Məhkəmə qərarları › İş №e-2(006)-3449/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3449/2024

13.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3449/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eyyub qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «bəraət almış şəxsə cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi ilə bağlı vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «bəraət almış şəxsə cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi ilə bağlı vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.000 manat maddi ziyan, 100.000 manat mənəvi ziyan, pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardım müqavilələrinə əsasən ödənilmiş 800 manat olmaqla, cəmi 130.800 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 30.000 manat maddi ziyan, 100.000 manat mənəvi ziyan, pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardım müqavilələrinə əsasən ödənilmiş 800 manat olmaqla, cəmi 130.800 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa, Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı barəsində olan cinayət işi 15 mart 2021-ci il tarixdə Yasamal rayon prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanmış və həmin tarixdə istintaq adiyyəti üzrə Yasamal RPİ İstintaq Şöbəsinə göndərilmişdir. xx.xx.2021-ci tarixdə cinayət işi üzrə icraat müstəntiq tərəfindən Azərbaycan Respublikası CPM-nın 53.1.1-ci maddəsinə əsasən dayandırılmış və xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə icraat CPM-nın 279-cu maddəsinə əsasən təzələnərək istintaq davam etdirilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi cinayət təqibi orqanı iddiaçı barəsində cinayət işi üzrə ibtidai istintaq müddətini qanunsuz olaraq dayandırmaqla işi qanunsuz uzatmaqla onu, eləcə də onun üç övladını mənəvi iztirab və sıxıntı içərisındə saxlamaqla psixi təsir etmiş bu hal da iddiaçının pozulmuş səhhətinin daha da ağırlaşmasına səbəb olmuş və ibtidai istintaq dövründə cərrahi əməliyyat keçirmişdir. İddiaçı barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən onun heç bir dəlilləri araşdırılmamış, məkəmə possesinin sonlarında iki dəfə ağır cərrahi əməliyyat keçirməsinə baxmayaraq əməliyyat yeri sağalmadan onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qanunsuz hökmü çıxarılmaqla həbs seçilərək azadlıqdan məhrum edilmişdir. Belə ki, "xxxx" MMC-nın müvafiq olaraq xx.xx.2022-ci il tarixli 69\22 saylı və xx.xx.2022-ci il tarixli 80\22 saylı arayışlarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" MMC klinikasına sağ tərəfli kəskin ağrılar, ürək bulanma və anal nahiyədə qanaxma şikayəti ilə daxil olmuş, xəstə instrumental və laborator müayinələrdən keçmiş, ona «Boğulmuş qasıq yırtığı, qanayan babasil» diaqnozu təyin olumuşdur. Xəstəyə əməliyyat önü hazırlıq aparılaraq intubassion anesteziya altında «herniotomiya, hernioplastika və hemorroidektomiya» əməliyyatları icra edilmişdir. Əməliyatlardan sonra xəstənin yarası ikincili sağaldığına görə günaşırı ambulator müalicədə və həkim nəzarətində olmalıdır. Xəstəyə müvəqqəti olaraq ev şəraitində yataq rejimi məsləhət görülür. Bu tibbi arayışlar iddiaçının müdafiəçiləri tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə rəsmi olaraq təqdim olunsa da (arayışlar iddia ərizəsinə əlavə edilir) məhkəmə 16 noyabr 2022-ci il tarixdə qanunsuz hökm çıxarmaqla cərrahi əməliyyatdan sonra sağalmayan iddiaçını həbs altına almaqla ona və övladlarına mənəvi iztirab vermişdir. Həbsə atıldıqdan sonra cərrahi əməliyyata məruz qaldığı yaralardan irin gəlməklə 3 ay əzab-əziyyət çəkmişdir. Orada hərəkət məhdudiyyəti yaranmış, yatağa düşmüş, ona orada həbsdə olan Şahid1 baxmış, paltarlarını yumuş, bu müddətdən sonra özünə gəlmişdir, həmin bu şəxs olmasa, ağır fəsadlara səbəb olacaqdı. İddiaçı Bakı İstintaq Təcridxanasında həbs altında olduğu xx.xx.2022-xx.xx.2023-cü il tarixədək heç bir ambulator və ya stansionar tibbi xidmət göstərilməmiş, üzləşdiyi ədalətsizliklə bağlı ağır olan səhhəti daha da pisləşmiş, mənəvi sarsıntılar və iztirablar səbəbilə saxlandığı kamerada gizli formada insult keçirdiyi üçün 2023-cü ilin qış aylarında gecə saatlarında ürəyi getmişdir. Həmin vaxt ona formal tibbi yardım göstərilmiş, təzyiqi ölçülmüş, dərman verilmiş, görülmüş «tibbi tədbirlər» nəticə vermədiyi üçün qış ayında üzərinə su tökməklə onu «müalicə» etməklə kifayətlənmişlər. İddiaçı bütün gecəni yaş paltarda və yataqda qalandan sonra özünə gəlmişdir. Bu fakt həmin vaxt iddiaçı ilə bir kamerada saxlanılan Yevlaxlı Gülnarə adlanan quldurluq cinayəti törətməkdə təqsirləndirilən şəxsin gözü qarşısında həyata keçirilmiş və ona qarşı insani davranılmayaraq üzərinə su tökməklə ona tibbi yardım göstərilməsi yetərli hesab edilmişdir. Burada bir önəmli məsələ də diqqətə çatdırılır ki, Yevlaxlı Gülnarə kamerada iddiaçının yatdığı çarpayının üst hissəsində yerləşən çarpayıda yatırdı, təxminən 2023-cü ilin may ayında ona quldurluğa görə ağır cəza vermişdilər. İddiaçı gecə saatlarında divardan onun yatdığı çarpayıya tərəf qan axdığını görmüş və Gülnarənin özünə qəsd edərək qolunun damarlarını kəsidiyini müəyyən edərək nəzarətçiləri köməyə çağırmaqla onun həyatını xilas etmişdir. Lakin bütün bu hadisə onun da bərk qorxmasına, psixi sarsıntı keçirməsinə (şəkərli diabet və ağır formada zob xəstəliyinə tutulmasına ehtimal) səbəb olmuş, ömür boyu gözünün önündən və yaddaşından getməyəcək bir şəkildə həyatına həkk edilmişdir. İddiaçı həbsdən azad olunduqdan səhhətinin ağırlaşması ilə bağlı keçdiyi çoxsaylı müayinələrdən sonra iddiaçının şəkərli diabet və zobun ağır formasında (xaşimota deyilən) xəstəliyə düçar olmuşdur. Tibb mütəxəssislərinin fikirlərinə əsasən bu xəstəliklər güclü stress və sarsıntı keçirmiş şəxslərdə yaranır. Bugünə kimi pozulmuş sağlamlığının bərpası ilə mübarizə apardığından qazanc gətirəcək hər hansı bir işlə məşğul ola bilmir. Bu hal da onun maddi sıxıntılara düçar olmasına səbəb olmuşdur. İddia ərizəsinə əlavə edilmiş dərman reseptlərinin bəziləri iddiaçı tətəfindən maddi sıxıntı üzündən alına bilməmişdir, bu hal da onun zəruri müalicəsini çətinləşdirir. Üstəlik nəzərə alınsa ki, bu xəstəliklərin müalicəsi üçün istifadə olunan preparatların biri-digəri üçün əks göstəriş olduğundan müalicə çox ağır şəraitdə keçirirlir, dərman vasitələri çox həssaslıqla seçilməklə, daha bahalı preparatların təyin olunmasını zəruri edir. İddiaçı həbsdən azad olunduqdan səhhətinin daha da pisləşməsindən, hərəkətlərində olan qeyri-dəqiqlik, xüsusilə də yeriyən zaman müavizinətini itirməsi səbəbi ilə müayinə və müalicə olunmaq üçün tibbi müəssisələrə çoxsaylı müraciətlər etmiş və Respublika Diaqnostika Mərkəzinin L0736299-A230073058 saylı xx.xx.2023-ci il tarixli tibbi sənədinə əsasən «hər iki serebral hemisfer fronto-parietal paylarda kortikosubkor tikal yerləşimli, eləcə də korpus kallozum splenium hissəsində və sağ lateral ventrikul horn qonşuluğunda mikroembolik xarakterdə gec subakut faza işemiya ocaqları» diaqnozu qoyulmuşdur (tibbi sənəd iddia ərizəsinə əlavə olunmuşdur). İddiaçının həbs altında saxlandığı kamerada urəkgetməsinin səbəbi elə onun gizli insult keçirməsi olmuşdur, bu da bilavasitə onun üzləşdiyi ədalətsizlik, qanunsuzluq və əsassız cinayət təqbi ilə bağlı uzun müddət keçirdiyi iztirab və sarsıntıları səbəb olmuşdur. Hazırda da onun müalicəsi davam etsə də xəstəlik stabil olaraq qalmaqdadır. İddiaçı Bakı İstintaq Təcridxanasında həbs altında olduğu vaxt, təxminən insult keçirməmişdən, ürək ağrılarından əvvəl diş ağrısından iki həftə əziyyət çəkmiş və ona heç bir tibbi yardım edilmədiyindən sonda ağrılara dözmədiyi üçün qədim təbabət üsulu olan, hazırda isə işgəncə hesab edilən bir yolla, yəni ağrıyan dişi qaşıqla yerindən oymaqla sonradan iplə saxlandığı kamera yoldaşları tərəfindən çıxarılmaqla dözülməz ağrıdan qurtarmışdır. Bu fakt onunla birlikdə saxlanılan Yevlaxlı Gülnarə adlanan şəxsin gözü qarşısında və onun köməyi ilə baş vermiş, eləcə də həbsdən azad olunarkən çəkdirdiyi foto şəkillə təsdiq edilir. Bundan başqa dişlə bağlı hər hansı bir müalicə almaq imkanın olmadığından 4 ədəd dişi çürüyərək sıradan çıxmış və sonradan müalicəyə yararsız olduğundan ağız boşluğu o hissədə boş qalmışdır. Bu hallar iddiaçının cinayət təqibi zamanı necə ağır sarsıntılara məruz qaldığının bariz nümünəsidir. İddiaçının övladlarının – X2 və X8 ali təhsilini başa vurması, oğlu Musanın Azərbaycan Silahlı Qüvvələrinə xidmətə yola salınmasında iştirak edə bilməməsindən, ən başlıcası isə övladlarının cinayət təqibi orqanı tərəfindən, xüsusilə də Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən ona qarşı edilmiş haqsızlığa dözməyərək bu ədalətsizliyə qarşı etiraz əlaməti olaraq özlərinə qəsd edəcəkləri təhlükəsi ilə üzləşmiş və həbs altında olarkən bunun mənəvi sarsıntılarını keçirmişdir. Bu fakt da övladları tərəfindən edilmiş coxsaylı şikayətləri ilə təsdiq olunur (şikayətlər iddia ərizəsinə əlavə olunmuşdur). Bundan başqa övladı X1 Mersin Dövlət Universitetində bakalavr pilləsində təhsil alması ilə əlaqədar iddiaçının cinayət təqibi ondan gizlədilmiş, lakin iddiaçı həbs edildikdən sonra xəbər tutduqdan sonra ağır psixi sarsıntı keçirmiş, psixi xəstəliyə düçar olmuş və hazırda da ağır psixi dərmanlar qəbul etməklə müalicə edilməsinə cəhd edilir (bu fakt Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X6 Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 23481179 nömrəli resept blankı ilə təsdiq edilir və dərman alınmasının qəbzi iddia ərizəsinə əlavə olunmuşdur). Yuxarıda qeyd edildiyi kimi iddiaçı həbsdən azad olduqdan sonra səhhətində olan ağırlaşmalarla əlaqədar müalicə olunması üçün xeyli məbləğdə pul xərclənmişdir. Həmin xərc müayinə və dərman peraparatlarının alınması üçün sərf edilmişdir. Özəl tibb müəssisələrinə ödənilmiş müayinə və müalicə xərcləri 5.000 manat təşkil edir. Müalicə üçün dərman preparatlarına 1.000 manatdan çox pul ödənilmişdir. Burada bir mühüm məsələni diqqətə almaq lazımdır ki, bu xərclər bununla bitməmiş, əksinə iddiaçının səhhətinin normal bir vəziyyətə gətirilməsi üçün gələcəkdə də artmaqda davam edəcəkdir ki, məbləğin böyüklüyünü və sərf ediləcək zamanı proqnozlaşdırmaq qeyri-mümkündür. İddiaçı ona «dələduz» damğası vurularaq həbsdə yatızdırılmasından və qohum, qonşu və tanışları tərəfindən ona qarşı yaranmış mənfi münasibətdən əziyyət çəkmiş, bu hal onun həyatında silinməz mənfi təsəvvür yaratmışdır ki, bundan mənəvi iztirab keçirmişdir və hazırda keçirməkdə davam edir. Təkcə onu demək kifayətdir ki, ailəsi dağılmış, rəsmi münasibətlərə son qoyulmuşdur. Bir qız uşağı üçün anasının (bəli, atasının deyil, məhz anasının) həbsdə olmasını dərk etmək, bunu onu tanıyanların bilməsini beyninə həkk etdirmək, küçədə addımlayarkən hansı iztirabları keçirməyi təsvir etməyə yəqin ki, ehtiyac yoxdur. İddiaçı pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardım müqavilələrinə əsasən «Hümbətov və Partnyorları» Vəkil Bürosuna 800 manat ödəniş etmişdir. Bu məbləğ də ona vurulmuş zərər qismində hesablanmalıdır. İddiaçı ədalətsiz cinayət təqibinə məruz qalması nəticəsində müxtəlif xəstəliklərə düçar olması və xüsusilə də xəstəliklərinin daha da şiddətlənməsi üzündən insult keçirməklə şikəst bir hala gəlmiş, bu dövr zamanı yuxarıda qeyd edilən ağır mənəvi sarsıntı və iztirablar keçirtmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya etiraz göndərərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, İddiaçı hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanmasını, həbsdə saxlanılmasını və məhkum edilməsini qanunsuz hesab edərək bu əsasda ona vurulmuş maddi ziyanın əvəzi olaraq 30.000 manat, mənəvi ziyanın əvəzi olaraq isə 100.000 manat, eləcə də pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardım müqavilələrinə əsasən ödənilmiş 800 manat pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökmlə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə»də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən qeyd edirik ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda «müvafiq icra hakimiyyəti», yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozuntusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi «Azərbaycan Respublikası» dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Bundan başqa, iddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Məhkəmələr tərəfindən dəymiş olan zərərin müəyyən edilməsi zamanı iddia məbləği ilə bağlı işdə olan və ya təqdim olunan sübutlara da istinad edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-185.6-cı maddələrinin tələbinə əsasən mülki işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, şahid X14 məhkəmə iclasında ifadə verərək bildirdi ki, anasının tutulması ilə bağlı xəbər eşidəndə o, 4-cü kurs tələbəsi idi. «Qərbi Kaspi» Universitetində oxuyurdu. «Azərbaycan Texniki Universiteti»nə daxil olmuşdur, magistr təhsil pilləsinə. Sonra təhsilini saxlayıb, xx.xx.2023-cü il tarixdə hərbi xidmətə getmişdir. Ağcabədidə Müdafiə Nazirliyinin N saylı hərbi hissədə hərbi xidmətdə olmuş, xx.xx.2024-cü il tarixdə qayıtmışdır. Ailələrində həbsdə olan şəxsin olub-olmaması barədə suallar verirdilər. Cavab verirdi ki, xeyr. Qorxurdu ki, haradasa bunun üstü açılar. Anası həbs olunana qədər bir yerdə yaşamışlar. Anası iki dəfə əməliyyat olunmuşdu. Bu əməliyyatlardan dərhal sonra anasını həbs etmişlər. Əməliyyatdan sonra ev şəraitində belə anasının necə ağrıları olduğunu müşahisə edirdi. Təsəvvür edə bilmir ki, o şəraitdə necə bir vəziyyətə düşmüşdür. Anası istinqat təcridxanasında saxlanıldığı dövrdə şəraitlə əlaqədar nadir hallarda anası ilə əlaqə yarada bilirdi. Lakin hər bir əlaqədə olduğu zaman səsindən belə anasının necə əziyyət çəkdiyini anlayırdı. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, onlar İddiaçı ilə bir təcridxanada qalmışlar. Təcridxanaya gələndə Sevincin vəziyyəti çox pis idi, tez-tez halı pisləşirdi. Onlar təxmini 3 ay birlikdə cəza çəkmişlər. Cəza çəkdikləri müddət ərzində İddiaçı vəziyyəti yaxşı deyildi, depressiyada idi. İddiaçı ilə alt-üst çarpayıda yatmışlar, o, aşağıda yatmış, əməliyyat olunduğu üçün Sevincin aşağı çarpayıda yatmasını ondan xahiş etmişlər. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı ilə 4 ay müddətində bir otaqda qalmışlar. O ilk gündən xəstəlikdən əziyyət çəkirdi və bu müddət ərzində də tez-tez halı pisləşirdi. O, iyul ayının 8-i təcridxanadan ayrılıb zonaya getmişdir. Sevinc xanım gələndə vəziyyəti çox pis idi. Dəfələrlə ürəyi getmiş, vəziyyəti pisləşmiş, hətta çarpayının ikinci mərtəbəsindən düşdüyü üçün ona kömək etmişdir. Bu hadisələr təxminən mart-aprel aylarında baş vermişdir. Sevinc xanım həmin vəziyyətdə bir neçə saat qalmış, özünə gələndən sonra yıxılmaları baş vermişdir. Vəziyyəti yaxşı olmadığından üzərinə su tökürdü. Apelyasiya instansiyası məhkəməsində xeyrinə qərar qəbul etmədiyi üçün özünə xəsarət yetirib damarlarını kəsmişdir. Sevinc xanım onun vəziyyətini görüb qışqıraraq kömək çağırmışdı. Sevinc xanımın halı günü-gündən pisləşirdi, bu müddət ərzində onun yaxşı vəziyyətini görməmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(101)-1020/2022 nömrəli hökmü ilə İddiaçı CMnin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 16 noyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, X12 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, təqsirləndirilən şəxs (mülki cavabdeh) İddiaçı zərər çəkmiş şəxs (mülki iddiaçı) X9 dəymiş ziyanın ödənilməmiş hissəsi 224.000 manat və 120.000 ABŞ dolları ödəniş icra olunduğu gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq manatla İddiaçı tutularaq zərər çəkmiş şəxs (mülki iddiaçı) X5 xeyrinə ödənilməsi və eyni zamanda zərər çəkmiş şəxs (mülki iddiaçı) X12 tərəfindən mülki iddia üçün ödənilmiş 820 manat dövlət rüsumunun təqsirləndirilən şəxs İddiaçı tutularaq zərər çəkmiş şəxs X5 xeyrinə ödənilməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(103)- 415/2023 saylı hökmündən görünür ki, müdafiəçilər X13 və Vəkil tərəfindən birgə, təqsirləndirilən şəxs və müdafiəçisi X15 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, İddiaçı CM-nın 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(101)-1020/2022 nömrəli hökmü ləğv edilmiş, İddiaçı CM-nın 178.3.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilmiş, ona CPM-nın 42.1.4-cü maddəsinə əsasən CM-nın 178.3.2-ci maddəsi ilə bəraət verilmiş, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilmiş, İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv olunmuş və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilmiş, X12 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmış, ona mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilmiş, ekspertiza xərci 59,94 manat dövlət büdcəsi vəsaiti hesabına ödənilmiş, maddi sübut olan SMS mətnlərini özündə əks etdirən sənədlərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli 1(102)-827/2024 saylı qərarı ilə kassasiya protesti və kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(103)-415/2023 saylı hökmü dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət olan 9 ay 7 gün ərzində əsassız yerə həbsdə saxlanılmış, eləcə də, 10 ay ərzində başqa yerə getməmək barədə iltizam tədbirinin tələblərinə riayət etməyə məcbur olmuşdur. İş materiallarına əlavə olunmuş tibbi sənədlərdən görünür ki, iddiaçı əziyyət çəkdiyi xəstəliklərlə bağlı müayinə və müalicə olunmuş, üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 13.000 (on üç min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 13.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edildiyi kimi, iddiaçı barəsində bir neçə növ qətimkan tədbiri seçilmiş, iddiaçı öncə həbsə alınmış, daha sonra isə barəsində başqa yerə getməmək haqqında iltizam tətbiq edilmişdir. İşdə olan sənədlərə əsasən iddiaçının həbsdə saxlanıldığı müddət 9 ay 7 gün, iltizamın isə tətbiq edildiyi müddət 10 ay təşkil etmişdir. Məhkəmə qanunsuz cinayət təqibinə məruz qalmış şəxslərin mənəvi ziyan tələblərinə baxılması nəticəsində yuxarı instansiya məhkəmələrində formalaşmış mövqeyə müvafiq olaraq iddiaçının həbsdə saxlanıldığı müddətə görə mənəvi ziyan məbləğini 10000 manat (hər ay 1000 manat olmaqla, 10 ay x 1000 manat), eləcə də başqa yerə getməmək haqqında iltizamın tətbiq edildiyi müddətə görə 3000 manat (hər ay 300 manat olmaqla, 10 ay x 300 manat) olmaqla, ümumilikdə 13000 manat müəyyən edilməsini ədalət baxımından mümkün hesab edir. Bundan başqa, təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı pozulmuş hüquqlarının bərpası üçün vəkil xidmətlərindən istifadə etmiş və hüquqi yardıma görə vəkilə cəmi 800 manat pul vəsaiti ödəmişdir. Məhkəmə hesab edir ki, həmin vəsait də iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 13.000 manat məbləğində pul vəsaiti və hüquqi yardıma görə vəkilə ödənmiş 800 manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı ona maddi ziyan vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 13.000 manat məbləğində pul vəsaiti və hüquqi yardıma görə vəkilə ödənmiş 800 manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar