Məhkəmə qərarları › İş №e-2(006)-3075/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3075/2025

03.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3075/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilənin qarşısının alınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilənin qarşısının alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan: - 24 avqust 2020-ci il tarixli, reyestrdə 3M-967 nömrə ilə qeydə alınmış X1 ilə İddiaçı MMC adından X2 arasında bağlanmış icarə müqaviləsinə görə icarəyə verənin adında olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 54a ünvanında yerləşən 14 mərtəbəli yaşayış binası kompleksinin 1-ci mərtəbəsindəki 510 kv.m olan qeyri-yaşayış sahəsini mağaza-anbar təyinatlı istifadə üçün icarəçinin icarəsinə verir. İcarəyə götürən isə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə icarə haqqını vaxtında ödəməyi öhdəsinə götürüb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin ilkin araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC 26 dekabr 2019-cu il tarixində dövlət qeydiyyatına alınmış hüquqi şəxsdir və inşaat mallarının topdan və pərakəndə satışını həyata keçirir. Hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 54a ünvanında icarə müqaviləsi əsasında İddiaçı MMC-yə məxsus mağaza fəaliyyət göstərməkdədir. İddiaçının məhkəməyə müraciət etməsində məqsəd Cavabdeh tərəfindən onun sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrinin qarşısını almaqdır. Məhkəmə hesab edir ki, cavabdeh qismində cəlb edilmiş şəxsin qeydiyyat ünvanı Nəsimi rayonu olsa belə, iddia tələbinə cavabdehin rəsmi qeydə alındığı ünvan üzrə deyil, məhz daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmədə baxılıb həll edilməlidir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə hər hansı xüsusiyyətdən asılı olmayaraq yalnız MPM-nin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxıla bilər və sadalanan işlər üzrə iddianın başqa məhkəmələrə verilməsinə yol verilmir. Müstəsna aidiyyət MPM-nin şərh olunan maddəsində nəzərdə tutulmuş işlərin düzgün və vaxtında həll olunması üçün maksimum dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsində müstəsna aidiyyətin nəzərdə tutulduğu hər bir halda işə daşınmaz əmlakın olduğu yerin məhkəməsində baxılmalı olması təsbit olunur. Beləliklə məhkəmənin qənaətinə görə hazırki iddia tələbi sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin aradan qaldırılması məqsədilə irəli sürüldüyündən, müstəsna aidiyyət qaydaları tətbiq edilərək, mülki iş baxılması üçün daşınmaz əmlakın yerləşdiyi yer üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İşin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin, 35.1, 44.2, 45.1, 45.2, 45.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilənin qarşısının alınması» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar