Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3371/2023 25.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ ilə əlaqədar pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya hüququ ilə əlaqədar pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış **-BE-*** dövlət qeydiyyat nişanlı, “Khazar LX” markalı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində Bakı şəhəri, 8 Noyabr prospektində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Toyota Prius” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 1047,50 (bir min qırx yeddi manat əlli qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Xətai RPİ-nin TŞ-i tərəfindən tərtib olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda da müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi baş verərkən Cavabdeh həmin avtonəqliyyat vasitəsini sürücülük hüququ olmadan, yəni sürücülük vəsiqəsiz idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh tətbiq edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilərkən sığorta hadisəsi baş verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 23.1.6-cı maddəsinə görə Sığortaçı sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququna malikdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən 04 may 2023-cü il tarixli 0548/23 nömrəli məktubla Cavabdeh qarşı 1047,50 (bir min qırx yeddi manat əlli qəpik) manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 (yeddi) iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin, hal-hazırkı tarixədək cabadeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. Göstərilənlərə əsasən, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 1047,50 (bir min qırx yeddi manat əlli qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30,47 (otuz manat qırx yeddi qəpik) manat, müvəqqəti təminat tədbirinin təmini barədə ərizənin verilməsi üçün 10 (on) manat, ümumilikdə 1087,97 (bir min səksən yeddi manat, doxsan yeddi qəpik) manat pulun iddiaçı"xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdehnın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sığortaçı "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli, CM2995/22 saylı işə dair Sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 02:30-da baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığorta ödənişinin yekun məbləği 1047.50 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İcbari Sığorta Müqaviləsinə dair Məlumatdan görünür ki, sığortalı Cavabdeh məxsus **-BE-*** dövlət qeydiyyat nişanlı, Khazar LX markalı avtomobil sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixədək sığorta olunmuşdur. İş materiallarında olan 3802/22№-li Qiymətləndirmə Aktından görünür ki, **-FB-*** dövlət qeydiyyat nişanlı, Toyota Prius markalı avtomobilə dəymiş ziyanın yekun məbləği 2095 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Orxan Məmmədov tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar cinayət işinin başlanması rədd edilmiş, “Khazar LX minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.2-ci maddələrinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsindən ötrü qəbul edilmiş qərarın surətinin Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi və “Toyota Prius minik” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddələrinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsindən ötrü qəbul edilmiş qərarın surətinin Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında protokol və İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və nəticədə Cavabdeh 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 4269№-li Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X2 məxsus bank hesabına 1047.50 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan Cavabdeh ünvanlanan 04 may 2023-cü il tarixli məktubdan görünür ki, subroqasiya hüququna əsasən 1047.50 manat məbləğində vəsaitin 7 iş günü ərzində "xxxx" ASC-yə ödənilməsi tələb edilmiş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdeh qabaqcadan xəbərdar edilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 30.47 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh mülkiyyətində olan və iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış “Khazar LX” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edərkən Cavabdeh yol hərəkəti qaydalarını pozaraq, yol-nəqliyyat hadisəsi törətmiş və “Toyota Prius” markalı, **- FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən avtomobilə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığortalı avtomobilə görə ödədiyi 1047.50 manat məbləğində pulu cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi yol-nəqliyyat hadisəsi vaxtı Cavabdeh yüksək təhlükə mənbəyi olan “Khazar LX” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil Cavabdeh tərəfindən sürücülük hüququ olmadan idarə edildiyindən, habelə onun Xətai rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən təqsirli olması sübuta yetirildiyindən həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır. Ona görə də iddia tələbi təmin edilərək, Cavabdeh subroqasiya hüququ əsasında 1047.50 (bir min qırx yeddi manat, əlli qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə iddia tələbinin dövlət rüsumunun və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilən pul vəsaitinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilən 30.47 (otuz manat, qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumunun və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilən 10 (on) manat məbləğində pul vəsaitinin əvəzi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 1047.50 (min qırx yeddi manat, əlli qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30.47 (otuz manat, qırx yeddi qəpik) manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat, ümumilikdə 1087,97 (min səksən yeddi manat, doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3371/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3371/2023
25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver