Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3420/2025 07.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı ("xxxx" ASC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək, "xxxx" KB ASC-dən ona vurduğu maddi ziyana görə 194,46 manat və 28 fevral 2025-ci il tarixdən hesablanmaqla qətnamə qəbul olan günədək hər gecikdirilmiş gün üçün 7 % həcmində gecikdirmə faizi, mənəvi ziyana görə 1.000 manat və 28 fevral 2025-ci il tarixdən hesablanmaqla qətnamə qəbul olan günədək hər gecikdirilmiş gün üçün 7 % həcmində gecikdirmə faizi, ümumilikdə 1.194,46 manat və 7 % həcmində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(006)-3420/2025 saylı qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Sonradan, "xxxx" ASC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, "xxxx" Kommersiya Bankında bank hesabı açmış və bununla bağlı, ona «Leobank» plastik kartı təqdim edilmişdir. Həmin plastik kart vasitəsilə mütəmadi olaraq ödəniş əməliyyatları aparmışdır ki, müəyyən hallarda bank tərəfindən vergi və ödəniş qanunvericiliyi tələbləri pozulmuş, nəticədə maddi və mənəvi zərərə məruz qalmışdır. Aşağıda bu hallar və qanunvericilik pozuntuları barədə daha ətraflı məlumat verəcək. 20 fevral 2025-ci il tarixdə İngiltərədə «Solicitor» (Vəkil) adını qazanmaq üçün sonuncu müraciət formasını doldurararaq təqdim etmiş və üzvlüyə qəbul üçün xidmət haqqı kimi «X1»-ə (Vəkillər Kollegiyası) Leobank tətbiqi vasitəsilə 100 Pounds (~220,74 manat) məbləğində ödəniş etmişdir. Ödənişlə bağlı, bank tərəfindən əlavə 39,73 manat (220,74 manatın 18 %-i) ƏDV hesablanmış və hesabından müvafiq olaraq silinmişdir. Banka 20 fevraldan başlayaraq dəfələrlə müraciət edib, İngiltərə Vəkillər Kollegiyasına edilən ödənişlə bağlı ƏDV-nin tətbiq edilməməli olduğunu izah etsə və bununla bağlı, xeyli sayda təsdiqedici sənədlər təqdim etsə də, Bank tərəfindən vəsaitin qaytarılmasından imtina edilmişdir. Bundan əlavə, məsələyə 5 iş günü ərzində baxılıb, cavab veriləcəyi bildirilsə də, ona imtina cavabı 13 mart tarixində təqdim edilmişdir. İmtina cavabı belə əsaslandırılmışdır ki, o, həmin sənədi İngiltərədə fiziki aldığı barədə sübut (təyyarə bileti, otel bronu və s. bu tipli) təqdim etməmişdir. Halbuki, bu səbəb özü absurddur. Bankın məntiqi ilə gedilsə, məsələn, kimsə xaricdə futbol oyununa giriş bileti alırsa və bununla bağlı ödəniş edirsə, gərək ƏDV-nin qaytarılması məqsədilə banklara otel bileti, təyyarə bileti, stadiondan şəkil və s. sübut təqdim etsin? Elədirsə, otel və ya təyyarə bileti bron edib, ləğv edilsə necə, bank necə əmin olacaq ki, müştəri ora həqiqətən də gedib? 28 fevral tarixində Leobank tətbiqi vasitəsilə 523915****4140 nömrəli kart hesabına card-to-card əməliyyatı ilə 151,70 manat dəyərində ödəniş etməyə çalışsa da, bankın İT sistemində yaranan texniki çətinliklər səbəbindən ödənişi həyata keçirə bilmədiyini görüb, digər bank hesabı vasitəsilə ödənişi icra etmişdir. Lakin, daha sonra «Leobank» mobil tətbiqinə giriş edərkən, hesabından da 154,73 manat (151,70 + 3,03 köçürmə komissiyası) həcmində vəsaitin çıxdığını görmüş, dərhal banka ödənişin qaytarılması ilə bağlı müraciət etmişdir. Baxmayaraq ki, bank tərəfindən ödənişin texniki nasazlıq səbəbindən icra olunduğu bildirilmiş, lakin yenə də sorğuya 30-60 gün ərzində baxılacağı qeyd edilmiş, hesabına pul köçürtdüyü adamın razılığı olacağı təqdirdə, ödənişin qaytarılacağı qeyd olunmuşdur. Baxmayaraq ki, ödənişin tərəfindən avtorizasiya (yekun razılıq verilmədiyini və ya təsdiq edilmədiyini) edilmədiyini, ödənişdən öncə və dərhal sonra ödənişlə bağlı məlumat verilmədiyini Bank əməkdaşlarının diqqətinə çatdırmış, habelə «Ödəniş Xidmətləri və Ödəniş Sistemləri» haqqında qanunun tələblərini - sübutetmə yükünün Bankın üzərində olduğunu və əməliyyatın icrasında bankın səhvi olmadığını sənədlərlə təsdiq etmələrini xahiş etsə də, müraciətləri uğursuz olmuşdur. O da nəzərə alınmalıdır ki, ödənişlə bağlı hər hansı OTP və ya mobile app üzərindən təsdiq kodu gəlməmiş, beləliklə ödənişlə bağlı Bank tərəfindən gücləndirilmiş müştəri autentifikasiya tətbiq edilməmişdir. Bildirir ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal vergitutma (ƏDV) obyektidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən, malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. Məcəllənin 168.1.3-cü maddəsinə əsasən, xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə - xidmət yeri müvafiq olaraq, xidmətlərin faktiki göstərildiyi yer hesab edilir. Daha da aydın olması üçün deyir ki, 168.1.3-cü maddəyə nümunə kimi futbol oyunlarına, konsertə, teatra giriş, konfranslarda iştirak, üzvlük haqları və s. daxildir. ƏDV məqsədləri üçün xidmət yerinin xidmətlərin faktiki göstərildiyi yer saylması isə onunla bağlıdır ki, həmin xidmətlər, xidmətlərin baş verəcəyi ölkə ilə sıx əlaqəlidir. Əlaqəliliyin müəyyən edilməsi üçün, xidmətin fiziki olaraq baş tutma lokasiyası, xidmətdən faydalanmanın baş verdiyi məkan kimi faktorlar nəzərə alınır. Nəzərə alınsa ki, məntiq etibarilə ödədiyi xidmət haqqı İngiltərə Vəkillər Kollegiyasına qəbul üçün ödənilmiş xidmət haqqıdır, hansı fəaliyyətlə ki, ancaq Birləşmiş Krallıqda məşğul ola bilər, aydın olur ki, aldığı xidmətin Azərbaycanla hər hansı əlaqəsi (Azərbaycan bank kartı ilə ödəməsindən savayı) yoxdur. Onu da əlavə edir ki, bu halda tərəfindən hər hansı xidmət idxal edilmir, belə ki, vəkil kimi yalnız İngiltərədə fəaliyyət göstərə bilər. Beləliklə, yuxarıdakı əsaslandırmadan da aydın olur ki, bu hal üzrə xidmətin göstərildiyi yer Birləşmiş Krallıq hesab edilir. Bu isə o deməkdir ki, xidmət yeri Azərbaycan olmadığı üçün bank tərəfindən ƏDV qanunsuz olaraq tutulmuşdur və bank tərəfindən dərhal geri qaytarılmalıdır. Digər məsələyə gəldikdə isə, «Ödəniş Xidmətləri və Ödəniş Sistemləri» haqqında Qanunun 35.2-ci maddəsinə əsasən, ödəniş əməliyyatlarının elektron formada məsafədən həyata keçirilməsi (card-to-card da bura daxildir) zamanı ödəniş xidməti təchizatçısı (yəni, Bank) əməliyyatın məbləğinə və vəsait alana dinamik bağlı olan elementlərdən ibarət gücləndirilmiş müştəri autentifikasiyasını (OTP kod, barmaq izi, face İD, və s.) tətbiq etməlidir. Bankla yazışmada nəyə görə ödənişdə OTP kod və oxşar autentifikasiya metodlarından istifadə edilmədiyi soruşulsa da, qarşı bank tərəfindən bunun tələb edilmədiyi bildirilmişdir (halbuki, Qanunun 35.2-ci maddəsini bunu ödənişi icra edən bankın öhdəliyi kimi müəyyən edir). Həmin Qanunun 25.5-ci maddəsinə əsasən, ödəniş xidməti istifadəçisi (yəni, o) ödəniş əməliyyatını avtorizə etdiyini inkar etdikdə və ya ödəniş əməliyyatının səhv icra olunduğunu bildirdikdə, ödəniş xidməti təchizatçısı (Bank) ödəniş əməliyyatının autentifikasiya olunduğunu, düzgün qeydə alındığını, ödəniş əməliyyatı üzrə məbləğin ödəniş xidməti istifadəçisinin müəyyən etdiyi ödəniş hesabına mədaxil edildiyini və ödəniş əməliyyatının texniki nasazlıq və ya ödəniş xidməti təchizatçısının digər nöqsanı nəticəsində təsirə məruz qalmadığını sübuta yetirməlidir. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən, ödəniş xidməti təchizatçısı (Bank) avtorizə edilməmiş ödəniş əməliyyatı haqqında ödəniş xidməti istifadəçisindən bu Qanunun 25.1-ci maddəsi ilə müəyyən edilmiş halda bildirişi aldıqdan sonra bu Qanunun 25.5-ci maddəsində nəzərdə tutulan sübutları (məsələn, ödənişin təsdiqinə dair loqlar, OTP kod göndərilməsi ilə bağlı sübutlar, sistem dayanmasının olmaması ilə bağlı hesabat və s.) 5 iş günündən gec olmayaraq təqdim edə bilmədikdə, ödəniş əməliyyatının məbləğini ödəyiciyə növbəti iş günündən gec olmayaraq geri ödəməlidir. Onu da qeyd edir ki, 28 fevral tarixində Bankın İT sistemində ciddi problemlər yaşanmış və Bank tərəfindən bu İT sistemindəki çətinliklərə görə hesablaşmalarda problemlər yaşanmışdır. Baxmayaraq ki, öz ödənişi ilə bağlı, Qanunun 25.2-ci maddəsində qeyd edildiyi kimi, ödəniş əməliyyatını aşkar etdikdən həmən sonra banka bu barədə bildiriş vermiş, buna baxmayaraq bank bildirişi aldıqdan 5 iş günü keçsə də, bununla bağlı ona hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Qanunun 31.1-ci maddəsinə əsasən, ödəniş xidməti təchizatçısı ödəyici tərəfindən verilən ödəniş sərəncamının icra olunmamasına, səhv icra edilməsinə, həmçinin pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə ödəyici qarşısında məsuliyyət daşıyır. Bu halda ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısı səhv icra edilmiş, əsassız olaraq ödəniş hesabından silinmiş ödəniş əməliyyatı üzrə məbləği dərhal ödəyicinin ödəniş hesabına bərpa etməlidir. Həmin Qanunun 31.5-ci maddəsinə əsasən, ödəniş xidməti təchizatçısı, o cümlədən vasitəçi icra edilməmiş, səhv icra edilmiş ödəniş əməliyyatlarının icrası üzrə və ya pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə məsuliyyət daşıdığı halda, ödəniş xidməti istifadəçisi tərəfindən ödənilən xidmət haqları və digər xərclərin məbləği də kompensasiya edilməlidir. Ona görə də, Qanunun 25.2-ci maddəsinin tələblərini nəzərə alaraq, Bank ona 151,70 manat həcmdə ödənişin və 3,03 manat həcmdə komissiyanın geri qaytarılmasını qısa müddət ərzində həyata keçirməlidir. Habelə Qanunun 31.6-cı maddəsinə görə, ödəniş xidməti istifadəçisi icra edilməyən, səhv icra edilən ödəniş əməliyyatlarına və ya pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə ödəniş xidməti təchizatçısından ödəniş əməliyyatı üzrə məbləğ, xidmət haqqı və digər xərclərdən əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə uyğun olaraq faizlərin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Ona görə də, Bankdan Qətnamə qəbul edilənədək hər gecikdirilmiş gün üçün (28 fevraldan qətnamə qəbul edilən günədək hesablanmaqla) illik 7 % həcmdə gecikdirmə faizi ödənilməsini tələb edir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanunun 12-ci maddəsinə əsasən, istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Ali Məhkəməsinin Plenum qərarına əsasən, şəxsə mənəvi zərər vurulması onun iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Qeyd edir ki, bank dəfələrlə yanlış, bir-birinə zidd və qeyri-dəqiq məlumatlar verməklə vaxtını və enerjisini almış, əmlak hüquqlarının pozulmasına səbəb olmuş və nəticədə onu mənəvi zərərə məruz qoymuşdur. Bununla bağlı, eyni hərəkətin digər müştərilərə münasibətdə yaşanılmaması, Bank tərəfindən müqavilə öhdəliklərinin pozulması ilə bağlı sərf etdiyi vaxtı, enerjini nəzərə alaraq, əmlak hüquqlarının pozuntusu nəticəsində ona dəymiş mənəvi zərərə görə 1.000 manat məbləğində kompensasiyanın ona ödənilməsinin məqsədəmüvafiq olduğunu düşünür. İddiaçı məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə iddiaya etiraz və iddiaya etiraza əlavə təqdim edilmişdir. İddiaya etirazda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin ilk dəlili ondan ibarətdir ki, 20 fevral 2025-ci il tarixində İngiltərədə «Solicitor» (Vəkil) adını qazanmaq üçün sonuncu müraciət formasını dolduraraq təqdim etmiş və üzvlüyə qəbul üçün xidmət haqqı kimi «X1»-yə (Vəkillər Kollegiyası) Leobank tətbiqi vasitəsilə 100 Pounds (-220,74 manat) məbləğində ödəniş etmişdir. Ödənişlə bağlı, bank tərəfindən əlavə 39,73 manat (220,74 manatın 18 %-i) ƏDV hesablanmış və hesabından müvafiq olaraq silinmişdir. Xidmətin göstərildiyi yer Birləşmiş Krallıq hesab edilir. Bu isə o deməkdir ki, xidmət yeri Azərbaycan olmadığı üçün bank tərəfindən ƏDV qanunsuz olaraq tutulmuşdur və bank tərəfindən dərhal geri qaytarılmalıdır. İddia ərizəsinin ikinci dəlili ondan ibarətdir ki, 28 fevral tarixdə Leobank tətbiqi vasitəsilə 523915****4140 nömrəli kart hesabına card-to-card əməliyyatı ilə 151,70 manat dəyərində ödəniş etməyə çalışsa da, bankın İT sistemində yaranan texniki çətinliklər səbəbindən ödənişi həyata keçirə bilmədiyini görüb, digər bank hesabı vasitəsilə ödənişi icra etmişdir. Lakin, daha sonra «Leobank» mobil tətbiqinə giriş edərkən, hesabından da 154,73 manat (151,70 + 3,03 köçürmə komissiyası) həcmində vəsaitin çıxdığını görmüş, dərhal banka ödənişin qaytarılması ilə bağlı müraciət etmişdir. Baxmayaraq ki, bank tərəfindən ödənişin texniki nasazlıq səbəbindən icra olunduğu bildirilmiş, lakin yenə də sorğuya 3060 gün ərzində baxılacağı qeyd edilmiş, hesabına pul köçürtdüyü adamın razılığı olacağı təqdirdə, ödənişin qaytarılacağı qeyd olunmuşdur. Baxmayaraq ki, ödənişin tərəfindən avtorizasiya (yekun razılıq verilmədiyini və ya təsdiq edilmədiyini) edilmədiyini, ödənişdən öncə və dərhal sonra ödənişlə bağlı məlumat verilmədiyini Bank əməkdaşlarının diqqətinə çatdırmış, habelə «Ödəniş Xidmətləri və Ödəniş Sistemləri» haqqında qanunun tələblərini - sübutetmə yükünün bankın üzərində olduğunu və əməliyyatın icrasında bankın səhvi olmadığını sənədlərlə təsdiq etmələrini xahiş etsə də, müraciətləri uğursuz olmuşdur. O da nəzərə alınmalıdır ki, ödənişlə bağlı hər hansı OTP və ya mobile app üzərindən təsdiq kodu gəlməmiş, beləliklə ödənişlə bağlı bank tərəfindən gücləndirilmiş müştəri autentifikasiya tətbiq edilməmişdir. Ona görə də, Qanunun 25.2ci maddəsinin tələblərini nəzərə alaraq, Bank ona 151,70 manat həcmdə ödənişin və 3,03 manat həcmdə komissiyanın geri qaytarılmasını qısa müddət ərzində həyata keçirməlidir. Hesab edirlər ki, iddia tələbinin ilk hissəsində icraata xitam verilməli, ikinci hissəsində isə iddia ərizəsi qanunsuz və əsassız olduğundan aşağıdakı səbəblərdən təmin olunmamalıdır. İddia ərizəsinin ilk dəlili ilə bağlı qeyd edilməlidir ki, vergi qanunvericiliyinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Bu halda banklar vergi agenti kimi çıxış edərək həyata keçirilən hər bir tranzaksiya üçün verginin hesablanmasını və ödənilməsini həyata keçirir. Bundan başqa, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 iyul 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, «Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda qeyri-rezident şəxs tərəfindən keçirilən və onlayn qaydada olmayan imtahan elektron ticarət qaydasında həyata keçirilən iş və xidmətlər hesab edilmir və həmin imtahana görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentə aparılan ödənişlərdən banklar tərəfindən ƏDV tutulmur». Göründüyü kimi, vergi orqanın cavabında da onlayn qaydada olmayan imtahan, yəni şəxsin fiziki olaraq iştirak etdiyi imtahanın xidmət hesab edilmədiyi və həmin imtahana görə aparılan ödənişlərdən banklar tərəfindən ƏDV tutulmadığı qeyd edilmişdir. İddiaçının müraciəti əsasında bank tərəfindən aparılmış araşdırma əsasında da müştərinin təqdim etdiyi sənədlərdə göstərilən məlumatlara əsasən, xidmət ölkə hüdudlarından kənarda onlayn qaydada təqdim edilməsi məlum olmuşdur. İddiaçı həmin xidməti fiziki olaraq həmin ölkədə aldığını təsdiq edən sübut təqdim edə bilməmişdir. İddia tələbinin ikinci hissəsi ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2025-ci il tarixində, İddiaçı məxsus 40****6608 nömrəli Leobank kartından 154,73 manat (3,03 manat komissiya) məbləğin 523915****4140 nömrəli köçürülməsi iş materiallarına əlavə edilmiş hesabdan çıxarışla da öz təsdiqini tapır. Bundan sonra müştərinin balans məbləği 352,15 manat təşkil etmişdir. Tarixi: xx.xx.2025, 15:25:41; Təyinat: 523915******4140; Məbləğ: -154,73; Komissiya: 3,03; Balans: 352,15. Bütün qeyd edilənlərdən əlavə iddiaçının ödənişin geri qaytarılması barədə Online müraciəti əsasında Bank tərəfindən "xxxx" ASC-yə sorğu verilmişdir. Sorğuya cavab olaraq, "xxxx" ASC qeyd olunmuş köçürmənin müştərinin özü tərəfindən İddiaçı qaytarıldığı bildirilmişdir (iş materiallarında). Buna görə də, hazırki halda "xxxx" KB ASC ödənişin geri qaytarılması ilə bağlı cavabdehlik daşımır. Məhz məsələnin obyektiv araşdırılması üçün sonuncu məhkəmə iclasında "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilmişdir. Əlavə olaraq o da qeyd edilməlidir ki, bu iki tələb bir iddiada birləşdirə bilməz. İddianın «ƏDV bank tərəfindən geri qaytarılması» hissəsində icraata xitam verilməlidir. Hüquqi baxımdan iddiaya cavab verməli olan subyekt bank deyil, çünki bank burada yalnız vergi agenti kimi çıxış edir. Başqa sözlə dedikdə bankın iddiaya cavab verməsi mümkün deyil və məhkəmə həmin hissədə iddianı bank barəsində xitam etməlidir. Belə ki, vergi qanunvericiliyinə əsasən, hazırkı halda bank vergi agenti kimi çıxış edir və yalnız tutulmuş ƏDV-ni vergi orqanlarına köçürür. Buna görə də, iddiaçı vergi agenti statusuna görə, ƏDV-nin qaytarılması tələbini birbaşa banka deyil, müvafiq vergi orqanlarına yönəltməklə inzibati qaydada iddia qaldırmaq hüququna malikdir. Vergi agentinin öz üzərinə vergilərlə bağlı mübahisələrdə cavabdehlik və ya iddiaya cavab vermək hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən hakim iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. Hazırkı işdə iddianın birinci hissəsi bankın vergi agenti kimi fəaliyyət göstərməsi ilə bağlıdır və bu hissədə iddia bank barəsində qaldırıla bilməz, çünki bank vergilərin tutulması və dövlət büdcəsinə ödənilməsi üzrə vasitəçi funksiyasını həyata keçirir və vergi orqanları qarşısında cavabdehdir. Bu səbəbdən, iddianın bu hissəsinə mülki məhkəmə qaydasında baxılması mümkün deyil. Yuxarıda qeyd olunan işin faktik və hüquqi əsaslarını nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı iddia tələbinin «bank tərəfindən ƏDVnin bank tərəfindən dərhal geri qaytarılması» hissəsində icraata xitam verilməsi barədə qərardad, digər hissələrində isə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Mülahizəyə (etiraza) əlavədə qeyd olunmuşdur ki, Vergi Xidmətinin 18 sentyabr 2025-ci il tarixli 3-21-2-2/2-Q-4xx-xx/2025 nömrəli məktubuna əsasən fiziki şəxsin ölkə hüdudlarından kənarda keçirilmiş imtahanda əyani şəkildə iştirak etməsi halında, qeyrirezidentin göstərdiyi xidmətlər Vergi Məcəlləsinin 168.1.3-cü maddəsinə əsasən ƏDV-yə cəlb edilmir, ölkə hüdudlarından kənarda keçirilmiş imtahanda məsafədən qoşulmaqla onlayn formada iştirak edildiyi təqdirdə isə Vergi Məcəlləsinin 168.1.5-ci və 169-cu maddələrinin müddəalarına əsasən qeyri-rezidentə aparılan ödəmələrdən ödənişi aparan bank tərəfindən alıcının vəsaiti hesabına ƏDV hesablamaqla dövlət büdcəsinə ödənilir. Əlavə olaraq məhkəmə iclasında iştirak edən Vergi Xidmətinin nümayəndəsi iddiaçının müraciətini məhkəmə iclasına təqdim edərək bildirmişdir ki, müraciətin məzmununda vəkil statusu almaq üçün imtahanlar İngiltərədə verilmiş, bütün proseduralar İngiltərədə aparılmışdır qeyd edilmişdir. Bu səbəbdən 10 iyul 2025-ci il tarixli cavab məktubunda vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentə aparılan ödənişlərdən banklar tərəfindən ƏDV tutulmadığı və artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə banka müraciət edilməsi tövsiyə edilmişdir. Şəxs müraciətdə ölkə hüdudlarından kənarda keçirilmiş imtahanda əyani şəkildə iştirak etməsini təsdiq edən hər hansı sənəd əlavə etməmişdir. Lakin iddiaçı xx.xx.2025-ci il tarixdə (məhkəmə baxış iclasında) ərizə ilə müraciət edərək, ölkə hüdudlarından kənarda keçirilmiş imtahanda əyani şəkildə iştirak etməsini təsdiq edən sənədi elektron portala əlavə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İlk öncə onu qeyd edir ki, əlavə edilmiş sənəd sübut qismində qiymətləndirilə bilməz. Əgər, qiymətləndirilsə belə, bu sənəd şəxsin imtahana dəvət edilməsini əks etdirir. Belə ki, ingilis dilində təqdim edilmiş sənəd yalnız imtahana dəvəti göstərir, lakin imtahana faktiki qatılma, iştirak müddəti və iştirakın formasını təsdiqləmir. Bu səbəbdən sənəd imtahanda əyani iştirak olduğunu sübut etmir və sübut kimi qəbul oluna bilməz. Başqa sözlə dedikdə, imtahana dəvət sənədi imtahanda əyani iştirakın sübutu kimi kifayət deyil. Əks halda, yenə də vergi qanunvericiliyinin tələblərinə əsasən, onlayn xidmət kimi qəbul edilən hallarda ƏDV tutulmasının düzgün olduğu sübuta yetirilir. Digər tərəfdən qeyd edirlər ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə məhkəmədə təqdim olunan bütün sənədlər və materiallar Azərbaycan dilində olmalıdır. Xarici dilə aid sənədlər isə qanunla müəyyən edilmiş qaydada Azərbaycan dilinə tərcümə olunmalı və notariat qaydasında təsdiq edilməlidir. Təqdim edilən sənəd yalnız ingilis dilindədirsə və onun rəsmi təsdiq olunmuş tərcüməsi məhkəməyə təqdim edilməyibsə, həmin sənəd məhkəmə tərəfindən yazılı sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsinə əsasən yazılı sübutlar - is üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, iddiaçının təqdim etdiyi sənəd yalnız ingilis dilində olması və rəsmi tərcüməsinin olmaması səbəbindən məhkəmə baxışı zamanı sübut kimi dəyərləndirilə bilməz. Eyni zamanda onu da qeyd edirlər ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin baxış iclası iş üzrə sübutların təqdim edilməsi mərhələsi deyil, sübutların təqdim edilməsi işin hazırlıq iclaslarında həyata keçirilir. Sübutların baxış iclasında təqdim olunması üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəldiyini sübut etməmişdir. Həmçinin, iddiaçının vəkil olması və prosessual hüquqları yaxşı bilməsi onun tərəfindən prosessual qaydaların pozulması və sübutların düzgün vaxtında təqdim olunmaması nəzərə alınmalıdır. Bu da onun prosessual hərəkətlərinin səbəbsiz gecikdirilməsi və ya prosesin düzgün aparılmaması üçün verilmiş cəhd kimi qiymətləndirilə bilər. Belə ki, MPM-in 78.1ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi, iddiaçı hüquqşünas olduğu üçün prosessual qaydaları və sübut təqdim etmə qaydalarını yaxşı bilir. Bu səbəbdən istər banka, istərsə də Vergi Xidmətinə etdiyi müraciətlər zamanı ölkə hüdudlarından kənarda keçirilmiş imtahanda əyani şəkildə iştirak etdiyini təsdiq edən sənədi vaxtında və düzgün qaydada təqdim etmək imkanı olmuşdur. Buna görə də, bu hal onun prosessual normaları bilərəkdən pozması və sübutların vaxtında təqdim edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı hətta məhkəmə iclaslarında şəxsən iştirak etmiş, ona prosessual hüquq və vəzifələrinin izahı barədə müvafiq bildiriş təqdim olunmuşdur. Məhkəmə prosesinin gedişindən xəbərdar olmuşdur. Məhkəmə hazırlıq iclasında isə öz hüquqlarından, o cümlədən «Vətəndaşların müraciəti haqqında» Azərbaycan Respublikasının qanunlarına əsasən verilmiş hüquqlardan istifadə edərək, Vergi Xidmətinə də sorğu vermişdir. Bundan əlavə, məhkəmə hazırlıq iclaslarında iştirak etmədiyi dövrlərdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə iş üzrə prosesin gedişini izləyərək, müvafiq ərizə və vəsatətlərini vaxtında təqdim etmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, iddianın «ƏDV-nin bank tərəfindən geri qaytarılması» ilə bağlı tələbi digər tələblərlə birləşdirilə bilməz və bu hissə üzrə icraata xitam verilməsi zəruridir. Belə ki, hüquqi baxımdan bu iddiaya cavab verəcək subyekt bank deyil. Bank bu halda yalnız vergi agenti kimi çıxış edir və onun üzərinə tutulmuş ƏDV-ni vergi orqanlarına köçürmək öhdəliyi düşür. Vergi qanunvericiliyinə əsasən, vergi agenti statusunda olan banka qarşı bu tip iddialar irəli sürülə bilməz, çünki bank vergi orqanları qarşısında tutulmuş ƏDV-nin köçürülməsindən başqa funksiyaya malik deyil və vergi mübahisələrində birbaşa cavabdeh subyekt kimi qəbul edilmir. Buna görə də, iddiaçı ƏDV-nin qaytarılması tələbi ilə birbaşa banka deyil, müvafiq vergi orqanlarına müraciət etməli, inzibati qaydada mübahisə qaldırmaq hüququna malikdir. Nəticə olaraq, məhkəmə həmin iddia hissəsi üzrə icraata xitam verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən hakim iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. Yuxarıda qeyd etdiyi işin faktik və hüquqi əsaslarını nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı iddia tələbinin «bank tərəfindən ƏDV-nin bank tərəfindən dərhal geri qaytarılması» hissəsində icraata xitam verilməsi barədə qərardad, digər hissələrində isə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X7 izahatında bildirdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (Milli Gəlirlər Baş İdarəsinə) qeyd olunan məsələ ilə bağlı müraciət edilmiş, Xidmətin Milli Gəlirlər Baş İdarəsi tərəfindən müraciətə 18 sentyabr 2025-ci il tarixli 3-21-2-2/2-Q-4xx-xx/2025 saylı məktubla cavab verilmişdir. Həmin məktubda qeyd olunanlara əlavəsi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sənədlər toplusundan görünür ki: 1) İddiaçı ali təhsilli hüquqşünasdır; 2) İddiaçı CSQE029502 namizəd nömrəsi ilə Böyük Britaniyada keçirilməsi nəzərdə tutulan imtahanda (İngiltərədə «Solicitor» (Vəkil) adını qazanmaq üçün müraciət formasını doldurararaq təqdim etmiş) iştirak üçün qeydiyyatdan keçmişdir; 3) İmtahanın keçirildiyi yer Böyük Britaniya, London, E1 1LP, 56 Commercial Road-da yerləşən X2 – İTTS – Aldgate East-2 adlı imtahan mərkəzi, imtahanın tarix və vaxtı xx.xx.2024-cü il, saat 08:00, imtahanın davam etmə müddəti 375 dəqiqə müəyyən edilmişdir; 4) X5 vermiş İddiaçı müvafiq sertifikat təqdim olunmuşdur; 5) Bundan öncə, İddiaçı üzvlüyə qəbul üçün xidmət haqqı kimi «X1»-ə (Vəkillər Kollegiyası) Leobank tətbiqi vasitəsilə 100 Pounds (Funt sterlinq) (ödəniş anına məzənnə üzrə 220,74 manat) məbləğində ödəniş etmişdir; 6) Ödənişlə bağlı, bank tərəfindən 39,73 manat 18 % ƏDV hesablanmış və iddiaçının hesabından silinmişdir; 7) Bundan bir müddət sonra iddiaçı Leobank tətbiqi vasitəsilə 523915****4140 nömrəli kart hesabına card-to-card əməliyyatı ilə 151,70 manat ödəniş etməyə çalışmış, bankın İT sistemində texniki çətinliklər olduğundan ödənişi həyata keçirə bilməmiş, digər bank hesabı vasitəsilə ödənişi icra etmişdir; 8) İddiaçı daha sonra «Leobank» mobil tətbiqinə daxil olduqda, hesabından da 154,73 manat (151,70 + 3,03 köçürmə komissiyası) həcmində vəsaitin çıxdığını aşkar etmişdir; 9) İddiaçı qeyd olunan məsələlərlə bağlı cavabdeh banka dəfələrlə müraciət etsə də (yazışmalar txt formatında təqdim olunub), ƏDV məbləği olan 39,73 manat vəsait, həmçinin 154,73 manat vəsaiti geri qaytarılmamışdır; 10) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin 18 sentyabr 2025-ci il tarixli 3-21-2-2/2-Q-42043/2025 saylı məktubunda qeyd olunmuşdur ki, qeyri-rezidentə edilmiş ödənişlərdən bank tərəfindən ƏDV-nin hesablanması barədə xx.xx.2025-ci il tarixli müraciətə (AVİS qeydiyyatı: xx.xx.2025-ci il tarixli **********296800 nömrəli) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildirilmişdir ki, sorğuda qeyd olunan fiziki şəxsin ölkə hüdudlarından kənarda keçirilmiş imtahanda əyani şəkildə iştirak etməsi halında, qeyri-rezidentin göstərdiyi xidmətlər Vergi Məcəlləsinin 168.1.3-cü maddəsinə əsasən ƏDV-yə cəlb edilmir, ölkə hüdudlarından kənarda keçirilmiş imtahanda məsafədən qoşulmaqla onlayn formada iştirak edildiyi təqdirdə isə Vergi Məcəlləsinin 168.1.5-ci və 169-cu maddələrinin müddəalarına əsasən qeyri-rezidentə aparılan ödəmələrdən ödənişi aparan bank tərəfindən alıcının vəsaiti hesabına ƏDV hesablamaqla dövlət büdcəsinə ödənilir. Belə ki, Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Elektron ticarət qaydasında işlər və xidmətlərin göstərilməsi «Elektron ticarət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət informasiya sistemlərindən istifadə edilməklə malların alqısatqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət hesab edilir. Göründüyü kimi, qeyrirezident şəxs tərəfindən vergi uçotunda olmayan şəxslərə ölkə hüdudlarından kənarda elektron ticarət qaydasında otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi Azərbaycanda ƏDV-yə cəlb olunur və həmin qeyri-rezident şəxsə ödənişlər aparılarkən bank tərəfindən alıcının vəsaiti hesabına ƏDV tutulur. Bununla yanaşı, Vergi Məcəlləsinin 168.1.3-cü maddəsinə əsasən xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə, xidmətlərin faktiki göstərildiyi yer ƏDV məqsədləri üçün xidmətlərin göstərildiyi yer sayılır. Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi bilavasitə həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yerdə ƏDV-yə cəlb edilir. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 168-ci və 169-cu maddələri, «Elektron ticarət haqqında» Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Məlumat üçün bildirilmişdir ki, vergi qanunvericiliyinə dair qüvvədə olan normativ hüquqi aktlarla və vergitutma ilə bağlı normativ xarakterli digər aktlarla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin «Qanunvericilik» bölməsi vasitəsi ilə tanış ola bilərsiniz. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə, İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-1), Bakı şəhəri Binəqədi rayonu, Ziya Bünyadov prospekti 15 ünvanında yerləşən xidmət mərkəzinə, həmçinin Milli Gəlirlər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinə (ünvan: Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 105) və ya bütün vergi ödəyicilərinə xidmət mərkəzlərinə (o cümlədən Milli Gəlirlər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi istisna olmaqla, digər xidmət mərkəzləri üzrə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində vergi ödəyicilərinin xidmət mərkəzlərinə əvvəlcədən onlayn növbəyə yazılma elektron xidməti (https://new.etaxes.gov.az/eportal/az/online-queue) vasitəsi ilə növbə tutmaqla) müraciət edilə bilər. Yuxarıda qeyd olunan məktubda istinad edilən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 168.1, 168.1.3-cü maddəsindən görünür ki, bu fəsilin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer aşağıdakılar sayılır: xidmətlərin faktiki göstərildiyi yer - xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə. Göründüyü kimi, fiziki şəxsin ölkə hüdudlarından kənarda keçirilmiş imtahanda əyani şəkildə iştirak etməsi halında, qeyri-rezidentin göstərdiyi xidmətlər Vergi Məcəlləsinin 168.1.3-cü maddəsinə əsasən ƏDV-yə cəlb edilmir. Bu səbəbdən, iddiaçıdan 39,73 manat məbləğində ƏDV-nin tutulması əsaslı olmamışdır. Eləcə də, digər məbləğ - 154,73 manat (151,70 + 3,03 köçürmə komissiyası) pul vəsaiti də iddiaçıya geri qaytarılmalıdır. Belə ki, eyni təyinat üzrə əməliyyat iddiaçı tərəfindən digər bank vasitəsi ilə aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi ziyana görə 194,46 manat cavabdeh "xxxx" KB ASC-dən tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Məhkəməyə cavabdehin iddiaçıdan aldığı pul vəsaitlərindən istifadə etməklə gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etməsini təsdiq edən hər hansı sübut (əmtəənin ucuz alınıb baha satılması, iqtisadiyyatın hər hansı sahəsinə yatırım və s. nəticəsində əldə olunan gəlir, artım, bəhər və s. maddi xeyir) təqdim edilməmişdir. Bu səbəbdən, iddia qeyd edilən hissədə təmin edilə bilməz. İddianın vurulmuş mənəvi ziyana görə pul tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda formalaşdırılmış hüquqi mövqeyə istinadən hesab edir ki, vurulmuş mənəvi ziyana görə pul vəsaitinin tutulmasına dair hissədə iddia təmin edilə bilməz. Belə ki, irəli sürülmüş tələblərdən biri də mənəvi ziyanın ödənilməsi barədədir. Lakin qeyd edilməlidir ki, iddia tələbi maddi ziyan hissəsində yuxarıda sadalanmış olan hallara görə öz təsdiqini tapdığı halda, mənəvi ziyan tələbi hissəsində isə sübuta yetirilməmişdir. Bu səbəbdən, iddia mənəvi ziyana dair hissədə əsassızdır və təmin edilə bilməz. Məhkəmə xərclərinə münasibətdə qeyd edilməlidir ki, bu qəbildən olan işlər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə 194,46 manat cavabdeh "xxxx" KB ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-3420/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3420/2025
07.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver