Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3425/2022 02.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «məlumatların reyestrdən silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən onun adının bank qarşısında öhdəliyi olan şəxslər siyahısından (MKR-dən) çıxarılması və iddianın məhkəməyə təqdim edilməsi məqsədi ilə ödənilmiş dövlət rüsumunun və iddianın hazırlanması zamanı çəkilmiş xərclərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 08 iyul 2014-cü il tarixli müqavilə üzrə hər hansı borcun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyinin cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Nərimanov filialı ilə Qurbanov Tural Rüfət oğlu arasında xx.xx.2014-cü il tarixli 4126NF nömrəli kredit müqaviləsi imzalanmış və Tural Qurbanova 4.600 manat məbləğində kredit verilmişdir. Qurbanov Tural Rüfət oğluna kredit verilərkən onunla bank arasında qeyd olunan kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Ləğv prosesində olan "xxxx" ASC tərəfindən Qurbanov Tural Rüfət oğluna və ona qarşı Nərimanov Rayon Məhkəməsində xx.xx.2014-cü il tarixli 4126NF nömrəli kredit müqaviləsi üzrə borcun onlardan müştərək qaydada tutulmasına dair iddia qaldırılmışdır. İddianı araşdıran Nərimanov rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri rəhbər tutulmaqla (zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir) tələbi ona münasibətdə rədd etmiş, yəni 15.012.2021-ci il tarixli e-2(005)-2419/2021 nömrəli qətnamə ilə qeyd olunan zaminlik müqaviləsi üzrə borc məbləğinin bank tərəfindən ondan tələb edilməsi əsassız hesab edilmişdir. Qətnamə qüvvəyə minmişdir. Ləğv Prosesində olan "xxxx" ASC tərəfindən ona qarşı olan iddia tələbinin məhkəmə tərəfindən rədd edilmiş olmasına baxmayaraq qanunsuz olaraq adı bank qarşısında öhdəliyi olan şəxslər siyahısında (MKR-də) saxlanılmışdır. Nərimanov rayon məhkəməsinin qətnaməsinin icrası barədə Əmanətlərin Sığortalanması Fonduna 2 dəfə, birinci dəfə xx.xx.2022-ci il, növbəti dəfə xx.xx.2022-ci il tarixdə yazılı qaydada müraciət etməsinə, qətanmənin surətlərini cavabdehə təqdim etməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən hərəkətsizlik nümayiş etdirilmiş, məhkəmə qətnaməsinə etinasız yanaşılaraq qəsdən icra edilməmişdir. Ünvanladığı müraciətlərə formal olaraq, müraciətin məzunundan kənar məzmunda cavab verilmiş, zamin olduğu bildirilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş qanuni qüvvəyə minmiş, hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edən – Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli e-2(005)-2419/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər X2 və İddiaçı qarşı «kredit müqaviləsi üzrə pul» tələbinə dair iddiası qismən təmin edilmiş, LPO "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 4126NF saylı kredit müqaviləsi üzrə cavabdeh X1 3206,13 manat əsas borc, 1482,07 manat faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik hesablanmış 406,56 manat faiz və 200 manat cərimə olmaqla, ümumilikdə 5294,76 manat məbləğində borcun və 17,10 manat məbləğində ödənilmiş dövlət rüsumunun LPO "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədə Mülki Məcəllənin 445.7-ci və 477.0.4-cü maddələrinə istinad edilərək qeyd olunmuşdur ki, zamin İddiaçı zaminlik müqaviləsi üzrə borc məbləği tələb edilə bilməz. Göründüyü kimi, işə baxan məhkəmə qanunun imperativ göstərişini tətbiq edərək, iddia tələbini zaminə münasibətdə təmin etməmişdir. Digər sözlə ifadə etdikdə, LPO "xxxx" ASC hazırkı iş üzrə iddiaçıdan zamin kimi borcun ödənilməsini tələb etmək üçün müəyyən edilmiş müddət ərzində zaminə tələb irəli sürməmişdir və borcun zamindən tələb edilməsi üçün subyektiv hüququ yoxdur. Həmçinin, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən borc məbləği yalnız borcludan tutulmalıdır. Belə olduğu təqdirdə, hazırkı iş üzrə iddiaçının adının Mərkəzi Kredit Reyestrində borclu kimi qeyd olunması iddiaçının hüquqlarını pozur, həmin məlumatın MKR-də qalmasına hər hansı əsas və zərurət yoxdur. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı yuxarıda qeyd olunanlarla bağlı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi şəkildə müraciət (pretenziya) edərək, adının borclu kimi MKR-dən silinməsi ilə bağlı tədbir görülməsini xahiş etmişdir. Lakin LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiaçının haqlı tələbini yerinə yetirməmiş, həmçinin iddiaçıya məktub ünvanlayaraq, borcun bağlanmasının təmin edilmədiyini göstərmişdir. Halbuki, borcun bağlanmasının təmin edilib-edilməməsinin iddiaçıya aidiyyəti yoxdur, məhkəmə qətnaməsi ilə ona yönələn tələb təmin edilməmiş, borc məbləğinin isə yalnız borcludan tutularaq LPO banka ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı LPO "xxxx" ASC qarşısında xx.xx.2014-cü il tarixli 4126NF saylı kredit müqaviləsi üzrə icra edilməmiş öhdliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2014-cü il tarixli 4126NF saylı kredit müqaviləsi üzrə İddiaçı LPO "xxxx" ASC-yə borcunun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyi cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2014-cü il tarixli 4126NF saylı kredit müqaviləsi üzrə İddiaçı LPO "xxxx" ASCyə borcunun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyi cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Ödənilmiş 100 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-3425/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3425/2022
02.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver