Məhkəmə qərarları › İş №e-2(006)-3435/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3435/2024

12.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3435/2024 12.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh onun qaynı Rasimin vasitəsilə tanımışdır. Rasimlə uzun illər dostluq münasibətləri olmuşdur. Həmin vaxt Qəşəmin işləri yaxşı getmədiyi üçün xx.xx.2021-ci il tarixdə Cavabdeh 46250 ABŞ dolları borc verdi. Borcun qarşılığında bildirdi ki, əgər öhdəliyini icra etməsə, ona məxsus olan Göygöl rayonu, Toğana kəndində yerləşən 0.18 ha torpaq sahəsini satsın və pulu götürsün. Bununla bağlı olaraq özü və həyat yoldaşı X2 tərəfindən verilmiş etibarnamələri və evin sənədlərini təqdim etdi. Göygöl rayonu, Toğana kəndində yerləşən Villanın təqribi qiyməti 350-400 min manat civarındadır. Bundan sonra iddiaçıdan əlavə olaraq 2022-ci ilin yay ayında 30000 ABŞ dolları pul istədi. Evin sənədləri iddiaçıda olduğu üçün ona güvənərək əlavə 30000 ABŞ dolları verdi. Lakin, bir müddət keçdikdən sonra bildi ki, Cavabdeh ona verdiyi etibarnaməni ləğv etdirmişdir. Bundan sonra onun barəsində Bakı şəhəri Baş Polis İdarəsinə müraciət etdi. Polis əməkdaşları hər ikisini çağıraraq izahatlarını almışdılar. İş Şövqü adlı şəxsin icraatında olmuşdur. Bir müddət sonra iddiaçıya Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən zəng gəldi. Bildirdilər ki, şikayət vardır. Ancaq polis şöbəsindən ona növbəti hər hansı çağırış gəlmədi. Bugünədək cavabdeh tərəfindən ona hər hansı ödəniş edilməmişdir. Ona görə də məhkəmə müdafiəsi hüququndan istifadə edərək, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən 76250 (yetmiş altı min iki yüz əlli) ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentinin, məhkəməyə ödədiyi 420 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra Cavabdeh etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Bədəl oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 76250 (yetmiş altı min iki yüz əlli ) ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentinin, məhkəməyə ödədiyi 420 manat dövlət rüsumunun tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddiasını belə əsaslandırmışdır ki, guya ondan aldığı borcları ümumiyyətlə qaytarmamışdır. O, ondan aldığı borcların 90%-ni qaytarmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı ilə aralarında son haqq-hesab aparıldı və yerdə ona cəmi 51000 manat borcu qaldı. Qalan 51000 manat borca görə isə xx.xx.2024-cü il tarixdə notariusda borc müqaviləsi bağlamışlar. Həmin borcun da 15500 manatını qaytarmışdır. Yerdə qalan borcu, yəni 35500 manat borcu isə etiraf edir və hissə-hissə ödəyəcəyini iddiaçının özünə də bildirmişdir. Ona görə də iddia tələbini qismən qəbul edərək, heç bir yerdən gəlirinin olmadığını, yeganə bir yaşayış evi olduğunu nəzərə alaraq həmin borcun ayda 500 manatdan az olmamaqla ödəyəcəyini bildirərək ona köməklik göstərilməsini xahiş etmişdir. 4.Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh 67132 ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentinin, məhkəməyə ödənilmiş 420 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı 76250 ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentinin, məhkəməyə ödədiyi 420 manat dövlət rüsumunun ona ödənilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz və digər sənədlər vahid məhkəmə portalında yaradılmış şəxsi kabinetə yüklənmişdir. Cavabdeh iddia tələbini etiraf etmiş, ümumi borcdan 15500 manat ödəniş etdiyini bildirmişdir. Hal-hazırda iddia tələbinin həcminin azaldılmasına zərurət vardır. Belə ki, Cavabdeh 76250 ABŞ dolları borcundan 15500 manat ödəniş etmişdir. Bu isə ABŞ dolları ekvivalentində 9118 ABŞ dolları edir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 6.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini və tərəfindən ona edilmiş dəqiqləşdirməni müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh yaxın tanışlıq münasibətində olmuşlar. Cavabdeh şəxs ehtiyacları üçün pula ehtiyacı olduğundan bununla bağlı iddiaçıya müraciət etmiş və iddiaçı tərəfindən ona 76250 ABŞ Dolları həcmində pul vəsaiti verilmişdir. Borcun qarşılığında cavabdeh iddiaçıya öhdəliyini icra etmədiyi təqdirdə ona məxsus olan Göygöl rayonu, Toğana kəndində yerləşən 0.18 ha torpaq sahəsini satması üçün vermişdir. Bununla bağlı olaraq özü və həyat yoldaşı X2 tərəfindən iddiaçıya etibarnamə və evin sənədlərini təqdim edilmişdir. Göygöl rayonu, Toğana kəndində yerləşən villanın təqribi qiyməti 350-400 min manat civarında olmuşdur. Lakin, bir müddət keçdikdən sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh ona verdiyi etibarnaməni ləğv etdirmişdir. Əlavə olaraq, cavabdehin məhkəməyə ünvanlamış olduğu etiraza münasibətən iddia tələbində azaltma etmişlər. Belə ki, cavabdeh iddiaçıya 15500 manat məbləğində ödəniş etməsini bildirmişdir. Onlar da bununla razlaşaraq iddia tələbini bu hissədə azaltmışlar. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 7.Məhkəmə iclasında Cavabdeh iddia tələbinə münasibətən bildirmişdir ki, o, iddiaçını yeznəsi Rasim Ələkbərov vasitəsi ilə tanımışdır. İddiaçı Gəncə şəhərində sələmçilik ilə məşğuldur. O və onun bir sıra qohumları dəfələrlə iddiaçıdan sələmə pul götürmüşlər. Həmin pulları isə ya geri qaytarmış, ya da girov kimi iddiaçıya verdikləri əmlaklar satılaraq iddiaçı öz borcunu ondan əldə edilən gəlirdən götürmüşdür. Qeyd edilir ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsindən öncə iddiaçıdan götürmüş olduğu bütün pullar tərəfindən iddiaçıya ödənilib. Bununla bağlı iddiaçının özünün əlyazması da vardır ki, tərəfindən məhkəməyə təqdim edilmişdir. Kredit müqaviləsi ilə bağlı isə bildirie ki, onunla bağlı polisə şikayət etmişdi. Polis idarəsində aralarında gəlinmiş razılığa əsasən müəyyən etdilər ki, ona ümumilikdə 51 min manat borcu var. O da həmin borcla razılaşdı. Daha sonra o ona bildirdi ki, notariusa getsinlər, bunu təsdiq etdirsinlər. Onlar birlikdə notariusa getdilər. Notariusdan bildirildi ki, gərək notariusun hesabın 51 min manat qoyulsun ki, belə bir müqaviləni bağlamaq mümkün olsun. İddiaçı özü 51 manat gətirdi və formal olaraq notariusun hesabına qoydu. Aralarında müqavilə bağlandıqdan sonra isə o, 51 min manat pulu götürürərək iddiaçıya qaytardı. Daha sonra o, 51 min manat borcundan iddiaçıya 15500 manat pulu ödədi. Yerdə qalan borcu isə qaytarmamışdır. Bunu etiraf edir. İddiaçı tərəfin dollarla qeyd etdiyi vəsait isə adıçəkilən kredit müqaviləsindən öncəyə aiddir. Onun iddiaçı ilə kredit müqaviləsi bağlanılarkən olan bütün borcu kredit müqaviləsi ilə tam bağlanmış və o, kredit müqaviləsində qeyd edilmiş pulun ödənilməsini öz üzərinə götürmüşdür. Sonda iddiaçıya 35.000 manat məbləğində borcun olmasını qəbul etmişdir. 8.Məhkəmə tərəflərin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 9.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh 46.250 ABŞ dolları məbləğində borc pul vermişdir. Daha sonra iddiaçı V.Tacəddin cavabdeh tərəfindən borcunu qaytarmadığına görə polisə müraciət etmiş, daha sonra iddiaçı və cavabdeh arasında xx.xx.2022-ci il tarixdə razılıq əldə edilmiş, iddiaçı cavabdehin ona heç bir borcunun olmamasını bildirmiş, sonradan tərəflər arasında yenidən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 51.000 manat məbləğində borc pul verilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, cavabdeh aldığı 51.000 manat məbləğində borcdan 15.500 manat qaytarmışdır. Hazırda iddiaçı V.Tacəddin cavabdeh tərəfindən ödənilməyən 67.132 ABŞ məbləğində borcun və ödənilmiş dövlət rüsumunun tutulmasını tələb edir, cavabdeh isə aldığı borcdan 15.500 manat məbləğində pulu ödədiyini, qalan pulun isə onun tərəfindən hissə-hissə ödənilməsini tələb edir. b) Mülki işin materialları: 10.Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh İddiaçı 46.250 dollar məbləğində pulu borc olaraq götürmüş, Toğana kəndində yerləşən evini girov qoymuşdur. 11.Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli əlyazmadan görünür ki, İddiaçı yazaraq bildirmişdir ki, bu neçə illər ərzində Cavabdeh, X8, X3, X6 arasında bir neçə dəfə olan borcları (pulları) tam bağlandığını və heç bir kəslə aralarında iddialı borc qalmadığını oğlu X1 şahidliyi ilə təsdiq edir və mətni oğlu Ruslan yazdığını təsdiq edir. 12.Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli borcverən İddiaçı və borcalan Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, borc verən borc alana 51.000 manat məbləğində pulu verməyi, borc alan isə həmin pulu 2023-cü ilin mart ayından başlayaraq 5000 manat, sonuncu ay isə 6000 manat olmaqla borc verənə tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. 13.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, V***** R***** T***** oğluna məxsus 416973******1808 kart hesabına 4.000 manat məbləğində pul köçürülmüşdür. 14.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil orderinin surətindən görünür ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 10.020 manat məbləğində pul ödənilmişdir. 15.Mülki işin materiallarında olan xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, RU*******V******* hesaba ayrı-ayrılıqda 500 manat məbləğində pul köçürülmüşdür. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 16.Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı üzrə hüquq münasibətinin yarandığı an qüvvədə olmuş maddi hüquq normasının tapılması vacibdir. Mülki işin materiallarına əsasən isə müəyyən edilir ki, tərəflər arasında borc münasibətləri şəxsi məqsədlər üzrə 2021-ci il tarixindən yaranmışdır. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (əvvəlki redaksiya ilə) 18.Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (əvvəlki redaksiya ilə). 19.Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (əvvəlki redaksiya ilə) 20.Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (əvvəlki redaksiya ilə) 21.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 531.1-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. 22.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.Həmin Məcəllənin 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 24.Həmin Məcəllənin 405-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 25.Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 26.Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 27.Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 28.Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 29.Həmin Məcəllənin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». 31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli qərarında göstərmişdir ki, Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. 32.Hazırki iş üzrə məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixdə tərəflər arasında borc münasibətlərindən irəli gələn akt tərtib edilmiş, İddiaçı tərəfindən Cavabdeh 46.250 ABŞ dolları məbləğində, daha sonra iddiaçı tərəfindən yenidən cavabdehə müəyyən məbləğdə borc pul verilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən yekun qalan borc puldan 15.500 manat pulun ödənildiyini nəzərə alaraq ümumilikdə 67.132 ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentinin cavabdehdən tutulmasını tələb etsə də, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, hazırda iddiaçı cavabdehdən borc pulu ABŞ dolları ilə tələb etsə də, iş materiallarında olan xx.xx.2022-ci il tarixli əlyazmadan göründüyü kimi iddiaçı V.Tacəddin hazırki iş üzrə cavabdeh Q.Qəşəmin həmin tarixə heç bir borcunun olmamasını etiraf etmiş və bunu iddiaçının oğlunun şahidliyi ilə təsdiq etmişdir. Mülki işin materiallarından görünür ki, bundan sonra tərəflər arasında borcun olmaması barədə yekun aktın imzalanmasından sabahki gün xx.xx.2022-ci il tarixli yeni bir kredit müqaviləsi bağlanaraq iddiaçı V.Tacəddin tərəfindən bu dəfə cavabdeh Q.Qəşəmə borc olaraq 51.000 manat məbləğində pul vəsaitini vermiş, cavabdeh Q.Qəşəm isə həmin pulu hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında daha əvvəl dollarla verilən borc pul üzrə bağlanan kredit müqaviləsi sonradan ləğv edilmiş və onlar arasında sonradan manatla yeni borc pulun verilməsinə dair yeni bir müqavilə bağlanmış və həmin müqavilədə isə əvvəlki borcun davamı (novasiya qaydasında) kimi hər hansı qeyd şərt qeyd edilməmişdir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ABŞ dollarına münasibətdə bağlanan kredit müqaviləsi ləğv edildiyindən hazırda iddiaçının cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli akt üzrə ödənilməyən borcu qalmadığından əvvəlki dollar ilə verilmiş pulun yenidən tələb edilməsi əsassız olmuşdur. 33.Məhkəmə bu halda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı V.Tacəddin hal-hazırda qüvvədə olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin cavabdehdən tutulmasına dair ayrıca iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, hazırda cavabdeh Q.Qəşəm sonradan bağlanan müqavilə üzrə iddiaçıdan aldığı 51.000 manat məbləğində borcdan 15.500 manatı qaytardığını, iddiaçıya 35.500 manat məbləğində borcunun olmasını da etiraf edir. 34.Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi borc pulun qaytarılması hissəsində əsassız hesab edilməklə rədd edilməlidir. 35.Daha sonra məhkəmə iddia tələbinin dövlət rüsumunun qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi əsas hissədə təmin edilmədiyindən həmin tələbin qaldırılması üçün iddiaçı tərəfindən ödənilən dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. 36.Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası əsassız hesab edilməklə rədd edilməli, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. 37.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 38.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 39.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 40.Həmin Məcəlləniin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 41.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 42.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 43.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar