Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3453/2025 24.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Yusibova Leylxanım Seymur qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 tərəfindən daşınması nəzərə tutulan amma hələdə onlara təhvil verilməyən D451449 saylı şəxsi kabinetdə olan DT3160727 nömrəli qida əlavələri və vitaminlər o cümlədən D424258 saylı şəxsi kabinetdə olan DT5532530 nömrəli paltar ləvazimatı hələdə onlara təhvil verilməyib. Bu barədə cavabdehə dəfələrlə müraciət olunsada qanuna müvafiq heç bir cavab verilməmişdir. AR-nın müvafiq qanunvericiliyinə əsasən Daşınması xx.xx.2022-ci ildən nəzərdə tutulan dəyəri 195.35 azn (114.91 ABŞ dolları ) olan qida əlavələri və vitaminləri o cümlədən həmin yük üçün ödənilmiş 25.90 azn (15.23 ABŞ dolları) dəyərində xidmət haqqıda əlavə olunaraq vurulmuş maddi ziyan cavabdehdən tutulub ona ödənilməsi, həmçinin cavabdehin işə səhlənkar və məsuliyyətsiz yanaşması nəticəsində həmin sifarişə görə dəfələrlə X3 baş ofisinə o cümlədən dəfələrlə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə, X1, Səhiyyə Nazirliyinə və həmin nazirliyin tabeliyində olan X2 və eləcədə digər qurumlara müraciətlərimə əsasən itirdiyi vaxta və zamana,yaşadığım əsəb-stressə görə xərclədiyim yol xərcləridə nəzərə alınmaqla 1500 AZN ekvivalentini mənəvi ziyan olaraq cavabdehdən tutulub ona ödənilməsinin təmin edilməsi, xx.xx.2024-cü ildə nəzərdə tutulan dəyəri 119 azn (70 ABŞ dolları) olan paltar ləvazimatını ona təhvil verilməsinin təmin edilməsi, həmçinin cavabdehin səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində 2024-cü ilin sentyabr ayından bu ilin müəyyən vaxtına qədər (məhkəmə işi yekunlana kimi) itirdiyi zamana görə, yaşadığı əsəb-stresə görə həmçinin işgüzar fəaliyyətimin çox ciddi şəkildə zədələnməsinə əsasən 1000 AZN ekvivalentinin mənəvi ziyan olaraq cavabdehdən tutulub ona ödənilməsinin təmin edilməsini, o cümlədən məhkəmə icraatı zamanı yaranmış dövlət rüsumu və digər xərclərin (surət haqları, poçt xərcləri və s.) cavabdeh tərəfindən ödənilməsinə qərar verilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, birincisi, iddiaçı dəyəri 119 azn (70 ABŞ dolları) olan paltar ləvazimatının (poçt göndərişinin izləmə kodu DT 5532530) iddiaçıya təhvil verilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq bildirilir ki, sözügedən məhsulların iddiaçıya çatdırılmamasının səbəbi həmin məhsulların gömrük orqanı tərəfindən saxlanılması olmuşdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-33-3100/2-001621/2025 nömrəli məktubunda da qeyd edilmişdir ki, DT ******* izləmə nörməli poçt göndərişləri fiziki şəxslər tərəfindən gətirilən şəxsi istifadə təyinatlı mallar kimi bəyan edilmiş, həmin poçt göndərişinin xarakterinə, xüsusiyyətlərinə və təyinatına, həmçinin həmin şəxslər tərəfindən eyni və eynicinsli malların ölkəyə gətirilmə mütəmadiliyinə əsasən malların kommersiya təyinatlı olduğu şübhəsi yarandığından müvafiq gömrük orqanı tərəfindən mallar xx.xx.2024-cü il tarixdə saxlanılmışdır. Göründüyü kimi cavabdeh öz öhdəliklərini icra edərək məhsulları ölkəyə gətirmişdir, lakin məhsullar gömrük orqanı tərəfindən buraxılmamışdır. Belə bir vəziyyətdə məhsulların gömrük orqanı tərəfindən buraxılmamasının qanuni olub-olmaması və bu proseslər zamanı iddiaçıya zərər vulumuşdursa, həmin zərərin ödənilməsi iddiaçı və cavabdeh arasında deyil, iddiaçı və gömrük orqanı arasında olan məsələdir. Hətta yuxarıda qeyd edilən məktubdan görünür ki, bu məsələ ilə bağlı iddiaçı və gömrük orqanı arasında məhkəmə mübahisəsi də mövcuddur. Belə ki, məktubun sonuncu abzasında qeyd edilir ki, “... hazırda yuxarıda qeyd edilən məsələnin inzibati məhkəmə icraatında mübahisələndirildiyini və məhkəmə işində cavabdeh qismində iştirakımızı nəzərə alaraq, malalrın sonrakı hüquqi taleyi barədə məlumatların davam edən məhkəmə işinin yekun nəticəsindən asılı olaraq təqdim edilməsi məqsədəuyğun hesab olunur...”. Yəni hazırki mərhələdə iddiaçı eyni məhsullarla bağlı həm cavabdehə, həm də gömrük orqanına qarşı iddia qaldırmaqla hüquqdan sui-istifadə edir. Halbuki, iddiaçının cavabdehə qarşı hazırki tələb üzrə iddia qaldırmaqda subyektiv hüququ yoxdur. İkincisi, iddiaçı DT ******* izləmə kodlu məhsullara (qida əlavələri və vitaminlər) görə maddi zərər kimi 195.35 azn (114.91 ABŞ dolları) və 25.90 azn (15.23ABŞ dolları) tələb edir. Lakin qanunla müəyyən olunmuş iddia müddəti ötürüldüyü üçün iddia müddəti tətbiq edilərək iddia tələbi bu hissədə də rədd edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, sözügedən məhsullar 13 may 2022-ci il tarixdə sifariş verilmişdir. Göründüyü kimi iddiaçı 3 il keçdikdən sonra iddia qaldırmaqla müddəti ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 861.1-ci maddəsinə görə daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Üçüncüsü, iddiaçı mənəvi zərərə görə 1500 manat və 1000 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Tələb bu hissədə də əsassızdır. Belə ki, iddiaçı cavabdehin hərəkətləri ilə əlaqədar əsəb-stress keçirdiyini, vaxt itirdiyini bildirsə də, bu barədə, ümumiyyətlə iddia etdiyi zərərlə cavabdehlərin qanunsuz hərəkətləri arasındakı səbəbli əlaqənin nədən ibarət olması, cavabdehlərin təqsirli olması barədə məhkəməyə sübut təqdim edə bilməmiş və mövqeyini kifayət qədər əsaslandıra bilməmişdir. Əsaslı olmayan tələb isə təmin edilə bilməz. Bundan əlavə Cavabdeh “iddia müddətinin tətbiqi barədə” ərizə ilə müaciət edərək, qanunla müəyyən olunmuş iddia müddəti ötürüldüyü üçün iddia müddəti tətbiq edilərək iddia tələbinin bu hissədə (DT ******* izləmə kodlu məhsullara (qida əlavələri və vitaminlər) görə maddi zərər hissəsində) rədd edilməlidir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, tərəflər iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - çıxarışlardan görünür ki, D451449 saylı şəxsi kabinetdə olan DT3160727 nömrəli qida əlavələri və vitaminlər üçün 114.91 ABŞ dollar məbləğində, D424258 saylı şəxsi kabinetdə olan DT5532530 nömrəli paltar ləvazimatləri üçün 70 ABŞ dollar məbləğində pul ödənilmişdir. - İddiaçı Cavabdehnə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, "BƏYOGLU" şirkəti öz balansından maliyyələşdirərək xeyriyyə məqsədləri üçün bir çox təşkilatların və qurumların, uşaq evləri və internat məktəblərinin o cümlədən dövlət tədbirlərinin keçirilməsində şou proqramların,ad günülərin və digər şənliklərin təşkilini təmin edir.Bununla əlaqədar fəaliyyətlərini davam eləmək üçün bəzi lazımi ləvazimatları öz ölkələrində istehsal olunmadığına görə məcbur qalaraq digər ölkələrdən xüsusəndə Çin Xalq Respublikasından sifariş edirlər. Və məhsullar parçadan hazırlandığına görə daimi istifadə üçün əlverişsizdir.O cümlədən istehsal yerinə görə keyfiyyət baxımından dözmədiyi üçün müəyyən müddətdən sonra təkrar sifarişlərinə ehtiyyac duyulur.Bu sifarişlərində çatdırılması üçün Dynamex Exspress şirkətinə həvalə olunur. Son zamanlar qeyri-müəyyən səbəblərə görə çatdırılma tam yerinə yetirilməyərək şirkətlərinin işgüzar fəaliyyətinə xələl gətirilir. Belə ki, şirkət tərəfindən xx.xx.2024-cü il tarixli reyslə İddiaçı adına DPK**********23 DT5532530 və Məmmədov Elşad adına DPK**********00 DT5532509,DPK**********55 DT5532499 yüklər gətirilmişdi. İkincinin adına olan DPK**********00 DT5532509 nömrəli eyni və ya eynicinsli yük sayılan sifariş heç bir problem olmadan buraxılsada digər iki yük heç bir əsaslı səbəb göstərilmədən saxlanılmışdı. Bu barədə dəfələrlə daşınma şirkətinə müraciət olunsada, sifarişlərin təhvil verilməsi tələb edilsədə qənaətbəxş cavab alınmamışdı. Belə ki,sifarişlərinin hansı səbəblə kim tərəfindən saxlanılması barədə heç bir məlumat verilməmişdi. Bildirilmişdi ki,Hava Nəqliyyatı Baş Gömrük İdarəsinə yaxınlaşmaları tələb olunur. Amma onların tələbləri icra olunmadığı halda hansı qanuna müvafiq olmayan əsasla onlara qarşı tələb irəli sürülür məlumat verən yoxdur. Bu haqda HNBG idarəsinə elektron formada dəfələrlə müraciət etsələr də "Vətəndaşların müraciətləri haqqında" qanuna əsasən işə baxış keçirən icraçılar vəzifəli şəxs olduqlarını unudaraq qanundan kənar özlərinə sərf eləyən şəkildə müraciətləri cavablandırırlar. Bununla artıq neçənci gömrük müfəttişidir ki,nə tələb elədiyini heç özüdə bilmir. Belə ki,195 qaynar xəttidə daxil olmaqla necə deyərlər it itin ayağın tapdalamaz prinsipinə əsasən sözlərini bir yerə qoyaraq məsələnin yerində həll olunması üçün həmin idarəyə yaxınlaşmağımızı tələb edirlər. Amma nə səbəblə hansı qanunu pozdularına görə ora çağırılmalarının açıqlamasını izah edən yoxdur. Artıq 2-ci aydır nə saxlanılan məhsullar bəradə məlumat verən var, nədə sifarişləri gətirib çıxardan. Hallarına soruşanda yoxdur ki, birdən işinizdən gücünüzdən eləmiş olarıq. Necə deyərlər toxun acdan xəbəri olmaz. Bu qədər səhlənkarlığın və saxtakarlığın məsuliyyəti sizin üzərinizdə qalmaması üçün məsələnin ciddiyyətini nəzərə alınmasını və hər iki məhsulun təhvil verilməsində iştirak etmələini, əgər mümkün olmasa dəqiq nə səbəblə saxlanıldığı barədə bizə məlumat verilməsini xahiş edir. Əks təqdirdə məsələnin uzanması onların işgüzar fəaliyyətlərinə təsir edərsə mübahisələrini kommersiya məhkəməsində davam eləməli olacaqlar. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, DPK**********23 DT5532530 izləmə nömrəli və DPK**********55 DT5532499 izləmə nömrəli poçt göndərişləri fiziki şəxslər tərəfindən gətirilən şəxsi istifadə təyinatlı mallar kimi bəyan olunmuşdur. DPK**********23 DT5532530 izləmə nömrəli və DPK**********55 DT5532499 izləmə nömrəli poçt göndərişlərinin xarakterinə, xüsusiyyətlərinə və təyinatına, həmçinin həmin şəxslər tərəfindən eyni və eynicinsli malların ölkəyə gətirilmə mütəmadiliyinə əsasən malların kommersiya təyinatlı olduğu şübhəsi yarandığından müvafiq gömrük orqanı tərəfindən mallar xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli, 305 nömrəli Qərarı ilə təsdiq olunmuş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın 1.5-ci bəndində qeyd olunur ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Hazırda yuxarıda qeyd edilən məsələnin inzibati məhkəmə icraatında mübahisələndirildiyini və məhkəmə işində cavabdeh qismində iştiraklşarını nəzərə alaraqmalların sonrakı hüquqi taleyi barədə məlumatların davam edən məhkəmə işinin yekun nəticəsindən asılı olaraq təqdim edilməsi məqsədəuyğun hesab olunur. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə ilk olaraq onu qeyd edir ki, İddiaçı tələbi 3 hissədən ibarətdir: - xx.xx.2022-ci ildən nəzərdə tutulan dəyəri 195.35 azn (114.91 ABŞ dolları ) olan qida əlavələri və vitaminləri o cümlədən həmin yük üçün ödənilmiş 25.90 azn (15.23 ABŞ dolları) dəyərində xidmət haqqıda əlavə olunaraq vurulmuş maddi ziyan cavabdehdən tutulub ona ödənilməsi; - xx.xx.2024-cü ildə nəzərdə tutulan dəyəri 119 azn (70 ABŞ dolları) olan paltar ləvazimatını ona təhvil verilməsinin təmin edilməsi, - ümumilikdə 2500 AZN mənəvi ziyanın cavabdehdən tutulub ona ödənilməsi. Məhkəmə iddia tələbinin “xx.xx.2022-ci ildən nəzərdə tutulan dəyəri 195.35 azn (114.91 ABŞ dolları ) olan qida əlavələri və vitaminləri o cümlədən həmin yük üçün ödənilmiş 25.90 azn (15.23 ABŞ dolları) dəyərində xidmət haqqıda əlavə olunaraq vurulmuş maddi ziyan cavabdehdən tutulub ona ödənilməsi” hissəsi ilə bağlı ilk olaraq onu qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə baxmayaraq məhkəmə iddianın əsaslılığını yoxlamalıdır. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Eyni Məcəllənin 861.1-ci maddəsinə əsasən daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir. İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə iş materiallarını hərtərəfli və obyektiv qiymətləndirməklə müəyyən etmişdir ki, iddiaçı tərəfindən maddi ziyanın ödənilməsi tələbinin əsası kimi göstərilən DT3160727 saylı qida əlavələri və vitaminlərin daşınması barədə sifariş Cavabdeh MMC-nin elektron sistemində D451449 nömrəli şəxsi kabinet vasitəsilə yerləşdirilmişdir. Məhkəmə qeyd edir ki, D451449 nömrəli şəxsi kabinet İddiaçı adına rəsmiləşdirilməmişdir və həmin kabinet üzrə istifadəçi olaraq sistemdə “Beyoglu” adlı başqa bir şəxs (və ya şirkət) qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş elektron məlumatlar, kabinet qeydiyyat sənədləri və iddiaçının təqdim etdiyi sistem çıxarışları bu halı tam şəkildə təsdiq edir. Məhkəmənin müəyyən etdiyi digər mühüm hal bundan ibarətdir ki, İddiaçı məxsus şəxsi kabinetin nömrəsi D464258 olmaqla, iddiaçı özü də bu kabinetdən başqa hər hansı şəxsi kabinetə malik olmadığını bildirmişdir. Kargo şirkətinin fəaliyyət qaydaları və tətbiq edilən identifikasiya prosedurlarına uyğun olaraq, fiziki şəxslər sistemdə yalnız bir şəxsi kabinet yarada və həmin kabinet vasitəsilə sifariş verə bilərlər. Şəxsi kabinet hüquqi əhəmiyyət kəsb edən identifikasiya vasitəsi olub, sifarişin kimə məxsus olduğunu müəyyən edir və mübahisəli əqdin (sifariş–daşıma münasibətinin) tərəfini formalaşdırır. Məhkəmə qeyd edir ki, maddi ziyanın ödənilməsi tələbi yalnız o halda məhkəmə mübahisəsi hesab edilə bilər ki, iddiaçı mübahisələndirdiyi hüququn daşıyıcısı olduğunu, daha dəqiq – mübahisəli yükün məhz ona məxsus olduğunu, həmin yükü sifariş etdiyini və ya onun daşınması üzrə müqavilə münasibətinin tərəfi olduğunu sübuta yetirsin. Lakin mülki işin materiallarından da göründüyü kimi iddiaçı həmin sifariş üzrə nə daşınma münasibətlərinin tərəfi, nə də hüququ pozulmuş şəxs hesab edilə bilər. Məhkəmə mülki prosessual hüququn prinsiplərinə uyğun olaraq qeyd edir ki, subyektiv iddia hüququ olmayan şəxs məhkəmədən müdafiə tələb edə bilməz. AR Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, DT3160727 saylı yükün İddiaçı məxsus olması sübuta yetirilmədiyindən, iddiaçının həmin yük üzrə maddi ziyanın ödənilməsini tələb etmək hüququ sübut edilməmiş, bu tələb üzrə iddiaçının subyektiv iddia hüququnun mövcud olmadığı müəyyən edilmişdir. Bu səbəbdən, iddiaçının 195.35 AZN məbləğində məhsulların dəyəri və 25.90 AZN xidmət haqqısı üzrə maddi ziyanın cavabdehdən tutulması tələbi hüquqi əsası olmadığından təmin edilməməlidir. Son olaraq məhkəmə onu qeyd edir ki, iddiaçının iddia tələbi bu hissədə özü əsassız hesab edildiyindən iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməsinə zərurət qalmamışdır. Məhkəmə iddia tələbinin “xx.xx.2024-cü ildə nəzərdə tutulan dəyəri 119 azn (70 ABŞ dolları) olan paltar ləvazimatını ona təhvil verilməsinin təmin edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-33- 3100/2-001621/2025 nömrəli rəsmi məlumatından məhkəmə tərəfindən müəyyən edilmişdir ki: DT5532530 izləmə nömrəli poçt göndərişi fiziki şəxs tərəfindən şəxsi istifadə təyinatlı mal kimi bəyan edilmişdir; göndərişin xarakteri, xüsusiyyətləri və həmin şəxsin eyni və eynicinsli malları ölkəyə mütəmadi şəkildə gətirməsi faktı nəzərə alınmaqla, malların kommersiya təyinatlı olması barədə əsaslı şübhə yaranmışdır. Bu səbəbdən poçt göndərişi xx.xx.2024-cü il tarixdə gömrük orqanı tərəfindən saxlanılmışdır. Məhkəmənin hüquqi qiymətləndirməsinə əsasən, malların ölkə ərazisinə buraxılması və ya saxlanılması barədə qərarların qəbulu gömrük orqanlarının səlahiyyətinə aiddir və bu proses daşınma təşkilatının iradəsinə, nəzarət imkanlarına və öhdəlik dairəsinə daxil deyil. Məhkəmə müəyyən edir ki, malların gömrük orqanı tərəfindən saxlanılması nəticəsində həmin malın iddiaçıya çatdırılması fiziki olaraq mümkün olmamışdır. Gömrük saxlaması qüvvədə olduğu müddətdə daşınma təşkilatının malları iddiaçıya təhvil vermək imkanının mövcud olmaması hüquqi cəhətdən obyektiv maneə təşkil edir. Bu səbəbdən, təhvil verilməsi tələb olunan malın iddiaçıya çatdırılmamasının səbəbi cavabdehin öhdəliklərini yerinə yetirməməsi ilə deyil, gömrük orqanının hüquq çərçivəsində qəbul etdiyi saxlanma qərarı ilə bağlıdır. Məhkəmə qeyd edir ki, malların saxlanması qərarının qanuniliyinin mübahisələndirilməsi və ya bu qərar nəticəsində iddiaçıya zərər vurulması barədə iddialar daşınma təşkilatı ilə deyil, həmin qərarı qəbul etmiş dövlət orqanı ilə olan münasibətlər çərçivəsində araşdırıla bilər. Bütün göstərilənləri nəzərə alaraq, iddiaçının 119 AZN dəyərində paltar ləvazimatının ona təhvil verilməsi tələbi faktiki və hüquqi əsası olmadığından təmin edilməməlidir. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandırmadığı, mübahisə yalnız malların təhvil verilməsi ilə əlaqədar olduğu və bu cür hallarda mənəvi zərərin ödənilməsi üçün hüquqi əsasın olmadığı üçün, həmçinin iddia tələbinin maddi ziyan hissəsi təmin edilmədiyindən və cavabdehin bu mübahisədə heç bir təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-3453/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3453/2025
24.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver