Məhkəmə qərarları › İş №e-2(006)-3085/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3085/2023

06.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3085/2023 06.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili BBB oğlunun və iddiaçının nümayəndəsi CCC qızının iştirakları ilə İddiaçı AAA oğlunun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı AAA oğlu cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək maddi ziyan və əldən çıxmış faydaya görə 36552 (otuz altı min beş yüz əlli iki) manat, mənəvi ziyana görə 100000 (yüz min) manat kompensasiyanın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hesabından tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı AAA oğlu Binəqədi RPİ-nin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə qanunsuz təqsirləndirilməklə cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə verilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-**/2023 saylı hökmünə əsasən təqsirliliyi sübuta yetirilmədiyi üçün iddiaçı AAA oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir. xx.xx.2023-cü il tarixli, 1(101)-**/2023 saylı hökmdən xx.xx.2023-cü il tarixli, 663/23 saylı apellyasiya protesti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-**/2023 saylı qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-**/2023 saylı hökmü qüvvədə saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il, 1(101)-**/2023 saylı hökmünün 8-ci bəndində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən barəsində bəraət hökmü çıxarılmış AAA oğluna vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb etmək hüququ izah edilmişdir. İddiaçı 30 sentyabr 2021-ci il tarixdə, saat 19:40 radələrində ünvan 1 ünvanında Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən heç bir əsas olmadan tutulmuşdur. İddiaçı 30 sentyabr 2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər 1 il 3 ay 24 gün qanunsuz həbsdə saxlanılmışdır. İddiaçının barəsində qanunsuz cinayət işinin aparılması və həbsi ona, ailəsinə həm maddi, həm mənəvi cəhətdən böyük zərbə vurmuşdur. İddiaçının anası ona 150 manat məbləğində hər həftə ərzaq və qeyri-ərzaq malları gətirmiş, onun saxlandığı Bakı İstintaq Təcridxanasına taksidən istifadə etməklə gedişgəliş üçün 50 manat, ümumilikdə hər həftə 200 manat pul xərcləmişdir. Bu minvalla ona 1 il 3 ay 24 gün ərzində 12800 (on iki min səkkiz yüz) manat pul xərclənmişdir. Həbsdə olduğu dövrdə iddiaçının səhhəti pisləşmişdir. 1000 (min) manat məbləğində iddiaçıya dərman alınaraq müalicəsi üçün xərclənmişdir. İddiaçının məhkəmə prosesləri uzun müddət davam etmişdir. İddiaçının anası məhkəməyə gedən gün hər dəfə 50 manat məbləğində ərzaq alaraq gediş-gəliş üçün 10 manat, yəni hər səfər üçün 60 manat pul xərcləmişdir. Bununla bağlı məhkəməyə gediş-gəliş xərcləri 1200 manat təşkil etmişdir. İddiaçının Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiəsi ilə bağlı vəkil Nümayəndə ilə 211 (iki yüz on bir) manat, Bakı Apellyasiya məhkəməsində hüquqlarının müdafiə olunması ilə bağlı 120 (bir yüz iyirmi) manat, hal-hazırkı mülki iş üzrə 221 manat olmaqla, cəmi 552 (beş yüz əlli iki) manat pul xərclənmişdir. İddiaçı həbsə alınmamışdan öncə fərdi işlə məşğul olmaqla hər ay 1000 manat pul qazanırdı. Həbsdə olduğu dövrdə 16000 (on altı min) manat fayda əlindən çıxmışdır. İddiaçının həbsi ilə bağlı anası normal surətdə özünü müalicə etdirə bilməmişdir. İddiaçının həbsi onun da sağlamlığına mənfi təsir göstərmişdir. Hazırda anasının müayinə və müalicə olunması üçün 5000 manat pul lazımdır. Lakin bunun üçün onun maddi durumu imkan vermir. İddiaçının həbsdə olmağı ilə, onun barəsində aparılan cinayət işi ilə bağlı şərəf və ləyaqətinə sağalmaz zərbə vurulmuşdur. Ətrafda hamı onu “cinayətkar”, “narkotik satıcısı” kimi qələmə verir. Buna görə də mənəvi ziyan olaraq ona 100000 (yüz min) manat pulun ödənilməsinin zəruri olduğunu hesab edir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X1 tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz göndərilərək bildirilmişdir ki, sözügedən məhkəmə işinin obyektiv tədqiqi məqsədilə iddiaçıya bəraət verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından Ali Məhkəməyə kassasiya protestinin verilib-verilməməsi dəqiqləşdirilməlidir. İddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş orqan (vəzifəli şəxs) məhkəmə prosessinə cəlb olunması məqsədəmüvafiqdir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir. Bu baxımdan onun faktlara və sübutlara deyil şəxsi mülahizələrinə söykənən bu iddiaları təmin edilə bilməz. İddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi də əsassız hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə onun işləməsini, aylıq gəlir və qazancını sübut edəcək faktlar təqdim edilməmişdir. Bu baxımdan iddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi ağlabatan deyildir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı AAA oğlunun nümayəndəsi və vəkili BBB oğlu və nümayəndəsi CCC qızı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-**/2023 saylı hökmü ilə təqsirliliyi sübuta yetirilmədiyi üçün AAA oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi, AAA oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə zalından həbsdən azad edilməsi, Siyəzən Rayon Məhkəməsinin 1(159)-**/2020 saylı, xx.xx.2020-ci i tarixli hökmü ilə AAA oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təyin edilmiş 2 il 2 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasının Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr- Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsinə əsasən, 1 ilə azaldılmasını nəzərə alınmaqla çəkilməmiş 1 il 2 ay 9 gün cəza müddətinin müstəqil icra olunması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-752/2023 saylı qərarına əsasən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin AAA oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair 1(101)-**/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, AAA oğlunun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı şəhəri 11 saylı Vəkil Bürosu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 473 nömrəli arayışdan görünür ki, AAA oğlunun Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işində hüquqlarının müdafiəsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 454 saylı müqavilə üzrə 211, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində olan mülki işində hüquqlarının müdafiəsi ilə bağlı xx.xx.2023-cü il tarixli, 690 saylı müqavilə üzrə 221 manat məbləğində xidmət haqqı ödənilmişdir. Bakı şəhəri 19 saylı Vəkil Bürosu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, A- 23/2023 nömrəli arayışdan görünür ki, AAA oğlunun hüquqlarının müdafiəsi ilə bağlı xx.xx.2023-cü il tarixli, 158 saylı müqavilə üzrə 120 manat məbləğində xidmət haqqı ödənilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, AAA oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunduğu cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-**/2023 saylı hökmü ilə bəraət verilmiş, həmin bəraət hökmü Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. AAA oğlu sözügedən cinayət işi üzrə məhkəməyədək icraat zamanı və məhkəmə baxışı zamanı ümumilikdə 1 il 3 ay 24 gün həbsdə saxlanılmışdır. AAA oğlunun hüquqlarının müdafiəsi məqsədilə ümumilikdə vəkillərə müqavilələr üzrə 552 manat pul ödənilmişdir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, o, əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz olaraq istintaqa cəlb olunması, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində o, uzun sürən cinayət işi üzrə icraat zamanı fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, şərəf və ləyaqətinə zərər dəymişdir. Ona görə də AAA oğluna vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, iddiaçının uzun müddət həbsdə qalmasını nəzərə alaraq 16000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Məhkəmə iddianın “vurulmuş maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən vəkillərə ödənilmiş 552 manat xidmət haqqından əlavə, ona vurulmuş maddi zərərlə bağlı (gəlirlərin itirilməsi, yol xərci və s.) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının həbsdə olması səbəbilə xərclərin çəkilməsi və gəlirdən məhrum olmasına dair dəlilləri heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır. Ona görə iddia tələbi maddi zərər hisssəsində 552 manat həcmində təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə cavabdehin iddia ərizəsinə etirazın dəlilləri ilə bağlı qeyd edir ki, AAA oğlunun barəsində qəbul edilmiş bəraət hökmü yuxarı instansiya məhkəmələrinin qərarları ilə dəyişdirilmədən saxlanılmış və hökm qanuni qüvvəsini almışdır. Eyni zamanda, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Siyəzən Rayon Məhkəməsinin 1(159)-**/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə AAA oğluna təyin edilmiş 2 il 2 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasının icrasının müddəti sonuncu cinayət işi üzrə qətimkan tədbiri kimi seçilmiş həbsin müddətində hesablanmamış və həmin cəzanın müstəqil icra olunması Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)- **/2023 saylı hökmü ilə təsbit edilmişdir. Ona görə AAA oğlunun çəkilməmiş azadlığın məhdudlaşdırılması növündə cəzası olsa da, qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə aid edilmədiyindən, sonuncu cinayət işi üzrə həbsdə olduğu müddət onun azadlığının qanunsuz olaraq əlavə məhdudlaşdırılması ilə nəticələnmişdir. Məhkəmə iddiaçının tələblərini cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə qismən təmin edərək həmçinin qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də maddi və mənəvi zərərin əvəzi оlаn cəmi 16552 (on altı min beş yüz əlli iki) mаnаt məbləğində pul məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 552 manat və mənəvi zərərə görə 16000 manat olmaqla, ümumilikdə 16552 manat məbləğində pul alınaraq iddiaçı AAA oğluna ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 552 (beş yüz əlli iki) manat və mənəvi zərərə görə 16000 (on altı min) manat olmaqla, ümumilikdə 16552 (on altı min beş yüz əlli iki) manat məbləğində pul alınaraq iddiaçı AAA oğluna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar