Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3068/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan 1153.3 kvadrat metr “Əmlak kompleksi kimi müəssisə”, həmçinin onun yerləşdiyi və istifadəsində olan 21907.6 kvadrat metr torpaq sahəsində iddiaçının mülkiyyətindən və istifadəsindən məhrum edilərək söküntü, tikinti, təmir işləri aparıldığı üçün 590.000 AZN kompensasiyanın, dövlət rüsumuna görə ödənilmiş 880 AZN pulun cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizə araşdırılaraq müəyyən edilmişdir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş: AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən istehsal təyinatlı istifadədə olan torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə xx.xx.2015-ci ildən İddiaçı mülkiyyətindədir. Əmlakın Texniki İnventarlaşdırma Bürosunun müəssisə və obyektin texniki pasportundan görünür ki, Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən torpaq sahəsində Alı Mustafayev adına X2 yerləşir. “etender.gov.az” rəsmi internet səhifəsindən çıxarışdan görünür ki, “Cəlilabad rayonunun Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisi və avadanlıqla təchizatı” adlı müsabiqənin satınalan təşkilatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyidir. Fotoşəkillərdən görünür ki, torpaq sahəsində tikinti işləri üçün istifadə olunan xüsusi maşınlar var, plakatın üzərində isə Cavabdeh1 MMC yazılmışdır. Bakı Kommersiya Məhkəməsinin e-16(113)-210/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, ərizəçi İddiaçı ərizəsi təmin edilərək, Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ərizəçinin xüsusi mülkiyyətində olan istehsal təyinatlı, ümumi sahəsi 1153,3 m2 (torpaq sahəsi 0,1214 ha) olan “Əmlak kompleksi kimi müəssisə”də, həmçinin, onun yerləşdiyi və (dövlət mülkiyyətində olmaqla) istifadəsində olan torpaq sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, söküntü, tikinti, təmir işlərinin aparılması Cavabdeh1 MMC-yə və digər şəxslərə qadağan olunmuşdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2011-ci ildən Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (statusu: aktiv). Beləliklə, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ilkin araşdırılması zamanı müəyyən edildi ki, hazırki iş üzrə tərəflərdən – İddiaçı (VÖEN: **********) və Cavabdeh1 MMC (VÖEN: **********) vergi ödəyicisi qismində dövlət qeydiyyatına alınmış fərdi sahibkar və kommersiya hüquqi şəxsidir. Deməli, hazırki mübahisənin subyektiv tərkibi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləridir. Tərəflər arasında olan münasibətlərə və hazırkı mübahisənin predmetinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı istifadəsində olan istehsal təyinatlı torpaq sahəsində yerləşən və mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin cavabdehlər tərəfindən söküldüyünü, orada tikinti işlərinin aparıldığını, bununla da xüsusi mülkiyyətindən qanunsuz məhrum edildiyini iddia edərək, cavabdehlərdən kompensasiya tələb edir. İddiaçının vergi ödəyicisi olması, cavabdehlər tərəfindən söküldüyünü iddia etdiyi obyektin əmlak kompleksi kimi müəssisə (Alı Mustafayev adına X2) adlanması, müəssisənin yerləşdiyi torpaq sahəsinin istehsal təyinatlı olması, həmçinin, tikinti işlərini həyata keçirdiyini iddia etdiyi cavabdeh şirkətin kommersiya hüquqi şəxsi olması, müvəqqəti təminat tədbiri barədə ərizəyə məhz elə Bakı Kommersiya Məkhəməsi tərəfindən baxılaraq müvafiq qərardad qəbul edilməsi nəzərə alındıqda, tərəflər arasında kommersiya münasibətlərindən irəli gələn kommersiya mübahisəsinin yaranması müəyyən edilir. Belə olan halda isə məhkəmə hesab edir ki, bu mübahisəyə Nəsimi Rayon Məhkəməsində deyil, aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının: 10-cu bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. 11-ci bəndində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndinə müvafiq olaraq, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bəndinə görə, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 20-ci bəndinə müvafiq olaraq, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Göründüyü kimi, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 880 (səkkiz yüz səksən) manat məbləğində rüsum ödənilmişdir. Hesab edirəm ki, işə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməli və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 880 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 880 (səkkiz yüz səksən) manat məbləğində pul İddiaçı geri qaytarılsın (qəbz №: **********). İddiaçıya izah edilsin ki, aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-3068/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3068/2024
21.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver