Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3117/2023 25.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2023-cü il tarixli qərarı ilə hazırki iş üzrə cavabdeh qismində cəlb edilmiş LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin lisenziyası xx.xx.2023-cü il tarixdə ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsinə dair tələblə məhkəməyə müraciət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti müflis elan olunmuş, bank barəsində iflas proseduruna başlanılmış və bank hazırda ləğv prosesindədir. İddia ərizəsindən, həmçinin, görünür ki, iddiaçının geri qaytarılmasını tələb etdiyi pul məbləği xx.xx.2023-cü il tarixdə (bankın lisenziyasının ləğv edilməsinin qərara alındığı gün) hazırki iş üzrə cavabdeh qismində cəlb edilmiş LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətində olan bank hesabına köçürülmüş, xx.xx.2023-cü il (bankın lisenziyasının ləğv edildiyi gün) və xx.xx.2023-cü il (bank müflis elan olunduqdan, barəsində iflas proseduruna başlandıqdan sonra) tarixlərdə pul məbləğlərinin geri qaytarılmasına dair sorğular həmin banka ünvanlanmış, xx.xx.2023-cü il tarixdə isə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə əsasən hesab edir ki, iş üzrə cavabdeh qismində cəlb edilmiş LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyəti məhkəmə qərarı ilə müflis elan edildiyindən, hazırki işə Nəsimi Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2017-ci il tarixli Qərarında xüsusilə vurğulanmışdır ki, qanunverici bank barəsində iflas proseduruna başlanılması və müflis elan olunaraq ləğv edilməsinin xüsusi qaydalarını nəzərdə tutur. Belə qaydalar “Banklar haqqında” Qanunun 72-ci maddəsində nəzərdə tutulmuşdur. Bu qaydalara əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan: - banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; - bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür və s. Maddədən göründüyü kimi, banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddiaların dayandırılması, banka qarşı bütün tələblərin iflas proseduru çərçivəsində irəli sürülməsi tələbi yalnız bankın müflis elan olunduğu halda müəyyən edilmişdir. Təcrübədə müflis elan olunmuş banklarla bağlı məhkəmə işləri müxtəlif xarakterli olmaqla, iddianın predmeti, hüquqi əsasları, mülki dövriyyədə yaranmış müxtəlif münasibətlərdən irəli gəlməsi və mübahisənin hüquqi təbiətinə görə fərqlənirlər. Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, göstərilən fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar:
1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar;
2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. “Banklar haqqında” Qanunun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Plenum tərəfindən müəyyən olunmuşdur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Plenum göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı hazırki tələblə bankın iflas proseduru çərçivəsində birinci instansiya qismində nəzarəti həyata keçirən Bakı Apellyasiya Məhkəməsinə (inzibati kollegiya) müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 114.1, 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 353 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. İddiaçıya hazırki tələblə bankın iflas proseduru çərçivəsində birinci instansiya qismində nəzarəti həyata keçirən Bakı Apellyasiya Məhkəməsinə (inzibati kollegiya) müraciət etmək hüququnun olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİM:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İş üzrə ödənilmiş 353 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. İddiaçıya hazırki tələblə bankın iflas proseduru çərçivəsində birinci instansiya qismində nəzarəti həyata keçirən Bakı Apellyasiya Məhkəməsinə (inzibati kollegiya) müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Günay Abidova