Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3357/2022 08.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 28 aprel 2020-ci il saat 14 radələrində yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 55-də yerləşən 48 saylı mənzilə sanki basqın etmiş polis əməkdaşları tərəfindən təxminən bir saat ərzində ağır fiziki və psixi təzyiqlərə məruz qalıb, sonra da qanunsuz olaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmişdir. Burada saatlarla fasiləsiz olaraq psixi təzyiqlərə məruz qaldığından, həm də təhqiqatçı tərəfindən ona məhz Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham olunacağı bildirilməklə faktiki olaraq aldanıldığından, həmçinin onunla birlikdə yaşayan xəstə qardaşının toxunulmazlığını təmin etməkdən ötrü əlacsız qalıb səhnələşdirilmiş, saxta şəxsi axtarış və götürmədə dəfələrlə iştirak etmək məcburiyyətində qaldı. Bununla da, elə həmin gün saat 19:03-də Sumqayıt şəhəri, “Qarabağ” kinoteatrının arxasında videoçəkiliş aparılmaqla süni şəkildə tərəfindən cinayət törədilməsi görüntüsü, yəni cinayətin imitasiyası təşkil olundu və nəticədə iddiaçı guya cinayət başında yaxalandı. Belə ki, polis əməkdaşlarının iddiaçının cibinə qoyduqları, lakin ona aidiyyəti olmayan narkotik vasitə heroin, guya ona məxsus satış məqsədi ilə əldə etdiyi narkotik vasitə kimi götürülərək sənədləşdirildi. Vurğulanmalıdır ki, iddiaçının faktiki olaraq tutulduqdan sonra müdafiə hüquqları kobud şəkildə pozulub, hüquq və vəzifələri izah edilməmiş, dırnaqarası istintaq hərəkəti iddiaçıya formal olaraq kağız üzərində təyin olunmuş müdafiəçinin iştirakı olmadan belə, keçirilməklə keyfiyyətli hüquqi yardım almaq hüququ təmin edilməmiş, habelə eynəksiz olduğundan təqdim olunmuş sənədləri, o cümlədən ifadələrinin yazıldığı protokolları belə, oxumadan imza etməli olmuşdur. Bundan başqa, saxlandıqdan sonra iddiaçıya müdafiəçi təyin, sonra təqdim edilməli, məhz müdafiəçinin iştirakı ilə ətrafında istintaq hərəkətləri keçirilməli olduğu halda, iddiaçı faktiki olaraq şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı və məhkəmənin qərarı olmadan, habelə şübhəli şəxs qismində tutma protokolu tərtib olunmadan belə, barəsində qanunsuz və əsassız olaraq küçədə şəxsi axtarış və götürmə aparılmışdır. İddiaçı barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirildikdə məlum oldu ki, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yox, həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham verilibdir. Bununla bağlı iddiaçının etraz və iradlarına baxmayaraq, məhkəmə tərəfindən barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçildi və onu Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasına göndərdilər. Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində aparılmış ibtidai araşdırma yekunlaşdıqdan sonra onu məhkəmə məsuliyyətinə verdilər və Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 28 aprel 2020-ci il tarixindən hesablanması hökm edilmişdir. Həmin hökmdən müdafiəçi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2021-ci il tarixli, 1(105)-301/2021 saylı qərarı ilə təmin edilməyərək, onun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməyinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(101)-246/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Eyni zamanda, iddiaçı barəsində çıxarılmış hökm artıq qanuni qüvvəyə mindiyindən təyin edilmiş cəzanın çəkilməsi üçün Binə qəsəbəsində yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsinə göndərildi. Həmin hökmdən müdafiəçi Vəkil kassasiya şikayəti verdi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 1(102) – 1732/2021 saylı qərarı ilə həmin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-ci maddəsi ilə təqsirli bilinib məhkum edildiyinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2021-ci il tarixli qərarı ləğv edilməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alındı. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022ci il tarixli, 1(105)-165/2022 saylı hökmü ilə müdafiəçi Vəkil apellyasiya şikayəti təmin edilərək, iddiaçının Azərbaycan Respublikası CM-in 234.4.3-ci maddəsi ilə məhkum edildiyi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(101)– 246/2021 saylı hökmü ləğv edilməklə ona təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verildi. Eyni zamanda, iddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək saxlanıldığı 3 saylı İstintaq Təcridxanasından həbsdən azad olundu. Həmin hökm qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minmişdir. Bu hökmə, habelə Azərbaycan Respublikası CPM-in 62.1-ci maddəsinə uyğun olaraq iddiaçıya izah edilmişdir ki, barəsində bəraət hökmü çıxarıldığından pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə əlaqədar, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, iddiaçının simasında – orta-ixtisas təhsilli, əvvəllər pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərin könüllü iştirakçısı olaraq dəfələrlə ağır yaralanıb kontuziya almış, 2-ci dərəcəli əlil – iddiaçıya məlum olmayan səbəblərdən, ola bilsin ki, kiminsə sifarişi ilə, buna heç bir qanuni əsas olmadan hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən əvvəlcə qanunsuz olaraq psixi və fiziki təzyiqlərə məruz qalmış, sonra da heç bir aidiyyəti olmayan ağır cinayətə görə məsuliyyətə cəlb olunaraq 2 (iki) il insanın ən ali arzusu, ən ülvi istəklərindən olan azadlıqdan məhrum olmaqla Sumqayıt ŞPİ-nin X4, 3 saylı İstintaq Təcridxanasında və 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli, xxxxxxx0003 №-li məlumatına görə, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərin fəal iştirakçılarından olub həmin döyüşlərdə yaralanaraq kontuziya аldığından Tibbi- Sosial Ekspert Komissiyası (TSEK) ona – ikinci dərəcəli əlillik qrupu verməklə yanaşı, baş beynin diffuz travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin əzilməsindən sonrakı vəziyyət, postravmatik ensefalopatiya tez-tez baş verən veqeto-damar paroksizmləri ilə dəqiqləşdirilməmiş nevrotik pozuntular, asteno-nevrotik sindrom, eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan bir tərəfli neyrosensortipli itirilməsi, sol tərəfin postravmatik koxliar nevrit, postkontuzion sindrom, psixotik epizodlarla gedən baş beynin travmatik xəstəliyi, kəskin təzahür edən astenonevrotik sindrom diaqnozu qoymuşdur. İddiaçının cəzaçəkmə yerlərində olduğu bütün müddət ərzində onda olan xəstəliklər proqressivləşərək son həddə kəskinləşmiş, həmçinin dəfələrlə müxtəlif başqa xəstəliklərə də yoluxaraq səhhətində ciddi problemlər yaranmışdır. Belə ki, həmin dövrdə digər xəstəliklərlə yanaşı “Sətəlcəm” də keçirmiş və bunun nəticəsində diş əti yığıldığından, demək olar – bütün dişlərini itirmişdir. Hazırda sadəcə olaraq həyat fəaliyyətini davam etdirmək üçün qida qəbul etməkdə böyük çətinliklər çəkir. Hələ 27 noyabr 2021-ci il tarixindən 01 yanvar 2022-ci il tarixinədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində stasionar müayinə keçərkən məlum olmuşdur ki, onda olan xəstəliklərin ağırlaşması ilə yanaşı ”Xroniki C viruslu hepatit”, “Xroniki bronxit” və digər xəstəliklər də müəyyən edilir. Artıq bəraət alıb azadlığa qovuşduqdan sonra isə yaşayış yeri üzrə poliklinikada müayinə olunarkən qeyd edilən faktlar bir daha təsdini tapmaqla, səhhətinin son dərəcə ağır durumda olduğunu göstərdi. Bundan başqa, 2021-ci ilin oktyabr ayında əlilliklə bağlı növbəti dəfə (hər beş ildən bir) Tibbi-Sosial Ekspert Komissiyasından (TSEK) keçmək vaxtı çatmış, lakin cəzaçəkmə yerlərində olduğundan həmin komissiyadan tam həcmdə keçməyi administrasiya tərəfindən təmin edilməmiş, nəticədə əlillik müddəti bitmiş və elə həmin vaxtdan da həm əlilliyə görə pensiyadan, həm də müharibə veteranı kimi prezident təqaüdündən məhrum olmuşdur. Bununla da artıq 9 (doqquz) aydır ki, dolanmaq üçün yeganə pul vəsaitini ala bilmir. Hazırda əlilliyinin təkrar qiymətləndirilməsi isə yalnız 01 iyul 2022-ci il tarixindən sonra mümkün olacaqdır. Hələ bu azmışkən, qanunvericiliyin tələblərinə uyğun olaraq, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək üçün tələb olunan sənədləri toplayaraq müvafiq dövlət qurumuna müraciət etməyinə baxmayaraq, qanunsuz və əsassız olaraq həmin müavinətin verilməsindən də imtina edilmişdir. Bununla da, iddiaçının cəzaçəkmə yerlərində qanunsuz və əsassız olduğu 2 (iki) il ərzində nəinki səhhətində həyatına birbaşa təhlükə törədən problemlər yaranmış, həm də bu hazırda son dərəcə acınacaqlı maddi duruma səbəb olmuşdur. Başqa sözlə, iddiaçı cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində şəxsi həyat və işgüzar nüfuza xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmış, uzun müddət qapalı şəraitdə saxlanıldığından səhhətində ciddi problemlər yaranmış və hazırda müalicəyə kəskin ehtiyacı vardır. Həmçinin, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 2 (iki) il həbsdə saxlanılaraq azadlıq hüququndan məhrum edilməyi onda son dərəcə inamsızlıq, narahatlıq, məyusluq hissləri keçirməyinə, stresslər, əzab və əziyyətlər yaşamağına bilavasitə qaçılmaz səbəb olmuşdur. Odur ki, hətta intihar etmək belə, bir neçə dəfə xəyalından keçmişdir. Bu hərəkətlər iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməyini labüd etmişdir. Belə ki, baş vermiş hadisə nəticəsində iddiaçının həqiqətən də çox ağır mənfi psixoloji reaksiyaya səbəb olmağı mübahisəsizdir. Hazırda iddiaçı barəsində cinayət təqibi üzrə icraat qurtardığından cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddiaçı barəsində bəraət hökmü çıxarıldığından cinayət məsuliyyətinə qanunsuz cəlb edilərək tutulmaqla qətimkan tədbiri kimi, habelə qeyri-qanuni məhkumluq və həbs cəzası nəticəsində 2 (iki) il müddətində həbsdə saxlandığına görə keçirdiyi stress və əzabəziyyətlər səbəbindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən iddiaçıya dəymiş mənəvi ziyan kimi 100 000 (bir yüz min) manat, məhkəmə xərcləri və məsrəflərinə görə isə cəmi 3000 (üç min) manat pulun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, İddiaçı dəymiş maddi ziyan kimi əlavə olaraq 7405,20 manat məbləğində pulun da Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Eyni zamanda, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları, iş materiallarında olan və təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(101)- 246/2021 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, İddiaçı təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəlinin 28 aprel 2020-ci il tarixdən hesablanması, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, İddiaçı ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi, İddiaçı barəsində xüsusi müsadirənin tətbiq edilməməsi, iş üzrə maddi sübut kimi tanınmış – Sumqayıt şəhər Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,620 qram çəkidə narkotik vasitə olan heroinin məhv edilməsi, iş üzrə məhkəmə xərci olan 195,82 manat pulun İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(105)-301/2021 saylı qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(101)-246/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(102)-1732/2021 saylı qərarı ilə məhkum İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş İddiaçı barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021ci il tarixli qərarının məhkumun müdafiəçisi Vəkil kassasiya şikayətinə əsasən ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(105)-165/2022 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 1(101)-246/2021 saylı hökmünün, məhkum edilmiş şəxs İddiaçı müdafiəçisi Vəkil apellyasiya şikayətinə əsasən ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal saxlanıldığı 3 saylı İstintaq Təcridxanasından həbsdən azad olunması, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinin tələbinə uyğun olaraq xx.xx.2020-ci il tarixdə saat 19:03-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən «Qarabağ» kinoteatrın arxasında Sumqayıt Şəhər Polis İdarəsinin 1 -ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ cibindən açıq sarı rəngli selofanın içində aşkar edilmiş 06 ayrı-ayrı şəffaf selofan bükümlərə bükülmüş kimyəvi komponent tərkiblərinə görə eyni tərkibli olan 0,318 qram, 1,720 qram, 1,250 qram, 0,720 qram, 0,275 qram, 1,737 qram çəkidə olan külli miqdarda ümumi təmiz çəkisi 6,020 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin kimə məxsus olması, həmin narkotik vasitənin İddiaçı üzərinə kim tərəfindən qoyulması və qeyd olunanlarla bağlı təqsirkar şəxsin müəyyən edilməsi məqsədi ilə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirkar şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər Prokuroruna göndərilməsi, məhkum edilmiş şəxs İddiaçı müdafiəçisi Vəkil apellyasiya şikayətinin təmin edilməsi hökm edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı hüquqi yardıma görə 3 saylı Vəkil Bürosunun hesabına cəmi 1015 manat pul köçürmüşdür. Əsaslandırıcı hissə: Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(105)-165/2022 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. Məhkəmə İddiaçı qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyrimümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Məhkəmə iddia tələbinin “dəymiş maddi ziyan kimi 7405,20 manat məbləğində pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı 2021-ci ilin oktyabr ayında əlilliklə bağlı növbəti dəfə (hər beş ildən bir) Tibbi- Sosial Ekspert Komissiyasından (TSEK) keçmək vaxtı çatmış, lakin cəzaçəkmə yerlərində olduğundan həmin komissiyadan keçməyi administrasiya tərəfindən təmin edilməmiş, nəticədə əlillik müddəti bitmiş və elə həmin vaxtdan da o həm əlilliyə görə hərbi pensiyadan, həm də müharibə veteranı kimi prezident təqaüdündən məhrum olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə ödənilmiş əmək pensiyası, onun əlilliyinin etibarlılıq müddətinin 2 oktyabr 2021-ci il tarixindən bitməsi ilə əlaqədar 01 noyabr 2021-ci il tarixindən dayandırılmışdır (sonuncu pensiya ödənişi 472,80 manat). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan ikinci dərəcə müharibə əlilliyinə görə 350 manat məbləğində Prezident təqaüdünü xx.xx.2021-ci il tarixinə qədər almışdır. Beləliklə, İddiaçı qanunsuz və əsassız olaraq həbsdə saxlanılması nəticəsində ikinci dərəcəli müharibə əlilliyinə görə hər ay 822,80 manat (350+472,80) olmaqla, 9 ay ərzində cəmi 7405,20 manat (822,80 x 9) məbləğində Prezident təqaüdü və pensiyasından məhrum olmuşdur. Məhkəmə iddia tələbinin “mənəvi ziyan kimi 100 000 (bir yüz min) manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. İşin mübahisəsiz halıdır ki, iddiaçı 24 ay müddətində qanunsuz azadlıqdan məhrum edilmişdir. O, 24 ay müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli sayılması üçün hər ay üçün 1000 manat olmaqla, 24 ay üçün 24000 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə iddianın hüquqi xidmət xərclərinin əvəzi kimi 3000 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsinə qiymət verərək qeyd edir ki, MPM-nin 121.1-ci maddəsinin tələbinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd olunan qanunun normasını rəhbər tutaraq hesab edir ki, hüquqi xidmət xərclərinin əvəzi - 1015 (bir min on beş) manat məbləğində müəyyən edilməli və həmin pul məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 24000 (iyirmi dörd min) manat məbləğində mənəvi zərərin, 7405,2 (yeddi min dörd yüz beş manat, iyirmi qəpik) manat məbləğində maddi zərərin, 1015 (bir min on beş) manat məbləğində hüquqi yardımın əvəzi olmaqla, cəmi 32.420,2 (otuz iki min dörd yüz iyirmi manat, iyirmi qəpik) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 24000 (iyirmi dörd min) manat məbləğində mənəvi zərərin, 7405,2 (yeddi min dörd yüz beş manat, iyirmi qəpik) manat məbləğində maddi zərərin, 1015 (bir min on beş) manat məbləğində hüquqi yardımın əvəzi olmaqla, cəmi 32.420,2 (otuz iki min dörd yüz iyirmi manat, iyirmi qəpik) manat məbləğində pul ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-3357/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3357/2022
08.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver