Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3432/2021 14.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Adil Elçin oğlunun katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Maraqlı şəxs qismində Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndəsi X10 iştirakları ilə, Ərizəçi İddiaçı Bakı şəhəri İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə «hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, vərəsəsi olduğu mərhum atası X5 məxsus, Bakı ş., Binəqədi r-nu., Novxanı bağ massivində yerləşən 55j saylı bağ sahəsinin ayrılmasına dair 30.12.1994-cü il tarixli 1802 nömrəli Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamında Gülməmmədov İlhamın atasının adı İsaq kimi müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi vərəsəsi olduğu mərhum atası X5 məxsus, Bakı ş., Binəqədi r-nu Novxanı bağ massivində yerləşən 55j saylı bağ sahəsi 1994-cü ildən ərizəçinin ailəsinin qanuni və faktiki istifadəsindədir. Həmin bağın X5 ayrılmasına dair 30.12.1994-cü il tarixli 1802 nömrəli Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamında mərhumun ata adı səhv olaraq "İsa” qeyd edilmiş və onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən atasının adı ilə düz gəlmir və həmin fakt bağa mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə əngəl törə bilər. Ərizəçi, həmin uyğunsuzluğun aradan qaldırılması üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş, lakin Bakı şəhər İcra Hakimiyyəti nəzdində olan X3 Biriliyi, hüquqi varisi müəyyən edilmədən, ləğv olunduğu üçün, müraciətə baxmaq mümkün olmamışdır. Sonradan tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının 30.12.1994-cü il tarixli 1802 saylı sərəncamının 2.43-cü bəndi ilə müəyyən edilən, Bakı şəh., Binəqədi rayonu, Noxvanı bağ massivində yerləşən 55j saylı bağ sahəsinin istifadəyə ayrılmasına dair hissəsinin, X5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs qismində Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndəsi X11 öz izahatında bildirdi ki, Bakı şəhəri İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə X5 bağ sahəsi ayrılmışdır. Hazırda sənəddə uyğunsuzluq yaranmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı verilmiş 03.03.2021-ci il tarixli, 9-2-112 saylı arxiv arayışının notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 30.12.1994-cü il tarixli, 1802 saylı sərəncamdan çıxarış: “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi” dair Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 02 iyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən X6 Novxanı BTK № 66 bağ № 55j bağ sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən 31.03.2021-ci il tarixli, N- 50-091 saylı İddiaçı müraciətinə cavab məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərmiş X3 Birliyi Azərbaycan Respublikası Prezdentinin müvafiq sərəncamı ilə hüquqi varisi müəyyən edilmədən ləğv edilib həmin Birliyin arxivi saxlanc üçün DƏDRX-nə verildiyindən ərizənizdə qeyd edilən məsələyə mahiyyəti üzrə baxlması mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin İddiaçı nümayəndəsi (vəkili) Vəkil ünvanladığı məktubunda 1 saylı Bakı ərazi idarəsinin arxiv məlumatlarına əsasən X5 bağ sahəsinin ayrılmasına dair sənəd İdarənin arxivində aşkar olunmadığı qeyd edilmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş BRB/N-16 saylı, 04.05.2021-ci il tarixli məktubundan görünür ki, Binəqədi rayon Bələdiyyəsi ilə X9 arasında 08.05.2008-ci il tarixdə torpaq sahəsinin bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaq üçün icarəyə verilməsi haqqında 170 nömrəli müqavilə bağlanmış və torpaq sahəsinin situasiya planı təsdiq edilmişdir. Həmin müqavilə və torpaq sahəsinin situasiya planından görünür ki, Binəqədi rayonu, Novxanı bağ massivində X7 istifadə etdiyi 55j saylı bağ sahəsinin yanında əkib becərmək məqsədi ilə torpaq sahəsi verilmişdir. “Asan1” tərəfindən 07.01.2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 28.04.2021-cı il tarixdə verilmiş AZ-İV seriyalı 568052 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, atası X9, anası X1r, bu barədə doğum haqqında akt qeydləri kitabında 15.12.1989-cu il tarixdə 3420 nömrə ilə qeyd edilmişdir. 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 31 oktyabr 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 975112 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 10 avqust 2017-ci il tarixdə digər xroniki pankreatitlər xəstəliyi səbəbindən Abşeron rayonunda ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 23.02.2018-ci il tarixdə 399 nömrə ilə qeyd edilmişdir. 01.11.2018-ci il tarixli, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 vərəsələri İddiaçı və Gülməmmədova Şövkət Firudin qızı miras əmlakdan hər birinə bərabər olaraq ½ hissədə pay almalıdırlar. 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 18 may 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 075826 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X2 14 mart 2020-ci il tarixdə ürək ritminin pozğunluqları səbəbindən Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 31.03.2020-ci il tarixdə 38 nömrə ilə qeyd edilmişdir. 12.04.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin sürətindən görünür ki, ərizəçinin nümayəndəsi 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.5-ci maddəsinin tələblərinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçi İddiaçı atası X4 ata adı texniki səhvə görə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 55j saylı bağ sahəsinin ayrılmasına dair 30.12.1994-cü il tarixli 1802 saylı sərəncamında Gülməmmədov İlham “İsa” oğlu kimi göstərilmiş, X4 şəxsiyyətini təsdiq edən sənəddə göstərilən ata adı ilə arasında uyğunsuzluq yaranmış və bu səbəbdən həmin bağ sahəsinə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi qeyri-mümkün olmuşdur. Məhkəmə aşağıda sadalanan şərtlərə əsaslanaraq, qeyd olunan sənədin X5 məxsus olması faktının müəyyən edilməsini mümkün hesab edir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 55j saylı bağ sahəsinin ayrılmasına dair 30.12.1994-cü il tarixli 1802 saylı sərəncamdakı Gülməmmədov İlham oğlunun ata “adı”, ona məxsus digər sənədlərdəki (şəxsiyyət vəsiqəsi, olüm haqqında şəhadətnamə) “adı” ilə düz gəlmir, sadalanan sənədlər hüquq müəyyənedici sənədlərdir və ərizəçi tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinə sərəncamda olan səhvin aradan qaldırılması (düzəldilməsi) xahiş olunsa da, dövlət qurumu tərəfindən imtina cavabı verilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan torpaq sahəsi ilə bağlı sərəncamın 2.43-cü bəndinin məhz X5 məxsus olması iş materiallarında olan sənədlərlə, həmçinin Binəqədi rayon Bələdiyyəsi ilə X9 arasında 08.05.2008-ci il tarixdə torpaq sahəsinin bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaq üçün icarəyə verilməsi haqqında 170 nömrəli müqavilə və torpaq sahəsinin situasiya planı ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirərək, yuxarıda sadalanan xüsusatlara və qanunvericiliyin tələblərinə istinad edərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən, ərizə təmin edilməli, Bakı şəhər İcra Hakimiyyətinin 30.12.1994-cü il tarixli, 1802 saylı sərəncamının 2.43-cü bəndi ilə müəyyən edilən, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 55j saylı bağ sahəsinin X6 ayrılmasına dair hissəsinin X5 məxsus olması faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 307.2.5, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhər İcra Hakimiyyətinin 30.12.1994-cü il tarixli, 1802 saylı sərəncamının 2.43cü bəndi ilə müəyyən edilən, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 55j saylı bağ sahəsinin X6 ayrılmasına dair hissəsinin X5 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-3432/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3432/2021
14.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver