Məhkəmə qərarları › İş №e-2(006)-3087/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3087/2021

17.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3087/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Cavabdeh qarşı «borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bank arasında bağlanmış 07.01.2016-cı il tarixli, H002KK16 saylı müqavilənin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə 30.454 manat əsas, 3827,72 manat faiz, 6682,24 manat cərimə borcunun və 30 manat dövlçt rüsumunun tutulması, tələbin Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, 1-ci m/r., Tbilisi prospekti, 74 saylı evin 8 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əldə olunan vəsaitin cavabdehin Banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutmanın yönəldilməsinin icrası mümkün olmadıqda, borcun qalıq hissəsinin cavabdehdən tutulması, həmin evdə yaşayan X2, X1, X3, digər şəxslərin və onların ailə üzlərinin həmin evdən çıxarılması və əmlakın boşaldılaraq Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-3074/2018 saylı, 29.06.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, kredit alandan İddiaçı ASC-nin xeyrinə 30454 manat əsas, 6680,19 manat faiz, 200 manat cərimə olmaqla, cəmi 37334,19 manat kredit borcu, həmçinin 30 manat məbləğindəki dövlət rüsumu vəsaitinin tutulması və digər tələblərin təmin edilməsi qət edilmişdir. Cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 22.02.2019-cu il tarixli, 2(103)-1352/2019 saylı qətnaməsi ilə qismən təmin edilərək, borc məbləği olduğu kimi saxlanılmış, qətnamə sadəcə ipoteka predmetinin ilkin satış qiymətinin məbləği hissəsində dəyişdirilərək, mənzilin ilkin satış qiyməti 105.000 manat müəyyən edilmişdir. Qətnamə 15.05.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-nin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, MM-nin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmənin qərarda göstərdiyi mülahizəyə əsasən kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Yuxarıda göstərilən məhkəmə qətnamələri ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edildiyindən, müqavilənin bitmə tarixini apellyasiya instansiya məhkəməsinin qərarının qanuni qüvvəyə mindiyi günü - 15.05.2019-cu il tarixini qəbul etmək olar. Lakin, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini də vicdansız şəkildə icra etməmiş, bütün vasitələrlə borcun ödənişindən yayınmağa çalışmış, yalnız təminat kimi çıxış edən əmlak Hərrac təşkilatının «Hərracın yekunları barədə» 05.12.2019-cu il tarixdli, 79/04 nömrəli protokolu əsasında bank tərəfindən balansa götürüldüyü gün – 05.12.2021-ci il tarixdə öhdəliyinə xitam verilmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən mülahizələrinə əsaslanaraq hesab edirlər ki, borcalan apellyasiya məhkəməsinin qüvvəyə mindiyi gündən, hərrac protokolunun təsdiq olunduğu günədək Banka ödənilməli olan pul məbləğinin ödənilməsini gecikdirildiyindən, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində ödəməlidir. Məhkəmənin yekun qətnaməsinə əsasən cavabdehin bank qarşısında ümumi borc öhdəliyi 37334,19 manat təşkil edildiyindən, qətnamənin icrasını gecikdirildiyi 257 günlər üçün 1332,16 manat məbləğində vəsait ödənilməlidir. Həmçinin Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq Bank peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması səbəbindən bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilməməsinə görə ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranır. Cavabdehə bank tərəfindən kreditin illik 19 faizlə verildiyini nəzərə alaraq gecikdirilən 37.334,19 manat məbləğində vəsait eyni şərtlərlə kredit kimi veriləcəyi halda Bank 5063,96 manat əlavə faiz gəliri əldə edə bilərdi. Göstərilənlərə əsasən Cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində üzərinə düşən öhdəliklərin icrasını gecikdirildiyi vaxt üçün 1332,16 manat məbləğində, eləcə də kreditin vaxtında qaytarılmaması səbəbindən həmin vəsaitdən istifadə edə bilməməsinə görə Banka dəymiş 5063,96 manat məbləğində zərərin əvəzinin və işin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Bank ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3074/2018 saylı, 29.06.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASCnin xeyrinə 30454 manat əsas, 6680,19 manat faiz, 200 manat cərimə, cəmi 37334,19 manat kredit borcu, həmçinin 30 manat məbləğində dövlət rüsumu vəsaitinin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr., Tbilisi prospekti, 74 saylı evin 8 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiyməti 85000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmetinin satıldıqdan bir ay sonra Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr, Tbilisi prospekti, 74 saylı evin 8 saylı mənzilinin tərk etməsi, iddia tələbinin qalan hissədə əsassız olduğundan rədd edilməsini qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1352/2019 saylı, 22.02.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29.06.2018-ci il tarixli, 2(006)-3074/2018 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin məbləği hissəsində dəyişdirilmiş və mənzilin ilkin satış qiyməti 105000 manat müəyyən edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29.06.2018-ci il tarixli, 2(006)-3074/2018 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmış, ipoteka predmetinin qiymətləndiricisinin xidmət haqqı 300 manat Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İş üzrə "xxxx" MMC-nin «Hərracın yekunları barədə» 05 dekabr 2019-cu il tarixli, 79/04 №-li protokolun surətindən görünür ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1352/2019 saylı, 15.05.2019-cu il tarixli icra vərəqəsinin, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 16213-81450/2019-5-23 saylı, 16.09.2019-cu il tarixli sifariş məktubunun və İddiaçı ASC-nin müvafiq məktubunun icrası ilə əlaqədar Cavabdeh oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, Tbilisi prospektində yerləşən 74 saylı evin 8 saylı mənzilin hərracı keçirilmiş və ipoteka predmeti Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, Tbilisi prospektində yerləşən 74 saylı evin 8 saylı mənzil təkrar hərracdan sonra 89.250 manata İddiaçı ASCyə satılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki,Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29.06.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı ASC-nin xeyrinə cəmi 37334,19 manat kredit borcun və həmçinin 30 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr., Tbilisi prospekti, 74 saylı evin 8 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiyməti 85000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmetinin satıldıqdan bir ay sonra Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr, Tbilisi prospekti, 74 saylı evin 8 saylı mənzilinin tərk etməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22.02.2019-cu il tarixli qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin 29.06.2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin məbləği hissəsində dəyişdirilmiş və mənzilin ilkin satış qiyməti 105000 manat müəyyən edilmişdir."xxxx" MMC-nin «Hərracın yekunları barədə» 05.12.2019-cu il tarixli protokoluna əsasən Cavabdeh mülkiyyətində olan mənzilin hərracı keçirilmiş və həmin mənzil təkrar hərracdan sonra 89.250 manata İddiaçı ASC-yə satılmışdır.Cavabdehin bank qarşısında ümumi borc öhdəliyi 37.334,19 manat təşkil edildiyindən qətnamənin icrasını gecikdirdiyi 257 gün üçün 1332,16 manat məbləğində vəsait ödənilməlidir. Həmçinin kreditin vaxtında qaytarılmaması səbəbindən həmin vəsaitdən edə bilməməsinə görə banka 5063,96 manat zərər dəymişdir. İddianın hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun tutulması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi olmaqla 1332,16 manat məbləğində borcun tutulması hissəsində əsaslıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi nəzərə alınmaqla 1332,16 manat məbləğində pulun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə 5063,96 manat pulun tutulması tələbləri üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnəmsi aiddir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır. Göründüyü kimi qanunvericilik real zərərə görə hər şeydən əvvəl şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri aid edir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki hüquq baxımından ziyan şəxsiyyətin və mülkiyyətin toxunulmazlığı prinsipinin pozulması nəticəsində onların sabitliyini pozur, bütövlüklərnə xələl gətirir, öz təyinatları üzrə yararlılıqlarına maneçilik yaradır, iqtisadisosial və mənəvi dəyərlərini azaldır. Buna görə də mülki hüquq ziyanın iki növünü: əmlak ziyanı və mənəvi ziyanı fərqləndirir. Əmlak ziyanı əmlak itkiləri formasında baş verir. Buraya şəxsin öz əmlakından məhrum olması, onun zədələnməsi, əldə edəcəyi gəlirlərdən məhrum olması və onun üçün digər əlverişsiz əmlak nəticələrinin yaranması və s. daxildir. Yuxarıda göstərildiyi kimi, ziyan naturada bərap edilə bilər, ya da pulla əvəz edilə bilər. Əmlak itkiləri mülki hüquqda zərər adlandırılır. Beləliklə, zərər öz növbəsində ziyanın nəticələrinin pulla dəyərləndirilməsidir. Mülki qanunvericiliyin tənzimlədiyi münasibətlərin əsas hissəsinə əmlak münasibətləri təşkil etdiyindən, mülki-hüquqi məsuliyyətdə əsasən əmlak xarakteri daşıyır. Zərərin əvəzinin ödənilməsi də məhz əmlak xarakterli mülki hüquq sanksiyasıdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin pozulması nəticəsində iddiaçıya əldən çıxmış fayda kimi 5063,96 manat maddi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübut ( qeyd olunan məbləğin bankın son vəsaiti olması, və olduğu və ya olmadığı təqdirdə həmin vəsaitin kiməsə verilməsinin həmin səbəbdən asılı olaraq verilə bilməməsi barədə ) təqdim olunmadığından, həmin hissədə tələb əsassız və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində üzərinə düşən öhdəliklərin icrasını gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 1332,16 (bir min üç yüz otuz iki manat, on altı qəpik) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 1362,16 (bir min üç yüz altmış iki manat, on altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində üzərinə düşən öhdəliklərin icrasını gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 1332,16 (bir min üç yüz otuz iki manat, on altı qəpik) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 1362,16 (bir min üç yüz altmış iki manat, on altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar