Məhkəmə qərarları › İş №e-2(006)-3085/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3085/2025

19.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3085/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Cavadxan (Gəncə xanı) küçəsi 29”A” nömrəli evin, 34 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 29a №-li evin, 34 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzili Bakı şəhəri 29 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixində rəsmiləşdirilmiş 4Ə-02/236 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında almış və 2014-cü ildən bu günədək həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayış əldə edərkən ona məlum olmuşdur ki, tanımadığı şəxs Cavabdeh onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatdadır. Bununla bağlı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3129/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiası təmin edilməmişdir. İddianın təmin edilməməsinə səbəb kimi qeyd edilmişdir ki, üçüncü şəxs Cavabdeh hazırda mübahisəli mənzilə dair istifadə hüququnun mövcudluğu, o cümlədən mənzildə yaşamaması ilə bağlı həmin hüquqların qüvvədə olub olmaması mülki məhkəmə icraatının predmeti olduğundan hazırkı icraat üzrə həmin məsələlərin qiymətləndirilməsi, buna uyğun olaraq hazırkı iddianın həll olunması inzibati mühakimə icraatının predmetini təşkil etmir. Çünki üçüncü şəxsin 34 saylı mənzilə hüquqlarının olmaması ilə bağlı hazırkı iddianın faktiki əsasını mülki mübahisə təşkil edir. Bakı İnzibati Məhkəmənin qərarında həmçinin göstərilmişdir ki, 3-cü şəxs Cavabdeh 34 saylı mənzilə istifadə hüququ ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.1982-ci il tarixdə mübahisəli olan mənzildə qeydiyyatda olmaqla yaşamışdır. Bildirmək istəmişdir ki, o, Cavabdeh tanımır, heç vaxt birlikdə həmin mənzildə yaşamamışdır, cavabdeh onun mülkiyyətində olan mənzildə yaşamır, 2014-cü ildən alqısatqı və ipoteka müqaviləsi əsasında aldığı mənzildə ailəsi ilə birlikdə yaşayır. Cavabdehin onun xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda qalması onun xüsusi mülkiyyətində olan mənzil üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, etirazla məhkəməyə müraciət edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, onun Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 29a, 34 saylı mənzilə dair istifadə və mülkiyyət hüququ, xx.xx.1982-ci il tarixdən mübahisə predmeti oıan mənzilə qeydiyyata alinan andan yaranmışdır. İddiaçı iddiasının hüquqi əsası kimi geydi “mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dək yarandığından mübahisə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir“ qənaəti səhvdir və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli Qərarında bu nəticəyə gəlinmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi və Mülki Məcəllənin 228-ci maddəsi ayrı-ayrılıqda vətəndaşların mənzildən istifadə etmək hüququnu tənzimləyərək bu hüququn müxtəlif şərtlərlə həyata keçirilməsini müəyyənləşdirir. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. İddia ərizəsindən də göründüyü kimi, mübahisəli mənzil özəlləşdirilmiş mənzildir, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 29a ünvanında yerləşən 34 saylı mənzil İddiaçı xx.xx.2014-cü il tarixdən mülkiyyətindədir. Odur ki “1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsi ona şamil oluna bilməz. Eyni zamanda onun mübahisəli mənzildə yaşamadığı iddia olunan müddət 2014-cu ildən sonraya aid olduğundan, 2001-ci ilədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları bu işə tətbiq oluna bilməz. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı 0447681№ li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 29a saylı evin 34 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materillarından görünür ki, cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 29a saylı evin 34 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan kreditor ipoteka-qoyan ASC “Xalq” Bankın Şəmkir filialı ilə alıcı-ipoteka qoyan İddiaçı və satıcı X13 arasında 2014-cü ilin iyul ayında bağlanmış alqısatqı və ipoteka müqaviləsinin surətində göstərilmişdir ki, satıcı, AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli nömrəli arayışa əsasən 2 otaqlı ümumi sahəsi 45,2 m2, o cümlədən yaşayış sahəsi 33,4 kv.m olan, ünvan 3 ünvanında 5 mərtəbəli, 8 bloklu binanın 3 blokunda, 2 mərtəbəsində yerləşən yaşayış sahəsi Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. İş materiallarında olan satıcı X1 qanuni nümayəndəsi X5 ilə alıcı X13 arasında xx.xx.2013-cü il tarixdə bağlanmış mənzilin alqı-satqı müaviləsinin surətindən görünür ki, satıcı ünvan 3-ü alıcının mülkiyyətinə vermişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı 0411277№ li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 29a saylı evin 34 saylı mənzili tam mülkiyyət hüququ üzrə X6 məxsusdur. İş materiallarında olan xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X17 ünvan 3-ü X3 bağışlamışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixdə verilmiş RX seriyalı ******* № li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 29a saylı evin 34 saylı mənzili tam mülkiyyət hüququ üzrə X3 məxsusdur. İş materiallarında olan xx.xx.1969-cu il tarixdə verilmiş orderin surətindən görünür ki, X11 Bakı şəhəri, 4M 1410 keçid ev 29 mənzil 34-də 2 şəxslə -X14, X15-yaşamasına icazə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon MKTB tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş arayışın surətindən görünür ki, ünvan 3 ünvanda Fuad Rzayev özü 1970-ci il tarixdən, arvadı Fatmaxanım Rzayeva 1997-ci il tarixdən, qızı Rza-zadə Dinara Fuad qızı 1982-ci il tarixdən, qızı X7 1982-ci il tarixdən qeydiyyatdadırlar. İş materiallarında olan ərizənin surətindən görünür ki, Rza-X19 yaşadığı mənzilin atası X8 adına özəlləşməsinə etiraz etməmişdir. İş materiallarında olan dövlət notariat arxivi tərəfindən təqdim edilən bağışlama müqavilənin bağlanmasına dair 4-ə-1-128 saylı notariat işində olan arayışda ünvan 1 ünvanda daimi qeydiyyatda olanlar X17 (1970), X2 (1997), X5 (2009), X4 (2009) kimi göstərilmişdir. İş materiallarında olan ərizələrdən görünür ki, X2 və X5 ünvan 1-ün bağışlanmasına etiraz etməmişlər. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı cavabdeh Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə qarşı üçüncü şəxs Cavabdeh qeydiyyatdan çıxarılma barədə iddiası təmin edilməmişdir. Həmin qətnamədən həmçinin görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli 2(103)-7337/2014 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2012-ci il tarixli qiyabi qətnaməsi ilə X8 Cavabdeh qarşı irəli sürdüyü iddia tələbi təmin olunaraq, sonuncunun Bakı şəhəri, Nəsimi rayonu, 4cü mikrorayon, Cavadxan küçəsi 29 a saylı evin 34 saylı mənzilindən istifadə hüququnun itirilməsi və onun həmin mənzildən qeydiyyatdan çıxarılması qət olunmuşdur. Sonradan həmin qiyabi qətnamə Cavabdeh ərizəsi əsasında əğv olunaraq onun "mənzilə istifadə hüququnun tanınması, və mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası da icraata götürülməklə işə mahiyyəti üzrə yenidən baxılmış və birinci instansiya məhkəməsinin 11 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə nər iki iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2012-ci il tarixli qətnaməsi ilə qüvvəsində saxlanılmışdır. Bundan sonra birinci instansiya məhkəməsinə müraciət edən Cavabdeh, 01 mart 2012-ci il tarixli qiyabi qətnamənin ləğv olunmasına qədər icraya yönəldildiyini və icra olunaraq Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi 29 a saylı evin 34 saylı mənzilindən pasport qeydiyyatından çıxarıldığını bildirmiş, buna görə də həmin qətnamənin icrasında dönüşün həyata keçirilərək onun əsasında verilmiş icra vərəqəsinin ləğv edilməsini və icranın nəticələrinin aradan qaldırılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 04 dekabr 2013-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməyərək geri qaytarılması qərara alınmış, məhkəmə bu zaman, xx.xx.2012-ci il tarixli qiyabi qətnamənin ləğv edilmiş olunduğuna və sonradan iddianın rədd edildiyinə əsaslanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 26 avqust 2014-cü il tarixli qərardadı ilə Cavabdeh şikayəti qismən təmin edilərək xx.xx.2013-cü il tarixli qərardad ləğv edilmiş və ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. Birinci instansiya məhkəməsinin 13 oktyabr 2014-cü il tarixli qərardadı ilə Cavabdeh ərizəsi yenə də təmin olunmamış, qərardaddan verilmiş şikayət isə xx.xx.2014-cü il tarixli qərardadla təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli 2(103)- 7337/2014 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 511/2014 saylı iş üzrə 13 oktyabr 2014-cü il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2012-ci il tarixli qiyabi qətnaməsi əsasında verilmiş icra vərəqəsinin ləğv edilməsi və icranın nəticələrinin aradan qaldırılması barədə Cavabdeh ərizəsi qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2012-ci il tarixli qiyabi qətnaməsinin icrasından geri dönüş edilmiş, ərizə qalan hissədə təmin olunmamış, bu qərardad, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi 29a saylı evin 34 saylı mənzilinə pasport qeydiyyatına alınması üçün əsas hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 sentyabr 2012-ci il tarixli 2(006)-511/20212 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh ailə qururaraq mənzili tərk etmişdir, uzun müddət həmin mənzildə yaşamamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 3 tam mülkiyyət hüququ əsasında mülkiyyətçisidir. O, həmin əmlakı qanuni əsaslarla əldə etməklə vicdanlı alıcıdır. Cavabdehin iddiaçının nə qohumu nə də tanışdır. O, formal olaraq ona məxsus evdə qeydiyyatda qalmışdır. İddiaçı cavabdehin istifadə hüquqlarına xitam verilməsini tələb etsə də, cavabdehin iddiaçının evindən istifadə hüququ yaranması müəyyən edilmir. Belə ki, həmin hüququn yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində, əvvəlki Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrində, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslar mövcud deyildir. Hər hansı hüquqa xitam verilməsi üçün əvvəlcə onun yaranması müəyyən edilməlidir. Cavabdehin mənzilə istifadə hüququ yaranması müəyyən edilmədiyindən istifadə hüququna xitam verilməsi barədə tələb də təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 saentyabr 2020ci il tarixli Qərarında müəyyən edilmiş əsaslara görə mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Cavabdehin iddiaçının mülkiyyətində olan evdə formal olaraq qeydiyyatda olması isə mənzilə istifadə hüququnun olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Ona görə də cavabdehin mənzildən istifadə hüququnun olması müəyyən edilmədiyindən iddiaçının cavabdehin istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilməməlidir. Məhkəmədə iddiaçı tərəf cavabdehin istifadə hüququna xitam verilməsi barədə tələb irəli sürməsini yalnız onların həmin mənzildən qeydiyyatdan çıxara bilmədiyi ilə əsaslandırmışdır. Belə olan halda hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin iddiaçının mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Eyni zamanda məhkəmə qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, mənzildən istifadə hüququnun olması müəyyən edilməyən cavabdehlərin iddiaçının (mülkiyyətçinin) iradəsinə zidd olaraq onun mənzilində yaşayış yeri üzrə qeydiyyatda qalması mülkiyyətdən maneəsiz istifadə hüququna xələl gətirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi təmin edilməsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 29a ünvanında yerləşən 34 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar