Məhkəmə qərarları › İş №e-2(006)-342/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-342/2023

10.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-342/2023 10.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 29 saylı Notariat ofisinin xüsusi notariusu X2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 29 saylı Notariat ofisinin xüsusi notariusu X2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 29 saylı Notariat Ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş ipoteka predmetinə tutmanın yönəldilməsinə dair 03 oktyabr 2022-ci il tarixli İcra Qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X8 ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci tarixli Kredit Müqaviləsinə əsasən iddiaçıya 136.000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq xx.xx.2020-ci il tarixli İpoteka Müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan Yasamal rayonu, Qızıl Şərq küçəsi, ev 4, 12 saylı mənzil X4 xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2020-ci tarixli Kredit Müqaviləsinə əsasən iddiaçıya 136.000 manat məbləğində borcun 49.000 ABŞ dolları məbləğində hissəsi qardaşı Elçin Orucov vasitəsilə X7 ödənilmişdir. Lakin, X8 ona xx.xx.2022-ci il tarixli Bildiriş təqdim edərək 136.000 manat məbləğində borcun 20 gün müddətində ödənilməsi, borcun qeyd olunan müddətdə ödənilmədiyi halda öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və ipoteka predmeti barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. X8 ona qaytarılmış 49.000 ABŞ dolları məbləğində borc məbləğini nəzərə almayaraq, 136.000 manat məbləğində borcun ödənilməsini tam şəkildə ödənilməsini tələb etdiyindən, bununla da tərəflər arasında Kredit Müqaviləsi üzrə icra edilməmiş öhdəliyin məbləği ilə bağlı tərəflər arasında mübahisənin mövcud olmasına əsaslanaraq xx.xx.2022-tarixli Ərizə ilə Bakı şəhəri, 29 saylı Notariat Ofisinin xüsusi notariusu X2 müraciət edərək İcra Qeydinin verilməməsi xahiş olunmuşdur. Buna baxmayaraq Bakı şəhəri, 29 saylı Notariat Ofisinin xüsusi notariusu X6 Kredit Müqaviləsi üzrə icra edilməmiş öhdəliyin məbləği ilə bağlı tərəflər arasında mübahisənin mövcud olmasını və bu mübahisənin Kredit Müqaviləsinin 9-cu bəndinə əsasən məhkəmə qaydasında həll olunması halına əhəmiyyət verməyərək 136.000 manat ödilməmiş borc məbləğinin olmasına əsaslanaraq, tutmanın mülkiyyətində olan Yasamal rayonu, Qızıl Şərq küçəsi, ev 4, 12 saylı mənzilinə yönəldilməsinə dair 03 oktyabr 2022-ci il tarixli İcra Qeydi vermişdir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci tarixli Kredit Müqaviləsinin 9cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Göründüyü kimi Bakı şəhəri, 29 saylı Notariat Ofisinin xüsusi notariusu X6 Kredit Müqaviləsi üzrə icra edilməmiş öhdəliyin məbləği ilə bağlı tərəflər arasında mübahisənin mövcud olmasını nəzərə almayaraq və xx.xx.2020-ci tarixli Kredit Müqaviləsinin 9-cu bəndinin tələbini pozaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında dair 03 oktyabr 2022-ci il tarixli İcra Qeydi vermişdir. Qeyd olunan əsaslara görə hesab edilir ki,Bakı şəhəri, 29 saylı Notariat Ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında dair 03 oktyabr 2022-ci il tarixli İcra Qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, mübahisələndirilmiş “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 03 oktyabr 2022-ci il tarixli İcra qeydi verilərkən “İpoteka haqqında” Qanunun 36.3, 36.4.1 və “Notariat haqqında” Qanunun 76cı maddəsinin 6-cı abzasında əks olunan tələblərə, həmçinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələblərinə riayət edilməmişdir. Belə ki, qeyd olunan normanın tələblərindən görünür ki, qanunverici tutmanın ipoteka predmetinə yönəldilməsindən əvvəl tələbkarın ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməsini imperativ tələb olaraq müəyyən edir ki, bu da həmin tələbə riayət edilmədiyi təqdirdə icra qeydinin qanuni olmasını istisna edir. Tələbkar qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən tutmanın ipoteka predmetinə yönəldilməsindən əvvəl ipotekanın dövlət qeydiyyatı orqanına, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməmişdir. Qeyd edilənlərə əsasən, İddiaçı Bakı şəhəti 29 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi (vəkili) Nümayəndə2 iddia tələbinin əsassız olduğunu qeyd edərək izahatında bildirmişdir ki, notariat kontoru icra qeydini tərtib etdiyi zaman heç bir qanun pozuntusuna yol verməmişdir. Belə ki, iddiaçı tərəf bildirir ki, icra qeydi verildiyi zaman “İpoteka haqqında” Qanunun və eləcə də, “Notariat haqqında” Qanunun tələbləri pozulmuşdur. Lakin, nəzərə almaq lazımdır ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində ipoteka ilə yüklü edilən əmlakın hərracda satılması üsulu müəyyən edildiyindən notariat orqanı tərəfindən icra qeydi haqlı olaraq Təlimatın 169-1-ci hissəsinə görə deyil, 161-ci hissəsinin tələbinə uyğun olaraq aparılmışdır. Hesab edir ki, icra qeydi tam qanuni şəkildə tərtib edildiyindən hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Bakı şəhəri 29 saylı Notariat ofisinin xüsusi notariusu X6 məhkəmə baxış iclasında iştirak etməmişdir. Cavabdeh 27 dekabr 2022-ci il tarixli, 2225 №-li məktub ünvanlayaraq, məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Mülki işin materiallarında olan İddiaçı ilə X8 arasında bağlanmış və Bakı şəhəri 29 saylı notariat kontorunun notariusu İ.N.Mirzəzadə tərəfindən təsdiq edilmiş 21 iyul 2020-ci il tarixli, reyestr nömrəsi 3M-893 olan kredit müqaviləsinə əsasən, Orucova X1 Elqar Elmir oğlundan xx.xx.2021-ci il tarixə kimi 136.000 (yüz otuz altı min) manat məbləğində pulu borc götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı ilə X8 arasında bağlanmış və Bakı şəhəri 29 saylı notariat kontorunun notariusu İ.N.Mirzəzadə tərəfindən təsdiq edilmiş 21 iyul 2020-ci il tarixli, reyestr nömrəsi 3M-1086 olan ipoteka müqaviləsinə əsasən, tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68.74 kv/m olan mənzil borcverən (ipotekasaxlayan) X4 xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mülki işin materiallarında olan İddiaçı ilə X8 arasında bağlanmış və Bakı şəhəri 29 saylı notariat kontorunun notariusu İ.N.Mirzəzadə tərəfindən təsdiq edilmiş 06 avqust 2021-ci il tarixli, reyestr nömrəsi 3M-1085 olan kredit müqaviləsinə əlavə müqaviləyə əsasən, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit məbləğinin qaytarılması müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dəyişdirilmişdir. Mülki işin materiallarında olan İddiaçı ünvanlanan 01 sentyabr 2022-ci il tarixli “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən” Bildirişdən görünür ki, borclu O.Zenfira kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı xəbərdar edilmiş, əks təqdirdə tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və ipoteka predmeti barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri 29 saylı notariat kontorunun 03 oktyabr 2022-ci il tarixli, 8İ-8577 saylı “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” İcra qeydindən görünür ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən, həmin sənədlər üzrə X4 xeyrinə İddiaçı xx.xx.2022-ci il müddət üçün vaxtında ödənilməmiş 136.000 manat borc tutulmalıdır. Mülki işin materiallarında olan 18 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev tərəfindən Bakı şəhəri 29 saylı Notariat Kontorunun 8İ-8577 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz hallarından göründüyü kimi, hazırkı iş üzrə İddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X8 arasında Bakı şəhəri 29 saylı Notariat ofisində 21 iyul 2020-ci il tarixlidə 3M- 893 reyestr nömrəli kredit müqaviləsi imzalanmışdır. Eyni zamanda həmin tarixdə kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsi bağlanmış və İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68.74 kv/m olan mənzil ipoteka ilə yüklü edilmişdir. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə 49.000 ABŞ dolları məbləğində pul vəsaitini qardaşı Orucov Elçin vasitəsilə X7 ödənildiyini iddia edir və “İpoteka haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun və həmçinin, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 169-1-ci bəndinə istinad edərək, hazırda həmin əqdlər üzrə icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş edir. Hazırki tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı kredit müqaviləsi bağlanarkən göstərilən şərtlərlə razılaşaraq X8 ilə həmin kredit müqaviləsini bağlamışdır. Eyni zamanda həmin vaxt kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsi bağlanaraq, borclu İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68.74 kv/m olan mənzil ipoteka ilə yüklü edilmişdir. Bu işin mübahisəsiz hallarıdır. İşin mübahisəli hallarından biri odur ki, iddiaçı iddia ərizəsində borcun bir hissəsinin, yəni 49.000 ABŞ dollarını qardaşı vasitəsilə Bağırov Elqara ödədiyini iddia etmişdir. Lakin, nə iş materiallarında, nə də ki iddiaçının nümayəndəsinin izahatlarında bu hallarla bağlı faktlar məhkəmə tərəfindən aşkar edilməmişdir. İddiaçı tərəf iddia ərizəsində qeyd etdiyi həmin tələbin əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir. İşin digər mübahisəli halı ondan ibarətdir ki, hazırda iddiaçı tərəf iddia edir ki, icra qeydi verildiyi zaman notariat hərəkətlərinin aparılması ilə bağlı Təlimatın tələbləri pozulmuşdur. Məhkəmə mübahisələndirilən icra qeydi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Həmçinin, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin əvvəlki redaksiyasında göstərilmişdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İddiaçının nümayəndəsi (vəkili) öz izahatında bildirmişdir ki, tələbkar tutmanın ipoteka predmetinə yönəldilməsindən əvvəl ipotekanın dövlət qeydiyyatı orqanına, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməli idi. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 169-1-ci maddəsinə əsasən, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; [256] e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. Həmin maddənin sonunda əlavə olaraq qeyd edilmişdir ki, ipoteka müqaviləsində ipoteka predmetinin hərracda satılması üsulu müəyyən edildikdə, icra qeydi bu Təlimatın 161-ci hissəsinə (üçüncü abzası istisna olmaqla) uyğun olaraq aparılır. Tərəflər arasında bağlanmış 21 iyul 2020-ci il tarixli, reyestr nömrəsi 3M-1086 olan ipoteka müqaviləsinin 9.2-ci maddəsində ipoteka predmetinin hərrac vasitəsilə özgəninkiləşdirilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci maddəsinə əsasən, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. İş materiallarından göründüyü kimi borclu İddiaçı 01 sentyabr 2022-ci il tarixdə bildiriş göndərilərək, onun tərəfindən borcun 20 gün müddətində ödənilmədiyi təqdirdə yaranmış borc məbləği və ipoteka predmeti barəsində notarius tərəfindən icra qeydinin aparılması barədə xəbərdar edilmiş, hətta bu barədə bildiriş həmçinin onun mobil nömrəsinə SMS vasitəsilə də göndərilmişdir. Bundan 1 aydan çox müddətdən keçdikdən sonra, yəni 03 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri 29 saylı Notariat Kontoru tərəfindən “ipoteka predmetinə tutmanın yönəldilməsi barədə” müvafiq icra qeydi aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, iş materiallarında olan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 arasında kredit və ipoteka müqavilələri könüllü şəkildə, kənar təsir olmadan bağlanmış, lakin iddiaçı götürdüyü kredit məbləğini tələb olunan vaxtda ödəmədiyi üçün haqlı səbəbdən barəsində icra qeydi açılmış və həmin icra qeydinin ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyinə görə, həmin tələb təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 29 saylı Notariat ofisinin xüsusi notariusu X2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Bakı şəhəri 29 saylı Notariat ofisinin xüsusi notariusu X2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar