Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3299/2025 29.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı ("xxxx" MMC və X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «kreditin silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «kreditin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına rəsmiləşdirilmiş 6.900 manat məbləğində kreditin silinməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı əmək haqqını Cavabdeh ASCdən almaqla, həmin bankın könüllü olmasa da müştərisidir. xx.xx.2025-ci il tarixdə iddiaçının heç bir razılığı olmadan və normativxarakterli aktların tələblərinə zidd olaraq onun adından Cavabdeh ASC-dən kredit sifariş verilib, onun əmək haqqı kartına 6.900 manat məbləğində vəsait köçürülüb və həmin vəsait iddiaçının əmək haqqı kartından kiberhücum nəticəsində ələ keçirilmişdir. Sözügedən kredit məbləğinin ayırılması üçün iddiaçıdan nə görüntülü təsdiq, nə də video təsdiq üsulları vasitəsilə təsdiq alınmamış, iddiaçının məlumatı belə olmadan onun əmək haqqı hesabına kredit vəsaiti götürülmüş və dərhal, bir neçə dəqiqənin içində həmin vəsait onun hesabından çəkilmişdir. Bu səbəbdən, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Sonradan, "xxxx" MMC və X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, məhkəməyə yazılı izahat təqdim edərək bildirdi ki, iddia ərizəsində həqiqətə uyğun olmayan və təhrif edilmiş məlumatlar verildiyindən, Bank tərəfindən iddiaçı tərəfindən icra edilən əməliyyatlar zamanı qanunvericiliyin tələblərinə riayət edildiyindən, iddianın təmin edilməməsini xahiş edir. Qeyd edir ki, xx.xx.2025ci il tarixdə iddiaçı ilə bank arasında GTKR2769931C299 saylı kredit müqaviləsi bağlanaraq, iddiaçıya müqaviləyə əsasən 7.124 manat pul vəsaiti ayrılmış, komissiya xərci çıxılandan sonra, 6,910.28 manat pul vəsaiti iddiaçının istifadəsində olan plastik kartın hesabına köçürülmüşdür. Kredit müqaviləsi bağlanarkən, iddiaçının eyniləşdirilməsi aparılmış və eyniləşdirmə 99.3 % təşkil etmişdir. Həmin eyniləşdirmə videosundan ekran görüntüsü və eyniləşdirmənin nəticəsi həm bu izahata, həm də elektron kabinetə əlavə edilir. Bundan sonra iddiaçı tərəfindən 6.910 manat pul vəsaiti saat 13:03-də ********** mobil nömrəsinə bağlı olan elektron pulqabına köçürülmüşdür. Qeyd edilən əməliyyatlar icra edilərkən, iddiaçının istifadə etdiyi Birbank mobil tədbiqində cihaz dəyişikliyi müşahidə edilməyib. Bundan sonra iddiaçı bankla saat 14:38-də yeni plastik kart müqaviləsi imzalamışdır. Saat 14:53-də isə iddiaçının istifadəsində olan Birbank mobil tədbiqində cihaz dəyişikliyi baş vermişdir. Bütün bu əməliyyatlar icra edilərkən, bank tərəfindən iddiaçının istifadə etdiyi ********* mobil nömrəsinə məlumatlandırıcı və təsdiqedici məxfi mesajlar göndərilmiş həmin mesajlar iddiaçıya məxsus Birbank mobil cihazında təsdiq edildikdən sonra əməliyyatlar davam etdirilmişdir. Qeyd edilən SMS-lərdən göründüyü kimi, xx.xx.2025-ci il tarixdə saat 12:22də gələn ilk SMS-də məxfi kodun yalnız təyinatı üzrə link vasitəsi istifadə edilməsi üzrə xəbərdarlıq edilmişdir. Saat 12:52-də göndərilmiş SMS-lə eyniləşdirmə prosesi tamamlanmışdır. Saat 12:55-də kredit müraciətinin uğurla tamamlanması barədə SMS daxil olmuşdur. Bu vaxt ərzində də iddiçıya daha 2 məxfi təsdiqləyici mesaj göndərilmişdir. İlk SMS-lə kredit müraciətinin tamamlanması barədə SMS arasında 30 dəqiqədən çox vaxt keçməsi iddiaçıya, əməliyyatların iddiaçının özü tərəfindən icra edilmədiyi ehtimalda belə, iddiaçının ona qarşı dələduzluq edilməsinin aşkarlanması üçün (belə faktın olmasına dair təsdiqedici məhkəmə hökmü yoxdur) kifayət qədər vaxt vermişdir. Bundan sonra SMSlərin çıxarışından görünür ki, saat 13:03 və 13:05-də iddiaçının istifadə etdiyi mobil nömrəyə pul vəsaitinin köçürülməsinə dair məxfi təsdiqedici SMS-lər göndərilmiş. Saat 13:03-də göndərilən SMS Birbank mobil tədbiqində təsdiqləndiyindən, pul köçürmə əməliyyatı uğurla yekunlaşmışdır. Saat 13:06-da iddiaçının istifadə etdiyi mobil nömrəyə göndərilən SMS iddiaçının istifadə etdiyi mobil nömrəyə göndərilmiş SMS-dən görünür ki, kredit müraciəti sona qədər tamamlanmayıb. Lakin bu dəfə öncəkindən fərqli olaraq, əməliyyat yarımçıq dayandırılır. Göründüyü kimi əməliyyatlar icra edilərkən, bank qanunvericiliklə müəyyən edilmiş bütün hərəkətləri etmiş, əməliyyatlar yalnız iddiaçının istifadə etdiyi mobil nömrəyə göndərilmiş SMS-lər və iddiaçıya məxsus digər məlumatlar (FİN və s.,) təsdiqləndikdən sonra icra edilmişdir. Bu anda bir daha qeyd edək ki, hər dəfə mesaj göndərilərkən də «Telefon dələduzlarından qorunun. Bank əməkdaşı sizdən bu kodları heç bir halda istəyə bilməz» mətnli xəbərdarlıq mesajları da göndərilirdi. Analoji hallarda digər cihazdan (əgər əməliyyatı İddiaçı özü icra etməyibsə) əməliyyatın icrası 3 halda icra mümkündür: 1. Hər 2 mobil eyni istifadəçi tərəfindən işlədilir ki, istifadəçi özü bir telefona gələn məxfi mesajları digər mobil cihaza daxil edir. 2. Mobil telefona öncədən quraşdırılmış uzaqdan idarə proqramları vasitəsi ilə kənar cihazdan əməliyyat icra edilir (bu halda mobil telefonun istifadəçisi öncədən həmin növ proqram tədbiqini mobil telefona quraşdırmalıdır). 3. Mobil nömrə istifadəçisi məxfi mesajları 3-cü şəxsə bildirir. Daha öncə də qeyd etdiyimiz kimi, indiki halda iddiaçının istifadə etdiyi Birbank mobil tətbiqində cihaz dəyişikliyi müşahidə edilmir. Müştəriyə göndərilən təsdiq SMS-lərin çıxarışından da görünür ki, müştəriyə kredit rəsmiləşməsinə dair bildiriş mesajı gəlmişdir. Müştəri həmin anda artıq kredit götürüldüyünü bilirdir. Bu mesajdan sonra isə müştəriyə pul vəsaitinin M10 üzərindən göndərilməsinə dair məxfi təsdiq mesajı gəldi. Həmin mesajda məxfi kod və köçürüləcək vəsaitin məbləği qeyd edilir. Bu anda onu vurğulayaq ki, bütün mesajlar birbaşa müştəri tərəfindən təsdiq edildiyi və ya onun tərəfindən ötürüldüyü üçün, indiki halda iradə ifadəsinin pozulması müşahidə edilmir. Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunun 25.7-ci maddəsində qeyd edilir ki, ödəniş xidməti istifadəçisi icra olunmuş ödəniş əməliyyatını avtorizə etdiyini inkar etdikdə, ödəniş alətinin istifadəsi faktı ödəniş xidməti istifadəçisinin ödəniş əməliyyatını avtorizə etməsini və ya onun dələduzluq məqsədilə hərəkət etməsinə şübhə olmasını və ya bu Qanunun 38-ci maddəsi ilə müəyyən edilmiş vəzifələri qəsdən və ya kobud ehtiyatsızlıqdan yerinə yetirmədiyini sübuta yetirmək üçün kifayət deyildir. Bu halda ödəniş xidməti təchizatçısı, zəruri olduqda isə vasitəçi fırıldaqçılıq əməliyyatının baş verdiyini və ya ödəniş xidməti istifadəçisi tərəfindən kobud ehtiyatsızlığın olunduğunu təsdiq edən aidiyyəti sübutları ödəniş xidməti istifadəçisinə təqdim etməlidir. Həmin Qanunun 38-ci maddəsi aşağıdakı redaksiyadadır: Maddə 38. Ödəniş xidməti istifadəçisinin ödəniş alətinə və fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarına münasibətdə vəzifələri 38.1. Ödəniş xidməti istifadəçisinin ödəniş alətinə münasibətdə vəzifələri aşağıdakılardır: 38.1.1. ödəniş alətindən ödəniş alətinin emissiya və istifadəsi şərtlərinə uyğun olaraq istifadə etmək; 38.1.2. ödəniş alətini əldə etdikdən dərhal sonra onun fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının təhlükəsiz saxlanmasını təmin etmək; 38.1.3. ödəniş alətinin itirilməsini, oğurlanmasını və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasını müəyyən etdikdə ödəniş xidməti təchizatçısını və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxsi dərhal məlumatlandırmaq. Həmin qanunun 41.3-cü maddəsində isə deyilir ki, ödəyici bu Qanunun 38-ci maddəsinin tələblərini qəsdən və ya kobud ehtiyatsızlıqdan pozması halında, avtorizə edilmədən həyata keçirilən ödəniş əməliyyatları üzrə yaranan itkilərə görə tam məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1 və 448.2-ci maddələrində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Göründüyü kimi, qanunvericilik analoji hallarda məsuliyyəti istifadəçinin daşıdığını bildirir, çünki istifadəçi məlumatların məxfi saxlanılması vəzifəsini daşıyır. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və X2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - 09.06.2025-ci il tarixli hesab çıxarışdan, ödəniş kartı üzrə çıxarışdan və digər sənədlərdən (kredit müqavilələri, ərizələr (razılıq ərizələri) və s.) görünür ki, İddiaçı məxsus hesab nömrəsinə dair xx.xx.2025-xx.xx.2025-ci il hesabat dövrü üzrə GTKR2769931C299 saylı müqavilə üzrə kredit götürülmüş, 7.124 manat məbləğində pul vəsaiti iddiaçının hesabına köçürülmüş, iddiaçıdan kreditin rəsmiləşdirilməsi üzrə 142,48 manat komissiya tutulmuş, 6,910.28 manat kart hesabına köçürülmüşdür. Hesab üzrə sonuncu əməliyyat tarixi çıxarışda qeyd edilmişdir. Bank tərəfindən bütün əməliyyatlar zamanı prosedur qaydalara riayət edilmiş, iddiaçının hüquqlarını pozacaq hər hansı hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. - 28.02.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikası DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət edərək, kibercinayətkarlığın qurbanı olduğunu bildirmiş və bununla bağlı araşdırma aparılmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki: «Mən İddiaçı ünvan 1 ünvanında qeydiyyatdayam. xx.xx.2025-ci il tarixində Kibercinayətkarlığın qurbanı olmuşam. Mənim adım və şəxsi məlumatlarımdan istifadə edilərək qanunsuz olaraq bank əməliyyatları aparılmışdır. Belə ki, xx.xx.2025 tarixində 12 radələrində mənə +43 ******* xarici nömrəsindən zəng gəldi və kartımın adını xatırlamadığım şəxs tərəfindən müdaxilə olunduğu bildirildi. İlk dəfəsində buna inanmayıb dəstəyi asdım. Bir neçə dəqiqə sonra +45 07842850 nömrəsi ilə Sumqayıt DTX adından yenidən zəng edildi. Məni aldadaraq kartıma böyük məbləğdə qanunsuz vəsait oturacağını, bunun cinayət olduğunu və bununla əlaqədar Kapital Bankın zəngini açmağımı tələb etdilər. Həmin anda üzərində 196 yazısı olan Kapital Bank adından mənə +972 54-974-3245 nömrəsindən zəng gəldi. Mən bu zəngi açdım və məni aldadaraq Birbank tətbiqinə daxil olmağımı istədilər. Mən başa düşməyim deyə, tətbiqdəki bütün yazılar ingilis dilinə dəyişdirildi. Daha sonra məni aldadaraq müxtəlif proseslər apardılar və dərhal dəstəyi asdılar. Bundan şübhələnərək dərhal 196 çağrı mərkəzi ilə əlaqə saxladım. Oradan mənə bildirildi ki, adımda kredit rəsmiləşdirilərək maaş kartıma köçürülüb və həmin kartdan başqa hesaba komissiyasız transfer olunub. Məlum oldu ki, Kapital Bank mənə heç bir zəng etməyib. Dərhal kartımı bloklatdırdım. Sonra 102 xidmətinə zəng edərək Binəqədi qəsəbəsi 43-cü polis bölməsinə ərizə ilə müraciət etdim. Polisə verdiyim ərizəyə transfer qəbzini əlavə etmək üçün həmin gün Kapital bankın Azadlıq filialına yaxınlaşdım. Bankdan mənə bildirildi ki, kreditin sistemə düşməsi üçün 24 saat gözləməliyəm. Və filialda Birbank tətbiqindən gələn mesajlar əməkdaş tərəfindən mənə göstərildi. Mən kredit və transferlə bağlı heç bir 3DS təhlükəsizlik kodunu qarşı tərəfə təqdim etməmişəm. Növbəti gün həmin filialdan qəbzi alıb polisə təhvil verdim. xx.xx.2025ci il tarixində Cavabdehın 28 May filialına yaxınlaşaraq bu qanunsuz əmələ aydınlıq gətirmək istədim. Bankın əməkdaşı mənə bunun mənim günahım olduğunu, heç bir köməklik göstərə bilməyəcəyini və pulun komissiyasız olaraq hansı hesaba köçürüldüyü barədə məlumat verməyəcəyini bildirdi. xx.xx.2025-ci il tarixdə bu məsələ ilə bağlı Cavabdehın Hüquq Departamentinə və Azərbaycan Respublikası Mərkəzi Bankının sədri cənab Taleh Kazımova rəsmi şəkildə ərizə ilə müraciət etmişəm. Qeyd edim ki, mənim bu kreditlə bağlı heç bir yazılı və ya şifahi razılığım olmamışdır. Yuxarıda qeyd etdiyim nömrələrin xarici nömrə olduğunu mən oğlum vasitəsilə bilmişəm. Bu əməliyyat zamanı istifadə edilən bank kartı bloklansa da fiziki olaraq məndədir. Bu vəziyyət açıq-aşkar kibercinayətkarlıq əlamətləri daşıyır». Bu səbəbdən, ərizəçi məsələ ilə bağlı araşdırma aparılmasını, kibercinayətkarlıq faktının müəyyən edilməsi və günahkar şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Bu məktubda adı çəkilən ərizələr (Cavabdehın Hüquq Departamentinə və Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizələr) məktuba əlavə olunmuşdur. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli PPO-LEG/1350/2025 saylı məktubundan görünür ki, İddiaçı məxsus Cavabdeh ASC-yə aid 416974*******1629 nömrəli kart hesabından xx.xx.2025-ci il tarixdə 6.910 manatın +**********28 nömrəli kart hesabına köçürülməsi ilə bağlı maliyyə məlumatları, həmin istifadəçinin anket məlumatları və fotogörüntüsü məktuba əlavə olunmuşdur. Məlumat üçün bildirilmişdir ki, Cavabdeh ASC-yə aid «Birbank» tətbiqi vasitəsi ilə «m10» hesabına köçürmələr olduqda, "xxxx" MMC-nin ödəniş sistemində həmin kartların nömrələri qeyd olunmadığı üçün bu ödənişlər terminaldan mədaxil kimi göstərilir. Bu səbəbdən də, «Birbank» tətbiqi vasitəsi ilə **********18 nömrəli «m10» hesabına köçürülmüş 6.910 manat da terminaldan mədaxil kimi qeyd edilmişdir. - Təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, iddia ərizəsində qeyd edilən pul məbləği +**********18 nömrəli «m10» hesabına köçürülmüşdür və həmin hesab X1 məxsusdur. - 07.05.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən Azərbaycan Respublikasında elektron bankçılıq xidmətlərinin göstərilməsi və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair metodoloji rəhbərliyin tələbləri yerinə yetirilmiş, Ebankçılıq xidmətlərindən istifadə zamanı məsafədən həyata keçirilən hücumların növləri, onların aşkar edilməsi və qarşısının alınması üzrə zəruri tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 417.1-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Həmin Məcəllənin 746-2.5-ci maddəsinə əsasən istehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. Həmin Məcəllənin 746-2.6-cı maddəsinə əsasən istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair digər tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mərkəzi X7 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”: - 5.1. Bank bu Qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan elektron vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur. - 5.5. Yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: - 5.5.1. rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə; - 5.5.2. rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə. - 5.6. Bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza, rezident fiziki şəxslər üçün isə gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilər. Bank bu qaydada hesabın açılmasını riskli hesab edərsə, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda video çəkiliş üsulunu video zəng ilə əvəz edə, gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər. - 5.7. Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materialalrından görünür ki, xx.xx.2025-ci il tarixdə iddiaçı ilə Bank arasında GTKR2769931C299 saylı kredit müqaviləsi bağlanaraq, iddiaçıya müqaviləyə əsasən 7124 manat məbləğində pul vəsaiti ayrılmış və komissiya xərci çıxılandan sonra 6,910.28 manat pul vəsaiti iddiçının istifadəsində olan plastik kart hesabına köçürülmüşdür. Kredit müqaviləsi bağlanarkən iddiaçının eyniləşdirilməsi aparılmış və eyniləşdirmə 99.3% təşkil etmişdir. Həmin eyniləşdirmə videosundan ekran görüntüsü və eyniləşdirmənin nəticəsi həm bu izahata, həm də elektron kabinetə əlavə edilmişdir. Bundan sonra iddiaçı tərəfindən 6910 manat məbləğində pul vəsaiti saat 13:03-də +**********28 mobil nömrəsinə bağlı olan elektron pulqabına köçürülmüşdür. Qeyd edilən əməliyyatlar icra edilərkən, iddiaçının istifadə etdiyi “Birbank” mobil tədbiqində cihaz dəyişikliyi müşahidə edilməmişdir. Daha sonra iddiaçı bankla saat 14:38-də yeni plastik kart müqaviləsi imzalamış və saat 14:53-də isə iddiaçının istifadəsində olan “Birbank” mobil tədbiqində cihaz dəyişikliyi baş vermişdir. Bütün bu əməliyyatlar icra edilərkən, bank tərəfindən iddiaçının istifadə etdiyi +**********96 mobil nömrəsinə məlumatlandırıcı və təsdiqedici məxfi mesajlar göndərilmiş həmin mesajlar iddiaçıya məxsus “Birbank” mobil cihazında təsdiq edildikdən sonra əməliyyatlar davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş SMS-lərdən göründüyü kimi xx.xx.2025-ci il tarixdə, saat 12:22-də gələn ilk SMS-də elə məxfi kodun yalnız təyinatı üzrə link vasitəsi istifadə edilməsi üzrə xəbərdarlıq edilmişdir. Saat 12:52-də göndərilmiş SMS-lə eyniləşdirmə prosesinin tamamlanmışdır. Saat 12:55-də kredit müraciətinin uğurla tamamlanması barədə SMS daxil olmuşdur. Bu vaxt ərzində də İddiçıya daha 2 məxfi təsdiqləyici mesaj göndərilmişdir. İlk SMS-lə kredit müraciətinin tamamlanması barədə SMS arasında 30 dəqiqədən çox vaxt keçməsi iddiaçıya, əməliyyatların iddiaçının özü tərəfindən icra edilmədiyi ehtimalda belə, iddiaçının ona qarşı dələduzluq edilməsinin aşkarlanması üçün kifayət qədər vaxt vermişdir. Bundan sonra SMS-lərin çıxarışından görünür ki, saat 13:03 və 13:05-də iddiaçının istifadə etdiyi mobil nömrəyə pul vəsaitinin köçürülməsinə dair məxfi təsdiqedici SMS-lər göndərilmişdir. Saat 13:03-də göndərilən SMS “Birbank” mobil tədbiqində təsdiqləndiyindən, pul köçürmə əməliyyatı uğurla yekunlaşmışdır. Saat 13:06-da iddiaçının istifadə etdiyi mobil nömrəyə göndərilən SMS-dən görünür ki, kredit müraciəti sona qədər tamamlanmayıb. Lakin bu dəfə öncəkindən fərqli olaraq, əməliyyat yarımçıq dayandırılır. Göründüyü kimi əməliyyatlar icra edilərkən, bank qanunvericiliklə müəyyən edilmiş bütün hərəkətləri etmiş, əməliyyatlar yalnız iddiaçının istifadə etdiyi mobil nömrəyə göndərilmiş SMS-lər və iddiaçıya məxsus digər məlumatlar (FİN və s.,) təsdiqləndikdən sonra icra edilmişdir. Beləliklə, indiki halda iddiaçının istifadə etdiyi “Birbank” mobil tədbiqində cihaz dəyişikliyi müşahidə edilmir. Müştəriyə göndərilən təsdiq SMS-lərin çıxarışından da görünür ki, müştəriyə kredit rəsmiləşməsinə dair bildiriş mesajı gəlmişdir. Müştəri həmin anda artıq kredit götürüldüyünü bilir. Bu mesajdan sonra isə müştəriyə pul vəsaitinin “M10” üzərindən göndərilməsinə dair məxfi təsdiq mesajı gəlir. Həmin mesajda məxfi kod və köçürüləcək vəsaitin məbləği qeyd edilir. Həmçinin qeyd edilməsi zəruridir ki, bütün mesajlar birbaşa müştəri tərəfindən təsdiq edildiyi və ya onun tərəfindən ötülürdüyü üçün indiki halda iradə ifadəsinin pozulması müşahidə edilmir. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 25.7-ci maddəsində qeyd edilir ki, ödəniş xidməti istifadəçisi icra olunmuş ödəniş əməliyyatını avtorizə etdiyini inkar etdikdə, ödəniş alətinin istifadəsi faktı ödəniş xidməti istifadəçisinin ödəniş əməliyyatını avtorizə etməsini və ya onun dələduzluq məqsədilə hərəkət etməsinə şübhə olmasını və ya bu Qanunun 38-ci maddəsi ilə müəyyən edilmiş vəzifələri qəsdən və ya kobud ehtiyatsızlıqdan yerinə yetirmədiyini sübuta yetirmək üçün kifayət deyildir. Bu halda ödəniş xidməti təchizatçısı, zəruri olduqda isə vasitəçi fırıldaqçılıq əməliyyatının baş verdiyini və ya ödəniş xidməti istifadəçisi tərəfindən kobud ehtiyatsızlığın olunduğunu təsdiq edən aidiyyəti sübutları ödəniş xidməti istifadəçisinə təqdim etməlidir. Həmin qanunun 38.1-ci maddəsinə əsasən ödəniş xidməti istifadəçisinin ödəniş alətinə münasibətdə vəzifələri aşağıdakılardır: 38.1.1. ödəniş alətindən ödəniş alətinin emissiya və istifadəsi şərtlərinə uyğun olaraq istifadə etmək; 38.1.2. ödəniş alətini əldə etdikdən dərhal sonra onun fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının təhlükəsiz saxlanmasını təmin etmək; 38.1.3. ödəniş alətinin itirilməsini, oğurlanmasını və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasını müəyyən etdikdə ödəniş xidməti təchizatçısını və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxsi dərhal məlumatlandırmaq. Həmin qanunun 41.3-cü maddəsinə əsaəsn ödəyici bu Qanunun 38-ci maddəsinin tələblərini qəsdən və ya kobud ehtiyatsızlıqdan pozması halında, avtorizə edilmədən həyata keçirilən ödəniş əməliyyatları üzrə yaranan itkilərə görə tam məsuliyyət daşıyır. Eyni zamanda mülki qanunvericiliyə əsasən, Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Görünüdüyü kimi, qanunvericilik analoji hallarda məsuliyyəti istifadəçinin daşıdığını bildirir, çünki istifadəçi məlumatların məxfi saxlanılması vəzifəsini daşıyır. Məhkəmənin qənaətinə görə iddiaçının mövqeyi özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, onun mövqeyində qeyd etdiyi hallarla işin araşdırılmış halları uzlaşmır. İşin araşdırılmış hallarından məlum olur ki, tərəflər arasında onlayn qaydada xx.xx.2025-ci il tarixdə, GTKR2769931C299 saylı kredit müqaviləsi bağlanmış, əsasən 7124 manat məbləğində pul vəsaiti ayrılmış və komissiya xərci çıxılandan sonra 6,910.28 manat pul vəsaiti iddiaçının istifadəsində olan plastik kart hesabına köçürülmüşdür. İşin mübahisəli halı ondan ibarətdir ki, xx.xx.2025-ci il tarixdə tərəflər arasında kredit müqaviləsinin bağlanılmasını iddiaçı tərəf qəbul etmir və bunu bu barədə bank tərəfindən hər hansı görüntü tələb edilməməsi, heç bir sənəd göndərilməməsi, ümumiyyətlə belə bir niyyətinin olmaması ilə əsaslandırmışdır. Məhkəmə baxışı zamanı tədqiq edilən dəlillərdən müəyyən edilmişdir ki, xx.xx.2025ci il tarixli, GTKR2769931C299 saylı kredit müqaviləsi üzrə kredit məbləğinin ayrılması məhz İddiaçı iradə ifadəsinə uyğun həyata keçirilmişdir. Belə ki, qeyd olunan əməliyyatların aparılması hesab çıxarışdan, ödəniş kartı üzrə çıxarış və digər sənədlərə (kredit müqavilələri, ərizələr (razılıq ərizələri) və s.) əsasən İddiaçı iradəsi əsasında aparılması təsdiq olunur. Həmçinin hesab üzrə sonuncu əməliyyatın tarixi çıxarışda qeyd edilmişdir. Bank tərəfindən bütün əməliyyatlar zamanı prosedur qaydalara riayət edilmiş, iddiaçının hüquqlarını pozacaq hər hansı hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. Həmçinin İddiaçı məxsus kart hesabından xx.xx.2025-ci il tarixdə 6.910 manatın +**********28 nömrəli kart hesabına köçürülməsi ilə bağlı maliyyə məlumatları, həmin istifadəçinin anket məlumatları və fotogörüntüsü əsasında Cavabdeh ASC-yə aid «Birbank» tətbiqi vasitəsi ilə «m10» hesabına köçürmələr olduqda, "xxxx" MMC-nin ödəniş sistemində həmin kartların nömrələri qeyd olunmadığı üçün bu ödənişlərin terminaldan mədaxil kimi göstərildiyi müəyyən edildiyindən, «Birbank» tətbiqi vasitəsi ilə +**********18 nömrəli «m10» hesabına köçürülmüş 6.910 manat da terminaldan mədaxil kimi qeyd edildiyi təsbit edilmişdir. Nəticədə tələb olunan pul məbləğinin +**********18 nömrəli «m10» hesabına köçürüldüyü və həmin hesabın X1 məxsus olduğu müəyyən edilmişdir. İddiaçıya qeyd olunan məlumat verildikdən sonra da, İddiaçı tərəfindən iş üzrə cavabdehin əsl cavabdehlə (pul vəsaiti faktiki olaraq hesabına köçürülən şəxslə) əvəz edilməsinə dair vəsatət verilməmişdir. Toplanmış və tədqiq olunmuş sübutların məcmusundan göründüyü kimi, iddia ərizəsində qeyd olunan xx.xx.2025-ci il tarixli, GTKR2769931C299 saylı kredit müqaviləsi üzrə əməliyyatların aparılmasında iddiaçının təşəbbüsü olmuş, özü tərəfindən aparılmış, bununla bağl bank tərəfindən iddiaçıya müvafiq təhlükəsizlik, habelə təsdiqedici kod göndərilmiş, bank tərəfindən bütün təhlükəsizlik tədbirlərinə riayət olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh iddianın əsassız olmasına dair mötəbər və tutarlı sübutlar təqdim etmiş, bununla bağlı öz hüquqi mövqeyini sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı ("xxxx" MMC və X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «kreditin silinməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı ("xxxx" MMC və X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «kreditin silinməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-3299/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3299/2025
29.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver