Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3273/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "adın MKR-dən çıxarılmasına dair təsdiqləyici məlumatın MKR-ə təqdim edilməsi vəzifəsinin Cavabdeh2ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "adın MKR-dən çıxarılmasına dair təsdiqləyici məlumatın MKR-ə təqdim edilməsi vəzifəsinin Cavabdeh2ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması və s" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, Xətai rayon məhkəməsinin 2(011)-3249/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh2 ASC-nin Ləğvedicisi "xxxx" MMC-nin İddiaçı qarşı-cavabdehlə aralarında bağlanmış F25-375 saylı, xx.xx.2009-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 1026 ABŞ dolları məbləğində əsas borcun, 1183 ABŞ dolları məbləğində faiz borcun, cəmi 2209 ABŞ dolları məbləğində kerdit borcunun 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 ASC-nin xeyrinə tutulması barəsində iddiası əsassız olduğundan və iddia müddəti ötürüldüyündən rədd edilmişdir. Buna baxmayaraq bu qətnamənin qəbul edilməsindən 11 il müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən hazıradək həmin qətnamə icra olunmamışdır. İcra olunmamışdır dedikdə iddiaçının adına bankın müvafiq sistemində hazıradək həmin məbləğ kredit borcu və gecikmələrlə qalmaqdadır. Bu barədə şifahi olaraq banka dəfələrlə müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Bu səbəbdən də bu məsələnin qanunvericilik çərçivəsində həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Halbuki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydasının 3-cü bəndinə əsasən kreditlər haqqında məlumatlar kreditin eyniləşdirmə nömrəsi və mühasibat uçotu sənədlərində əks etdirilmiş qalıq dəyəri ilə təqdim edilir. Məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir. MKR-ə yeni kreditlər haqqında məlumatlar kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məlumatın son verilmə tarixi qeyri-iş gününə düşdükdə məlumat növbəti iş günü təqdim edilir. Kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir. Hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydaya Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir. Hər hansı kreditin eyniləşdirmə nömrəsində dəyişiklik tələb olunarsa, bu haqda MKR kredit təşkilatı tərəfindən yazılı məlumat verilməklə, köhnə və yeni nömrələrin siyahısı təqdim edilir. Məlumat təchizatçıları MKRə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti vo ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Göründüyü kimi, hazırkı halda qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olduğuna görə cavabdeh "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatların mərkəzləşdirilmiş kredit reyestrindən çıxarılmasına dair təsdiqləyici hesabat (məlumat) ötürülməlidir. Göstərilənlərə əsasən İddiaçı F25-375 saylı, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin olmaması, adın MKR-dən çıxarılmasına dair təsdiqləyici məlumatın Mərkəzi Reyestr Xidmətinə məlumat verilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması və s barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra iş üzrə cavabdehin nümayəndəsi Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə etiraz ünvanlayaraq, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. 4.Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASC-yə qarşı “məlumatların Mərkəzi Reyestr Xidmətindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarına əsasən, iddiaçının 2209 (iki min iki yüz doqquz USD) ABŞ dolları borcu vardır. Bu səbəblə də Cavabdeh2 ASC kredit müqaviləsi üzrə borcun qaytarılması üçün məhkəməyə müraciət etmiş, lakin iddia müddətinin keçməsi əsası ilə iddia tələbi rədd edilmişdir. Hazırda isə iddiaçı məlumatların Mərkəzi Reyestr Xidmətindən çıxarılması öhdəliyinin Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında “...iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir.” hüquqi mövqe göstərilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh hazırki mülki iş üzrə iddiaçıya qarşı iddia qaldıraraq pulun tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbini qəbul etməyərək qətnamədə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar əsassızdır. Həmçinin, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Bundan başqa, həmin qətnamədən sonra iddiaçı tərəfindən banka olan borc tam ödənilmişdir. Odur ki, bu halların nəzərə alınmasını xahiş etmişdir. 6.Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tələbi tam əsassızdır. Belə ki, iddiaçının banka hazırda aktiv, ödənilməmiş borc öhdəliyi vardır. Buna görə də iddia tələbinin təmin edilməsi mümkün deyildir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Cavabdehin nümayəndəsi Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və etiraz ərizəsinə uyğun olaraq iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 8.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 9.Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 16 fevral 2009-cu il tarixli, F25-375 saylı kredit müqaviləsi bağlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2013-cü il tarixli, 2(011)-3249/2013 saylı qətnaməsi ilə bank tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı İddiaçı qarşı qaldırılan iddia tələbi rədd olunmuşdur. Hazırda iddiaçı Banka olan borcun olmamasını iddia edərək, adının MKR-dən çıxarılmasına dair təsdiqləyici məlumatın Mərkəzi Reyestr Xidmətinə məlumat verilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmasını tələb edir. b) mülki işin materialları: 11.Mülki işin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2013cü il tarixli, 2(011)-3249/2013 saylı qətnaməsinə əsasən "xxxx" ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin İddiaçı qarşı – cavabdehlə aralarında bağlanmış F25-375 saylı, xx.xx.2009-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 1026 ABŞ dolları məbləğində əsas borcun, 1183 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 2209 ABŞ dolları məbləğində kredit borcunun, 30 manat məbləğində dövlət rüsumunun "xxxx" ASCnin xeyrinə tutulması barəsində iddiası əsassız olduğundan və iddia müddəti ötürüldüyündən rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin ləğvedicisi “X1 Company” MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 13.Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. 14.Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 15.Həmçinin Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 16.Eyni Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 17.Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plunumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir. 19.Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). 20.Göründüyü kimi, İddiaçı hazırki iddia tələbinin əsası kimi istinad etdiyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2013-cü il tarixli, 2(011)-3249/2013 saylı qətnaməsinə əsasən Bankın iddiaçıya qarşı olan borc pul tələbi onun Banka qarşı heç bir öhdəliyinin olmaması əsasına görə yox, məhz Bank tərəfindən iddia müddəti ötürüldüyü üçün rədd edilmişdir. Hazırda isə iddiaçı həmin qətnaməni rəhbər tutaraq hazıki tələbi irəli sürsə də, qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi iddia müddətinin keçməsi öhdəliyin aradan qalxması üçün əsas deyildir. Yəni iddia müddətinin keçməsi bir növ Bankın borcluya qarşı məhkəmədə iddia qaldırmaq hüququnu aradan qaldırmış olsa da, borclunun öhdəliyini aradan qaldırmır. 21.Bundan başqa, iddiaçı tərəf eyni zamanda Banka olan borcunu tam olaraq ödədiyini bildirsə də, iddiaçı tələbini (hal-hazırda banka borcunun olmamasına dair) təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, sözügedən məsələyə sübutetmə yükü aspektindən yanaşdıqda, iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. 22.Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). 23.«Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). 24.Məhəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. 25.Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Banka borcu hələ də mövcud olduğundan və əskini sübut edən heç bir sübutu məhkəməyə təqdim etmədiyindən cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "adın MKR-dən çıxarılmasına dair təsdiqləyici məlumatın MKR-ə təqdim edilməsi vəzifəsinin Cavabdeh2ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması" tələbinə dair iddiası əsassız olduğuna görə rədd edilməlidir. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 28.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 30.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "adın MKR-dən çıxarılmasına dair təsdiqləyici məlumatın MKR-ə təqdim edilməsi vəzifəsinin Cavabdeh2ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-3273/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3273/2024
28.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver