Məhkəmə qərarları › İş №e-2(006)-3389/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3389/2025

23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3389/2025 23.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X14 oğlunun katibliyi, Cavabdeh “İcbari Sığorta Bürosu” X6 nümayəndəsi X2 iştirakı ilə İddiaçı X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər “İcbari Sığorta Bürosu” X10 və "xxxx" ASC-yə qarşı “icbari sığorta müqaviləsinin və şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Əliyev X4 Röyal Mahir oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər “İcbari Sığorta Bürosu” X10, Azərbaycan Respublikasının Mərkəzi Bankı və "xxxx" ASC-yə qarşı “icbari sığorta müqaviləsinin və şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən iddiaçının adına rəsmiləşdirilmiş ** SP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair PPA********** nömrəli xx.xx.2023-cü il tarixli icbari sığorta müqaviləsinin və onun əsasında cavabdeh İcbari Sığorta Bürosu tərəfindən verilmiş sığorta şəhadətnməsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamənin qüvvədə olduğu müddətdə baş vermiş 2 yol-nəqliyyat hadisəsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən iddiaçıya münasibətdə tətbiq edilmiş sığorta haqlarını artıran Bonus-Malus əmsalının ləğv edilməsi və sığorta haqlarını azaldan (0,6) Bonus-Malus əmsalının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan və müharibə əlili kimi dövlət tərəfindən ona verilmiş “NAZ Lifan” markalı avtomaşını sığorta etdirmək istəyərkən ona məlum olmuşdur ki, maşının mühərrik gücünə görə (1,3 motor) iddiaçıya hər dəfə 38 manat sığorta haqqı (Malus-Bonus əmsalı tətbiq olunmaqla) hesablandığı halda bu dəfə ona istənilən sığorta şirkətindən bildirilmişdir ki, həmin maşını sığortalamaq üçün 100 manat sığorta ödənişi etməlidir. İddiaçı bunun səbəbi ilə maraqlandıqda ona cavabdeh İcbari Sığorta bürosundan bildirilmişdir ki, adına olmuş 10SP586 dövlət qeydiyyat nişanlı “Opel Vectra” markalı avtomaşın 2023-cü ilin sentyabr və 2024-cü ilin yanvar ayında qəza törətmiş və cavabdeh "xxxx" ASC şirkəti tərəfindən həmin maşınla digər şəxsə yetirilmiş zərərə görə ödəniş olmuş və bu səbəbdən də iddiaçıya cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tətbiq olunan və sığorta haqqını azaldan Bonus-Malus əmsalı (0,6) ləğv edilməklə ona tətbiq olunan sığorta ödənişi əmsalı təxminən 100 faiz artırılmışdır, lakin bu barədə iddiaçıya məlumat belə verilməmişdir. Digər maşında 2 dəfə qəza hadisəsi 2023-cü ilin sentyabr ayının 28-də və 2024-cü ilin yanvar ayının 31də olsa da, ona bu barədə məlumat verilməmiş və iddiaçı 2025-ci ilin fevral ayında sığorta haqqını azaldan Bonus-Malus əmsalı (0,6) ilə ailə üzvünün etibarnamə ilə idarəçiliyinə verdiyi maşını sığorta etdirmişdir. Lakin 2025-ci ilin mart ayında özünə məxsus olan avtomaşını sığorta etdirmək istəyərkən bu qanunsuzluqdan xəbər tutmuşdur. İddiaçının 39 manata sığortaladığı avtomaşına görə 100 manata yaxın vəsait tələb olunmuşdur ki, bu da sığorta haqqının 2 qatı deməkdir. İddiaçıya o da məlum olmuşdur ki, o, həmin maşını 2022-ci ildən 3-cü şəxs X1 və onun adına əvvəlcə idarə etmə hüququ və daha sonra bütün hüquqlara dair etibarnamə verməsinə baxmayaraq, o maşının öz adına olmasından və ona məxsus sənədlərin də kserosurətinin onda olmasından istifadə edərək az sığorta vəsaiti ödəmək üçün hər dəfə maşının sığortasını iddiaçının adına rəsmiləşdirmişdir. 2022-ci ildən iddiaçının adına olmuş maşını etibarnamə əsasında idarə etmiş və 2023-cü ilin aprel ayından isə bütün hüquqlara dair onun adından etibarnamə götürmüş X11 iddiaçıya dair məlumatların və sənədlərin surətinin onda olmasından və maşının texniki pasportunun iddiaçının adına olmasından istifadə etməklə maşının növbəti bir il üçün sığorta şəhadətnaməsini onun xəbəri olmadan məhz onun adına rəsmiləşdirmişdir, halbuki iddiaçının həmin sığorta müqaviləsinin öz adına olmasından xəbəri olmamış və özü hər hansı bir sığorta müqaviləsini imzalamamışdır. Hər iki hadisə baş verən zaman həmin maşın Röyal Mirzəyevin faktiki sahibliyində və istifadəsində olmuş və bununla bağlı cavabdeh sığorta şirkətinə müvafiq sənədləri o təqdim etmiş və sığorta şirkəti maşın adına olan şəxs kimi iddiaçını dəvət etməmiş, qarşı tərəfə verdiyi sığorta məbləği barədə onu məlumatlandırmamış və hadisənin baş verməsində günahın Röyal Mirzəyevdə olması da işdə olan sənədlərlə və protokolla tam təsdiq olunduğu halda iddiaçı barəsində illər ərzində hər hansı bir qəza törətməyən sürücü kimi cavabdeh tərəfindən tətbiq olunan sığorta haqqını azaldan bonus-malus əmsalından nəinki məhrum etmiş və bu hadisələrə görə əlavə sığorta ödənişləri etməsinə səbəb olmuşdur. Cavabdeh İcbari sığorta bürosu ilə əlaqə saxladıqda isə bildirilmişdir ki, sığorta müqaviləsi şəhadətnaməsi İddiaçı adına olduğu üçün onlar bu addımı atmışlar. Əvvəla 2023-cü ilin aprel-2024-cü ilin aprel dövrü üçün sığorta müqaviləsini iddiaçı bağlamamış və digər tərəfdən həmin maşın 2022-ci ildən onun istifadəsində deyil və bu maşınla da hadisəni törətmiş şəxs başqa şəxsdir. Necə olur ki, hadisəyə görə sığorta vəsaitinin ödənilməsini və bütün sənədləşmə işlərini sığorta şirkəti həmin şəxslə aparır, onu əsas subyekt kimi tanıyır, lakin onun günahına görə əlavə sığorta haqqı ilə bağlı Bonus-Malus əmsalını iddiaçıya tətbiq edir? Göründüyü kimi, iddiaçının adına olmuş avtomaşını bütün hüquqlar əsasında idarə etmiş şəxs bəllidir və o, bu hadisəyə görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Hadisədə qarşı tərəfə dəyən zərər məsələsində İcbari sığorta bürosu iddiaçının cəlb edilməməsinə və bütün bu proseslərin onun iştirakı olmadan aparılmasına və bu proseslərdə maşın sahibi - sığortalı kimi 3-cü şəxs Röyal Mirzəyevi tanımasına baxmayaraq, ona münasibətdə sığorta ödənişlərini artırmaqla haqsızlığa yol vermiş və istifadəsində maşınların olduğu bu illər ərzində dəfələrlə sığorta ödənişləri etməsi və qəza törətməməsi nəticəsində ona sığorta ödənişində güzəştlər tətbiq olunduğu halda artıq maşını satdığı şəxsin qanunazidd hərəkətlərinə görə ona qarşı bu addımı atmışdır: iddiaçıya münasibətdə azalan sığorta ödənişlərini nəinki ləğv etmiş, üstəlik də sığorta haqqının 2 qatı məbləğdə iddiaçını əlavə sığorta ödənişinə cəlb etmişdir. Bu isə o deməkdir ki, iddiaçı adına olan istənilən maşını sığorta etdirərkən sığorta haqqının 2 qatı məbləğdə sığorta haqqı ödəməlidir. Cavabdeh İcbari sığorta bürosu tərəfindən İcbari sığorta haqqında Qanunun tələbləri pozulmuş və nəticədə iddiaçı əsassız olaraq sığorta ödənişini azaldan Bonus-Malus əmsalından məhrum olmuş və əksinə ona əlavə sığorta ödənişləri tətbiq olunmuşdur. İddiaçı sığorta müqaviləsini imzalamamışdır və onun həmin müqavilədən xəbəri yoxdur, hər hansı bir öhdəlik də götürməmişdir. Buna görə də "xxxx" ASC tərəfindən onun adına rəsmiləşdirilmiş ** SP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair PPA********** nömrəli xx.xx.2023-cü il tarixli icbari sığorta müqaviləsi və onun əsasında cavabdeh İcbari Sığorta Bürosu tərəfindən verilmiş sığorta şəhadətnaməsi etibarsız hesab edilməli, həmin şəhadətnamənin qüvvədə olduğu müddətdə baş vermiş 2 yol-nəqliyyat hadisəsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ona münasibətdə tətbiq edilmiş sığorta haqlarını artıran Bonus-Malus əmsalı ləğv edilməli və sığorta haqlarını azaldan (0,6) Bonus-Malus əmsalı bərpa edilməlidir.

3. Cavabdeh "xxxx" ASC iddia tələbi ilə əlaqədar mülahizələrini məhkəməyə yazılı qaydada təqdim etmişdir. Cavabdehin yazılı mülahizəsində qeyd edilmişdir ki, iddiaçı ilə sığorta şirkəti arasında elektron formada bağlanmış PPA********** (xx.xx.2022-xx.xx.2023) və PPA********** (xx.xx.2023-xx.xx.2024) nömrəli sığorta müqavilələrinə əsasən, ** SP *** dövlət qeydiyyat nişanlı “Opel Vectra” markalı avtonəqliyyat vasitəsi “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmışdır. Hər iki sığorta müqaviləsi onlayn qaydada bağlanmışdır. Müvafiq qaydalara əsasən, şəxs platformada öz şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtonəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi məlumatlarını daxil etməklə və bunun davamı olaraq sığorta haqqını ödəməklə sığorta şəhadətnaməsi əldə edir. xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərdə sığortalı avtonəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisələri baş vermiş, məhz sığortalı avtonəqliyyat vasitəsinin sürücüsü təqsiri olan şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsinə görə sığorta şirkəti tərəfindən zərərçəkən qismində müəyyən edilən şəxslərə 6.500 manat ətrafında sığorta ödənişləri həyata keçirilmişdir. Nəticə etibarilə sözügedən sığorta müqaviləsi üzrə avtonəqliyyat vasitəsinin sürücüsünün təqsiri üzündən sığorta hadisəsi baş verdiyinə görə sığortalı İddiaçı münasibətdə sığorta haqqını artıran əmsalların tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankının iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda da analoji mövqe müşahidə olunur.

4. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin “İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı” tələbi ilə bağlı hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

a) Məhkəmə prosesi:

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmə iclasına gəlməmiş, iddiaçı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, iclasın onun iştirakı olmadan keçirilməklə iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi yazılı mülahizə təqdim etmiş, üçüncü şəxs isə gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.

6. Məhkəmə iclasında cavabdeh “İcbari Sığorta Bürosu” X6 nümayəndəsi X9 iddianı qəbul etməyib, əsassız olduğunu bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

8. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 10SP586 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur.

9. xx.xx.2021-ci il tarixli 7E-64595 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı 10SP586 dövlət qeydiyyat nişanlı “Opel Vectra” markalı avtomobili idarə etmək səlahiyyətini 9 il 11 ay 3 gün müddətinə (xx.xx.2031-ci ilədək) X8 həvalə etmişdir.

10. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, İddiaçı məxsus 10SP586 dövlət qeydiyyat nişanlı “Opel Vectra” markalı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2022-xx.xx.2023-cü illər ərzində icbari sığorta növündə sığortalanmışdır.

11. xx.xx.2022-ci il tarixli 7E-25015 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı 10SP586 dövlət qeydiyyat nişanlı “Opel Vectra” markalı avtomobili idarə etmək səlahiyyətini 10 gün müddətinə (xx.xx.2022-ci ilədək) X5 həvalə etmişdir.

12. xx.xx.2023-cü il tarixli 7E-14091 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı 10SP586 dövlət qeydiyyat nişanlı “Opel Vectra” markalı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini 1 il müddətinə (xx.xx.2024-cü ilədək) X8 həvalə etmişdir.

13. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı məxsus 10SP586 dövlət qeydiyyat nişanlı “Opel Vectra” markalı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2023-xx.xx.2024-cü illər ərzində icbari sığorta növündə sığortalanmışdır.

14. İddiaçı şəxsi kabinetindən çıxarışdan görünür ki, xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərdə 10SP586 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində zərərvuran şəxs İddiaçıdur (şəhadətnamə nömrəsi: PPA**********).

15. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən təqdim olunmuş məlumatda Büronun informasiya sistemində axtarış zamanı "xxxx" ASC tərəfindən onun adına rəsmiləşdirilmiş 10SP586 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair PPA********** nömrəli icbari sığorta müqaviləsi üzrə xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində sığorta hadisəsinin qeydə alındığı və bu səbəbdən malus tətbiq edildiyinin aşkar olunduğu bildirilmişdir. Hadisə zamanı nəqliyyat vasitəsini idarə edən sürücünün mülki məsuliyyətinin iddiaçının sığortalı olaraq bağladığı sığorta müqaviləsi üzrə sığortalanması səbəbindən baş vermiş sığorta hadisəsinin iddiaçının bonus-malus əmsalına təsir göstərdiyi qeyd edilmişdir.

16. İş materiallarına, həmçinin, sığorta aktları və sığorta ödənişlərinin verilməsinə dair ödəniş tapşırıqları əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

17. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, 10SP586 dövlət qeydiyyat nişanlı “Opel Vectra” markalı avtomobil İddiaçı mülkiyyətindədir. İddiaçı xx.xx.2021-ci il tarixli etibarnamə ilə həmin avtomobili xx.xx.2031-ci ilədək idarə etmək səlahiyyətini; xx.xx.2023-cü il tarixli etibarnamə ilə isə sözügedən avtomobilə dair xx.xx.2024-cü ilədək sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini iş üzrə üçüncü şəxs X8 həvalə etmişdir.

18. xx.xx.2023-cü il tarixdə iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında həmin avtomobilə dair 1 illik icbari sığorta müqaviləsi bağlanmış, müqavilədə sığortalı qismində iddiaçı göstərilmişdir. Müqavilə qüvvədə olduğu müddətdə xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərdə baş vermiş yolnəqliyyat hadisələrində sözügedən avtomobil təqsirli hesab olunmuş, həmin hadisələr nəticəsində zərərçəkən şəxslərə cavabdeh sığorta şirkəti tərəfindən sığorta ödənişləri ödənilmişdir.

19. Baş vermiş hadisələr zamanı avtomobili idarə edən şəxs başqası olsa da, bu hadisələrdən sonra sığortalı qismində çıxış edən iddiaçıya hesablanmış bonus-malus əmsallarında onun ziyanına dəyişiklik olmuşdur. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının adına rəsmiləşdirilmiş ** SP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair PPA********** nömrəli xx.xx.2023-cü il tarixli icbari sığorta müqaviləsinin və onun əsasında cavabdeh İcbari Sığorta Bürosu tərəfindən verilmiş sığorta şəhadətnməsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamənin qüvvədə olduğu müddətdə baş vermiş 2 yol-nəqliyyat hadisəsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən iddiaçıya münasibətdə tətbiq edilmiş sığorta haqlarını artıran Bonus-Malus əmsalının ləğv edilməsi və sığorta haqlarını azaldan (0,6) Bonus-Malus əmsalının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin “İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı” tələbi ilə bağlı hissəsində iş üzrə icraata xitam verilmişdir. Deməli, hazırda iddiaçının cavabdehlər "xxxx" ASC və “İcbari Sığorta Bürosu” X3rşı yuxarıdakı tələblərinə (sığorta müqaviləsinin və şəhadətnaməsinin etibarsız hesab edilməsi, iddiaçıya münasibətdə tətbiq edilmiş sığorta haqlarını artıran Bonus-Malus əmsalının ləğv edilməsi və sığorta haqlarını azaldan (0,6) Bonus-Malus əmsalının bərpa edilməsi) baxılır.

20. Məhkəmə araşdırmaları zamanı cavabdehlər "xxxx" ASC-nin və “İcbari Sığorta Bürosu” X6 nümayəndələri iddianın əsassız olduğunu mübahisələndirərək, təmin edilməməsini məhkəmədən xahiş etmişlər.

c) Məhkəmənin mövqeyi:

21. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq sığorta müqaviləsinin və şəhadətnamənin etibarsızlığını mübahisələndirdiyindən, habelə əqdə əsaslanan iddialarda ilk öncə həmin əqdin etibarlı olub-olmamasına hüquqi qiymət verilməli olması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərişinə əsasən, hazırkı mübahisənin qanunauyğun həlli üçün ilk öncə mübahisələndirilən müqavilənin etibarlı olub-olmaması müəyyən edilməlidir. Çünki hər hansı əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Əqdin etibarlı olması üçün isə onun bağlanmasında lazımi subyektlərin – səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

22. İddiaçı sığorta müqaviləsinin və şəhadətnaməsinin etibarsızlığını bu müqavilənin bağlanmasından və sığorta şəhadətnaməsi verilməsindən xəbərdar olmaması ilə əsaslandırsa da, iş materiallarında olan elektron qaydada verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən müəyyən edilir ki, iddiaçının özü (etibarnamə verdiyi vaxt çəkilmiş şəkli etibarnamədə vardır) tərəfindən etibarnamə rəsmiləşdirilərkən eyni tarixli mübahisələndirilən sığorta müqaviləsi və şəhadətnamə artıq qüvvədə olmuşdur, belə ki, etibarnamədə bu barədə məlumat qalın hərflərlə qeyd edilmiş; o cümlədən, sığorta şəhadətnaməsində saatın 11:28, etibarnamədə iddiaçının fotoşəklinin üzərində isə saatın 12:18 olması qeyd edilmişdir. Deməli, iddiaçının sığorta müqaviləsindən və şəhadətnamədən xəbərdar olmaması barədə irəli sürdüyü dəlil formal mülahizədən ibarət olmaqla əsassızdır, çünki ən azından şəxsən özü elektron qaydada etibarnaməni verdikdən sonra bu məlumatdan xəbər tutmuşdur. Mübahisələndirilən sığorta müqaviləsinin elektron qaydada rəsmiləşdirilməsi nəzərə alındıqda, müqavilənin iddiaçının iddia etdiyi kimi özü tərəfindən deyil, üçüncü şəxs tərəfindən imzalanması halı mümkün olsa da, iddiaçı tərəfindən bu halın məhz belə olduğunu təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, iddiaçının şəxsən özü tərəfindən elektron qaydada verildiyi mübahisəsiz olan etibarnamə ilə elektron qaydada bağlanmış sığorta müqaviləsinin eyni tarixdə saat etibarilə bir-birinə çox yaxın vaxtlarda (40 dəqiqə fərqlə) rəsmiləşdirilməsini nəzərə alan məhkəmə bu müqavilənin də iddiaçı tərəfindən rəsmiləşdirildiyi qənaətinə gəlir. Beləliklə, etibarsızlığı mübahisələndirilən sığorta müqaviləsinin bağlanmasında səlahiyyətli şəxslərin iştirak etməsini müəyyən edən məhkəmə araşdırma nəticəsində onların arasında iradə ifadəsinin bildirilməsini və vahidliyinin mövcudluğunu, əqdin forma və məzmun etibarilə qanunvericiliyin tələblərinə uyğun bağlanmasını da müəyyən edərək hesab edir ki, mübahisələndirilən müqavilənin və onun əsasında verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin “sığorta müqaviləsinin və sığorta şəhadətnaməsinin etibarsız hesab edilməsi” hissəsi əsassız olduğundan təmin edilməməlidir.

23. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçı sığorta şəhadətnaməsinin cavabdeh “İcbari Sığorta Bürosu” X10 tərəfindən verildiyini iddia etsə də, sığorta şəhadətnaməsi sığorta müqaviləsinin bağlanması nəticəsində müqavilə tərəflərindən biri olan sığortaçı şirkət tərəfindən verilən sənəddir. Ona görə də cavabdeh “İcbari Sığorta Bürosu” X10 tələbin bu hissəsi üzrə əsl cavabdeh deyildir. Bu səbəbdən tələb bu hissədə ona münasibətdə təmin edilməməlidir.

24. İddia tələbinin “mübahisələndirilən sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddətdə baş vermiş 2 yol-nəqliyyat hadisəsi ilə bağlı iddiaçıya münasibətdə tətbiq edilmiş sığorta haqlarını artıran Bonus-Malus əmsalının ləğv edilməsi və sığorta haqlarını azaldan (0,6) Bonus-Malus əmsalının bərpa edilməsi” hissəsi etibarsızlıqla bağlı tələbdən törədiyindən, həmin tələbin təmin edilməməsi bu tələbin də təmin edilməməsinə əsas verir.

25. Bununla yanaşı, məhkəmə əlavə olaraq qeyd etməyi zəruri sayır ki, iddiaçının mülkiyyətində olan avtomobil onun verdiyi etibarnamə əsasında başqa şəxs tərəfindən idarə edilərkən törədilmiş yol-nəqliyyat hadisəsinə görə, həmin şəxsin inzibati məsuliyyətə cəlb edilməsi müqavilə tərəfi olan iddiaçını mülki müqavilə münasibətlərindən irəli gələn hüquq və öhdəliklərdən azad etmək üçün əsas deyildir. Sığorta qanunvericiliyi hüququn xüsusi sahəsi olsa da, mülki qanunvericiliyin tərkib hissəsidir və buna görə də mülki qanunvericiliyin prinsipləri, ümumi müddəaları həmin sahəyə də aid edilməlidir. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2 və 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan avtomobilə dair başqa şəxsə etibarnamə verdiyindən, əqd mövcuddur və bu əqd onun üçün mülki hüquq və vəzifələr yarada bilər.

26. Məhz həmin avtomobillə başqa şəxsin törətdiyi yol-nəqliyyat hadisəsinə görə, iddiaçının digər avtomobillərinə münasibətdə mülki məsuliyyətin tətbiq edilməsinin düzgün olub-olmaması barədə mübahisənin düzgün həlli üçün isə müvafiq normativ hüquqi aktlarda “sığortaçı”, “sığorta olunan” və “avtonəqliyyat vasitəsinin sahibi” anlayışlarının məzmununa diqqət yetirilməlidir. İstər Mülki Məcəllədə, istərsə də “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda verilən anlayışlar eynilik təşkil edir və həmin normaların məzmununa əsasən sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi, sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxsdir.

27. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda isə bu anlayışlar icbari sığortanın mahiyyətindən irəli gəlinərək bir qədər konkretləşdirilir. Həmin Qanunun 6.1 və 6.2-ci maddələrinə əsasən, icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Hazırkı iş üzrə icbari sığorta müqaviləsində digər şəxsin adı qeyd olunmadığından həm sığortalı, həm də sığorta olunan şəxs avtomobilin mülkiyyətçisi, yəni iddiaçıdır. “Avtonəqliyyat vasitəsinin sahibi”nin anlayışı isə yalnız “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 53.1-ci maddəsində belə verilmişdir: mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Bu normanın məzmunu baxımından yanaşıldığı təqdirdə hadisənin baş verdiyi vaxt avtomobilin sahibi həm mülkiyyətçi (iddiaçı), həm də avtomobili qanuni əsasla (etibarnamə) ilə istismar edən şəxsdir (üçüncü şəxs). Lakin üçüncü şəxsin adı sığorta müqaviləsində qeyd olunmadığından və yuxarıda qeyd olunduğu kimi, əqdin (etibarnamənin) mövcudluğu iddiaçı üçün vəziəfələr yaratdığından məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə tətbiq edilən bonus-malus əmsalında mənfi istiqamətdə dəyişikliyin olması düzgün olmuşdur.

28. Məhkəmə qeyd edir ki, sığorta müqavilələrinin bağlanmasında yeganə məqsəd müqavilə tərəfi olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasından ibarətdir. Lakin qanunla müəyyən edilmişdir ki, fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi, yəni baş verə biləcək sığorta hadisələri üzrə ödənişləri qarşılamaq məqsədi ilə avtonəqliyyat vasitəsi sahiblərindən icbari sığorta müqaviləsi bağlanan zaman sığorta haqları alınmalıdır. Hazırda qüvvədə olan “İcbari Sığortalar haqqında” Qanunun 57.1-ci maddəsində göstərilir ki, belə sığorta haqqı məbləğlərinin hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Təsadüfi deyildir ki, ayrı-ayrı sığorta hadisələri üzrə ödənilməli olan sığorta məbləğləri qanunla dəqiq müəyyən edilməsinə baxmayaraq, sığorta haqları məbləğinin Mərkəzi Bank tərəfindən müəyyən edilmiş xüsusi qayda əsasında hesablanması nəzərdə tutulmuşdur. Ona görə də Mərkəzi Bankın 29 iyun 2022-ci il tarixli, 25/1 nömrəli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası” (bundan sonra Qaydalar) təsdiq olunmuşdur. 01 oktyabr 2022-ci ildə qüvvəyə minən həmin Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlarda Bonus-Malus (bundan sonra BM) sisteminin məzmunu, onun hansı məqsədlər üçün istifadə olunması izah olunmuşdur. Qaydalarda göstərilmişdir ki, Bonus-Malus - əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir.

29. Məhkəmə qeyd edir ki, Bonus-Malus sistemi sığorta sahəsində istifadə olunan bir anlayışdır. Bu sistem sığorta ödənişlərini sürücülərin sürücülük təcrübələrinə və qəza hallarına görə tənzimləmək üçün nəzərdə tutulub. Əgər sığortalı (və ya həmin müqavilə üzrə məsuliyyəti sığortalanmış şəxs) müəyyən bir müddət ərzində nəqliyyat vasitəsini qəzasız idarə edirsə, sığorta ödənişində endirim (bonus) əldə edilir. Əksinə, əgər sığortalı (və ya həmin müqavilə üzrə məsuliyyəti sığortalanmış şəxs) qəza törədərsə, sığorta ödənişi artır (malus). Bu sistem sürücüləri nəqliyyat vasitəsini diqqətli və təhlükəsiz idarə etməyə təşviq etmək məqsədilə tətbiq olunur. Bonus-malus tətbiq edilərkən Sığortalıya münasibətdə hesablamalar aparılır və şəxsin mülkiyyətində olub-olmamasından asılı olmayaraq, sığorta marağı olduğu və müqavilə bağlamaq istədiyi bütün avtonəqliyyat vasitələrinə şamil edilir. Burada avtomobilin mülkiyyətçisinin şəxsiyyəti, kimliyi, əvvəlki 1 il ərzində qəza törədib-törətməməsi deyil, “Bonus-Malus” sisteminin tətbiqində mülki məsuliyyətin sığorta müqaviləsini bağlayan “Sığortalı”nın kimliyi əhəmiyyətlidir. Avtomobili qanuni əsaslarla kimin idarə etməsindən asılı olmayaraq, baş vermiş sığorta hadisələri üzrə məsuliyyət məhz “Sığortalı”nın (İcbari sığorta müqaviləsi bağlayan şəxsin) üzərindədir və hər bir hadisəyə görə sığorta riski məhz müqavilə tərəfi olan “Sığortalı”nın hesabına, onun sığorta tarixçəsinə yazılır. “Bonus-Malus” sisteminin tətbiqində əsas məqsəd də sığorta risklərinin qiymətləndirilməsi və “riskli sığortalı”ya “Malus” tətbiq edilməsilə daha yüksək sığorta haqqının hesablanması, əksinə “riskli olmayan sığortalı”ya isə “Bonus” tətbiq edilməsilə sığorta haqqına güzəşt edilməsidir. Yəni icbari sığorta müqaviləsinin tərəfi olan sığortalı – baş vermiş yol-nəqliyyat hadisəsində kimin (özü və ya etibarnamə verdiyi başqa şəxs) təqsirli olmasından asılı olmayaraq, sığorta hadisəsi onun risk dairəsinə daxil olur və hər bir sığorta hadisəsi məhz həmin sığortalı şəxsin “riskli sığortalı” tarixçəsini formalaşdırır. Əksinə, mülki məsuliyyətinin sığorta olunduğu müqavilə üzrə sığorta hadisəsi baş vermədiyi hər il üçün həmin sığortalıya əlavə “Bonus” yaranır. Müqavilə sığortalı və sığortaçı arasında bağlanıldığından və müqavilənin predmetini mülki məsuliyyət təşkil etdiyindən bonus və ya malus əmsalının da sığortalı ilə bağlanan bütün müqavilələrə tətbiq olunması ağlabatan və ədalətlidir. Başqa sözlə, mülki məsuliyyət şəxslə bağlı anlayış olduğundan həmin şəxsin mülki məsuliyyətinin bir avtomobilə münasibətdə mövcud olduğunu, digər avtomobilə münasibətdə isə mövcud olmadığını düşünmək bu sahəni tənzimləyən qanunvericiliyin ümumi prinsiplərinə ziddir.

30. Qaydaların 1.2.2-ci bəndində aydın şəkildə göstərilmişdir ki, BM subyekti - barəsində BM sistemi ilə müəyyənləşdirilən güzəşt və ya əlavələrin tətbiq edildiyi şəxs hesab olunur. Qaydalarda avtonəqliyyat vasitəsinin deyil, məhz nəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası nəzərdə tutulduğundan, həmin Qaydalar avtonəqliyyat vasitələrinə münasibətdə deyil, şəxslərə (sığortaolunanlara) münasibətdə tətbiq edilməlidir. Əvvəlki sığorta müqaviləsi üzrə sığorta hadisəsi törətmiş sığortalı (yaxud onun etibar etdiyi) yenidən sığorta müqaviləsi bağlayan zaman, hansı avtonəqliyyata dair müqavilə bağlamasından asılı olmayaraq, yəni sığorta hadisəsi törətdiyi avtonəqliyyata, yaxud digər avtonəqliyyata dair sığorta müqaviləsi bağlayan zaman ona malus tətbiq olunmalı, əvvəlki sığorta müqaviləsi üzrə sığortalı “etimadı doğrultmadığına görə” risk ehtimalı yüksək olan şəxs kimi daha yüksək məbləğdə sığorta haqqı ödəməlidir. Nəzərə alınmalıdır ki, “malus” qazanmış sığortalı başqasının mülkiyyətində olan avtomaşını etibarnamə əsasında idarə etməklə həmin avtomaşına münasibətdə sığorta müqaviləsi bağlayanda da ona malus tətbiq olunmalıdır. Belə ki, müqavilə bağlayan sığortaçı avtonəqliyyat vasitəsinin deyil, müqavilə tərəfi olan “sığortalı”nın mülki məsuliyyətini sığortalayır. Bütün bunlar onu təsdiq edir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti avtonəqliyyat vasitəsinə görə deyil, şəxsə (sığortaolunana) münasibətdə tətbiq olunur. Şəxsə (sığortaolunana) münasibətdə tətbiq olunma isə o deməkdir ki, həmin şəxsin mülkiyyətində olan bütün avtonəqliyyat vasitələrinə həmin şəxs tərəfindən sığorta müqaviləsi bağlanan zaman BM sistemi tətbiq olunmalıdır. BM sisteminin yalnız sığorta hadisəsi törədilmiş avtonəqliyyat vasitələrinə münasibətdə tətbiq olunması, sığorta hadisəsi törətmiş sığortalının mülkiyyətində olan digər avtonəqliyyat vasitələrinə münasibətdə isə tətbiq olunmaması yanaşmasının heç bir hüquqi əsası yoxdur, çünki bu, BM sistemini müəyyən edən Qaydaların 1.2.2-ci bəndi ilə təkzib olunur. Eləcə də əgər BM sistemi sığorta hadisəsi törətmiş avtonəqliyyat vasitəsinə münasibətdə tətbiq olunmalıdırsa, o zaman sığorta hadisəsindən sonra həmin avtonəqliyyat vasitəsini alqı-satqı yolu ilə almış yeni alıcıya, ilk dəfə sığorta müqaviləsi bağlamasından asılı olmayaraq malus tətbiq olunmalıdır. Yaxud da sığorta hadisəsi törətmiş sığortalı, sığorta hadisəsi törətdiyi avtonəqliyyat vasitəsini özgəninkiləşdirərək, yeni avtonəqliyyat vasitəsi əldə etməklə Qaydalarda nəzərdə tutulmuş sığorta risklərindən asanlıqla azad olmuş olardı, lakin bu kimi yanaşma qanunvericiliyin tələblərinə zidd olmaqla qanuna əsasən hazırlanmış Qaydaların məqsədini heçə endirmiş olardı.

31. O da qeyd edilməlidir ki, tətbiq olunan Bonus-Malus sisteminin məqsədi heç də müqavilə tərəflərindən daha çox sığorta haqqı almaq və yaxud kiməsə sığorta haqqı ödənişində güzəştə getməkdən ibarət deyildir. Bu sistem avtonəqliyyat vasitəsi sahiblərini yol hərəkəti təhlükəsizliyi qaydalarına daha diqqətli və daha ehtiyatla yanaşmağa, yol hərəkətinin iştirakçısı kimi daha da intizamlı olmağa təlqin edən təsir vasitələrindən biri olduğundan onun tətbiqi zəruri, məcburi və əhəmiyyətlidir.

32. Son olaraq qeyd olunması zəruridir ki, avtomobilin alqı-satqısı etibarnamə verilməsi yolu ilə deyil, müvafiq orqanda bağlanmış müqavilə əsasında həyata keçirilməlidir.

33. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni tapılırsa və işin faktiki faktiki halları iddia tələbinin tapılan qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia təmin edilir, tapılmırsa və ya faktiki hallar qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

34. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

35. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

36. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 884.3. Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Maddə 884.4. Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. Maddə 884.5. Sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Maddə 884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Maddə 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Maddə 888.3. Mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır. Maddə 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. Maddə 897.4. İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 899.1. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: - tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; - müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; - icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada. Maddə 899.1-1. Bu Məcəllənin 899.1-ci maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsinin formaları elektron sənəd formasında da bağlana bilər. Maddə 908.1. Əqdlərin etibarsızlığının bu Məcəllə ilə nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı, sığorta müqaviləsi aşağıdakı hallarda bağlandığı andan etibarsız sayılır: - sığorta obyekti məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə (qərarına) əsasən müsadirə edilməli əmlakla bağlı olduqda; - sığorta müqaviləsi sığortaçının və ya sığortalının adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxslərlə bağlandıqda; - sığorta müqaviləsi bağlandığı anda sığorta predmeti mövcud olmadıqda; - sığorta obyekti sığortalının qeyri-qanuni mənafeləri ilə, həmçinin sığortalanması qadağan olunmuş mənafeləri ilə bağlı olduqda; - əmlak bir və ya bir neçə sığorta müqaviləsi ilə həqiqi dəyərindən artıq məbləğə sığortalandıqda sığorta məbləğinin sığorta dəyərindən artıq olan hissəsində; - sığorta qaydalarında nəzərdə tutulmayan və sığortalının vəziyyətini pisləşdirən əlavə şərtlər sığorta müqaviləsinə daxil edildikdə həmin şərtlərə münasibətdə; - sığorta fəaliyyəti ilə məşğul olmaq hüququ olmayan və ya müvafiq sığorta növünü aparmağa icazəsi olmayan şəxs sığortaçı qismində müvafiq sığorta müqaviləsini bağladıqda (bu halda ödənilmiş sığorta haqları tam həcmdə sığortalıya qaytarılır); - sığorta marağı mövcud olmadıqda.

38. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.3. Bu Qanunda başqa cür nəzərdə tutulmadığı halda, istifadə olunan anlayışların izahı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Maddə 1.4. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla başqa cür müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 5.2. Bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. Maddə 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Maddə 6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Maddə 6.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Maddə 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Maddə 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Maddə 34.2. Büro iştirakçı sığortaçıların bu Qanunla, həmçinin maliyyə bazarlarına nəzarət orqanının qayda və təlimatları ilə müəyyən olunmuş tələblərə riayət etməməsi, habelə öhdəliklərini bu Qanuna və ya Büronun nizamnaməsinə uyğun yerinə yetirməməsinə dair ona məlum olan faktlar barədə maliyyə bazarlarına nəzarət orqanına məlumat verir. Maddə 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Maddə 53.3. Avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Maddə 53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Maddə 57.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydası maliyyə bazarlarına nəzarət orqanı (Mərkəzi Bank – hazırda qüvvədə olan redaksiyada) tərəfindən müəyyənləşdirilir.

39. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1.4. sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi; Maddə 1.1.5. sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;

40. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli, 25/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması” Qaydası: 1.2.1. Bonus-Malus sistemi – əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsalların tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. 2.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləği baza sığorta haqqı məbləğinə bu Qayda ilə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla ... hesablanır.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddə. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddə. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddə. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddə. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddə. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddə. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddə. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər “İcbari Sığorta Bürosu” X10 və "xxxx" ASC-yə qarşı “icbari sığorta müqaviləsinin və şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticə:

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdehlər “İcbari Sığorta Bürosu” X10 və "xxxx" ASC-yə qarşı “icbari sığorta müqaviləsinin və şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar