Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3169/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və qeyrilərinin cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı cavabdehlərin üzərinə öhdəlik qoyulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və qeyriləri cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, İqtisadiyat Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia qaldıraraq iddiaçıların mülkiyyətində olub məhkəməyə təqdim edilmiş dövlət özəlləşdirmə payları üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı olan hər cür pozuntunun aradan qaldırılması öhdəliyinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması, iddiaçıların mülkiyyətində olub məhkəməyə təqdim edilmiş dövlət özəlləşdirmə paylarının hər birinə düşən əmlak naturada müəyyən edilərək iddiaçıların mülkiyyətinə verilməsi öhdəliyinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması, iddiaçıların mülkiyyətində olub məhkəməyə təqdim edilmiş dövlət özəlləşdirmə paylarının hər birinə düşən əmlak naturada müəyyən edilərək iddiaçıların mülkiyyətinə verilməsi mümkün olmadığı təqdirdə, həmin dövlət özəlləşdirmə paylarının hər biri üçün onun qanunla infilyasiyadan qorunan dəyəri olan 40 000 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iddiaçılar cavabdeh qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini qoymaqla həmin orqanlara qarşı tələblər irəli sürmüşlər. İddiaçıların tələblərinin bir qismi cavabdeh inzibati orqanların üzərinə öhdəliklərin qoyulmasından, digər tələbləri isə dövlət özəlləşdirmə paylarının hər biri üçün 40000 manatın həmin inzibati orqanlardan müştərək qaydada tutulub onlara ödənilməsindən ibarətdir. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə aidiyyəti institutu şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş xüsusi təminatlardan biridir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyrimüəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Mübahisələrin ümumi, mülki, kommersiya və.s məhkəmələrə aid olması əsasları qanunvericiliklə imperativ olaraq tənzimlənmişdir. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsində təsbit edilmişdir. Həmin normaya əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Göründüyü kimi ümumi məhkəmələrdə baxılan mübahisələr üzrə tərəflər bərabər olmaqla biri digərinə qarşı hakimiyyət səlahiyyətini tətbiq etmir. Lakin hazırki halda isə iddiaçılar inzibati orqanlara qarşı iddia qaldıraraq müəyyən tələblər irəli sürmüşlər. Halbuki inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsasları, prinsipləri və prosedur qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir və bu qanun inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Fiziki şəxslərin inzibati orqanların faktiki xarakterli hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətlərə, həmin orqanlar tərəfindən vurulmuş ziyanın ödənilməsi və.s ilə bağlı tələblərinə ümumi məhkəmələrdə deyil, inzibati məhkəmələrdə baxılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, inzibati orqanlar mülki dövriyyənin iştirakçısı qismində hərəkət etdikləri hallarda onlarla fiziki və ya hüquqi şəxslər arasında yaranmış mübahisələr ümumi məhkəmənin araşdırma predmetinə daxil ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda adı qeyd edilən qərarında göstərilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Hazırki işdə isə iddiaçıların Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı tələblərinin onlar arasında sonuncuların mülki dövriyyənin iştirakçıları olaraq bağladıqları müqavilələrdən və ya hərəkətlərdən (hərəkətsizlikdən) irəli gəldiyi müəyyən olunmur. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunmalıdır ki, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında yaranan münasibətlər inzibati mübahisə kateqoriyasına aid olduğundan, buna görə tələbə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılması mümkün olmadığından, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Eyni zamanda iddiaçılara izah olunur ki, göstərilən tələblə aidiyyəti üzrə müvafiq inzibati orqanlara müraciət edə, müraciətlərinin təmin edilməsindən imtina olduğu və ya hərəkətsizlik göstərildiyi halda isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və qeyrilərinin cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı cavabdehlərin üzərinə öhdəlik qoylması tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçılara təqdim olunsun. İddiaçılara göstərilən tələblə aidiyyəti üzrə müvafiq inzibati orqanlara müraciət etmək, müraciətlərinin təmin edilməsindən imtina olduğu və ya hərəkətsizlik göstərildiyi halda isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunsun. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3169/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3169/2024
27.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver