibətdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-3056/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3056/2024
09.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver