Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3236/2024 06.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cəlilabad rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Əşrəfov X2 rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan 1153.3 kv.m “Əmlak kompleksi kimi müəssisə”, həmçinin onun yerləşdiyi və istifadəsində olan 21907.6 kv.m torpaq sahəsinin iddiaçının mülkiyyətindən və istifadəsindən məhrum edilərək söküntü, tikinti, təmir işləri aparıldığı üçün 590000 manat kompensasiyanın, həmçinin, dövlət rüsumuna görə ödənilmiş 880 manat pulun cavabdehlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən və Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən müştərək qaydada alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. İşin inzibati mübahisədən deyil, mülki mübahisədən yarandığını və ümumi məhkəmədə baxılmalı olduğunu bildirdi. Məhkəmə hazırlıq iclasında cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2 iddiaya etiraz edib bildirdi ki, hazırkı mübahisəyə inzibati qaydada baxılmalıdır. İş üzrə icraata xitam verilməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim etdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cəlilabad rayon İcra Hakimiyyətinin nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri iş materialları ilə birgə nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan: Əmlakın Texniki İnventarlaşdırma Bürosunun müəssisə və obyektin texniki pasportundan görünür ki, Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən torpaq sahəsində Alı Mustafayev adına X4 yerləşir, balans saxlayıcı və ya mülkiyyətçi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzidir. AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən istehsal təyinatlı dövlətə məxsus, istifadədə olan torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə xx.xx.2015-ci ildən İddiaçı mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinə ünvanlanmış 20 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin sifarişi əsasında xəstəxana tikilməsi məqsədilə Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən dövlət mülkiyyətinə aid 2,0 ha torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının 29 oktyabr 2020-ci il tarixli 92 nömrəli Sərəncamından görünür ki, Göytəpə şəhər xəstəxanasının tikintisi üçün Göytəpə şəhəri ərazisində dövlət mülkiyyətinə aid 2,0 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 1035 nömrəli məktubdan görünür ki, Göytəpə şəhərində xəstəxana tikintisi ilə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının 2020-ci il 29 oktyabr tarixli 92 nömrəli Sərəncamı ilə rayonun Göytəpə şəhəri ərazisində 2,0 ha torpaq sahəsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin istifadəsinə ayrılmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 37 nömrəli Sərəncamından çıxarışdan görünür ki, Cəlilabad rayonunun Göytəpə şəhərində layihələndirilən 60 çarpayılıq Göytəpə Şəhər Xəstəxanasına dair tərtib olunmuş şəhərsalma əsaslandırılması təsdiq edilmişdir (Sifarişçi - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrin Müdriyyəti; Layihəçi – "xxxx" MMC). Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4265 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.1-ci bəndindən görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə Cəlilabad rayonunun Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisi və avadanlıqla təchizatı üçün müəyyən məbləğdə vəsait ayrılmışdır. Cəlilabad Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tikilməkdə olan X1 şəhər xəstəxana binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə rayon icra hakimiyyətinə müraciəti əsasında Göytəpə şəhəri, Fəzail Bayramov küçəsində 2,0 ha torpaq sahəsi seçilmişdir. İnşası nəzərdə tutulan 60 çarpayılıq Göytəpə şəhər xəstəxana binasının tikintisi üçün torpaq sahəsi ayrılan zaman torpaq sahəsi üzərində hər hansı əmlak kompleksi mövcud olmamışdır. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində məhkəmə tərəfindən müəyyən edildi ki, Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının 29 oktyabr 2020-ci il tarixli 92 nömrəli Sərəncamı ilə Göytəpə şəhər xəstəxanasının tikintisi üçün Göytəpə şəhəri ərazisində dövlət mülkiyyətinə aid 2,0 ha torpaq sahəsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin istifadəsinə ayrılması qərara alınmış, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrin Müdriyyətinin sifarişi əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 37 nömrəli Sərəncamı ilə Cəlilabad rayonunun Göytəpə şəhərində layihələndirilən 60 çarpayılıq Göytəpə Şəhər Xəstəxanasına dair tərtib olunmuş şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2024-cü il tarixli 4265 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.1-ci bəndində isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə Cəlilabad rayonunun Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisi və avadanlıqla təchizatı üçün müəyyən məbləğdə vəsait ayrılmışdır. Hazırda iddiaçı mübahisə predmeti olan ərazidə aparılan işlərin onun mülkiyyət hüquqlarını pozduğunu bildirərək, vurulmuş zərəri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən və Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tələb etsə də, məhkəmə hesab edir ki, bu məsələyə ümumi məhkəmədə deyil, aidiyyəti inzibati məhkəmədə baxılmalıdır. Belə ki, göründüyü kimi, iddiaçı inzibati orqanın qanunsuz hesab etdiyi hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya tələb edir. Tərəflərin statusu, onlar arasında olan hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti araşdırılarkən və qanunsuz hərəkətləri nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məhz həmin inzibati orqanın məsuliyyət daşıması nəzərə alındıqda müəyyən edilir ki, hazırkı mübahisə məhz ümumi (publik) hüququn tənzimləmə obyektinə aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının: 3.1-3.2-ci bəndlərinə əsasən, ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. 4-cü bəndinə görə, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 7.1-ci bəndinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 7.2-ci bəndində qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. 15.4-cü bəndinə görə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 3.1-ci maddəsinə görə, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanlarının Təsnifatı”nın 10-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi inzibati orqandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2 və 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, hazırkı tələblə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququna malikdir, həmçinin, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-3236/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3236/2024
06.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver